ABŞ KİV-lərinin verdiyi məlumata görə xərçəng ABŞ-da ikinci ölüm səbəbidir və dünyada aparıcı xəstəliklər sırasındadır.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Xərçəng xəstəliyi yer üzündə ən qorxunc xəstəliklərdən biridir. Bu xəstəlik haqda yalnız eşitmirik, hətta, tanıdığımız bir çox insanların həyatına son qoyduğunun şahidi də oluruq.

ABŞ KİV-lərinin verdiyi məlumata görə xərçəng ABŞ-da ikinci ölüm səbəbidir və dünyada aparıcı xəstəliklər rasındadır.

Bu kimi xəstəliklərə tutulan  müsəlman yalnız səbir etməli və etdiyi səbrinə görə də Uca Allahdan savab diləməlidir. Bilməlidir ki, bu həyatda heç bir kəs əbədi deyildir.Bu və digər səbəbdən hər bir insan dünyasını mütləq dəyişəcəkdir.

Dünya həyatına aldanaraq Allahdan və onun dinindən uzaq olan kəs üçün insanı qəflətən haqlayan ani ölüm ölümlərin ən pisidir. Allahdan uzaq olan kəslərin dünyadan möhlətsiz köçmələrinə səbəb olan ölümlərə maşın hadisələrində, boğularaq, yanaraq, uçqunun altında qalaraq, infarkt keçirərək, yatıb ayılmayaraq və s. kimi qəflətən baş verən ölümləri misal gətirmək olar.

Lakin Allahın rəhmətindən və möhlətindəndir ki, xərçəng və bu kimi xəstəliyə düçar olan insan ölümünü yaxında görərək həyatında dəyişiklik edib Allaha qayıdaraq Ona üsyandan əl çəkib tövbə etmə şansını qazanmış olur. Ona görə də belə xəstəliklərə tutulan insan məyus olmadan əksinə bəlkə də bunun onun üçün daha da xeyirli olduğunu düşünərək Allaha qayıtmalı və hər iki dünyada xoşbəxtliyinə səbəb olacaq dininin buyuruqlarını yerinə yetirməlidir.

Həmçinin də hədislərdə varid olan xəbərlərdə sonu bəzi ağır xəstəliklərlə bitən insanların şəhidlik mərtəbəsinə nail olacağı da vurğulanmışdır. Xərçəng səbəbi ilə də dünyasını dəyişən ola bilsin ki, bu böyük şəhidlik mərtəbəsindən bir pay qazanmaqla əbədi axirət həyatında xoşbəxtliyə nail ola biləcəyini düşünərək özünə təskinlik və təsəlli tapmalıdır.

Hədislərdə deyildiyi kimi yer üzündə ölüm və qocalıqdan başqa elə bir xəstəlik yoxdur ki, onun çarəsi olmasın. Lakin bu çarə bəzən insanlardan gizli qalır və bəzən də əməl edilmir. Bir çoxları tərəfindən əməl edilməyən həmin çarələrdən də biri və əsası İslam dininin buyurduğu kimi ilin bir ayını vacib olaraq oruc tutmaqdır.

Əlbəttə ki, oruc tutmaqla insan yaradılış qayəsi olan həm Rəbbini razı salmış olur, həm də öz sağlamlığını qazanmış olur.

Elm inkişaf etdikcə oruc tutmağın insan orqanizminə olan saysız və yeni faydaları da kəşf edilir. Həmin faydalardan biri də orucun xərçəng xəstəliyinin qarşısını alması və onu müalicə etməsidir.

2020-ci ilin Fevralında ABŞ-ın sağlamlıqla bağlı olan məşhur “My Domaine” saytında “Oruc xərçəng hüceyrələrini dayandırmağa kömək edə bilərmi?” (Can Fasting Help Stop Cancer Cells?) başlığı altında orucun xərçəng xəstəliyinin qarşısını alması haqda dərc edilən məqaləsində deyilir:

“Ümumiyyətlə, yemək yeməmək zərərli bir şey hesab edilsə də, xüsusilə çəki itkisi ilə bağlı tutulan orucun xərçəng xəstəliyinin qarşısını almağa və dayandırmağa kömək edə biləcəyinə dair dəlillər vardır”.

