“...Sonra Allah göydən su endirər və insanlar bitki bitən kimi bitərlər.”

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Uca Allah tərəfindən göndərilən bütün peyğəmbərlər və kitablar hər bir insan vəfat etdikdən sonra sorğu-sual üçün Allah-Təalanın Qiyamət günündə yenidən dirildəcəyini yekdilliklə demiş və buna inanmağa çağırmışlar. Bəziləri vardır ki, Allaha və onun göndərdiyi Qurana inandığını deyir, lakin Allahın Quranda qətiyyətlə insanların öldükdən sonra sorğu-sual üçün bir daha mütləq diriləcəyini deməsinə iman etmirlər.

Bu barədə Allah-Təala buyurur:

﴿ رَفِيعُ الدَّرَجَاتِ ذُو الْعَرْشِ يُلْقِي الرُّوحَ مِنْ أَمْرِهِ عَلَىٰ مَنْ يَشَاءُ مِنْ عِبَادِهِ لِيُنْذِرَ يَوْمَ التَّلَاقِ. يَوْمَ هُمْ بَارِزُونَ لَا يَخْفَىٰ عَلَى اللَّهِ مِنْهُمْ شَيْءٌ لِمَنِ الْمُلْكُ الْيَوْمَ  لِلَّهِ الْوَاحِدِ الْقَهَّارِ. الْيَوْمَ تُجْزَىٰ كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ لَا ظُلْمَ الْيَوْمَ إِنَّ اللَّهَ سَرِيعُ الْحِسَابِ ﴾

“Dərəcələri yüksəldən, Ərşin sahibi Allah öz əmrindən olan vəhyi bəndələrindən istədiyini (Peyğəmbər seçərək ona) nazil edir ki, (o Peyğəmbər, insanları dirildikdən sonra sorğu-suala çəkiləcəkləri) görüş günü ilə qorxutsun! Elə bir gün ki, onlar (qəbirlərindən) çıxacaq, onların heç bir şeyi Allahdan gizli qalmayacaqdır. (Allah buyuracaq:) “Bu gün hökm kimə məxsusdur?” (Heç kəsin danışmağa belə cürəti çatmadığından Allah Özü cavab verəcəkdir:) “Bir olan (heç bir şəriki, bənzəri olmayan), (qüdrətilə hər şeyə) qalib olan Allaha! Bu gün hər kəsə qazandığının əvəzi veriləcəkdir. Bu gün haqsızlıq olmaz. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir”.

(“Ğafir” surəsi, 15-17-ci ayələr)

Həmçinin digər ayədə buyurur:

﴿ زَعَمَ الَّذِينَ كَفَرُوا أَنْ لَنْ يُبْعَثوا قُلْ بَلَىٰ وَرَبِّي لَتُبْعَثُنَّ ثُمَّ لَتُنَبَّؤُنَّ بِمَا عَمِلْتُمْ وَذَٰلِكَ عَلَى اللَّهِ يَسِيرٌ ﴾

“Kafir olanlar (öldükdən sonra) əsla dirildilməyəcəklərini iddia edirlər. (Ey Peyğəmbər!) De: “Bəli, Rəbbimə and olsun ki, siz mütləq dirildiləcəksiniz. Sonra da (dünyada) etdiyiniz əməllər sizə (bir-bir) xəbər veriləcəkdir. Bu, Allah üçün çox asandır!”

(“ət-Təğabun” surəsi, 7-ci ayə)

Hər kəs bilməlidir ki, Qiyamət gününə inanmaq Allaha, Onun göndərdiyi kitablara və peyğəmbərlərə inanmaq, Qiyamət gününü yalan saymaq isə Allahı, Onun peyğəmbərlərini və göndərdiyi kitabları yalan saymaqdır.

İslam dininin etiqad edilməsi vacib olan altı şərti vardır ki, onlara inanan hər bir insan müsəlman sayılır. O altı şərtdən birinə inanmayan isə müsəlman sayılmır. Həmin bu şərtlərdən də biri insanların öldükdən sonra Qiyamət günündə dirilmələrinə iman etməkdir. Necə ola bilər ki, bir insan özünü müsəlman adlandırsın, lakin Allahın, Quranın və bütün peyğəmbərlərin bu barədə dediyinə inanmasın?!

Öldükdən sonra dirilməyi inkar edən kəslər iddia edirlər ki, insan ölüb torpağa çevrildikdən sonra bir daha dirilməyəcəkdir. Belə bir iddianı əlbəttə ki, ağlında qüsur olan kəs edə bilər. Çünki hər bir ağıl sahibi özünün yoxluqdan olan yaradılışına nəzər salsa dərk edər ki, əvvəlcədən yaradılmış bir şeyi ikinci dəfə yenidən yaratmaq daha asandır.

Əlavə olaraq qeyd edək ki, öldükdən sonra bir daha dirilməyə aid çoxlu dəlil və sübutlar vardır. Bu sübutlardan biri də peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) ağılları heyran edən möhtəşəm hədisləridir.

Əbu Hureyrənin (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) demişdir:

كُلُّ ابْنِ آدَمَ يَأْكُلُهُ التُّرابُ، إلَّا عَجْبَ الذَّنَبِ منه خُلِقَ وفيهِ يُرَكَّبُ

“Torpaq adəm oğlunu bütünlüklə yeyər, yalnız büzdüm sümüyündən başqa. (İnsan) ondan yaradılmış və ondan da yaradılacaqdır”.

(Buxari, Müslim və digərləri rəvayət etmişlər.)

Digər bir hədisdə belə demişdir:

إنَّ في الإنْسانِ عَظْمًا لا تَأْكُلُهُ الأرْضُ أبَدًا، فيه يُرَكَّبُ يَومَ القِيامَةِ قالُوا أيُّ عَظْمٍ هُوَ؟ يا رَسولَ اللهِ، قالَ: عَجْبُ الذَّنَبِ

“Həqiqətən də, insanda bir sümük vardır ki, yer onu heç bir zaman yeməyəcəkdir və Qiyamət günü də insan ondan yaradılacaqdır”. Dedilər: “Ey Allahın Rəsulu, o, hansı sümükdür?” O dedi: “Büzdüm sümüyüdür”.

(Müslim, İbn Hibban və digərləri rəvayət etmişdir.)

Uca Allahın insan cismində yaratdığı büzdüm sümüyü əcaib bir orqandır. Bu orqan onurğa sütununun sonunda yerləşən kiçik bir hissəcikdir.

Büzdüm sümüyünün görünüş forması

Həqiqətən də, alimlər kəşf ediblər ki, insanın bütün əzaları ana bətnində ilk olaraq büzdüm sümüyünün içindəki lentdən yaranır və bundan sonra isə həmin büzdüm sümüyü onurğa sümüyünün ən sonunda qərarlaşır.

Büzdüm sümüyünün içindəki lentin nümunəvi görüntüsü

Alimlər insanın büzdüm sümüyünü sınaqdan keçirərək radiasiya, təzyiq, əzmək, istilik və s. kimi ən güclü təsirlərə məruz qoysalar da büzdüm sümüyü bütün sərt şəraitlərə dözərək öz möhkəmliyində və tərkibində qalmışdır.

Embriologiya üzrə Alman alimi Hans Speman tədqiqat aparmaq məqsədi ilə heyvanın büzdüm sümüyündən üç həftəlik lenti götürərək digər üç həftəlik rüşeymin içində yerləşdirir və həmin lentin də inkişaf etdiyini görür. O, lenti qaynadıb əzdikdən sonra yenə də rüşeymin içinə əkir və onun məhv olmayıb yenidən inkişaf etdiyini görür. Beləliklə, o, insanın məhz bu büzdüm sümüyündən yarandığını kəşf edir və “rüşeym inkişafında nizamlayıcının rolunun kəşfinə görə” 1935-ci ildə Nobel mükafatına layiq görülür.

2003-cü ildə Yəmən alimləri 5 ədəd qoyunun büzdüm sümüklərini qaz tapançası ilə on dəqiqə yandırıb qıp-qırmızı etdikdən sonra yandığına əmin olub qap-qara kömürə çevrilmiş büzdüm sümüyünü ən böyük labarotoriyada yoxlayırlar. İçindəki lentin bu qədər təzyiqlərdən sonra yenə də diri olduğunun açıq-aydın şahidi olurlar.

Digər bir təcrübədə isə alimlər insanın büzdüm sümüyündə mövcud olan və DNT adlanan genetik maddəni sınaqdan keçirmək qərarına gələrək onu kameranın içərisində olan bir boruya yerləşdirərək bu nümunəni kometa ilə Yer kürəsinin toqquşması nəticəsində baş verə biləcək partlayışa bənzər bir partlayışa məruz qoyurlar. Hansi ki, Yer kürəsi yalnız milyon illər əvvəl yarandığı ilk zamanlarda bu cür partlayışlara məruz qalmışdı.

Beləliklə, bu genetik maddə ən yüksək təzyiqlərə, hərarətə və şüalara məruz qaldıqdan sonra ortaya çıxan nəticə heyrətamiz idi. Belə ki, bu maddə bunların heç birindən təsirlənməmişdi! Cüzi dəyişikliklərə uğrasa da öz xüsusiyyətlərini və tərkibini saxlamışdı.

İngiltərəli Professor Konrad Hal Vaddington (1905-1975) araşdırma aparmaq üçün 1933-cü ildə ördəyin lentini dovşanın rüşeymində əkir və həmin lentin birinci dovşan rüşeymilə bərabər ikinci rüşeym olaraq ördək kimi inkişaf etdiyini görür. Aydın olur ki, büzdüm sümüyündə yerləşən bu maddə ilk mərhələlərində digər rüşeymə köçürülərsə, lent götürülən birinci canlının xilqətini də ala bilir.

Büzdüm sümüyünün lentinin digər bir canlının rüşeymində əkilməsilə ikinci canlının da inkişafının nümunəvi görüntüsü

İsveçrəli alim Valter Jakob Gehrinq (1939-2014) ilə digər alimlər 1983-cü ildə büzdüm sümüyünün içindəki “homoebox” adlanan maddənin tərkibini ev milçəyi üzərində tədqiqat apararaq kəşf edirlər. Bu kəşfdən sonra alimlər tək insanlarda deyil, bütün canlılarda rüşeymin yaradılmasında məsul rolu oynayan büzdüm sümüyünün geninin funkisyalarını öyrənmiş olurlar.

Bu yeni kəşflərdən 1400 il öncə Allah-Təala heyvanların da yaradılış və s. kimi bir çox şeylərdə insanlara bənzəməsi barədə buyurmuşdur:

﴿ وَمَا مِنْ دَابَّةٍ فِي الْأَرْضِ وَلَا طَائِرٍ يَطِيرُ بِجَنَاحَيْهِ إِلَّا أُمَمٌ أَمْثَالُكُمْ ۚ مَا فَرَّطْنَا فِي الْكِتَابِ مِنْ شَيْءٍ ۚ ثُمَّ إِلَىٰ رَبِّهِمْ يُحْشَرُونَ ﴾

“Yer üzündə gəzən heyvanların və (göydə) uçan iki qanadlı quşların hamısı sizin kimi ümmətlərdir. Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna toplanılacaqlar”.

(“əl-Ənam” surəsi, 38-ci ayə)

Amerikalı Professor Masyu Scot büzdüm sümüyündəki maddənin tərkibini kəşf edərək deyir ki, “homeobox” adlanan gen proteinlərdən ibarətdir və rüşeymin əzalarının yaradılması üçün hüceyrələrə nəzarət edərək təlimatlar göndərir.

Edvard Luis milçək üzərində həmin genlərin funksiyalarını öyrənmək üçün təcrübələr və tədqiqatlar aparır. Beləliklə, bu kəşfə görə də amerikalı Edvard Luis, Erik Vişhaus və almaniyalı Kristina Nüsslayn Volhard “erkən rüşeym inkişafında genetik nəzarətə dair kəşflərinə görə” 1995-ci ildə Nobel mükafatına layiq görülürlər.

Həmçinin alimlər “homoebox” geninin təkcə insan və heyvanlarda deyil, hətta bitkilərdə də olduğunu və onların da yaradılış tənzimləyicisinin ilk olaraq bir nöqtədə olduğunu kəşf ediblər.

İnsanlarla bitkilərin yaradılışının oxşarlığının nümunəvi görüntüsü

Bu kəşfdən də 1400 il öncə Uca Allah insanların yaradılışını və inkişafını bitkilərin yaradılışına və inkişafına bənzədərək buyurmuşdur:

﴿ وَهُوَ الَّذِي يُرْسِلُ الرِّيَاحَ بُشْرًا بَيْنَ يَدَيْ رَحْمَتِهِ ۖ حَتَّىٰ إِذَا أَقَلَّتْ سَحَابًا ثِقَالًا سُقْنَاهُ لِبَلَدٍ مَيِّتٍ فَأَنْزَلْنَا بِهِ الْمَاءَ فَأَخْرَجْنَا بِهِ مِنْ كُلِّ الثَّمَرَاتِ ۚ كَذَٰلِكَ نُخْرِجُ الْمَوْتَىٰ لَعَلَّكُمْ تَذَكَّرُونَ ﴾

“Küləkləri Öz mərhəməti önündə (yağışdan qabaq) müjdəçi olaraq göndərən Odur. Nəhayət, o küləklər ağır buludları daşıyarkən, Biz o buludları ölü bir diyara tərəf qovur, onunla yağmur endirir və bunun vasitəsi ilə hər cür meyvə çıxardırıq. Biz ölüləri də (dirildib qəbirlərindən) belə çıxaracağıq. (Bu misalları çəkirik ki,) bəlkə, düşünüb ibrət alasınız”.

(“əl-Əraf” surəsi, 57-ci ayə)

Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Peyğəmbərimiz də (Allahın ona salavat və salamı olsun) insanların yenidən yaradılışını bitkilərin yaradılışına bənzədərək demişdir:

ثُمَّ يُنْزِلُ اللَّهُ مِنَ السَّماءِ ماءً فَيَنْبُتُونَ، كما يَنْبُتُ البَقْلُ. قالَ: وليسَ مِنَ الإنْسانِ شيءٌ إلَّا يَبْلَى، إلَّا عَظْمًا واحِدًا، وهو عَجْبُ الذَّنَبِ، ومِنْهُ يُرَكَّبُ الخَلْقُ يَومَ القِيامَةِ

(…Sonra Allah göydən su endirər və insanlar bitki bitən kimi bitərlər. İnsanda olan hər bir şey məhv olur yalnız büzdüm sümüyündən başqa. Qiyamət günündə insan ondan yaradılacaqdır).

(Buxari, Müslim və digərləri rəvayət etmişlər)

Yuxarıda saydığımız bir neçə incə və dəqiq elmi həqiqəti alimlər yalnız XX əsrdə ortaya çıxardıblar. Məhəmmədin (Allahın ona salavat və salamı olsun) əlində lazımi tədqiqat avadanlıqları olmadan bütün bunları dəqiqliyi ilə bilməsi həqiqətən də onun Allah tərəfindən göndərilən həqiqi peyğəmbər olmasına dəlalət edir.

Şərh əlavə et

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *