“Kim Peyğəmbərə itaət edərsə, artıq Allaha itaət etmiş olar...”

Rəhmli və Mərhəmətli Allahın adı ilə

İslam dininin etdiyi bütün əmr və qadağalara əməl etməklə insan axirətini qazanması ilə yanaşı dünyada da sağlamlığını qazanmış olur. Bu əmrlərdən biri də Ramazan ayını oruc tutmaqdır.

Əlbəttə ki, Ramazan ayında tutulan 29, ya 30 günlük orucun həm İslami, həm də tibbi baxımdan böyük savab və faydası var. Lakin aləmlərə rəhmət olaraq göndərilən Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) savab və o savabın da içərisində gizlənən insana olan fayda baxımdan Ramazan ayında bir ay tutulan orucdan əlavə bir gün bayram keçirdikdən sonra Şəvval ayından da davamlı olaraq 6 gün oruc tutmağı öz hədislərində bizlərə tövsiyə etmişdir.

Müasir alimlər orucun insan orqanizmində olan yüzdən çox xəstəliyə qarşı faydalı olduğunu artıq kəşf ediblər və hələ də yeni-yeni faydalarını kəşf etməkdə davam edirlər.

Dünyanın ən məşhur elm ocağı olan Harvard Universitetinin tibbdən bəhs edən saytında 2020-ci il, Fevral ayının 10-da dərc edilən məqaləsində 5 həftə, yəni 35 gün tutulan orucun orqanizmə daha faydalı olduğu haqda deyilir:

“Alabama Universitetinin tədqiqatçıları bir qrup şəkərli kök insanlar üzərində araşdırma apardılar. Onlar yeməklərin günün ilk 8 saatlıq dövründə yeyildiyi (səhər 7-dən günorta 3-ə) aralığa uyğun gələn və ya 12 saatdan daha çox olan (səhər 7-dən axşam 7-yə) “erkən vaxt məhdudiyyətli qidalanma” adlanan fasiləli orucu müqayisə etdilər. Hər iki qrup çəkisini saxladı (nə itirdilər, nə qazandılar), amma 5 həftə sonra 8 saatlıq (yemək yeyən) qrupda insulin səviyyəsi kəskin şəkildə aşağı düşdü və insulin həssaslığı yaxşılaşdı, eyni zamanda  qan təzyiqi də əhəmiyyətli dərəcədə azaldı”.

Ətraflı məlumat üçün bax

ABŞ-ın ən böyük elmi saytlarından biri olan “Science Direct” saytında 35 günlük orucun daha effektiv olması barədə deyilir:

“Konsepsiya araşdırmasına dair sübutumuz da vaxt məhdudiyyətli qidalanmanın, yəni maddələr mübadiləsində sirkadiyalı ritmlərlə uyğunlaşmağa yönəlik günün erkən vaxtlarında yemək yeməyə cəlb olunmuş fasiləli orucun bir növünün ilkin sınağını təşkil edir. Şəkərli insanlarda vaxt məhdudiyyətli qidalanmaya (qidalanma müddəti 6 saat olmaqla) və ya 5 həftəlik nəzarət cədvəlinə (12 saatlıq qidalanma müddəti) təsadüf edilmişdir. Vaxt məhdudiyyətli qidalanma insulin həssaslığını, beta hüceyrə cavabdehliliyini, qan təzyiqini, oksidləşdirici stressi və iştahanı gücləndirdi. Biz ilk dəfə olaraq nümayiş etdirdik ki, insanlarda vaxt məhdudiyyətli qidalanma kardiyometabolik (infarkt, iflic, yüksək təzyiq, şəkər xəstəlikləri və s. kimi xəstəliklərə qarşı) sağlamlığın aspektlərini yaxşılaşdırır və fasiləli orucun təsiri təkcə çəki itkisi ilə məhdudlaşmır”.

Ətraflı məlumat üçün bax

Alimlər vaxt məhdudiyyətli qidalanma, yaxud fasiləli oruc dedikdə günün 8 saatında qidalanaraq 16 saatında oruc tutmağı nəzərdə tuturlar. Allahın izni ilə bu barədə saytımızda geniş mövzuya yer verəcəyik.

ABŞ-ın “Metagenics Institute” adlı tibbi saytında “Fasiləli oruc qanda insulin həssaslığını və qan təzyiqini yaxşılaşdırır” (Intermittent Fasting Improves Blood Insulin Sensitivity and Blood Pressure) başlığı altında da 35 günlük orucun böyük əhəmiyyətinə aid məqalə dərc edilmişdir.

Ətraflı məlumat üçün bax

Təəccüblüdür ki, müasir alimlərin uzun-uzadı araşdırmalarından sonra gəldikləri qənaəti artıq İslam peyğəmbəri 1440 il öncə müsəlmanlara tövsiyə etmişdir.

“Əbu Əyyub (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir:

( من صام رمضان وأتبعه ستا من شوال كان كصيام الدهر )

“Kim Ramazanda oruc tutar və onun ardınca da Şəvval ayından altı gün əlavə edərsə, bütün ili oruc tutmuş kimi olar”. (Müslim, Əbu Davud, Tirmizi, Nəsai və İbn Macə rəvayət ediblər.)

Sövbandan (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) keçən hədisə açıqlama verərək demişdir:

( جعل اللهُ الحسنةَ بعشر أمثالِها ، فشهرٌ بعشرةِ أشهرٍ ، وصيامُ ستَّةِ أيامٍ بعد الفطرِ تمامُ السَّنةِ )

“Allah-Təala bir savabı onun on mislində etmişdir. Bir ay on aya bərabərdir. Fitrə bayramından sonra olan altı günün orucu isə bir ilin tamamıdır”. (“Sahih ət-Tərğib”)

Qeyd edilən hədis və elmi kəşflərdən aydın olur ki, həqiqətən də, 35 gün mütəmadi olaraq tutulan orucun savabı və faydası olduqca böyükdür və belə etmək daha mükəmməl sayılır.

Lakin ibadətlərin Allah yanında qəbul olması üçün həmin ibadət Allah rizası üçün edilməli və Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) yoluna müvafiq olmalıdır.

Ona görə də hər bir müsəlman oruc tutarkən niyyətində sağlamlıq üçün deyil, sırf Uca Allahın əmrinə tabe olmaq məqsədilə tutmalıdır ki, savaba nail olmuş olsun. Əlbəttə ki, Allah rizası üçün tutulan orucun axirətdəki hədsiz savabından öncə  hər bir oruc tutan bu dünyada da öz misilsiz sağlamlığını da qazanmış olur…

Əlbəttə ki, elmi kəşfləri qabaqlayan bu kimi hədislərin mövcudluğu, həqiqətən də, nəql edilən hədislərin Uca Allah tərəfindən olan vəhy olduğuna və bu hədislərin də doğruluğuna daha bir sübutdur.

Allah-Təala buyurur:

﴿ مَنْ يُطِعِ الرَّسُولَ فَقَدْ أَطَاعَ اللَّهَ… ﴾

Kim Peyğəmbərə itaət edərsə, artıq Allaha itaət etmiş olar…” (“ən-Nisə” surəsi, 80-ci ayə)

Şərh əlavə et

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *