“Allah hər bir canlını sudan yaratmışdır...”

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Hər birimiz yer üzündə bir-birindən gözəl olan canlı məxluqların bəzilərini görmüşük. Lakin onların sayı barədə heç düşünməmişik, yaxud da məlumatımız yoxdur.

Belə ki livescience.com saytı Yer kürəsində yaşayan canlıların sayı barəsində bir məqalə dərc etmişdi. Aparılan araşdırmaların nəticəsi isə çox təəccüblüdür. Belə ki onlar böyük elmi inkişafa baxmayaraq, yer üzərində olan canlıların sayı barəsində bir nəticəyə vara bilməyərək onların çoxundan xəbərsiz qaldıqlarını bildiriblər.

Amerikanın İndiana Universitetinin (İndiana University) Kenneth Locey və Jay Lennon adlı tədqiqatçıları yer üzərində mövcud olan canlıların sayı barəsində araşdırma aparmağa başlayırlar. Araşdırma nəticəsində isə bildirirlər ki, Yer kürəsində olan canlıların trilyona yaxın müxtəlif növü ola bilər. Bu say isə təkamül nəzəriyyəsini təsdiq edən alimlərin təsəvvür etdiklərindən daha da yüksəkdir.

Mənbə İndiana Universiteti

Aparılmış yeni araşdırmalar nəticəsində isə canlı məxluqatların növünün ən azı 100.000.000.000 (yüz milyard) olduğu ortaya çıxmış, hətta, 1.000.000.000.000 (trilyon)- a çata biləcəyi də bildirilmişdir.

Bir insanın orqanizmində 100 trilyondan çox bakteriya hüceyrələri mövcuddur. Yer kürəsində isə bir milyonu 6 dəfə bir milyona vurduqdan sonra alınacaq cavabın sayı civarında bakteriya hüceyrələri yaşayır. 2013-cü ildə nəşr olunmuş araşdırmada tədqiqatçılar belə deyirlər:

“Yer kürəsində olan canlıların növlərini aşkar etmək üçün bizim 50 milyard dollar vəsaitə və bununla yanaşı, 50 il davamlı olan araşdırmaya ehtiyacımız var”.

Qeyd edək ki, aparılan araşdırmalar hər canlının sayı deyil, növü barəsindədir. Məsələn: Quşların yer üzündə on min, qarışqanın on beş min, balıqların isə milyonlarla növü vardır. Əgər biz yer üzündə olan bu canlıların hər növünün təqribi sayını hesablasaq, ağlasığmaz rəqəmlər hasil olar.

Bəzi tədqiqatçılara görə, təxminən, yer üzündəki quruda yaşayan canlıların 86%-i, suda yaşayan canlıların isə 91%-i hələ də kəşf edilməmişdir.

Hətta, alimlər yaxın illərə qədər dənizlərin dərinliklərində həyatın olmadığını zənn edirdilər. Lakin son zamanlarda dənizlərin min metrlərlə dərinliklərində heyrətedici bir canlı aləmin olduğu kəşf edildi.

İndi isə bu qədər çoxsaylı canlıların təkamül nəzəriyyəsi nəticəsində yarandıqlarına inananlara belə bir sualımız var:

Yer kürəsində ilk diri hüceyrənin yaranmasının 4 milyard il əvvəl baş verdiyini bilirik. Beləliklə, bəsit bir hesablama nəticəsində görürük ki, yuxarıda göstərilən rəqəmə çatmaq üçün Yer kürəsinin hər il yeni 200 növ canlı əmələ gətirməsi lazımdır. Lakin bu mümkünsüz bir işdir. Əgər bu doğrudan da baş vermiş olsaydı, biz bunu indi də mütəq görmüş olardıq.

Bu iddianın çox məntiqsiz və elmə əsaslanmayan bir iddia olduğunun şahidiyik. Çünki tədqiqatçı alimlər yüz illərdir araşdırmalar aparırlar. Lakin bu illər ərzində onlar yeni yaranmış heç bir canlıya rast gəlməyibər. Elə isə bu trilyon sayda olan müxtəlif canlı növü haradandır?!

Yer kürəsində olan bu qədər canlı növünün neçə sıçrayışa ehtiyacı vardır? Yaxud trilyon müxtəlif canlı növünün yaranması üçün neçə il lazımdır? Əgər hesablasaq, görərik ki, Yer kürəsində olan günlərin sayı buna yetməz. Ona görə də bütün bu məxluqatların sıçrayış və təkamül ilə deyil, birbaşa Uca Allahın əmri və qüdrəti ilə yarandığını etiraf etməliyik.

Allah-Təala Qurani-Kərimdə buyurur:

﴿ وَاللَّهُ خَلَقَ كُلَّ دَابَّةٍ مِنْ مَاءٍ ۖ فَمِنْهُمْ مَنْ يَمْشِي عَلَىٰ بَطْنِهِ وَمِنْهُمْ مَنْ يَمْشِي عَلَىٰ رِجْلَيْنِ وَمِنْهُمْ مَنْ يَمْشِي عَلَىٰ أَرْبَعٍ ۚ يَخْلُقُ اللَّهُ مَا يَشَاءُ ۚ إِنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ ﴾

“Allah hər bir canlını sudan yaratmışdır. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki, bəzisi isə dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Həqiqətən də, Allah hər şeyə qadirdir”. (“Nur” surəsi, 45-cü ayə)

Əlbəttə ki, hər bir insan gözəl biçimdə yaradılan bu məxluqatları gördükdə və onlar barədə eşitdikdə yalnız və yalnız Uca Allahın qüdrət və qüvvətini xatırlayaraq ona şükürlər etməlidir.

Allah-Təala, həmçinin, buyurur:

﴿ هَٰذَا خَلْقُ اللَّهِ فَأَرُونِي مَاذَا خَلَقَ الَّذِينَ مِنْ دُونِهِ ۚ بَلِ الظَّالِمُونَ فِي ضَلَالٍ مُبِينٍ ﴾

“Bu (gördükləriniz) Allahın yaratdıqlarıdır. İndi siz də Mənə (Allahdan) başqalarının nə yaratdığını göstərin. Əksinə, zalımlar açıq-aydın azğınlıqdadırlar”. (“Loğman” surəsi, 11-ci ayə)

Şərh əlavə et

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *