Rəhmli və Mərhəmətli Allahın adı ilə
Uca Allahın kainatda yaratdığı hər bir məxluqun sirri ağıl sahiblərini heyran qoymaqdadır. Bu məxluqlar içində insan yaradılan canlılarla müqayisədə ali canlılardan biridir. Uca Allahın insana verdiyi, bu günə qədər lazımi qədər tədqiq edilməyən ən qəliz, mürəkkəb və sirli orqanı isə məhz beyindir.
İnsan beyni möhtəşəm və mürəkkəbdir. Beyin bir çox hissədən ibarətdir ki, hər biri xüsusi və mühüm funksiyaya malikdir.
Qurani-Kərimdə Allah-Təala insanın yalan danışarkən həmin yalanı ona hazırlayan hissənin insan beynində “alın payı” adlanan və ön tərəfdə yerləşən hissənin olmasına işarə etmişdir.
Məhəmməd peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) namaz qılan zaman Əbu Cəhlin ona mane olması barədə Allah-Təala buyurur:
﴿ أَرَأَيْتَ إِنْ كَذَّبَ وَتَوَلَّى. أَلَمْ يَعْلَمْ بِأَنَّ اللَّهَ يَرَى. كَلَّا لَئِنْ لَمْ يَنْتَهِ لَنَسْفَعَنْ بِالنَّاصِيَةِ. نَاصِيَةٍ كَاذِبَةٍ خَاطِئَةٍ ﴾
“Bir de görək, (əgər sənin namaz qılmağına mane olan kimsə Quranı) yalan sayır və (imandan) üz döndərirsə. Məgər bilmir ki, Allah (onun bütün əməllərini) görür?! Yox! Əgər son qoymasa, and olsun ki, Biz onu kəkilindən yapışıb (Cəhənnəmə) sürükləyəcəyik. Yalançı, günahkar kəkilindən…” (“əl-Aləq” surəsi, 13-16-cı ayələr)
Ayədə keçən النَّاصِيَة (ən-nasiyə) — kəlməsi ərəb dilində kəkilə — saçın alına yaxın tərəfində bitən hissəsinə deyilir. Haqqında bəhs edəcəyimiz beyinin “alın payı” hissəsi də məhz bu nahiyədə yerləşdiyinə görə ayədə “yalançı, günahkar kəkilindən” kəlməsi ilə günah və yalan ön beyinin üzərində olan kəkilə aid edilmişdir.
Ayədən aydın olur ki, kəkilin altında olan alın payı insanı yönləndirir, qərar verir, onu yaxşı və pisə sürükləyərək yalan və səhvə məhkum edir.
BEYİN HAQDA OLAN BƏZİ MƏLUMATLAR
-Beyin böyük miqdarda məlumat göndərmək və qəbul etmək qabiliyyətinə malikdir.
-Beyin insanın bədən çəkisinin təxminən 2%-ni təşkil edir.
-Beyinin toxuması möhkəm jele kimidir.
-Beyinin təxminən 75%-i sudan ibarətdir. Bu o deməkdir ki, susuzluq, hətta 2% də olsa, beyin funksiyalarına mənfi təsir göstərə bilər. Susuzluq natrium və elektrolit itkisi yaddaş və diqqətdə ciddi dəyişikliklərə səbəb ola bilər. Ona görə də bədənin və ya beyin funksiyasının hər hansı bir itkisinin qarşısını almaq üçün bədəni lazımi şəkildə nəmləndirmək lazımdır.
-Bədən ölçüsünə görə bütün onurğalılar içində ən böyük beyin insan beynidir.
-İnsan beyninin ön pay ölçüsü digər canlıların beyninin ön pay ölçüsündən 40% daha böyükdür.
-İnsan beynində təxminən yüz milyard neyron var və bu, Süd Yolu qalaktikasındakı ulduzların sayı ilə təxminən eynidir.
-Bədəndəki xolesterolun təxminən 25% -i beyində yerləşir.
-Beyin yatmır. Yuxular beynin yatarkən belə işlədiyinin sübutudur.
-Beyin ağrı hiss edə bilmir. Beynin özündə ağrı reseptorları yoxdur. Lakin beyin qişalarının (beyin ətrafındakı örtüklər), periosteum (sümüklərin üzərindəki örtüklər) və baş dərisinin hamısında ağrı reseptorları var. Beyin üzərində cərrahiyyə edilə bilər və texniki olaraq beyin o ağrıları hiss etmir.
-Yaşlandıqca insan beyni kiçilir.
İnsan beyni 40 yaşın sonuna qədər inkişaf etməyə davam edir. İnsan orqanizmində bu qədər uzun müddət inkişaf edən yeganə orqandır. Həm də digər orqanlardan daha çox dəyişikliklər görür. Təxminən orta yaşda beyin kiçilməyə başlayacaq. Ancaq beyində ölçünün əhəmiyyəti yoxdur. Daha böyük beynin kiçik beyindən daha ağıllı olduğuna dair heç bir sübut yoxdur.
-Alkoqol beyinə bulanıq görmə, nitq pozğunluğu, qeyri-sabit yeriş və s. kimi təsir göstərir. Spirtin beyinə qalıcı təsir göstərə biləcəyinə və ayıq olduqdan sonra geri dönməyəcəyinə dair sübutlar var. Bu təsirlərə yaddaş problemləri, bəzi azaldılmış idrak funksiyaları və s. daxildir.
-Beyinin daimi oksigen təchizatına ehtiyacı var. Oksigensiz 5 dəqiqəlik bir müddət bəzi beyin hüceyrələrinin ölümünə səbəb ola bilər ki, bu da ciddi beyin zədələnməsi deməkdir. Həmçinin, nə qədər çox düşünsəniz, beyniniz qanınızdan bir o qədər çox oksigen və yanacaq istifadə edəcək – 50%-ə qədər. Hər dəqiqə beyindən 750-1000 millilitr qan keçir.

Beyin necə işləyir?
ABŞ-ın ən reytinqli və aparıcı səhiyyə sistemlərindən biri olan “Johns Hopkins Medicine” müəssisəsinin saytı “Beyin necə işləyir?” (How does the brain work?) başlığı altında deyir:
“Beyin necə işləyir?
Beyin bütün bədənə kimyəvi və elektrik siqnalları ötürür və qəbul edir. Fərqli siqnallar müxtəlif prosesləri idarə edir və beyniniz bu siqnalların hər birini şərh edir. Məsələn, bəziləri yorğunluq, bəziləri isə ağrı hiss etdirir.
Bəzi siqnallar beyində saxlanılır, digərləri isə onurğa və bədənin geniş sinir şəbəkəsi vasitəsilə uzaq ətraflara ötürülür. Bunu etmək üçün mərkəzi sinir sistemi milyardlarla neyrona (sinir hüceyrələrinə) güvənir”.
MÜASİR ELMİN KƏŞFİ
Beyinin funksiyası neçənci ildə kəşf edildi?
Avstraliyanın Nevrologiya Tədqiqat İnstitutu kimi tanınan “Queensland Beyin İnstitutu” öz saytında maraqlı və məşhur bir hadisəyə işarə edərək deyir:
“Alın payı disfunksiyasının ən məşhur hadisəsi dəmiryol işçisi Fineas Qeycin hekayəsidir. 1848-ci ildə Qeyc qayadan keçən tuneli partlatmaq məqsədilə barıt yığmaq üçün dəmirdən istifadə edir. Başını xəfifcə çevirdiyi halda, səhv atəş nəticəsində dəmir çubuq sol gözünə və kəllə sümüyünün içərisinə doğru itələnərək partlayışa səbəb olur”.
Möcüzəvi bir şəkildə Qeyc sağ qaldı, sol gözü kor oldu və sol alın payının çox hissəsi zədələndi. Qəzadan sonra insanlar Qeycin şəxsiyyətində dəyişikliklər müşahidə etdilər: qəzadan əvvəl o, məsuliyyətli və çalışqan kimi tanınsa da, sonrada hörmətsiz, pis ağızlı (söyüşkən) oldu və planlarını həyata keçirməkdə çətinlik çəkən birinə çevrildi. Alın payında, həmçinin könüllü hərəkətə cavabdeh olan əsas motor korteksi də var”.
Yunanıstanlı Aristotelin (e.ə IV əsr), romalı Qalenin (II əsr), İslam Tibb filosofu İbn Sinanın (XI əsr), italiyali böyük anatomist Mondino de Liuzzinin (XIII əsr), fransalı Çarlz Estiennin (XVI əsr) dövründən XX əsrə qədər heç bir alim beyin hissələrinin payına düşən vəzifələri kəşf edə bilməmişdir.
ABŞ-ın Stanford universitetinin saytı “Beyinin tarixi” (A history of the brain) adlı məqaləsində deyir:
“XVI və XVII əsrin əvvəllərində anatomistlər beyinin fiziki təsvirinə böyük töhfə verdilər — beyin, beyincik və medulla (beyin sapı) kimi terminlər çox istifadə olunurdu və onun funksiyasını başa düşməkdə bir neçə əhəmiyyətli irəliləyiş əldə etmişdilər. 1660-cı illərə qədər beyinin anatomiyası əhəmiyyətli dərəcədə dəyişməmişdi. Bir-birindən bir neçə il fərqlə İngilis həkimi Tomas Uillis özünün “Beyinin Anatomiyası” (1664) kitabını və danimarkalı anatomist Nikolaus Steno isə “Beyinin Anatomiyası Mühazirəsi” (1669) kitabını nəşr etdilər”.
Avstraliyanın Queensland Universiteninin saytında “Neyrologiyanın partlayışı” (Explosion of neuroscience) adlı başlıq altında yazılan məqalədə deyilir:
“Neyrologiyanın partlayışı
1960-cı illərdən etibarən nevrologiya tədqiqatlarında partlayış baş verdi. Texnologiyada sürətli irəliləyişlər və fizika və genetika kimi sahələrdə əməkdaşlıq sayəsində elm adamları şəbəkələrin ətraflı təsviri, xəritələşdirilməsi və kimyəvi yolların deşifrə edilməsi vasitəsilə beyni başa düşməkdə böyük sıçrayışlar əldə etdilər”.
Beyinin hissələri və yeni kəşf edilmiş funksiyaları
ABŞ-ın ən reytinqli və aparıcı səhiyyə sistemlərindən biri olan “Johns Hopkins Medicine” müəssəsəsinin saytı “Beyin payları və onların nəzarət etdiyi şeylər“ (Lobes of the Brain and What They Control) başlığı altında deyir:
“Hər beyin yarımkürəsində (beyincik hissələri) paylar adlanan dörd bölmə var: ön payı və ya alın payı, təpə payı, gicgah payı və ənsə payı. Hər pay xüsusi funksiyaları idarə edir.
Alın payı: Başın ön hissəsində yerləşərək beyinin ən böyük hissəsi olmaqla şəxsiyyət xüsusiyyətlərində, qərar qəbul etmədə və hərəkəti mənimsəmədə iştirak edir. Qoxunun tanınması adətən alın payının hissələrini əhatə edir. Alın payında nitq qabiliyyəti ilə əlaqəli olan Broca sahəsi var.
Təpə payı: Beyinin orta hissəsi olub insana obyektləri müəyyən etməyə və məkan münasibətlərini (harada ki, insanın bədəni ətrafdakı obyektlərlə müqayisə olunur) başa düşməyə kömək edir. Təpə payı bədəndə ağrı və toxunma hisslərində də iştirak edir. Təpə payında beyinin danışıq dilini başa düşməsinə kömək edən Wernicke bölgəsi yerləşir.
Ənsə payı: Görmə ilə məşğul olan beyinin arxa hissəsidir.
Gicgah payı: Qısamüddətli yaddaş, nitq, musiqi ritmi və müəyyən dərəcədə qoxunun tanınmasında iştirak edir”.

ABŞ-ın “MayField” adlı Onurğa və Cərrahiyyə Mərkəzinin saytı “Beynin anatomiyası” (Anatomy of the Brain) adlı başlıq altında “alın payı” nın öhdəlikləri haqda danışarkən deyir:
“Alın payı
*Şəxsiyyət, davranış, duyğular
*Mühakimə, planlaşdırma, problemi həll etmək
*Nitq: danışma və yazma (Broca sahəsi)
*Bədən hərəkəti (motor zolağı)
*Zəka, konsentrasiya, özünü dərketmə”
Yalan danışarkən ön beyinə daha çox güc düşür
Alimlərin yeni müşahidə və kəşflərinə görə, insan yalan danışarkən insan kəkilinin altında yerləşən beyninin alın payına düşən hissəsi çox güc sərf etdiyi üçün daha da aktivləşir.
İngiltərənin Neyrologiya Cəmiyyəti tərəfindən təqdim olunan beyin və sinir sistemi məlumatlarını özündə əks etdirən “Brain Facts” saytı “Yalan haqqında həqiqət: Aldatma elmi” (The Truth About Lies: The Science of Deception) başlıqlı məqaləsində deyir:
“Yalan bölgələri
Beyinin bir neçə bölgəsi yalanda rol oynasa da, çoxsaylı funksional maqnit rezonans görüntüləmə (FMRI) tədqiqatlarının ən tutarlı nəticəsi odur ki, insanlar yalan danışanda prefrontal korteksdə (alın payının arxası) aktivlik artır. Alın payının arxasında yerləşən prefrontal korteks icraedici nəzarətə (məqsədlərə çatmaq üçün düşüncə və ya hərəkətləri tənzimləmək bacarığı) cavabdeh olan bölgələr toplusudur…”

ABŞ-ın elmi araşdırmalar saytı yalanın aşkarlanmasında inqilab edən insan kimi tarixə düşmüş amerikalı psixiatr, professor və elmi tədqiqatçı Daniel Langlebenin belə dediyini yazır:
“Əsas məqam ondan ibarətdir ki, siz yalan danışdığınız zaman həqiqəti söylədiyinizdən daha çox davranışınızı tənzimləyən və nəzarət edən sistemi işlətməlisiniz,» – deyə Langleben bildirib. “Ümumiyyətlə, aldatma zamanı beyinin üç bölgəsi daha aktiv olur: anterior singulat korteks, dorsal lateral prefrontal korteks və parietal korteks”.
Qeyd edək ki, yalan danışarkən aktivliyi artan və yuxarıda adı çəkilən həmin bu üç bölgə məhz insan kəkilinin altında, Alın payında yerləşir.
Yuxarıda keçən mübarək ayəyə və müasir elmin yeni kəşflərinə istinadən deyə bilərik ki, Qurani-Kərim beyinin ön hissəsinin funksiyasını və öhdəliklərini təyin edən ilk kitabdır.
Günümüzə qədər hələ də beyin haqda dərin biliyə malik olmayan bu texnologiya əsrini 1450 il qabaqlayan Qurani-Kərimin beyinin alın payına düşən funksiyasını dəqiqliklə deməsi, həqiqətən də, Uca Allahın varlığına, Qurani-Kərimin və Məhəmməd peyğəmbərin (sallallahu aleyhi va əlihi va səlləm) haqq olduğuna ağıl sahibləri üçün böyük bir sübutdur…
Uca Allah buyurur:
﴿ فَإِلَّمۡ یَسۡتَجِیبُوا۟ لَكُمۡ فَٱعۡلَمُوۤا۟ أَنَّمَاۤ أُنزِلَ بِعِلۡمِ ٱللَّهِ وَأَن لَّاۤ إِلَـٰهَ إِلَّا هُوَۖ فَهَلۡ أَنتُم مُّسۡلِمُونَ ﴾
“Əgər (Quran ayələrinə bənzərini gətirmələri üçün köməyə çağırdıqlarınız) sizə cavab verməsələr, bilin ki, o ancaq Allahın elmi ilə nazil olmuşdur. Ondan başqa heç bir ilah yoxdur! (Bütün bunlardan sonra) islamı qəbul etməzmisiniz?” (“Hud” surəsi, 14-cü ayə)
Müəllif: Samin Məmmədov
Tərcümə: Nailə Mikayılbəyli
Korrektor: Vəfa Məmmədova
Dizayn: Ramin Baxşıbəyli
Şərh əlavə et