İngiltərənin tibbi xəbərləri dərc edən ən məşhur “Medical News Today” (“Tibbi Xəbərlər Bu gün”) adlı saytında “Xərçənglə mübarizədə oruc kömək edə bilərmi?” (Can fasting help fight cancer?) başlıqlı 2019-cu ildə dərc edilən məqaləsində deyilir:

“Oruc tutmaq xərçəngin müalicəsinə kömək edə bilər. Orucun həm xərçəngin profilaktikasında, həm də müalicəsində rolu olduğu barədə çoxlu dəlillər vardır.

Bəzi tədqiqatlar göstərir ki, oruc insulin müqavimətini və iltihab səviyyəsini aşağı salmaqla xərçənglə mübarizəyə kömək edir. Oruc həm də piylənmə və 2 tip diabetin xroniki vəziyyətinin təsirini də dəyişdirə bilər. Hansı ki hər ikisi xərçəng üçün risk faktorudur.

Eyni zamanda, tədqiqatçılar orucun digər hüceyrələri qorumaqla xərçəng hüceyrələrinin kimyaterapiyaya daha yaxşı reaksiya verə biləcəyinə inanırlar. Oruc həm də mövcud xərçənglə mübarizəyə kömək etmək üçün immunitet sistemini gücləndirə bilir.”

Həmçinin həmin saytda deyilir:

“Bəzi tədqiqatçılar hesab edirlər ki, oruc tutmaq, aşağıdakıları etməklə bərabər kimyaterapiyaya qarşı insanların reaksiyasını yaxşılaşdırır:

— hüceyrə yenilənməsinə təşviq edir

— qanı kimyaterapiyanın zərərli təsirlərindən qoruyur

— yorğunluq, ürək bulanması, başağrısı və qıcolma kimi yan təsirlərin zərərini azaldır.

2018-ci ildə edilən bir araşdırmada süd vəzi xərçəngi və ya yumurtalıq xərçənginə görə kimyaterapiya keçirən insanlarda orucun həyat keyfiyyətini yaxşılaşdıra biləcəyi tapılmışdır. Tədqiqat kimyaterapiya müalicəsi başlamazdan qabaq 36 saatdan başlayaraq 60 saatlıq bir orucdan istifadə etmişdir.

Nəticələr oruc tutanların tutmayanlarla müqayisədə kimyaterapiyaya daha yüksək dözümlü olduğunu, kimyaterapiyanın yan təsirlərinə daha az məruz qaldıqlarını və yüksək enerjili olduqlarını göstərdi”.

Ətraflı məlumat üçün bax

Amerikanın Milli Tibb kitabxanasının rəsmi saytında “Xərçəngin qarşısının alınması və müalicəsində oruc və kalorili məhdudiyyət” (Fasting and Caloric Restriction in Cancer Prevention and Treatment) adlı məqaləsində oruc tutmağın xərçəng xəstəliyinin qarşısını alması və onun müalicəsində orucun rolu haqda deyilir:

“Bununla yanaşı, kalorinin az qəbul edilməsi, kalorinin məhdudlaşdırılması və oruc kimi yollarla azaldılması, müxtəlif formalı bədxassəli şişlərin əmələ gəlməsinin qarşısının alınmasında və xərçəngin müalicəsində geniş şəkildə faydası vardır”.

Həmçinin həmin məqalədə deyilir:

“Vaxtaşırı oruc, oruclu pəhrizlər və kalorini azaltmadan edilən pəhriz məhdudiyyəti xərçəngin qarşısını almaq və müalicə etmək üçün geniş istifadə potensialı olan müdaxilələr kimi ortaya çıxır”.

Ətraflı məlumat üçün bax

ABŞ-ın sağlamlıqla bağlı olan “Health line” (“Sağlamlıq yolu”) saytında 2017-ci ildə dərc edilən “Oruc və xərçəng” (Fasting and Cancer) başlığı altında deyilir:

“Oruc tutmaq xərçəngi müalicə vasitəsi kimi

Oruc tutmaq və ya uzun müddət yemək yeməmək dini bir pəhriz təcrübəsi kimi məşhurdur. Ancaq bəziləri də onu xüsusi sağlamlıq faydaları üçün istifadə etməyə başlayıblar. Son bir neçə ildə fasiləsiz orucun və ya oruc tutmağı təqlid edən pəhrizin xərçəng də daxil olmaqla ciddi xəstəlik simptomlarını azalda və əks istiqamətdə dəyişə bildiyini qeyd edən bir çox araşdırmalar nəşr olunmuşdur”.

Həmçinin həmin saytda deyilir:

“2016-cı ildə edilən bir araşdırma göstərdi ki, oruc və kimyaterapiya birləşməsi süd vəzi və dəri xərçənginin inkişafını ləngidir”.

Ətraflı məlumat üçün bax

Cənubi Kaliforniya Universitetinin rəsmi saytında deyilir:

“Elmi jurnallar ailəsinin bir hissəsi olan “Science Translational Medicine” (Elmi tibbi tərcümə) jurnalındakı araşdırmaya görə siçanlardakı səkkiz xərçəng növündən beşi oruca reaksiya vermişdir. Kimyaterapiyada olduğu kimi oruc da şişlərin böyüməsini və yayılmasını ləngitmişdir.

Oruc dövrləri ilə kimyaterapiyanın birləşməsi təkbaşına olunan kimyaterapiya ilə müqayisədə daha çox təsirli oldu”- deyə Cənubi Kaliforniya Universitetinin müəllimi, Davis Gerontologiya Məktəbinin və Dornsife Kollecinin gerontologiya və bioloji elmlər professoru Valter Longo istisnasız olaraq bildirmişdir”.

Ətraflı məlumat üçün bax

Əlbəttə ki, oruc tutmağın Uca yaradana heç bir faydası yoxdur. Əksinə insan oruc tutarkən  Allah-Təala qatında misilsiz savaba nail olması ilə yanaşı, öz bədəninin sağlamlığını ciddi şəkildə qorumuş olur. Oruc tutmamaqla isə çox böyük günahla yanaşı, 12 ay boyu istirahətsiz qalan orqanlarına ciddi zərər toxundurur.

Təəssüflər olsun ki, bəziləri oruc tutmağı insana olan bir zülm hesab edir və bəziləri də Ramazan ayı gələn kimi özlərini min cür bəhanə ilə xəstəliyə vururlar. Sanki onların oruc tutmaları ilə özləri deyil, digərləri faydalanacaqmış kimi xəsislik edirlər.

Bütün bunlar Uca Yaradanı və onun qoyduğu hökmləri layiqincə qiymətləndirməməkdən irəli gəlir və vaxtı gələndə isə Allahın qoyduğu qanunlara əməl etməyən kəslər, şübhəsiz ki, peşman olacaqlar. Lakin o gecikmiş peşmançılıq zillətdən başqa heç bir fayda verməyəcəkdir…

21-ci əsrdə orucun misilsiz faydasının kəşfindən öncə dərk edən kəslər üçün 1440 il bundan qabaq Uca Allah buyurmuşdur:

﴿ وَأَن تَصُومُواْ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ ﴾

“Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!” (“əl-Bəqərə” surəsi, 184-cü ayə)

Əbu Hureyrənin (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur:

(الصِّيَامُ جُنَّةٌ)

“Oruc (günahlara və xəstəliklərə qarşı) qalxandır (qoruyucudur)”. (Buxari, Müslim və digərləri rəvayət etmişdir. Hədisin bu ləfzi Müslimindir.)

Şərh əlavə et

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *