Rəhmli və Mərhəmətli Allahın adı ilə
Məlumdur ki, öz gözəlliyi ilə planetimizi bəzəyən bitkilərin Yer üzündəki ekoloji tarazlığın qorunmasında və həyatın davamında olduqca əhəmiyyətli rolu var. Bitkilər olmasa, oksigenin nisbəti aşağı düşər, karbonun nisbəti yuxarı qalxar və Yer planetində yaşamaq mümkünsüz olar.
Bitkilərin digər canlılara nisbətən daha çox aktiv çoxalma sistemləri vardır. Bitkilərin çoxalması sadə görünsə də məzmun etibarilə daha mürəkkəb olması alimləri əsrlər boyu heyrətə gətirmişdir. Əzəldən bəri zehnlərdə olan suallardan biri də bitkilərin necə çoxalması olmuşdur.
Qədim zamanlardan son əsrlərə qədər alimlər erkək və dişinin yalnız insan və heyvanlarda olduğunu zənn edərək bu cütlüyün bitkilərə aid olmadığı qənaətində idilər. Lakin bitkilərə aid anatomiya elmi inkişaf etdikcə alimlər bitkilərin də erkək və dişisinin olduğunu kəşf etməyə başladılar.
Bitkilərin alimlər tərəfindən tam yəqinliklə cinslərə bölünərək bu yolla çoxalmaları sübut edilmədən öncə bu mövzu 150 il müzakirə edilmiş və araşdırılmışdır.
Bu barədə ABŞ-ın Kaliforniya Ştatının Santa Kruz Universitetinin saytının 2017-ci ildə yazılmış məqaləsində deyilir:
“Bitkilərdə cinsi çoxalma ilə bağlı qalmaqallı fikirlər nəhayət 19-cu əsrdə qəbul edilməzdən öncə 150 il boyunca isti müzakirə mövzusu olmuşdur”.
İlk dəfə olaraq İngilis doktoru Nehemyah Gru 1684-cü ildə haqq olaraq bitkilərin çoxalmasının cinsi nəzəriyyəsi təklifini irəli sürür. Lakin onun bu fikri satiriklər və xristian dindarları tərəfindən məsxərə ilə qarşılanır.
Lakin ilk dəfə bitkilər aləmində erkək və dişi məsələsini sistemli şəkildə araşdırmağa başlayan 17-ci və 18-ci əsrdə yaşamış Alman botanikləri Rudolf Yakob Kamerarius və Joseph Gottlieb Koelreuter olmuşdur.
Bu barədə İngiltərənin məşhur “Nature.com” adlı elmi saytında deyilir:
“Bitkilərdə cinsin kəşfi bitki hibridlərinin ilk sistemli araşdırmasını aparan Kamerarius (1694) və Koelreuterə (1761) aiddir”.
ABŞ-ın milyonlarla tədqiqatçısının bəhrələndiyi “sciencedirect.com” saytı Alman alimi Joseph Gottlieb Koelreuterin (1733-1806) bitkilər haqda atdığı ilk imzası barədə belə deyir:
“Kolreuter bitki hibridləşməsini həqiqətən elmi şəkildə və geniş miqyasda həyata keçirən ilk alimlərdən idi. O, 500-dən çox müxtəlif hibridizasiyanı həyata keçirdikdən sonra bitkilərdə cinsi müxtəlifliyi sübut edə bilmişdir. Bu nəticələrlə o, həmin zamankı çoxalma nəzəriyyələrinin və təkamül cərəyanının elmi dəyərlərini qiymətləndirməyi bacarmışdı. Onun bu nəzəriyyələri tənqid etməsi və bitkilərdə cinsiyyətin olmasını müdafiə etməsi botanika tarixində həlledici amillər olduğunu sübut etdi.
Dünyanın ən məşhur ensiklopedik saytı — “Britannica.com” Rudolf Yakob Kamerarius (1665-1721) haqda deyir:
“Almaniyanın Tübingen Universitetinin Təbiət Fəlsəfəsi üzrə professoru Kamerarius irsiyyət üzərində təcrübələr aparan ilk işçilərdən biri olmuşdur. O, bitkilərdə erkək (anter) və dişi (pistil) produktiv (çoxalma) hissələrini təyin və müəyyən etməklə, eləcə də onların gübrələmədəki funksiyalarını təsvir etməklə bitkilərdə cinsi fərqliliyin yaradılması istiqamətində xüsusi töhfələrini vermişdir. O bu proses üçün polenin (polen – çiçək tozu, erkək hüceyrələri dişi hüceyrələrə daşıyan maddə) lazım olduğunu göstərmişdir. O bu tapıntılarını bir həmkarına məktub şəklində yazdığı “De sexu plantarum” (“Bitkilərin cinsi haqqında” 1694) və “Opuscula botanica” (“Botanika əsərləri”1697) yazılarında izah etmişdir”.

ABŞ-ın Kaliforniya Ştatının Santa Kruz Universitetinin saytında 19-cu əsrdə bitkilərin erkək və dişiyə bölünməsilə cinsi çoxalmasını kəşf edərək bunu bütün dünyaya sübut edən almaniyalı botanik Vilhelm Hofmeister (1824-1877) haqda deyilir:
“Alman botaniki Vilhelm Hofmeisterin 1851-ci ildə nəşr olunmuş fikirləri və diqqətlə apardığı müşahidələr yosunlar və ayıdöşəyindən (fern) tutmuş çiçəkli bitkilərə qədər bitkilərin həyatında cinsi çoxalmanın universal bir xüsusiyyət olduğunu göstərməklə bu mübahisəli məsələni həll etmiş oldu”.

QURANİ-KƏRİM VƏ BİTKİLƏRİN CÜTLÜYÜ
Yüz illər boyunca botanika alimləri tərəfindən bitkilərin erkək və dişi cütlüyünə bölünməsi üzərində aparılan araşdırma nəhayət 19-cu əsrdə öz təsdiqini tapmasına baxmayaraq Allah-Təala Qurani-Kərim vasitəsilə bu barədə 7-ci əsrdə bütün bəşəriyyətə xəbər vermişdir.
Bu barədə Uca Allah buyurur:
﴿ سُبْحَانَ الَّذِي خَلَقَ الْأَزْوَاجَ كُلَّهَا مِمَّا تُنبِتُ الْأَرْضُ وَمِنْ أَنفُسِهِمْ وَمِمَّا لَا يَعْلَمُون ﴾
“Yerin bitirdiklərindən, onların (insanların) özlərindən və bilmədiklərindən (erkək və dişi) cütlər yaradan (Allah) pakdır, müqəddəsdir”. (“Yasin” surəsi, 36-cı ayə)
Böyük təfsir alimi Qurtubi bu ayədə keçən “cütlər” sözünün mənasını açıqlayarkən Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabələrindən dərs almış məşhur alim olan Qatədədən rəvayət edərək deyir:
(والأزواج… وقال قتادة : يعني الذكر والأنثى)
“”Cütlər… yəni erkək və dişi” — Qatədə demişdir».
(“Təfsir əl-Qurtubi”, “Yasin” surəsi, 36-cı ayənin şərhi)
Qəribədir ki, ayəyə belə şərh verən Qatədə 680-ci ildə hər iki gözləri kor doğulmuş və heç vaxt bitkiləri görməmişdir. Əlbəttə ki, o bu ayənin şərhini öz rəyi ilə deyil səhabələrdən və onlar da Məhəmməd peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) eşitmişdirlər.
Həmçinin Allah-Təalə digər ayədə buyurur:
﴿ الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ مَهْدًا وَسَلَكَ لَكُمْ فِيهَا سُبُلًا وَأَنْزَلَ مِنَ السَّمَاءِ مَاءً فَأَخْرَجْنَا بِهِ أَزْوَاجًا مِنْ نَبَاتٍ شَتَّى ﴾
“O, yer üzünü sizin üçün beşik etmiş, orada sizin üçün yollar salmış və göydən su endirmişdir. Biz onunla cürbəcür bitkilərdən (erkək və dişi) cütlər yetişdirdik”. (“Taha” surəsi, 53-cü ayə)
Elm və texnikanın inkişaf etmədiyi bir dövrdə bitkilər barədə deyilən bu danılmaz həqiqət, əlbəttə ki, Məhəmməd peyğəmbərə (Allahın ona salavat və salamı olsun) hər şeyin yaradıcısı olan Uca Allah tərəfindən Quran vasitəsilə deyilmişdir.
Həqiqətən də son əsrlərdə üzə çıxan belə bir incə elmi kəşfin əsrlər öncə Qurani-Kərimdə qeyd olunması Uca Allahın varlığına, Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) haqq peyğəmbər olduğuna və Qurani-Kərimin həqiqətən də Allah-Təala tərəfindən göndərilməsinə ağıl sahibləri üçün daha bir sübutdur.
Allah-Təala Qurani-Kərimdə buyurur:
﴿ سَنُرِيهِمْ آيَاتِنَا فِي الْآفَاقِ وَفِي أَنْفُسِهِمْ حَتَّىٰ يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ الْحَقُّ ۗ أَوَلَمْ يَكْفِ بِرَبِّكَ أَنَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ ﴾
“Onun (Quranın) haqq olduğu onlara bəlli olsun deyə, Biz öz dəlillərimizi onlara həm xarici aləmdə (üfüqlərdə, kainatda, göylərin və yerin ətrafında), həm də onların özlərində mütləq göstərəcəyik. (Ey Peyğəmbər!) Məgər Rəbbinin hər şeyə şahid olması (sənin dediklərinin doğruluğuna) kifayət deyilmi?!” (“Fussilət” surəsi, 53-cü ayə)
Allah-Təala, həmçinin, buyurur:
﴿ وَقُلِ الْحَمْدُ لِلَّهِ سَيُرِيكُمْ آيَاتِهِ فَتَعْرِفُونَهَا ۚ وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا تَعْمَلُون ﴾
“De: “Həmd olsun Allaha! O Öz dəlillərini sizə göstərəcək, siz də onları görüb tanıyacaqsınız. Rəbbin etdiyiniz əməllərdən əsla xəbərsiz deyildir!”” (“ən-Nəml” surəsi, 93-cü ayə)
Elhemduillahi. Allah sizden razi olsun inşəAllah