“Sən göyün (hər kəsin görə biləcəyi) aşkar bir tüstü gətirəcəyi günü gözlə..."

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Uca Allah insanların Ona, Qurana və bütün bəşəriyyətə sonuncu peyğəmbər olaraq göndərdiyi Məhəmməd peyğəmbərə (Allahın ona salavat və salamı olsun) inanaraq dünya və axirətdə xoşbəxt olmaları üçün Qurani-Kərimdə saydıqca tükənməyən möcüzələr və nişanələr dolu ayələr nazil etmişdir. Həmin ayələrdən biri də hər bir kəsi maraqlandıran kainatın başlanğıcının necəliyi barəsindədir. Uca Allah bu barədə buyurur:

﴿ ثُمَّ اسْتَوَىٰ إِلَى السَّمَاءِ وَهِيَ دُخَانٌ فَقَالَ لَهَا وَلِلْأَرْضِ ائْتِيَا طَوْعًا أَوْ كَرْهًا قَالَتَا أَتَيْنَا طَائِعِينَ. فَقَضَاهُنَّ سَبْعَ سَمَاوَاتٍ فِي يَوْمَيْنِ وَأَوْحَىٰ فِي كُلِّ سَمَاءٍ أَمْرَهَا ۚ وَزَيَّنَّا السَّمَاءَ الدُّنْيَا بِمَصَابِيحَ وَحِفْظًا ۚ ذَٰلِكَ تَقْدِيرُ الْعَزِيزِ الْعَلِيمِ. ﴾

Sonra O, tüstü halında olan göyə tərəf (yaratmaq üçün) yönəlib ona və yerə: “Könüllü surətdə və ya məcburi (əmrimə tabe) olaraq (vücuda) gəlin”– dedi. Onlar: “Könüllü olaraq gəldik!”– dedilər. O, iki gündə onları yeddi göy kimi yaratdı və hər göyə onun özünə məxsus vəzifə tapşırdı. Biz dünya səmasını qəndillərlə bəzədik və hifz etdik. Bu, İzzətli və (hər şeyi) Bilən (Allahın) hökmüdür.” (“Fussilət” surəsi, 11 və 12-ci ayələr)

Kainatda olan tüstü haqqda digər ayə və hədislər də vardır. Hətta Qurani-Kərimdə “əd-Duxan” (Tüstü) adlı surə də mövcuddur. Uca Allah Qurani-Kərimdə Qiyamətə yaxın yer üzünə tüstü göndərəcəyi barədə xəbər verərək buyurur:

﴿ فَارْتَقِبْ يَوْمَ تَأْتِي السَّمَاءُ بِدُخَانٍ مُبِينٍ. يَغْشَى النَّاسَ هَٰذَا عَذَابٌ أَلِيمٌ. رَبَّنَا اكْشِفْ عَنَّا الْعَذَابَ إِنَّا مُؤْمِنُونَ. أَنَّىٰ لَهُمُ الذِّكْرَىٰ وَقَدْ جَاءَهُمْ رَسُولٌ مُبِينٌ. ثُمَّ تَوَلَّوْا عَنْهُ وَقَالُوا مُعَلَّمٌ مَجْنُونٌ. إِنَّا كَاشِفُو الْعَذَابِ قَلِيلًا ۚ إِنَّكُمْ عَائِدُونَ. يَوْمَ نَبْطِشُ الْبَطْشَةَ الْكُبْرَىٰ إِنَّا مُنْتَقِمُونَ ﴾

Sən göyün (hər kəsin görə biləcəyi) aşkar bir tüstü gətirəcəyi günü gözlə. O (tüstü) (ki,) insanları bürüyəcəkdir. Bu, ağrılı-acılı bir əzabdır. (Onlar:) “Ey Rəbbimiz! Bizi bu əzabdan qurtar, həqiqətən biz iman gətirdik”– deyəcəklər. Onlar necə öyüd-nəsihət eşidə bilərlər ki, artıq onlara açıq-aşkar bir peyğəmbər gəlmişdi. Onlar ondan üz çevirib: “Öyrədilmiş bir dəlidir!”– dedilər. Biz əzabı bir az sizdən uzaqlaşdırarıq, amma siz yenə (azğınlığa) qayıdacaqsınız. (Kafirləri) böyük bir müsibətlə yaxalayacağımız gün, (qiyamət günü) Biz (onlardan) intiqam alacağıq”. (“əd-Duxan» surəsi, 10-16-cı ayələr)

Ayədən aydın olur ki, tüstünü görən kafirlər Uca Allaha dua edərək bu əzabı onlardan sovuşdurmasını istəyəcəklər və əzab onlardan sovuşacaqdır. Lakin əzabı onlardan uzaq edərsə, iman edəcəklərini söyləmələrinə baxmayaraq yenə də öz küfr və kafirliklərində davam edəcəklər. Müvəqqəti olan imtahan dünyası sona yetərək Qiyamət günü qopanda isə dünyada ikən iman etməyib kafir olan insanlar Allahın əbədi əzabından yaxa qurtara bilməyəcəklər.

 Huzeyfə ibn Useyd əl-Ğifari (Allah ondan razı olsun) belə rəvayət edir:

(اطلع النبي صلى الله عليه وسلم علينا ونحن نتذاكر، فقال: ما تذاكرون؟ قالوا: نذكر الساعة. قال: إنها لن تقوم حتى تروا قبلها عشر آيات… -فذكر الدخان، والدجال، والدابة، وطلوع الشمس من مغربها)

“Biz biri-birimizlə söhbət edən zaman Peyğəmbər (Allahın ona salavat və salamı olsun) yanımıza gəlib: “Nə haqda söhbət edirsiniz?”- deyə soruşdu. “Qiyamət barədə söhbət edirik”- dedilər. O, dedi: “Qiyamətdən əvvəl on əlaməti görməyincə qiyamət qopmayacaqdır”. Həmin əlamətlərdən tüstünü, dəccalı, dəbbəni (yer heyvanı), Günəşin batdığı yerdən çıxmasını zikr etdi”. (Hədisi Müslim, Əhməd, Əbu Davud, Tirmizi və digərləri rəvayət etmişdir.)

Digər hədislərdə rəvayət olunur ki, həmin bu tüstü yer ilə göy arasına dolaraq qırx gün yerdə qalacaq və möminlərə zökəm kimi təsir edəcəkdir. Allaha, Onun kitabına və peyğəmbərinə iman etməyən kafirlərin, həmçinin də günahkarların isə bədənlərinə daxil olub onları köpdürəcək, nəfəslərini daraldacaq, onlara sarsıdıcı ağrı-acı verib qulaqlarını deşəcəkdir.

Ayə və hədisdə qeyd edildiyi kimi hətta müasir alimlər də tüstü buludlarının atmosfer qabığını yararaq Yerə yaxınlaşa biləcəyinin mümkünlüyünü təsdiqləyirlər.

ASTRONOMİYA ALİMLƏRİNİN TÜSTÜNÜ KƏŞF ETMƏSİ

Elm inkişaf etdikcə Qurani-Kərimdə yazılan məlumatları Alimlər kəşf etməyə başlamış və hələ də kəşf etməkdədirlər. Bu məlumatlardan biri də səmanın yaradılışından öncə səmada tüstünün olmasıdır. Hansı ki, səmada mövcud olan bu tüstü artıq 21-ci əsrdə alimlər tərəfindən açıq-aydın kəşf edilmişdir.

Xatırladaq ki, aşağıda qeyd olunan dünyanın ən məşhur sayt və araşdırma mərkəzlərinin yazılarında göydə olan bu cismin bəzən qaz, bəzən toz, bəzən bulud və bəzən də tüstü kimi qeyd edildiyinə rast gəlinir. Buna səbəb də bu cismin yerdən həddindən artıq çox uzaqda olması idi. Lakin son illərdə alimlərə bu maddənin Qurani-Kərimdə vəsf edildiyi kimi məhz tüstü olduğu artıq aydın olub.

Belə ki NASA agentliyi 2002-ci və 2006-cı illər arasında göydə olan toza, tüstüyə bənzər bu cismin tərkibini yoxlamaq üçün bu cismin səmada yayılan dənəciklərini özünə yapışdırıb yerə gətirə bilən xüsusi kosmik gəmini işə salır.

 Ətraflı məlumat üçün bax

Göydə tüstü dənəciklərini yığan xüsusi kosmik gəmi

Araşdırmadan sonra bunun toz deyil, tüstüyə bənzədiyini təsdiqləyərək belə deyirlər:

“Tərkibinin 99.8 faizi havadan ibarət olan və quruluşca süngərə oxşayan donmuş tüstüyə bənzər məsaməli bir materialı tutmaq üçün kosmik gəmi 195 günlük kosmosa göndərilmişdir”.

 Ətraflı məlumat üçün bax

ABŞ alimlərinin məşhur Earthsky.org saytından götürülmüş ulduzlararası fəzadakı tozun elektron mikroskop görüntüsü

Həmin saytda deyilir:

“Ulduzlararası toz dənələri adətən 100 nanometrdir (bir nanometr millimetrin milyondan birinə bərabərdir). Karbon (his) və ya silikatlardan (narın qum) ibarətdir”

Ətraflı məlumat üçün bax

NASA öz rəsmi saytında göydə olan tüstü ilə bağlı bir çox məqalələr dərc etmişdir. Həmin məqalələrdən biri də “Cosmic Dust” (Kosmik toz) adlı məqalədir.

Ətraflı məlumat üçün bax

ABŞ-ın Kopenhagen Universitetinin apardığı tədqiqatdan sonra Earthsky.org saytında 2015-ci ildə dərc olunan “Dusty galaxy in the early universe” (Qədim kainatda tozlu qalaktika) adlı məqalədə deyilir:

“Kainatımızdakı toz və ya tüstüyə bənzər hissəciklər – karbon (his) və ya silikat (narın qum) uluduzlarda yaranır”.

İngiltərənin məşhur “Herschel” Kosmik Rəsədxanasının saytında deyilir:

“Kainat çox tozlu yerdir. Bu kosmik toz ulduzlar arasındakı fəzada hərəkət edən bərk materialların kiçik hissəciklərindən ibarətdir. Ancaq bu, evdə gördüyümüz tozla eyni olmasa da, daha çox bir neçə molekul kolleksiyasından tutmuş ölçüsü 0.1 mm-ə qədər dəyişən kiçik dənələrdən ibarət tüstüyə bənzəyir. Toz çox mühümdür. Çünki biz onların daha çoxunu gənc ulduzların ətrafında tapırıq. Faktiki olaraq bu toz həmin ulduzların formalaşmasına kömək edir və həmçinin Yer kimi planetlərin formalaşmasına səbəb olan xammaldır”.

Ətraflı məlumat üçün bax

Elmin inkişafı üçün Amerika Birliyi (AAAS) www.sciencemag.org saytında deyilir:

“Böyük partlayışdan təxminən 300.000 il sonra kainat tüstü dolu bir otağa bənzəyirdi. Kainatın 1 milyard yaşı olanda bu tüstü (tərkibi əsasən işiqlı hidrogen qazı) demək olar ki, tamamilə təmizləndi və uluduzların, qalaktikaların görünməsinə imkan verdi. Ancaq bu dumanı nəyin təmizlədiyi astrofizikada ən böyük suallardan biri olaraq qalırdı. Sonradan Hubble Kosmik Teleskopu tərəfindən çəkilən şəkilləri analiz edərkən tədqiqatçılar bu tüstünün ultrabənövşəyi radiasiyalar vasitəsilə qədim qalaktikalardan uzaqlaşdırıldığı fikrini irəli sürərək ən yaxşı təxminlərini təsdiqləmiş oldular”.

Ətraflı məlumat üçün bax

 

 Astronomlar tərəfindən uzaq səmada çəkilən möhtəşəm tüstü fotoları

İngiltərənin Astronomynow.com adlı astronomiya üzrə məşhur saytında göydəki sözügedən cismlər barəsində yazılır:

“Milyonlarla ulduzun fonunda yayılan buludlar tüstüyə bənzəyir”.

2012-ci ildə meteor fırtınasından sonra stratosferdə əldə edilmiş tüstü dənəsi

GÖYDƏ OLAN BU TÜSTÜ YERDƏN 5 TRİLYARD KM UZAQLIQDADIR

Yuxarıda qeyd edilən İngiltərənin həmin saytının 2018-ci ildə dərc etdiyi məqalədə uzaq qalaktikalarda görünən bu toz və ya tüstünün yerdən nə qədər uzaq olması barədə deyilir:

“Toz kompleksi Yerdən 500 işıq ili məsafəsindədir…”

 Ətraflı məlumat üçün bax

Qeyd edək ki, 1 işıq ili 10 trilyon kilometrə bərabərdir.

Yerdən 500 işıq ili məsafəsində olan tüstünün fotosu

Bu şəkil Qrinviç Kral Rəsədxanası tərəfindən keçirilən müsabiqədə kosmik fotolar içində 2018-ci ilin ən yaxşı fotosu sayılmışdır.

İngiltərənin məşhur elm və texnologiya sahəsində çalışan Newscientist.com saytında isə görünən bəzi toz və duman komplekslərinin, hətta, yerdən 1350 işıq ilində olduğu qeyd edilmişdir.

Ətraflı məlumat üçün bax

NASA tərəfindən maliyyələşdirilən və kainatdakı həyatı öyrənən ən məşhur elm jurnalı olan “Astrobiologiya” jurnalında deyilir:

“Bir çox ulduz tozları Yer üzərindəki qayaların tozlarına bənzəyən kiçik silikat dənələrindən yaranmışdır. Bu tozu şəhər işiqlarından uzaqda Süd Yolu qalaktikası boyunca uzanan qara bir zolaq kimi görmək mümkündür. Həmin toz ölmüş və partlamış ulduzlardan gəlir. Alimlər düşünürlər ki, həmin ulduzlar bu toz buludları dağılanda formalaşır. Necə ki bu tozun bir hissəsi astreoidin içərisinə yığılmış və kometalar (kosmik fəzada təsadüf edilən müxtəlif ölçülü toz və qazdan ibarət cisimlər) bizim günəşi formalaşdırmışdır.

İngiltərə astronomlar qrupu bu ulduzların pis vərdişlərini kəşf etdilər. Belə ki bu ulduzlar fəzaya daha çox “kosmik toz” kimi tanınan çox miqdarda tüstü buraxırlar. Bu 10 milyard ildən bəri yaranan sirri həll edir. “Təbiət” jurnalının 17 İyul nömrəsində nəşr olunan yeni müşahidələr kainatda meydana gələn ilk bərk hissəciklərin mənşəyi ilə bağlı çoxdan bəri davam edən suallara cavab verir. Komanda Yerdən 11.000 işıq ili aralıda yerləşən qalaktikada fövqəladə bir partlayışın qalığı kimi kosmik tozu ölçür. Tozun miqdarı əvvəllər aşkar ediləndən min qat artıq idi…

Evdəki tozdan fərqli olaraq kosmik toz əslində siqaret tüstüsündəki hissəciklərə bənzər ölçüdədir və ulduzlararası məkanda dolaşan kiçik bərk dənələrdən (əsasən karbon və silikatlardan) ibarətdir. Gənc ulduzların ətrafında toz dənələrinin movcud olması onların meydana gəlməsinə kömək etməklə yanaşı, onlar həm də planetlərin quruluş hissəsidir.

Tədqiqata rəhbərlik edən Kardiff Universitetinin alimi doktor Loretta Dunne belə demişdir: «Biz kosmik toz dənələrinin çox böyük bir kolleksiyasında yaşayırıq. Kosmik tozun yaranması və ya mənşəyi məsələsi, əslində planetimizin mənşəyi məsələsidir”.

Ətraflı məlumat üçün bax

“Kosmik toz” analizi laboratoriyasının və alimlərin fotosu

Əsrlər boyunca tüstünün göydən Yerə gəlməsi deyil, əksinə Yerdən göyə qalxması insanlara daima bəlli olmuşdur. Lakin Quran və hədislərdə göydə tüstünün olması və onun göydən yerə gələcəyi barədə məlumat verilməsi bəşər övladına qaranlıq qalan bir məlumat olmağına baxmayaraq nəhayət ki, elmlə öz təsdiqini tapdı.

Yalnız 21-ci əsrdə Yerdən trilyard km-lərlə uzaqlıqlarda kəşf edilən bu tüstü haqda Quran və hədislərdə qeyd olunması əlbəttə ki, Uca Allahın varlığına, Məhəmməd (Allahın ona salavat və salamı olsun) peyğəmbərin haqq peyğəmbər və Qurani-Kərimin də haqq kitab olmasına bir daha böyük bir sübutdur.

Allah-Təala Qurani-Kərimdə buyurur:

﴿ سَنُرِيهِمْ آيَاتِنَا فِي الْآفَاقِ وَفِي أَنْفُسِهِمْ حَتَّىٰ يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ الْحَقُّ ۗ أَوَلَمْ يَكْفِ بِرَبِّكَ أَنَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ ﴾

Onun (Quranın) haqq olduğu onlara bəlli olsun deyə, Biz öz dəlillərimizi onlara həm xarici aləmdə (üfüqlərdə, kainatda, göylərin və yerin ətrafında), həm də onların özlərində mütləq göstərəcəyik. (Ey Peyğəmbər!) Məgər Rəbbinin hər şeyə şahid olması (sənin dediklərinin doğruluğuna) kifayət deyilmi?!” (“Fussilət” surəsi, 53-cü ayə)

Allah-Təala, həmçinin, buyurur:

﴿ وَقُلِ الْحَمْدُ لِلَّهِ سَيُرِيكُمْ آيَاتِهِ فَتَعْرِفُونَهَا ۚ وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا تَعْمَلُون ﴾

De: “Həmd olsun Allaha! O Öz dəlillərini sizə göstərəcək, siz də onları görüb tanıyacaqsınız. Rəbbin etdiyiniz əməllərdən əsla xəbərsiz deyildir!”” (“ən-Nəml” surəsi, 93-cü ayə)