“Bu (gördükləriniz) Allahın yaratdıqlarıdır. İndi siz də Mənə (Allahdan) başqalarının nə yaratdığını göstərin...”

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Ağcaqanad Qurani-Kərimdə adı keçən canlılardan biridir. Bir çoxları tərəfindən adi görünən ağcaqanad Allah-Təalanın Quranda zikr etdiyi bir canlı olduğu üçün araşdırılması və üzərində düşünülməsi yerinə düşər.

Allah-Təala buyurur:

﴿ إِنَّ اللَّهَ لَا يَسْتَحْيِي أَنْ يَضْرِبَ مَثَلًا مَا بَعُوضَةً فَمَا فَوْقَهَا… ﴾

“Həqiqətən, Allah ağcaqanadı və (istər böyüklükdə, istərsə də kiçiklikdə) ondan da (aşağı yaxud) yuxarı olanı misal çəkməkdən utanmaz …” (“əl-Bəqərə” surəsi, 26-cı ayə)

Allah-Təala bu ayədən öncə milçək və hörümçək barədə misallar çəkərkən iman etməyənlər aşağılamaq üçün “Allah bu kimi kiçik məxluqatları misal çəkməkdə nə istəyir?” — demişdilər. Çox qəribədir ki, iman etməyənlər hər şeyin yaradıcısı olan Allahı unudaraq hələ bu cür kiçik məxluqları belə yarada bilməyənləri özlərinə havadar sayaraq, dua edib onlardan yardım istəmələrini isə heç də ağılsızlıq və aşağılıq saymırdılar.

Ağcaqanad bəzilərinin gözündə kiçik bir məxluq görünsə də həqiqi ağıl sahibləri yoxdan yaradılan hər bir canlıda Uca Allahın əzəmətini dərk edərək ibrət almaqdan heç vaxt usanmazlar.

Allah-Təala ağcaqanada fərqli bacarıqlar verib. Bu kiçik məxluqda heyrət ediləcək çoxlu sayda möcüzələr vardır. Əsasən də dişi ağcaqanadlar daha güclü bir quruluşa malikdir. Yalnız dişi ağcaqanad insan və heyvan vücudlarından balalarını boyütmək üçün qan sorur.

Ağcaqanadın mikroskop altında görüntüsü

Elm adamları mikroskopla 400000 dəfə böyütdükdən sonra ağcaqanada xas olan xüsusiyyətləri aşkarlayıblar.

Ağcaqanadın başında 100 göz, ağzında 48 diş, hər tərəfində 3 qanad və bədənində 3 qəlb mövcuddur. Ağcaqanadın xortumunda 6 ədəd bıçaq var ki, bu bıçaqların hərəsi bir vəzifə daşıyır.

Ağcaqanad öz xortumunu düz bucaq altında ( 90°) əyə bilir və xortumunu əyərək bizim dərimiz altında axtarış edir.

Ağcaqanad temperatur, qaz, rütubət və qoxu detektorları ilə təchiz olunub. Allah ona elə yüksək səviyyədə cihazlar verib ki, bunun sayəsində özünə uyğun olan qanı və uzaq məsafələrdə insanların tər qoxusunu ayırd edə bilir. Onları karbon qazı daha çox cəlb edir. Elm adamları, ağcaqanadın karbon qazına qarşı son dərəcə həssaslığının, hətta, ən yüksək səviyyədəki cihazlardan daha üstün bir gücə malik olduğunu vurğulamışlar.

Eyni zamanda, ağcaqanadların məlumatları təhlil etmək üçün sinir hüceyrələri də vardır. Ağcaqanad gecənin zülmətində belə əşyaları, rəngləri, insanları xüsusi cihazı vasitəsi ilə görür. Həmin cihaz ağcaqanadda istilik vasitəsi ilə işləyir.

Bu canlılarda elə bir cihaz da var ki, o cihaza “hiyləgər iynə” də deyilir. Ağcaqanad bu iynəsini insan bədəninə batırdıqda insan bunu duymur. Qanda laxtalanma ağcaqanadın qanı sormasını qeyri-mümkün etdiyi üçün həşərat kəsici bıçaqlarından birinin içindən dəliyə laxtalanmağa mane olan maye yeridir.

Ağcaqanadın qan sorma anı

Bundan əlavə, bu maye ilə ağcaqanad yerli anesteziya edir. Kəsdiyi bölgəni keyləşdirdiyi üçün insan dərisinin kəsildiyini və qanının sorulduğunu hiss etmir. Yalnız ağcaqanad qanı sorub qurtardıqdan sonra insan bunu hiss edir. Dəridə qaşınmaya məhz bu maye səbəb olur.

Əldə olunan məlumatlardan sonra belə bir sual yaranır: Ağcaqanad bütün bunlara necə yiyələnmişdir?

Kiçicik bir həşəratın bu qədər reseptorlara malik olması bu canlının ehtiyaclarının doğulduğu andan yaradan tərəfindən təmin edilməsini göstərir. Digər məxluqatlarla bərabər ağcaqanadın anatomiyasını da ən kiçik detallarına qədər bilən və bunlara hakim olan Allah-Təala yaratmışdır.

Qurani-Kərimin endirildiyi dönəmdə bunların öyrənilməsinə imkan yox idi. Allahın bu ayəyə diqqət çəkməsi, əlbəttə ki, Qurani-Kərimin möcüzəsidir. İnsan balaca bir ağcaqanadın bu qədər mürəkkəb xüsusiyyətlərə sahib olmasını düşünüb, Allahın yaratdığı bu aləmdəki dəlilləri  görməyə çalışıb Rəbbimizin gücünü anlamalıdır.

Allah-Təala buyurmuşdur:

﴿ هَٰذَا خَلْقُ اللَّهِ فَأَرُونِي مَاذَا خَلَقَ الَّذِينَ مِنْ دُونِهِ ۚ بَلِ الظَّالِمُونَ فِي ضَلَالٍ مُبِينٍ ﴾

“Bu (gördükləriniz) Allahın yaratdıqlarıdır. İndi siz də Mənə (Allahdan) başqalarının nə yaratdığını göstərin. Əksinə, zalımlar açıq-aydın azğınlıqdadırlar”. (“Loğman” surəsi, 11-ci ayə)

Şərh əlavə et

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *