“Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bizə bəzən ayaqyalın gəzməyi əmr edərdi”

Rəhmli və Mərhəmətli Allahın adı ilə

İslam dininin etdiyi tövsiyələrdə, əmr və qadağalarda insanlara Axirət dünyası ilə yanaşı bu dünya üçün də olduqca böyük faydaları vardır. Bu tövsiyələrdən biri də hərdən insanın ayaqqabılarını çıxararaq ayaqyalın gəzməsidir.

Səhabə Fudalə ibn Ubeyd (Allah ondan razı olsun) belə rəvayət edir:

( كانَ رسولُ اللَّهِ صلَّى اللَّهُ عليهِ وسلَّمَ يأمرُنا أن نحتفِيَ أحيانًا )

“Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bizə bəzən ayaqyalın gəzməyi əmr edərdi”. (Hədisi Əbu Davud rəvayət etmişdir).

Bu hədisə əsasən İslam alimləri hərdən ayaqqabısız gəzməyi sünnə olan əməllərdən saymışdırlar.

Yeni araşdırmaya əsasən aşkar edilib ki, ayaq ağrılarından əziyyət çəkən xəstələrin ağrılarının əsas səbəbi onların daima ayaqqabı geyinmələridir. Buna  görə də bu ağrıların ən ideal müalicəsi hər gün 15 dəqiqə ayaqyalın gəzməkdir. Tədqiqatçılar deyirlər ki, bu şəkildə otun, taxtanın və ya torpağın üzərində gəzmək qan damarlarını aktivləşdirir, ayağın təbii görünüşünü qoruyur, ayaq əzələlərini gücləndirir və sinir sistemini sakitləşdirir.

Qəribədir ki, günümüzün bir çox insanları, hətta, evdə də evə uyğun müxtəlif ayaqqabılar geyinərək özlərinin və övladlarının sağlamlıqlarına bilərəkdən zərər toxundururlar.

Alman Xəbər Agentliyinin yaydığı məlumatda bildirilir ki, ayaqqabısız gəzmək ayaq ağrılarını müalicə edir. Hətta, ayaqların sağlamlığı və onların təbii görünüşünün qorunması üçün bu zəruri olan bir şeydir. Ayaqqabı isə ayaqların yanlarının sıxılmasına səbəb olaraq damarlarda qan dövranını çətinləşdirir. Buna görə də həkimlər xəstələrə davamiyyətli şəkildə ayaqqabısız gəzməyi tövsiyə edirlər. Çünki bu idman növü ayağın alt hissəsində yerləşən önəmli nöqtələri aktivləşdirdiyi üçün qan dövranını gücləndirir və damar genişlənməsinin (varikozun) qarşısını alır.

Ayaqyalın gəzmək uşaqların pəncə əyriliyinin düzəlməsinə və ploskostopiya (yastı pəncəlik) xəstəliyinin müalicəsinə yardım edir, insanın gümrahlığını artırır və enerjisini yüksəldir. Eyni zamanda oynaqların iltihabını da müalicə edir.

1992-ci ildə aparılan araşdırmaların nəticəsində aşkar edilmişdir ki, davamiyyətli şəkildə ayaqqabı geyinən uşaqların ayaqlarının ploskostopiya olma ehtimalı 3 dəfə çoxdur. Həmçinin aşkar edilmişdir ki, dar ayaqqabı geyinmək uşaqların baldırlarının əyilməsinə səbəb olur.

Bəzən ayaqyalın gəzmək hormonal və menstrual simptomları normallaşdırır, qan təzyiqini nəzarətdə saxlayır, qan dövranı sistemini gücləndirməsilə bərabər ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır.

Əlavə olaraq qeyd edək ki, ayaqyalın gəzmək, immun və əsəb sisteminin güclənməsinə, ürək xəstəlikləri riskinin azalmasına və bioloji ritmlərin normallaşmasına səbəb olur.

Amerikanın sağlamlıq, psixoloji, mənəvi, ekoloji və fiziki rifahla bağlı dünyanın bir çox ölkələrindən olan mütəxəssislərin araşdırma və məqalələrini özündə birləşdirən www.mindbodygreen.com saytı ayaqqabısız gəzməyin bir neçə faydalarına toxunaraq deyir:

Ayaqyalın gəzməyin faydaları sizi təəccübləndirə bilər.

Ayaqyalın gəzmək düşüncəni təmizləyir:

Ayaqyalın gəzərkən hər addıma diqqət yetirmək çox çətindir. Hər dəfə kəskin daş qırıntıları və tikanlara diqqət etmək lazımdır. Bu, sizin qarşınıza nəyinsə çıxmasını düşünməyiniz sayəsində, digər mənfi fikirlərdən uzaqlaşdırır və bir növ beyini təmizləyir.

Pulsuz ayaq yoqasıdır:

Ayaqyalın gəzmək budların, topuqların  bütövlükdə ayaq əzələlərinin güclənməsinə səbəb olur. Bu da zədə, diz gərginliyi və kürək problemlərinin qarşısını almağa kömək edir. Çünki ayaqqabı geyinərkən ayaq əzələləri gərilir və işləmir. Bundan fərqli olaraq ayaqyalın olduğumuz zaman qamətimizi düz saxlayır və bədən balansımızı qorumuş oluruq.

Pulsuz refleksoloji sessiyadır:

Ayağımızın altında bədənin hər hissəsinə aid refleks nöqtələri var. Ayaqyalın gəzərkən yoldakı ən kiçik daşa toxunmaq belə həmin refleks nöqtələrinin stimullaşmasına səbəb olur.

Narahatlıq və depressiyanı azaldır:

Çəmənlikdə ayaqyalın gəzmək bədəndə olan gərginlik, narahatlıq və depressiyanı 62% azaldır. Həmçinin də gecə rahat yuxu almağa səbəb olur.

Mənfi yüklər aradan qalxır:

Bədənimizin, təxminən, 60% -ni su təşkil edir ki, bu da elektrik enerjisinin bağlantısı üçün tam idealdır. Yerin mənfi bir ionik yükü vardır. Ayaqyalın gəzərkən, çılpaq ayaq birbaşa yer səthinə toxunduğu üçün yerdəki bəzi mənfi ionlar bədənimizdə mövcud olan müsbət ionlarla təmasa girərək balanslaşırlar və bu da bir çox cəhətdən sağlamlığımızı qorumuş olur”.

Həmçinin sağlamlıqla maraqlanan və böyük oxucu kütləsinə malik olan www.stylecraze.com saytı “Ayaqyalın gəzməyin sağlamlığa olan 10 inanılmaz faydaları” başlığı altında yekun olaraq yazmışdır:

“Ayaqyalın gəzmək yalnız ayağı gücləndirmir. Eyni zamanda əzələləri inkişaf etdirir, sinir sistemini gücləndirir, görmə qabiliyyətini artırır, qan təzyiqini nəzarətdə saxlayır, hormonal balansı qoruyur, bədəndəki narahatlığı, depressiya və stresi azaldır. Bədəni elektromaqnit dalğalardan qoruyur və bununla yanaşı əqli və fiziki sağlamlığı möhkəmləndirir”.

Allah-Təala buyurur:

﴿ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اسْتَجِيبُوا لِلَّهِ وَلِلرَّسُولِ إِذَا دَعَاكُمْ لِمَا يُحْيِيكُمْ… ﴾

Ey iman gətirənlər! (Peyğəmbər) sizi, həyat verəcək şeylərə çağırdığı zaman Allahın və Peyğəmbərinin çağırışına cavab verin…” (“əl-Ənfəl” surəsi, 24-cü ayə)

 

Şərh əlavə et

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *