Rəhmli və Mərhəmətli Allahın adı ilə
Göydəki cismlərin insanlara daha çox maraqlı olduğunu bilən Uca Allah göyə və göy cismlərinə baxaraq onların füsunkar yaradılışından və öhdələrinə qoyulan funksiyalarından ibrət alaraq həqiqi yaradanın və ibadətə layiq olanın yalnız Allah-Təala olduğunu düşünüb dərk etməyə çağırmış və bəzi cismlər haqda ağıl sahibləri üçün Qurani-Kərim vasitəsilə açıqlamalar vermişdir.
Bu haqda biri-birindən maraqlı bəhs etdiyimiz və hələ söhbət açmadığımız bir çox mövzular var. Hazırda danışacağımız mövzu göy üzünə gözəllik verərək zülmət gecələri nura qərq edən Ay barəsindədir.
Mövzuya giriş etmədən öncə Ay haqqında bəzi bilgiləri qeyd etmək yerinə düşər.
AY HAQQINDA BƏZİ MƏLUMATLAR
Ay Yerin yeganə təbii peyki və ən yaxın olan böyük göy cismidir. Qədimdən bəri Günəşdən sonra səmada ən parlaq görünən planet Aydır. Ayın diametri 3476 km-dir. Yəni həcmi Yerin 1/4-nə bərabərdir. Ay ilə Yer arasında, təxminən, 363.104 km məsafə var. Yerdən parlaq, ağ rəngdə görünməsinə baxmayaraq Ayın səthi tutqun, kömür kimidir. Yerdən görünməyən üzündə qaranlıq sahələr Yerdən görünən üzünə nisbətdə daha azdır.
Ayın səthində çoxlu çuxurlar mövcuddur. Ən böyük çuxurun eni 2500 km, dərinliyi isə 8 km-dir. Ayın meyillilik dərəcəsi (1.54) Yerə (23.44) nisbətdə çox az olduğu üçün orada fəsillər yoxdur. Ayda gündüz orta istilik 107 °C, gecə isə tamamilə dəyişərək -153 °C-yə bərabər olur və bu dərəcə yerindən asılı olaraq böyük fərqlə dəyişə bilir. Ayda elə qaranlıq yerlər var ki, heç vaxt ora işıq düşmür. Ayda insana nəfəs alması üçün oksigen mövcud deyil. Ay hər il 4 sm sürətlə yerdən uzaqlaşır.
Astronomiya alimlərinin gəldiyi qənaətə görə Ay 4.5 milyard il bundan öncədən 1 milyard il bundan öncəyə qədər odlu-alovlu bir vulkanik cism olmuşdur. 1 milyard il bundan öncə isə vulkanik fəaliyyət dayanaraq tədricən bu gün gördüyümüz Ay halını almışdır.
İSLAM MƏNBƏLƏRİNDƏ AYIN YARADILIŞI HAQQINDA DEYİLƏNLƏR
Uca Allah aləmlərə hidayət və nur olaraq göndərdiyi Qurani-Kərimdə buyurur:
﴿ وَجَعَلْنَا اللَّيْلَ وَالنَّهَارَ آيَتَيْنِ ۖ فَمَحَوْنَا آيَةَ اللَّيْلِ وَجَعَلْنَا آيَةَ النَّهَارِ مُبْصِرَةً لِّتَبْتَغُوا فَضْلًا مِّن رَّبِّكُمْ وَلِتَعْلَمُوا عَدَدَ السِّنِينَ وَالْحِسَابَ ۚ وَكُلَّ شَيْءٍ فَصَّلْنَاهُ تَفْصِيلًا ﴾
“Biz gecə və gündüzü iki əlamət etdik. Rəbbinizdən lütf diləyəsiniz, illərin sayını və hesabı biləsiniz deyə gecənin əlamətini silib gündüzün əlamətini işıqlı etdik. Biz hər şeyi təfsilatı ilə izah etdik”. (“əl-İsra” surəsi, 12-ci ayə)
Böyük təfsir alimi olan Məhəmməd İbn Cərir ət-Təbəri (839-923) belə deyib:
( قال ابن عباس: ”كان القمر يضيء كما تضيء الشمس، والقمر آية الليل، والشمس آية النهار…“)
“İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Günəş işıq saçan kimi Ay da işıq saçırdı. Ay gecənin, günəş isə gündüzün əlamətidir…””
Həmçinin Təbəri söyləmişdir:
“İbn Abbasdan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyi rəvayət olunur:
( وعن ابن عباس أن النبي — صلى الله عليه وسلم — قال : … خلق شمسا من نور عرشه وقمرا فكانا جميعا شمسين… فأرسل جبريل فأمر جناحه على وجه القمر ثلاث مرات وهو يومئذ شمس فطمس عنه الضوء وبقي فيه النور فذلك قوله وجعلنا الليل والنهار آيتين الآية. )
“…Allah-Təala Ərşinin nurundan Günəş və Ay yaratdı. Onların hər ikisi Günəş idi… Cəbrayılı göndərdi və o qanadını üç dəfə Ayın üzünə çəkdi. O (Ay) həmin zaman Günəş idi. İşığı silindi və nuru qaldı…””. (“Təfsir ət-Təbəri”, “əl-İsra” surəsi, 12-ci ayənin təfsiri)
Böyük təfsir alimi Məhəmməd ibn Əhməd əl-Qurtubi (1204-1273) deyib:
( ومحونا معناه طمسنا. وفي الخبر أن الله — تعالى — أمر جبريل — عليه السلام — فأمر جناحه على وجه القمر فطمس عنه الضوء وكان كالشمس في النور ، والسواد الذي يرى في القمر من أثر المحو.
قال ابن عباس: جعل الله الشمس سبعين جزءا والقمر سبعين جزءا ، فمحا من نور القمر تسعة وستين جزءا فجعله مع نور الشمس ، فالشمس على مائة وتسع وثلاثين جزءا والقمر على جزء واحد. )
“Sildik, yəni örtdük, gizlətdik. Rəvayətdə deyilir: “Allah-Təala Cəbrayıla (Allahın ona salamı olsun) əmr etmiş və o da qanadını Ayın üzünə sürtərək onun işığını söndürmüşdür. Ay da Günəş kimi işıq saçırdı. Ayda görünən qara (kölgə) isə silinmənin izidir”.
İbn Abbas demişdir: “Allah-Təala Günəşi də, Ayı da yetmiş hissə yaratmışdı. Ayın işığından altımış doqquz hissəni silərək Günəşin işığına qatdı. Ona görə də Günəş yüz otuz doqquz hissədən, Ay isə bir hissədən ibarətdir””. (“Təfsir əl-Qurtubi”, “əl-İsra” surəsi, 12-ci ayənin təfsiri)
Həmçinin böyük təfsir alimi İsmayıl İbn Kəsir (1301-1375) deyib:
“İbn Cureyc İbn Abbasın (Allah ondan razı olsun) belə dediyini nəql edir:
( وقال ابن جريج : قال ابن عباس : كان القمر يضيء كما تضيء الشمس ، والقمر آية الليل ، والشمس آية النهار )
“Günəş işıq saçan kimi Ay da işıq saçırdı. Ay gecənin əlamətidir, günəş isə gündüzün əlamətidir…””
Həmçinin İbn Kəsir demişdir:
( وقد روى أبو جعفر بن جرير من طرق متعددة جيدة : أن ابن الكواء سأل [ أمير المؤمنين ] علي بن أبي طالب فقال : يا أمير المؤمنين ، ما هذه اللطخة التي في القمر ؟ فقال : ويحك أما تقرأ القرآن ؟ ( فمحونا آية الليل ) فهذه محوه.)
“Əbu Cəfər ibn Cərir müxtəlif yaxşı isnadlarla rəvayət edir ki, İbn əl-Kəvva möminlərin əmiri Əli bin Əbi Talibdən (Allah ondan razı olsun) soruşaraq dedi: “Ey möminlərin əmiri, Ayda olan bu ləkə nədir?” Əli (Allah ondan razı olsun) dedi: “Quranda “gecənin əlamətini sildik” ayəsini oxumursanmı? Bu (ləkə) onun (Ayın) silinməsidir”. (“Təfsir İbn Kəsir”, “əl-İsra” surəsi, 12-ci ayənin təfsiri)
Bütün qeyd edilənlərdən aydın olur ki, ayəyə, hədislərə və səhabələrin fikirlərinə istinadən təfsir alimlərinin dediklərinə görə Uca Allah işığını söndürmədən öncə Ay da Günəş kimi işıq saçırdı. Əlbəttə ki, müasir elmə aydındır ki, Günəş özü-özlüyündə hal-hazırda şiddətli istiliyə məruz qalan odlu-alovlu bir planetdir. Ayın da Günəş kimi əvvəllər işıq saçması məlum məsələdir ki, Ayın özünün də Günəş kimi odlu-alovlu olmasına dəlalət edir.
ASTRONOMİYA ALİMLƏRİNİN AYIN İLKİN YARADILIŞI HAQQINDA DEDİKLƏRİ
Müasir astronomiya alimləri artıq 21-ci əsrdə həqiqətən də Ayın əvvəllər şiddətli vulkanik istiliyə məruz qalaraq od-alov saçdığını təsdiqləyirlər.
ABŞ-ın astronavtlarının təməlini qoyduğu məşhur space.com saytı müşahidə etdiyimiz hazırkı Ayın ilkin yaranma mərhələsindən danışarkən 2 Aprel 2014-cü ildə dərc etdiyi məqaləsində Ayı ilk dəfə odlu-alovlu halda təsvir edərək deyir:
“Nəzəriyyəyə əsasən ayın yaranmasına gətirən təsir o qədər güclü olmuşdur ki, ayın formalaşmasının ilkin dövrlərində onun isti maye kimi təbii halından çıxmasına səbəb olub”.
“Space” saytı davam edərək “Earth’s volcanic moon” “Yerin vulkanik Ayı” adlı başlıqdan sonra deyir:
“Təxminən, 1 milyard il əvvələ qədər Ay vulkanik idi. Ayın səthində hələ də görünə bilən Maria adlı qaranlıq qədim vulkanizm nəticəsində meydana gəlib. Böyük təsirlərin ən sonuncusu da ehtimal ki, həmin vaxtda baş verib. Nəhayət, ay soyudu və digər kiçik təsirlərdən sonra bugünkü görünüşü meydana gəldi”.
Həmin sayt odlu-alovlu Ayın təsvirindən sonra həddindən artıq çox isti maddə olan maqmanın sönərək Ayın torpağının soyuması haqda deyir:
“Torpağın üst qatı maqma soyuduqdan sonra əmələ gəlmişdir”.
Son olaraq isə hər birimizin müşahidə etdiyimiz, göy üzünə öz nuru ilə işıq verən Ay haqda həmin saytda deyilir:
“Bu gün gördüyümüz ay”
Dünyanın ən böyük ensiklopediyası sayılan İngiltərə ensiklopediyasının britannica.com saytında deyilir:
“Hal-hazırda Ayın çox cüzi miqdarda seysmik aktivliyə və az istilik axınına malik olması böyük əksəriyyəti daxili fəaliyyətlərinin çoxdan dayanmış olduğunu göstərir.
İndi alimlər kimyəvi ayrılma ilə nəticələnib formalaşan və daha sıx bir mantiyaya daxil olan Ayın 4 milyard il əvvəl şiddətli istiliyə məruz qaldığına inanırlar”.

Amerika Geofizika Birliyinin rəsmi saytında 16 Oktyabr 2019-cu ildə dərc edilən məqaləsində deyilir:
“İlk dəfə Ay yarananda onun səthi lunar maqma okeanı adlanan ərimiş qaya dənizi ilə örtülmüşdür. Nəhayət, bu maqma okeanı soyumuş və Ayın qabıq və mantiyasını əmələ gətirən süxurları formalaşdırmışdır.
Amerika Geofizika Birliyinin Geofiziki Tədqiqatlar Jurnalında yeni araşdırma: Planetlər və Ay qabığı Apollo 16 missiyasından təhlil edildi və tapıldı ki, Ay qabığı gözlənildiyindən daha sürətlə soyumuşdur. Nəticələr onu göstərir ki, 4.3 milyard il əvvəl daha öncədən müəyyənləşdirilməmiş bir təsir hadisəsi qayanı yavaş-yavaş soyuyan Ay qabığının dərinliklərindən səthə doğru itələmişdir.
“Qayalar hələ yüksək temperaturda olarkən Aya nəsə dəydi, Ay qabığındakı dərinliklərdən bir qaya qazıldı və bundan sonra tez də soyudu” — deyə Kaliforniyanın Lavrense Livermore Milli Laboratoriyasının geokimyaçısı və yeni araşdırmanın aparıcı müəllifi olan Naomi Marks bildirmişdir”.
Yuxarıdakı sitatdan aydın olur ki, alimlər Ayda olan istiliyin məlum olmayan bir təsir vasitəsilə gözlənilməz tezliklə soyuduğunu deyir və bunun dərkedilməz səbəblərini bilmək üçün fərziyyələr irəli sürürlər.
Qəribədir ki, bu kəşf özü də yuxarıda ayənin təfsirində qeyd edilən rəvayətlərlə uyğunluq təşkil edir.
NASA-nın hazırladığı Ayın ilk olaraq odlu-alovlu olmasını göstərən təmsili videosu
Bəzi astronomiya alimləri Ayın əvvəllər Günəş kimi vulkanik olmasını Aya toxunan göy cismləri ilə əlaqələndirirlər. Qeyd edək ki, bu öz təsdiqini tapmayan bir nəzəriyyədir və digər alimlər də bu nəzəriyyəni inkar edirlər.
Lakin bizim mövzumuz Ayın hansı səbəblə odlu-alovlu və vulkanik olması deyil deyə bu mövzuya toxunmağı lüzum görmürük.
Yuxarıda qeyd edilən sitatlardan aydın olur ki, elm və texnologiyanın inkişaf etmədiyi 1440 il bundan öncəki bir dövrdə İslam mənbələrinin Ayı ilk yaranışında Günəşə bənzətdiyini nəhayət alimlər texnologiya əsri sayılan 21-ci əsrdə kəşf edə bildilər.
Əlbəttə ki, 14 əsr bundan öncə insanı heyrətə gətirən belə bir xəbəri vermək nə bir kahinin, nə də alimin cürət edəcəyi məsələ deyil. Bu xəbəri yalnız aləmləri yaradan Uca Allah verə bilər. Belə ki O, möcüzələri ilə Qiyamətə qədər davam edəcək misilsiz bir Quranı bəşəriyyətə rəhmət olaraq göndərdiyi Məhəmməd peyğəmbərə (Allahın ona salavat və salamı olsun) vəhy etmiş və o Peyğəmbər (Allahın ona salavat və salamı olsun) də öz səhabələrinə Quran ayələrinin mənalarını açıqlayaraq öyrətmişdir.
Belə möhtəşəm möcüzələrdən sonra düşünən hər bir ağıl sahibi Allahı, Quranı və Allah Rəsulunu (Allahın ona salavat və salamı olsun) necə yalanlaya bilər?!
Elə isə nə qədər ki, gec deyil iman gətirib onların dediklərinə əməl etmək vaxtıdır…
Uca Allah buyurur:
﴿ أَوَلَمْ يَنْظُرُوا فِي مَلَكُوتِ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا خَلَقَ اللَّهُ مِنْ شَيْءٍ وَأَنْ عَسَىٰ أَنْ يَكُونَ قَدِ اقْتَرَبَ أَجَلُهُمْ ۖ فَبِأَيِّ حَدِيثٍ بَعْدَهُ يُؤْمِنُونَ ﴾
“Məgər onlar göylərin və yerin mülkünün əzəmətinə, orada Allahın yaratmış olduğu hər bir şeyə nəzər salmırlarmı?! Bəlkə də onların əcəlləri artıq yaxınlaşmışdır?! Onlar bu Qurana inanmadıqdan sonra hansı kəlama inanacaqlar?” (“əl-Əraf” surəsi, 185-ci ayə)
Şərh əlavə et