Rəhmli və Mərhəmətli Allahın adı ilə
Qədim dövrdən bəri insanları bu kainatın sonunun bitib-bitməməsi, əgər bitəcəksə, necə bitəcəyi çox maraqlandırmışdır. Məlumdur ki, Uca Allah Qurani-Kərimdə insanların bir çox suallarına dəqiqliklə cavab verən, eləcə də müasir elm və nəzəriyyələri qabaqlayan misilsiz ayələr nazil etmişdir. Həmin ayələrdən birində Uca Allah kainatın sonunun dəqiqliklə necə və hansı formada bitəcəyi sualına cavab vermişdir.
Belə ki, Uca Allah Qurani-Kərimdə kainatı bir kütlədən yaradaraq genişləndirdiyini, sonra da haqq-hesab günündən öncəki Qiyamət saatı gəldiyi zaman isə kainatı bütünlüklə geriyə doğru qaytararaq bükəcəyini bildirmişdir. Bu haqda Uca Allah buyurur:
﴿يَوْمَ نَطْوِي السَّمَاءَ كَطَيِّ السِّجِلِّ لِلْكُتُبِ ۚ كَمَا بَدَأْنَا أَوَّلَ خَلْقٍ نُعِيدُهُ ۚ وَعْدًا عَلَيْنَا ۚ إِنَّا كُنَّا فَاعِلِينَ﴾
“O gün Biz göyü yazılmış səhifənin büküldüyü kimi bükəcəyik. İlk dəfə yaratdığımız kimi onu təkrar əvvəlki halına qaytaracağıq. Biz vədimizi mütləq yerinə yetirəcəyik”. (21. “əl-Ənbiyə” surəsi, 104-cü ayə)
Böyük təfsir alimi Məhəmməd ibn Cərir ət-Təbəri belə nəql edir:
.عَنِ ابْنِ عَبَّاسٍ فِي قَوْلِهِ: ﴿كَمَا بَدَأْنَا أَوَّلَ خَلْقٍ نُعِيدُهُ﴾ قَالَ: نُهْلِكُ كُلَّ شَيْءٍ، كَمَا كَانَ أَوَّلَ مَرَّةٍ
“İbn Abbas (radiyallahu anhu) Uca Allahın “İlk dəfə yaratdığımız kimi onu təkrar əvvəlki halına qaytaracağıq” ayəsi haqda deyir: “Hər şeyi ilk dəfə olduğu kimi məhv edəcəyik””. (Təbəri, “əl-Ənbiyə” surəsinin təfsiri)
MÜASİR ELMİN KƏŞFİ
Əsrlər boyu dinlərə iman etməyən alimlər kainatın həmişə sabit olduğuna və sonsuzluğa qədər belə də davam edəcəyinə inanırdılar. Lakin elm inkişaf etdikcə həmin bu alimlər kainatın əbədi və sabit olduğu fikrindən daşınaraq nə vaxtsa sonu olacağı nəzəriyyəsini irəli sürdülər. Lakin sonun hansı formada baş verəcəyində alimlər əsasən iki nəzəriyyəni qəbul edirlər:
1). Kainat həddən artıq çox genişlənib sönərək məhv olacaq. Bu nəzəriyyəyə alimlər “Böyük Parçalanma” (Big Rip) adını veriblər.
Əgər kainatın genişlənməsi tədricən dayanmaq əvəzinə daha da sürətlənsə, qalaktikalar, ulduzlar, planetlər, atomlar bir-birindən qopacaq. Yəni kainat “parçalanaraq” yox olacaq.
2).Kainat özünə yığılaraq, sıxılıb içəriyə doğru çökərək sıfıra enib məhv olacaq. Məhz bu əməliyyata müasir alimlər “Big Crunch” (“Böyük sıxılma”, “Böyük çöküş”) adını veriblər.
Bir çox alimlər kainatın dağılmasının “Böyük Partlayış” ın (Big Bang) hipotetik əksi ilə baş verəcəyini, kainatın “Böyük Partlayış” ın tərsi istiqamətində özünə qayıdacağını deyiblər.
Əlbəttə ki, həmin bu əməliyyatı məhz Uca Allah Qurani-Kərimdə daha dəqiq vəsf edərək onu “bükülmə” sözü ilə ifadə etmişdir.
Həqiqətən də, Uca Allah açdığı səhifəni bir gün bükərək bağlayıb sona yetirəcəkdir.
NASA bu haqda öz saytında “Kainatın Sonu: Od, yoxsa buz?” (The End of the Universe: Fire or Ice?) başlığı altında deyir:

Kainatın sonu: Od, yoxsa buz?
Böyük Partlayış nəzəriyyəsi kainatın çox isti və çox sıx vəziyyətdən genişlənib təkamül etməsini təsvir edir. Alimlər belə bir nəzəriyyə irəli sürüblər ki, cazibə qüvvəsi bu genişlənməni bir müddət sonra yavaşlada və hətta tamamilə tərsinə çevirə bilər. Əgər kainatda kifayət qədər maddə olsaydı, cazibə qüvvəsi genişlənməni dayandırar və kainat alovlu bir “böyük çöküş”lə (Big Crunch) yenidən içinə doğru çökərdi.
Həmçinin NASA öz saytında “Qaranlıq Enerji Kainatı Dəyişdirir” (Dark Energy Changes the Universe) başlığı altında deyir:

“Qeyri-sabit qaranlıq enerji “Böyük Parçalanma” ya (Big Rip) — (kainatın sürətlə genişlənməsinə, ulduzların, planetlərin və atomların parçalanmasına) və ya “Böyük Sıxılma” ya (Big Crunch) — (kainatın öz içinə doğru çökməsinə və sıxılmasına) səbəb ola bilər”.
NASA öz saytında kainatın sıxılıb geriyə doğru qayıdıb ilk yaradılışdakı kimi bir kütlə olacağına aid video nümayiş etdirdikdən sonra deyir:

“Bu nəzəri animasiya göstərir ki, “Qaranlıq Enerji” nin (Dark Energy) gücü azaldıqda və təsiri tərsinə döndükdə, kainatı bir araya çəkməyə başlayacaq. Bu isə “Böyük Sıxılma”ya (Big Crunch), yəni kainatın sıxılıb içəriyə doğru partlamağına səbəb olacaq”.
Harvard Universiteti öz saytında “Böyük Sıxılma” (The Big Crunch) başlığı altında deyir:

“Kainatdakı maddənin sıxlığı kifayət qədər çox olarsa, onun cazibə qüvvəsi genişlənməni yavaşladıb tərsinə çevirərək kainatın öz içinə doğru sıxılmasına səbəb olacaq. Nəticədə kainat “Böyük Sıxılma” adlanan fəlakətli bir hadisə ilə sona çatacaq”.
Avstraliyanın astronomiya ilə bağlı saytında “Kainat əbədi davam edəcəkmi?” (Will the Universe last forever?) adlı məqalədə deyilir:

“Əgər orta sıxlıq kritik sıxlığı aşarsa, kainatın genişlənməsi dayanacaq və kainat daralmağa başlayacaq. Nəticədə, kainatın genişlənməsini başladan partlayışa bənzər bir alov topu yaranacaq. Bu proses «Böyük Çöküş» (Big Crunch) adlanır…”
Həmçinin həmin məqalənin sonunda deyilir:

“Kainatın son taleyi nə olursa olsun, aydındır ki, kainat əbədi həyatın mümkünlüyünə imkan vermir”.
BU NƏZƏRİYYƏNİ İLK DƏFƏ KİM İRƏLİ SÜRÜB?
“Oksford”-un (OED-Oxford English Dictionary) saytına görə, “Big Crunch” ifadəsinə ilk olaraq 1980-ci ildə A. R. Marlovun yazılarında rast gəlinib.

Lakin dərin araşdırma apardıqda bu ideyanın köklərinin 1980-ci ildən daha irəliyə gedib çıxdığını görürük. Belə ki, ideya olaraq bu nəzəriyyənin ilk müəllifi rus riyaziyyatçısı, fiziki və coğrafiyaşünası, Aleksandr Aleksandroviç Fridman (1888-1925) olub.
İngiltərənin “Space Centre” adlı rəsmi saytında “Kosmosun Sirləri – Kainatın Sonu Necə Olacaq?” (Mysteries of Space – How will the universe end?) başlıqlı məqaləsində deyilir:

“Bu Nəzəriyyəni Kim İrəli Sürüb?
“Böyük Sıxılma” (Big Crunch) nəzəriyyəsinin əsası Aleksandr Fridmanın işlərinə dayanır. 1922-ci ildə Fridman kainatın taleyinin onun içində nə qədər maddənin (sıxlığın) olmasından asılı olduğunu göstərən tənliklər yaratmışdı.

«Böyük Sıxılma» (Big Crunch) nəzəriyyəsini irəli sürən ilk alim
Əlbəttə ki, elmə dəyər verən hər bir ədalətli şəxs anlayır ki, əlində heç bir texnologiyası olmayan kəsin kainatın sonu haqda belə bir məlumatı verməsi, həqiqətən də, Uca Allahın, Qurani-Kərimin və Məhəmməd peyğəmbərin (sallallahu aleyhi va əlihi va səlləm) haqq olmasına açıq-aydın bir sübutdur.
Uca Allah buyurur:
﴿ قُلِ انْظُرُوا مَاذَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَمَا تُغْنِي الْآيَاتُ وَالنُّذُرُ عَنْ قَوْمٍ لَا يُؤْمِنُونَ ﴾
“De: “Bir baxın, göylərdə və yerdə nələr var! Lakin iman gətirməyən bir qövmə möcüzələr və xəbərdarlıqlar fayda verməz”. (“Yunus” surəsi, 101-ci ayə)
Müəllif: Samin Məmmədov
Tərcümə: Fatimə Nabatlı
Korrektor: Vəfa Məmmədova
Dizayn: Ramin Baxşıbəyli




Şərh əlavə et