“O, (Allahın ona salavat və salamı olsun) insanın suyu ayaq üstə içməsini qadağan etdi...”

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həqiqətən də, su Yer planeti və orada yaşayan bütün varlıqlar üçün mühüm əhəmiyyətə malikdir. Yer kürəsini bir il susuz təsəvvür etsək, onun həyatımızın hər bir sahəsində nə qədər vacib olduğunu bir daha anlamış olarıq. Əlbəttə ki, su kimi gözəl bir neməti bizə bəxş edən Uca Allaha dilimiz və əməlimizlə nə qədər şükr etsək, yenə də azdır…

 

Uca Allah Onun əzəmətini anlamağımız üçün suyu biz canlılara ram etməsi haqda buyurur:

﴿ هُوَ الَّذِي أَنزَلَ مِنَ السَّمَاء مَاء لَّكُم مِّنْهُ شَرَابٌ وَمِنْهُ شَجَرٌ فِيهِ تُسِيمُونَ ﴾

“Göydən sizin üçün su endirən Odur. Ondan (o sudan) siz də, içində (heyvanlarınızı) otardığınız ağaclar (və otlar) da içər”. (“ən-Nəhl” surəsi, 10-cu ayə)

SUYUN FAYDALARI HAQQINDA QISA MƏLUMAT

Su insan bədəninin əsas hissəsidir. Çünki su insanın ağırlığının 50 ilə 70 % arasında dəyişən bir miqdarını təşkil edir. Ona görə də müntəzəm su istehlakının sağlamlığa bir çox faydası vardır. İnsanın gündəlik içdiyi su miqdarı bədənin sağlamlığını qorumaqda vacib rol oynayır. Bu səbəbdən də qida mütəxəssisləri sağlamlığı qorumaq üçün hər gün 8-10 stəkan su içməyi məsləhət görürlər. Çünki su bədənin nəmliyini qorumağa çox böyük kömək edir və əksər bədən hüceyrələrinin düzgün işləməsi üçün suya ciddi ehtiyac duyulur.

Su bədənin bütün funksiyaları üçün lazımdır. Çünki həzm və udma prosesini asanlaşdırır, qan və limfa mayesinin əmələ gəlməsində əsas rol oynayır və toksinlərin bədəndən xaric olunmasına kömək edir. Həmçinin bədən istiliyini tənzimləyir, tüpürcək, göz yaşı və mədə şirələri kimi maye ifrazatları əmələ gətirir. Eyni zamanda bədənin toxumalarını nəmləndirir, əhval-ruhiyyəni yaxşılaşdırır, dərini gözəlləşdirir və yorğunluğu aradan qaldırır.

AYAQ ÜSTƏ SU İÇMƏYİ QADAĞAN EDƏN HƏDİSLƏR

Suyun həyatımızda bu qədər önəmli olmasına baxmayaraq onu içərkən bədənimizə daha da faydalı olması üçün Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) Allahdan gələn vəhy ilə bizə su içərkən bir neçə ədəb qaydalarına riayət etməmizi tövsiyə etmiş və bu tövsiyələrə əks olmaqdan çəkindirmişdir. Həmin mühüm tövsiyələrdən biri də suyu ayaq üstə içməyi qadağan edib oturaq vəziyyətdə içməyi əmr etməsidir.

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin belə dediyini rəvayət etmişdir:

(…لا يَشْرَبَنَّ أحَدٌ مِنكُم قائِمًا )

“Sizlərdən heç bir kəs suyu ayaq üstə içməsin”. (Müslim, Əhməd, əl-Bəzzar)

Həmçinin Ənəs (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) rəvayət edərək demişdir:

(…نَهَى أَنْ يَشْرَبَ الرَّجُلُ قَائِمًا )

“O, (Allahın ona salavat və salamı olsun) insanın suyu ayaq üstə içməsini qadağan etdi…” (Müslim, İbn Macə, İbn Hibban)

SUYU AYAQ ÜSTƏ İÇMƏYİN ZƏRƏRİNİ MÜASİR TİBBİN KƏŞF ETMƏSİ

Hindistanın NDTV (New Dehli Television) kanalına məxsus olan “Doktor NDTV” saytında 2017-ci ildə dərc edilən “Niyə ayaq üstə dayanıb su içməməniz gərəkir” (Here’s Why You Shouldn’t Stand And Drink Water) başlıqlı məqaləsində deyilir:

“Siz ayaq üstə dayanıb su udduğunuz zaman su böyük qüvvə və sürətlə qida borunuz boyunca aşağı doğru gedir və aşağı mədə divarına sıçrayır. Bu da zərərli ola bilər. Xüsusilə də sizin aşağı mədə divarınızı və hətta ona yaxın digər orqanlarınızı zədələyə və ağrı verə bilər. Bu da sonradan uzun sürən həzm problemlərinə səbəb olur…”

İngiltərənin sağlamlıqla maraqlanan  “Parenting firstcry” saytı 2019-cu ildə dərc etdiyi məqaləsində deyir:

“AYAQ ÜSTƏ DAYANARKƏN SU İÇMƏK — BU NİYƏ SAĞLAMLIĞA ZİYANDIR?”

Sayt həmin başlıq altında suyu ayaq üstə içərkən səbəb olacağı 10 ziyanı qeyd edərək yazır:

“Ayaq üstə olarkən su içməyin zərərləri

1. Artritə səbəb ola bilər

Ayaq üstə olarkən su içdiyiniz zaman su sürətlə bədəniniz boyunca aşağı doğru irəliləyir və oynaqlarda yığılır. Bu da həyatınızın son mərhələsində artritə çevrilir. (Artrit — infeksiya, revmatizma və ya travmadan irəli gələn iltihablı oynaq xəstəliyidir.)

2. Mədə divarlarına su sıçraması

Ayaq üstə su içərkən su aşağı doğru axıb mədə divarlarına sıçrayır ki, bu da mədədə erroziyaya səbəb olur. Yuxarıdan davamlı axan su həzm sisteminə də zərər vura bilər.  Bu həmçinin mədə divarıyla yanaşı, mədə-bağırsaq sisteminə də ziyandır.

3. Susuzluğunuz sönməyəcək

Hətta bu vəziyyətdə 1 dolu stəkan su içsəniz belə, bu sizin susuzluğunuzu yatırmağa çox az kömək edəcək. Susuzluğu, həqiqətən, yatırmaq üçün oturub az-az suyu qurtumlamaq daha məsləhətdir.

4. Mədə pozuntusuna (həzmsizlik) səbəb olur

Əgər ayaq üstə su içsəniz, bədən və əzələləriniz davamlı olaraq gərginlik içərisində olar. Oturaraq maye qəbul etmək isə onları daha da rahatladır və digər qida maddələri ilə yanaşı mayeni də daha yaxşı və sürətlə qəbul etməsinə şərait yaradır.

5. Böyrəyinizin funksiyasına təsir edir

Ayaq üstə su içmək böyrəklərinizin suyu düzgün süzməsinə imkan vermir. Nəticədə çirkli maddələr sidik kisəsində qalmağa meyillənir. Bu da sidik yolu xəstəliklərinə, daha ciddi hallarda isə böyrəklərdə qalıcı zədələnmələrə yol aça bilir.

6. Ürək yanğısı və xora xəstəliyinə səbəb olur

Ayaq üstə su içən zaman su təzyiqlə axdığı üçün qida borusuna təsir göstərir. Bu da bəzən mədə və qida borusu arasındakı sfinkterə (mədənin sonundakı əzələ) ziyan vura bilir. Bununla əlaqədar olaraq mədədəki turşuların geri axması səbəbilə ürək yanması hissi yaşaya bilərsiniz.

7. Bu, sudakı mineralların bədəninizin qəbul etməsinə imkan vermir

Ayaq üstə olan zaman bədən gərgin olur. Oturduqda isə əzələlər daha rahat olduğu üçün bədən mayeni mükəmməl həzm edə bilir.

8. Sümük deqenerasiyası və zəifləməsinə səbəb olur

Yanlış duruş zamanı su qəbul edərkən vücudunuz sümük deqenerasiyası və zəifləməsi ilə qarşılaşa bilər.

9. Ayaq üstə dayanıb su içmək sizin sinir sisteminizə pis təsir edir

Ayaq üstə su qəbul etmək bədəndə və əzələlərdə bir çox gərginliyə səbəb olduğu üçün sinir sisteminiz diqqət rejiminə keçir və bədəninizi təbiətlə ahəngdən yayındırır.

10. Bədəndə turşunun səviyyəsini azaltmağa kömək etmir

Oturaraq kiçik qurtumlar almaq bədənin turşuluq balansını qorumağa kömək edir”.

Ətraflı məlumat üçün bax

Həmçinin Hindistanın sağlamlıqdan bəhs olunan “Only my health” saytında  2019-cu ildə dərc edilən “Ayaqüstü vəziyyətdə su içmək ziyandır. Amma niyə? Səbəblərini bilin” (Drinking Water In Standing Position Is Bad, But Why? Know The Reasons) başlığı altında deyilir:

“Səhiyyə mütəxəssisləri inanırlar ki, su içərkən duruş çox mühüm rol oynayır. Həkim Prabhat Ranjan Sinha oturaq vəziyyətdə və normal sürətlə su içməyin lazım olduğunu deyir. Su bədənin təmizlənməsinə kömək etdiyindən daxili proseslərə və sağlamlığa təsir etməmək üçün onu düzgün bir şəkildə içmək lazımdır. İnsan suyu ayaq üstə və sürətlə içəndə bədəndəki maye balansı pozulur, toksinlər artır və digər mədə xəstəliklərinə səbəb olur. Həmçinin oynaqlarda yığılan maye uzun müddət davam edən artrit simptomlarına da səbəb ola bilir…”

Ətraflı məlumat üçün bax

Əlbəttə ki, tibb elmi ilə məşğul olmayan Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) 14 əsr bundan öncə dediklərinin həqiqətinin bu günlərdə üzə çıxması onun bir daha Uca Allahın haqq peyğəmbəri olmasına və ondan nəql edilən hədislərin doğruluğuna dəlalət edir.

Uca Allah buyurur:

﴿ وَمَا يَنْطِقُ عَنِ الْهَوَىٰ. إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَىٰ ﴾

“O, öz istəyi ilə danışmır. O ancaq (Allah tərəfindən) nazil olan bir vəhydir”. (“ən-Nəcm” surəsi, 3,4-cü ayələr)

Şərh əlavə et

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *