Rəhmli və Mərhəmətli Allahın adı ilə
Məlumdur ki, Uca Allah insanları bu dünyada imtahan üçün yaratmışdır. Əlbəttə ki, istər Yer kürəsində, istərsə də kainatın digər yerlərində insanlardan əlavə digər canlılar da vardır. Uca Allahın yaratdığı bu gözəl kainat həqiqətən də çox gözəl və füsunkardır.
Lakin hər bir insanı maraqlandıran əsas suallardan biri bu gözəl və nizam-intizamlı kainatın yoxdan necə var olmasıdır.
Belə ki, Uca Allah peyğəmbərlərinin və Yer üzünə nur olaraq nazil olan sonuncu kitabımız Qurani-Kərimin vasitəsilə dünyanın başlanğıcı və sonu olduğunu bildirmiş, bizim də içində olduğumuz bu möhtəşəm kainatın necə var olması haqda buyurmuşdur:
Uca Allah belə buyurur:
﴿ أَوَلَمْ يَرَ الَّذِينَ كَفَرُوا أَنَّ السَّمَاوَاتِ وَالْأَرْضَ كَانَتَا رَتْقًا فَفَتَقْنَاهُمَا ۖ وَجَعَلْنَا مِنَ الْمَاءِ كُلَّ شَيْءٍ حَيٍّ ۖ أَفَلَا يُؤْمِنُونَ ﴾
“Məgər kafir olanlar göylərlə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman etməzlərmi?” (21. “əl-Ənbiyə” surəsi, 30-cu ayə)
9-cu əsrin böyük Quran təfsiri alimi Məhəmməd ibn Cərir ət-Təbəri (M.839-923) bu ayə haqda səhabələrdən nəql edərək deyir:
.عن عليّ، عن ابن عباس… يقول: كانتا ملتصقتين
Əli və İbn Abbas deyir: ““… Göylər və Yer”… hər ikisi bir-birinə bitişik idi”.
Həmçinin Təbəri nəql edərək deyir:
.كان الحسن وقتادة يقولان: كانتا جميعا، ففصل الله بينهما بهذا الهواء
Həsən və Qatədə deyirdi: “Göylər və yer bir idi və Allah onların arasını hava ilə ayırdı”.
13-cü əsrin böyük Quran təfsiri alimi Əhməd ibn Ömər əl-Qurtubi (M.1214-1273) nəql edərək deyir:
.قال ابن عباس والحسن وعطاء والضحاك وقتادة : يعني أنها كانت شيئا واحدا ملتزقتين ففصل الله بينهما بالهواء
“İbn Abbas, Həsən, Ata, Dahhək və Qatədə deyir: “Yəni onlar bitişik bir şey idi və Allah onların arasını hava ilə ayırdı”.
Həmçinin deyir:
أي : كان الجميع متصلا بعضه ببعض … في ابتداء الأمر ، ففتق هذه من هذه . فجعل السماوات سبعا ، والأرض سبعا…
“Yəni başlanğıcda göylər və Yer hər ikisi bir-birinə bitişik idi. Onları ayıraraq göyləri yeddi, Yeri də yeddi yaratdı…”
Bu ayədə müraciətin iman etməyən kəslərə olması da özündə bir ecazkarlığı əhatə edir. Çünki hal-hazırda biz bu kəşfi edənlərin adətən Uca Allaha və ya Qurana iman etməyənlərin olduğunun şahidiyik.
Ona görə də Uca Allah sanki müraciət edərək “Məgər kafir olanlar… bilmirlərmi?! Yenə də iman etməzlərmi?” deyərək məhz onlara səslənmişdir.
MÜASİR ELMİN KƏŞFİ
Uca Allaha iman etməyən bəziləri kainatın əzəli və əbədi, yəni sonsuz və həmişə sabit olduğunu düşünürək kainat belə başlayıb belə də davam edəcək iddiasında idilər. Lakin elm inkişaf etdikcə kainatın başlanğıcı və sonu olduğu nəzəriyyələri yayılmağa başladı.
Çox maraqlıdır ki, bəzi alimlər belə bir əzəmətli və möhtəşəm kainatın yaradılmasında hansısa qüvvənin səbəb olduğuna inanırlar. Lakin nəyin və ya kimin səbəb olduğunu isə hələ də görməzdən gəlirlər.
Bu haqda ABŞ-da yerləşən NASA (“Milli Aeronavtika və Kosmos İdarəsi” (National Aeronautics and Space Administration) öz saytında deyir:

“Kosmik İnflyasiya
Kainat təxminən 13.8 milyard il əvvəl kosmik inflyasiya adlandırılan dövrdə çox qısa bir zaman ərzində işıq sürətindən daha sürətli şəkildə genişləndi. Alimlər inflyasiyaya nəyin səbəb olduğundan və ya bu prosesi nəyin gücləndirdiyindən əmin deyillər”.
Kainatın yaranmasında rolu olan “Böyük partlayış” (Big Bang) hadisəsinin necə baş verməsi haqda alimlər bir çox elmi məqalələr yazıblar.
Belə ki, Qərbi Avstraliya Universiteti öz saytında “Böyük Partlayış (Big Bang) nəzəriyyəsi nədir?” (What is the Big Bang theory?) başlığı altında deyir:

“Böyük Partlayış (Big Bang) nəzəriyyəsi nədir?
Böyük Partlayış nəzəriyyəsi kainatın ilkin yaranma prosesini və inkişafını izah edən nəzəriyyədir. Buna görə, kainat son dərəcə kiçik, həddindən artıq isti və çox sıx bir haldan genişlənməyə başlamışdır. Həmin vaxtdan etibarən kainat genişlənmiş, tədricən sıxlığı azalmış və soyumuşdur. Böyük Partlayış 13,7 milyard il əvvəl maddənin, məkanın və zamanın yaranmasını izah etmək üçün astronomlar tərəfindən istifadə olunan ən yaxşı modeldir”.
ABŞ-ın astronavtlarının təməlini qoyduğu məşhur “Space” saytı kainatın tək bir nöqtədən yaranması haqda deyir:

“Təqribən 13.7 milyard il əvvəl bütün kainat hər hansı bir ölçü ilə ifadə edilə bilməyəcək qədər sıxlığa və istiliyə sahib olan tək bir nöqtə idi”.
BÖYÜK PARTLAYIŞ (BİG BANG) NƏZƏRİYYƏSİNİ İLK DƏFƏ KİM İRƏLİ SÜRMÜŞDÜR?
Dünyanın ən böyük ensiklopediyası sayılan İngiltərənin “Britannika ensiklopediyası” nın saytında “Böyük partlayış modeli” (big-bang model) başlığı altında deyilir:

“Big-Bang modeli
Big-Bang modeli – kainatın təkamülü haqqında geniş şəkildə qəbul olunmuş nəzəriyyədir. Bu nəzəriyyənin əsas xüsusiyyəti kainatın çox yüksək temperatur və sıxlıq halında ikən təxminən 13.8 milyard il əvvəl “böyük partlayış” nəticəsində yaranmasıdır. Bu model 1920-ci illərdə rus riyaziyyatçısı Aleksandr Fridman və belçikalı astronom Jorj Lemetr tərəfindən irəli sürülsə də, müasir versiyası 1940-cı illərdə rus əsilli amerikalı fizik Corc Qamov və onun həmkarları tərəfindən inkişaf etdirilmişdir”.
ABŞ astronavtlarının təməlini qoyduğu məşhur “Space” saytı deyir:

“Böyük Partlayış nəzəriyyəsi nə vaxt irəli sürüldü?
Bu fikri ilk kim ortaya atıb?
Müşahidələri aparan şəxs Habl idi. 1970-ci illərdə Kosmik Mikrodalğa Fon Şüalanmasının kəşfi ilə sübutlar daha da artdı. “Böyük Partlayış” termini isə 1940-cı illərin sonlarında ilk dəfə olaraq astronom Fred Hoyl tərəfindən istifadə olunmuşdu. Bu ifadə 1970-ci illərdə yayılmağa başladı”.
NASA-nın nəzdində olan “Space Place” saytı “Bu Böyük Partlayış nədir?” (What Is the Big Bang?) başlığı altında deyir:

“Bu Böyük Partlayış nədir?
1927-ci ildə Jorj Lemetr adlı bir astronom böyük bir fikir irəli sürdü. O, çox uzun zaman əvvəl kainatın sadəcə tək bir nöqtədən ibarət olduğunu, bu nöqtədən başlayaraq genişlənib böyüdüyünü və indiki ölçüsünə çatdığını söylədi. Həmçinin, kainatın hələ də genişlənməyə davam edə biləcəyini dedi”.
Həmçinin həmin saytda deyilir:
“İki il sonra Edvin Habl adlı bir astronom digər qalaktikaların bizdən uzaqlaşdığını müşahidə etdi. Bundan da əlavə, ən uzaqdakı qalaktikalar bizə daha yaxın olanlardan daha sürətlə hərəkət edirdi”.
https://www.esa.int/About_Us/Corporate_news/Professor_Sir_Fred_Hoyle

“Böyük Partlayış” (Big Bang) terminini ilk dəfə işlədən alim

https://visitleuven.be/fr/atome-primitif-lemaitre


“Böyük Partlayış” nəzəriyyəsini ilk dəfə irəli sürən alimlər
Almaniyada doğulub sonralar isə ABŞ-da yaşayan Arno Allan Penzias və ABŞ-da doğulan Robert Vudro Vilson “Böyük partlayış”a (Big Bang) aid kosmik mikrodalğalı fon radiasiyasını (KMF) (discovered cosmic microwave background radiation (CMB)) 1964-cü ildə kəşf etdiklərinə görə 1978-ci ildə Nobel mükafatına layiq görülmüşlər. Bu haqda “Nobel Prize” saytı “Böyük Partlayışın əks-sədasını dinləmək” (Tuning in to Big Bang’s echo) başlığı altında deyir:

Arno Allan Penzias (1933-2024, almaniyalı) və Robert Vudro Vilson (Robert Woodrow Wilson, 1936, amerikalı)
Mühim qeyd: Bu gözəl kainatın təsadüfən yaranmasını iddia edənlərin məntiqinə görə, 2 yaşlı uşaq klaviaturaya barmaqları ilə təsadüfi olaraq qeyri müntəzəm toxunur və ekranda Nizami Gəncəvinin “Sirlər xəzinəsi”, yaxud Xəqani Şirvaninin “Töhfətul İraqeyn” əsəri yazılır. Ağıllı adam üçün bu nə qədər absurd sayılırsa, kainatın öz-özünə və ya təsadüfən yaranmasını qəbul etmək ondan da qat-qat daha absurd və gülməli sayılır.
Kainatın əvvəlində tüstünün olmasına görə (bax, səh…) alimlərin dediyi istilik və partlayışın baş verməsi Quran ayəsinə uyğun gəlir. Çünki tüstü adətən isti və partlayışdan sonra baş verir. Lakin bu partlayış təsadüfə görə deyil, məhz Uca Allahın əmrinə görə baş vermişdir. Çünki heç bir ağıl hər hansı bir partlayışdan sonra sadə bir nizamlı nəyinsə yaranmasını qəbul edə bilməz. Qaldı ki, dəqiq ölçülərlə belə bir möhtəşəm kainat və onun içindəki saysız-hesabsız möhtəşəm məxluqlar yarana…
Məlumdur ki, ləpir oradan keçənin, səs o səsi çıxaranın, rəsm onu şəkənin olmasına dəlalət etdiyi kimi, bizləri heyrətdə qoyan nizam-intizamlı, ucsuz-bucaqsız bu füsunkar kainat da əlbəttə ki, onu yaradanın olmasına dəlalət edir ki, O da Uca Allahdır.
Çox maraqlıdır ki, bəziləri kainatın qüsursuz nizamını fizikaya bağlamaqla Uca Allahın olmasını və kainatı yaratmasını inkar edirlər. Halbuki kainatın zaman və məkansız olan başlanğıcında fizika qanunlarının qüvvədə olmadığı aydın bir məsələdir. Fizika qanunlarının işləmədiyi bir anda bəs kainatın yarandığı ilkin maddəni kim yaratmış və hərəkətə gətirmişdır? Əlbəttə ki, olmayan fizika qanunu deyil, məhz sonsuz elmi ilə hər şeydən xəbərdar olan Uca Allah!
Bu haqda Hindistanın elmi saytı “Böyük Partlayışdan əvvəl nə mövcud idi?” (What Existed Before The Big Bang?) başlıqlı məqaləsində deyir:

“İndiyədək elmi ictimaiyyət belə bir qənaətə gəlib ki, Böyük Partlayış tək bir nöqtədən başlayıb. Bu, fizikanın bütün qanunlarının qüvvədən düşdüyü və onun haqqında yalnız ehtimallarla, təxmini təsəvvürlərlə məlumat sahibi olmağın mümkün olduğu bir hadisədir…”
Əziz oxucu, müasir alimlər ən yüksək texnologiyalar vasitəsilə sözügedən nəzəriyyəni irəli sürmələri üçün milyonlar xərcləyərək ağır və çətin araşdırmalar aparmış və bu kəşfə görə böyük mükafatlara belə layiq görülmüşlər.
Əlbəttə ki, inkişaf etmiş müasir texnologiyası olmayan birinin kainatın başlanğıcı haqda dəqiq məlumat verməsi, həqiqətən də, ağıl sahibləri üçün Uca Allahın, Qurani-Kərimin və Məhəmməd peyğəmbərin (sallallahu aleyhi va əlihi va səlləm) haqq olmasına açıq-aydın bir sübutdur.
Uca Allah buyurur:
﴿ أَوَلَمْ يَرَوْا كَيْفَ يُبْدِئُ اللَّهُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ ۚ إِنَّ ذَٰلِكَ عَلَى اللَّهِ يَسِير. قُلْ سِيرُوا فِي الْأَرْضِ فَانْظُرُوا كَيْفَ بَدَأَ الْخَلْقَ ۚ ثُمَّ اللَّهُ يُنْشِئُ النَّشْأَةَ الْآخِرَةَ ۚ إِنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ.﴾
“Məgər onlar Allahın məxluqatı əvvəlcə (yoxdan) necə yaratdığını, sonra da onu (qiyamət günü) geriyə qaytaracağını bilmirlərmi? Həqiqətən, bu, Allah üçün asandır! De: “Yer üzünü gəzib dolaşın və (Allahın) məxluqatı ilk dəfə necə yaratmağa başladığına baxın. Sonra da Allah axirət həyatını yaradacaqdır. Allah hər şeyə qadirdir!” (29. “əl-Ənkəbut” surəsi, 19,20-ci ayə)
Müəllif: Samin Məmmədov
Tərcümə: Fatimə Nabatlı
Korrektor: Vəfa Məmmədova
Dizayn: Ramin Baxşıbəyli




Şərh əlavə et