Rəhmli və Mərhəmətli Allahın adı ilə

Uca Allahın Qurani-Kərimi Yer üzünə 7-ci əsrdə nazil etməsinə baxmayaraq, o, həqiqətən də, hər dövr üçün aktual olan və hər dövrdə yeni-yeni sirlər açan mübarək bir kitabdır. Bəzən bu kitaba şübhə ilə yanaşanlar iddia edirlər ki, guya elm nəyisə kəşf etdikdən sonra müsəlmanlar “bu kəşf Quranda yazılıb” deyirlər. Lakin üzərində araşdırma apardığımız mövzulara diqqət yetirən insaflı hər bir kəs görə bilər ki, bizim Qurani-Kərimə istinadən qeyd etdiyimiz mövzular elm və tarixə gizli qalan keçmişdən, hal-hazırdan və gələcəkdən çox dəqiqliklə bəhs edir. Elm kəşf etsə də, etməsə də, Quran ayələri dəyişməz olaraq qalır. İstəyən kəs Quranın qədim nüsxələrinə nəzər salıb o ayələri görə bilər.

Gələcəkdən xəbər verən bu mövzumuz isə həyatın əsas mənbəyi olan Günəşin sonluğu haqdadır. Hansı ki, elmin yeni kəşf etdiyi bu mövzuya, Quran 1400 il öncə çox dəqiqliklə toxunmuşdur.

Belə ki, son əsrlərə qədər Günəş heç vaxt elmi kəşf və tədqiqat obyekti olmayıb. Min illərdir ki, Günəş cəhalət və xurafata bulaşmış bir çox dünya mədəniyyətlərində tanrı və ilahə kimi tanınmışdır.

Lakin Uca Allah Qurani-Kərimdə Günəşin ilah deyil, bir məxluq olduğunu, Günəşə deyil, yalnız Uca Allaha ibadətin edilməsini bildirir və dünyanın sonuna yaxın, Qiyamət günündə Günəşin öz işığının sönəcəyindən xəbər verərək buyurur:

﴿ إِذَا ٱلشَّمۡسُ كُوِّرَتۡ ﴾

“Günəş sarınıb büküləcəyi (sönəcəyi) zaman”. (“ət-Təkvir” surəsi, 1-ci ayə)

Bu ayəni təfsir edən bütün qədim İslam alimləri hamısı müxtəlif mənalarla Günəşin işığının zəifləyib sönərək sona yetəcəyini bildiriblər. Həmin təfsirlərdən bəzisini qeyd edək.

10-cu əsrin böyük təfsir alimi Məhəmməd ibn Cərir ət-Təbəri səhabə Abdullah İbn Abbasdan (radiyallahu anhu) belə nəql edir:

.قَوْله تَعَالَى: ﴿إِذا الشَّمْس كورت﴾ قَالَ ابْن عَبَّاس: ذهب ضوؤها

“Günəş sarınıb büküləcəyi zaman”. Yəni Günəşin işığının yox olacağı zaman”.

Təbəri həmçinin Abdullah ibn Abbasın belə dediyini rəvayət edir:

.عن ابن عباس، قوله: ﴿إِذَا الشَّمْسُ كُوِّرَتْ﴾ يقول: أظلمت

““Günəş sarınıb büküləcəyi zaman”. Yəni Günəş zülmətə bürünəcəyi zaman”.

Təbəri böyük tabeinlərdən olan Mücahidin belə dediyini nəql edir:

.عن مجاهد ﴿إِذَا الشَّمْسُ كُوِّرَتْ﴾ قال: اضمحلت وذهبت

““Günəş sarınıb büküləcəyi zaman”. Yəni Günəşin zəifləyərək yox olacağı zaman”.

Təbəri həmçinin Qatədənin belə dediyini nəql edir:

.عن قتادة، في قوله: ﴿إِذَا الشَّمْسُ كُوِّرَتْ﴾ قال: ذهب ضوءها فلا ضوء لها

““Günəş sarınıb büküləcəyi zaman”. Yəni Günəşin işığının gedərək işıqsız qalacağı zaman”.

Ətraflı məlumat üçün bax:

Möhtəşəm Günəş şəkli. ESA (Avropa Kosmik Agentliyi), 7 Mart, 2024.

Günəş haqda olan bəzi həqiqətlər

Qalaktikamızın bizə məlum olan təxminən 200 milyard ulduzundan biri, Günəş sistemində yeganə və Yerə ən yaxın ulduz olan Günəş Yerdən 150 milyon kilometr uzaqlıqdadır. O, bir çox ulduzlardan dəfələrlə kiçik olduğu üçün cırtdan ulduz adlanır. Onun diametri 1.392.000 km-dir. Günəş sistemimiz orta hesabla saatda 720.000 kilometr sürətlə hərəkət edir. Lakin Günəş bərk olmadığı üçün müxtəlif hissələri müxtəlif sürətlə fırlanır. O, həm qalaktikanın, həm də öz oxu ətrafında fırlanır.

Günəşin səthinin istiliyi 5500 °C, nüvəsinin və ya tam mərkəzinin istiliyi isə 15 milyon °C-dən yuxarıdır. Günəşin xarici atmosferi olan tac, səthdən uzaqlaşdıqca daha da istiləşir və dərəcəsi 2 milyon °C olur. Günəşin şüaları 8,44 dəqiqəyə Yerə çatır. Günəşdən ayrılan enerjinin yalnız 2,2 milyardda biri Yerə çatır və qalan enerjisi isə boşluqda itir. Günəş nüvəsinin sıxlığı hər kub santımetr üçün təxminən 150 qramdır (q/sm³). Bu, qızılın sıxlığından təxminən 10 dəfə (19.3 q/sm³) və ya qurğuşunun sıxlığından (11.3 q/sm³) 13 dəfə çoxdur.

Günəş öz oxu ətrafında saatda 70000 km sürətlə hərəkət edir və bir dövrəsini təqribən 25 gündə tamamlayır.

Günəş digər ulduzlar kimi ağdır. Lakin Yer atmosferində sarı görünür. Günəşin cazibə qüvvəsi Yerin cazibə qüvvəsindən 28 dəfə çoxdur. Yerlə müqayisədə Günəşin diametri 109 dəfə, həcmi 1,3 milyon dəfə, kütləsi isə 333000 dəfə daha çoxdur.

Günəşin tərkibi

Günəş kütləsinin 74%-ni və həcminin 92%-ni təşkil edən hidrogen, kütləsinin 24-25%-ni və həcminin 7%-ni təşkil edən helium başda olmaqla 1.69%-ni isə dəmir, nikel, oksigen, silikon, kükürd, maqnezium, karbon, neon, kalsium və xrom kimi digər qazlar və metallar təşkil edir.

Qəribədir ki, Günəşin tacı atmosferinin xarici təbəqəsində, səthindən min km-lərlə uzaqda yerləşir. Bununla belə, tac Günəşin səthindən yüz dəfələrlə istidir. Həmin bu tacın gözlə görünməsi yalnız Günəşin qarşısını Ay kəsərsə, yəni Günəş tutulması baş verərsə mümkündür.

Günəş Yer və digər qayalı planetlər və Ay kimi möhkəm səthə malik deyil. Əksər ulduzların bir, iki, üç və ya dörd yoldaşı olsa da, Günəş digər ulduzlardan fərqli olaraq təkdir.

Günəşin bu şəkli NASA-nın Günəş Dinamikası Rəsədxanası tərəfindən 2015-ci ildə çəkilib.

MÜASİR ELMİN KƏŞFİ

Elm və texnologiya inkişaf etdikdən sonra alimlər Günəşi yaxından müşahidə edərək onun tərkib və enerjisinin, həqiqətən də, davamlı olaraq azaldığını isbat ediblər.

Belə ki, NASA öz saytında “Günəşimiz: Faktlar” (Our Sun: Facts) başlıqlı məqaləsində deyir:

“Bütün ulduzlar kimi, Günəşimizin də enerjisi nəhayət tükənəcək. Ölməyə başlayanda Günəş qırmızı nəhəng ulduza çevriləcək və o qədər böyük olacaq ki, Merkurini, Veneranı və ehtimal olaraq Yeri də əhatə edəcək. Alimlər Günəşin ömrünün yarısından bir qədər az olduğunu və ağ cırtdan halına gəlməzdən əvvəl daha 5 milyard il davam edəcəyini proqnozlaşdırırlar”.

Ətraflı məlumat üçün bax

NASA “Günəş nə vaxta qədər işıq saçacaq?” (How long will the Sun shine?) başlığı altında Günəşin bir müddət sonra sönəcəyi haqda deyir:

“Fərz etsək ki, Günəşin 4 milyard yarım yaşı var. Bəs o daha nə qədər parlayacaq? Bizim Günəşə bənzəyən ulduzlar təxminən 9 və ya 10 milyard il yanırlar. Belə demək olar ki, indi Günəş təxminən ömrünün yarısındadır. Amma narahat olmayın, qarşıda hələ 5 milyard il var”.

Ətraflı məlumat üçün bax

Kanadanın “Universe Today” adlı elmi saytı “Günəşin həyat dövrü nədir?” (What is the Life Cycle Of The Sun?) məqaləsində Günəşin gələcəkdə tükənəcəyini təsdiqləyərək deyir:

“Əsas hidrogen tükənməsi:

Hər şey bitməlidir. Bu bizim üçün də, Yer üçün də, Günəş üçün də keçərlidir. Bu, tezliklə hər hansı bir vaxtda baş verməyəcək, lakin bir gün-uzaq gələcəkdə Günəşin hidrogen yanacağı tükənəcək və o, tədricən ölümə doğru əyiləcək. Bu, təxminən 5.4 milyard ildən sonra başlayacaq və bu zaman Günəş öz ömrünün əsas ardıcıllığından çıxacaq”.

Ətraflı məlumat üçün bax

ABŞ alimlərinə məxsus məşhur “Earth  Sky” saytı “Günəşimiz öləndə Yerə nə olacaq?” (When our sun dies, what will happen to Earth?) başlığı altında yazılan məqaləsində deyir:

“Günəş ölən zaman

Günəş üçün ölüm nə məna kəsb edir? Bu o deməkdir ki, Günəşin içindəki yanacaq tükənəcək. Bu, ulduzların parlamasına səbəb olan daxili termonüvə reaksiyalarını dayandıracaq. O, şişərək qırmızı nəhəngə çevriləcək. Onun xarici təbəqələri Merkuri və Veneranı əhatə edəcək və ehtimal ki, Yerə çatacaq. Yer üzündə həyat sonlanacaq”.

Ətraflı məlumat üçün bax

ABŞ astronavtları tərəfindən təməli qoyulan məşhur “Space” saytı “Günəşin həcmi nə qədərdir” (How big is the sun?) başlığı ilə yazılan məqalədə deyir:

“Ancaq günəşin çəkisi sabit deyil. Zamanla Günəş küləyi hissəcikləri daşıyır və beləliklə də, kütlə ulduzdan uzaqlaşır. Astronom Pil Plaitə görə, Günəş küləyinin təsiri ilə Günəş hər saniyədə orta hesabla 1.5 milyon ton material itirir”.

Ətraflı məlumat üçün bax

Həmin saytda “Günəş nə vaxt öləcək?” (When will the sun die?) yazısında deyilir:

“Günəş Yerdəki həyata enerji verir və əgər bu ulduz olmasaydı, biz də burada olmazdıq. Hətta ulduzların belə məhdud ömür yolları var və bir gün bizim Günəş də öləcək”.

Ətraflı məlumat üçün bax:

Günəşin ən pik parlaq vaxtı çəkilmiş şəkli. NASA, 10 May, 2024.

Əlbəttə ki, alimlərin Günəşin məhz 5 milyard ildən sonra sönəcəyini demələri Günəşdə baş verən azalmanın sürətini hesablamalarına görədir. Lakin Uca Allah vulkanik və lavadan ibarət olan Ayı tez bir zamanda söndürdüyü kimi Günəşi də deyilən rəqəmdən daha tez söndürməyə qadirdir.

Elm və texnologiyanın olmadığı bir dövrdə Qurani-Kərimin Günəşin sonluğu haqda verdiyi dəqiq məlumat bir daha Uca Allahın varlığına və Məhəmməd peyğəmbərin də (sallallahu aleyhi va əlihi va səlləm) haqq peyğəmbər olduğuna sübutdur.

Odur ki, hər bir kəs gecikmədən Quranda yazılanlara inanmalı və ona əməl etməlidir. Uca Allah buyurur:

  • ﴿وَلِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَيَوْمَ تَقُومُ السَّاعَةُ يَوْمَئِذٍ يَخْسَرُ الْمُبْطِلُونَ ﴾

“Göylərin və yerin hökmranlığı Allaha məxsusdur. Qiyamətin qopacağı gün — məhz o gün inkar edənlər ziyana uğrayacaqlar”. (əl-Cəsiyə” surəsi, 27-ci ayə)

Müəllif: Samin Məmmədov
Tərcümə: Nailə Mikayılbəyli, Fatimə Nabatlı
Korrektor: Vəfa Məmmədova
Dizayn: Ramin Baxşıbəyli

Şərh əlavə et

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *