Rəhmli və Mərhəmətli Allahın adı ilə
Qiyamət gününün, yəni insanların öldükdən sonra bir daha dirilərək Uca Allah qarşısında sorğu-sual olunmasının mütləq baş tutacağını sübut etmək üçün elmi həqiqətlərlə Qiyamət arasında bağlılıq yaradan bir çox hədislər vardır. Hansı ki hər bir ağıl sahibi bu həqiqətlərə inanaraq heç bir şəkk-şübhə etməməlidir…
Qiyamətin əlamətlərinin biri haqda Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur:
لن تقوم الساعة حتى تعود أرض العرب مروجًا وأنهارًا
“Ərəb torpağına yaşıllıqlar və çaylar yenidən qayıtmayınca Qiyamət qopmaz”.
(Müslim; 157, Əhməd; 8833, Hakim; 8695, İbn Hibban: 6700, Albani, “Sahih əl-cəmi”; 7429)
Digər bir hədisdə Muaz (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) mənə dedi:
يوشك يا معاذ، إن طالت بك حياة، أن ترى ما هاهنا قد ملئ جناناً
“Ey Muaz, əgər ömrün uzun olarsa, az qala buraların yaşıllıqlarla örtüldüyünü görərsən”.
(Müslim; 706, Əbu Davud; 1206, Tirmizi; 553, Nəsai; 587, Əhməd; 22070)
NASA 1972-ci ildə kosmosa buraxdığı geoloji tədqiqat peyki vasitəsilə Ərəbistan səhrasının min illər öncə yaşıllıq və çaylarla dolu bir məkan olduğunu kəşf etmişdir.
Belə ki, NASA-nın öz rəsmi saytında 2012-ci ildə dərc edilən məqalədə “NASA Səudiyyə Ərəbistanında yaşıl bulaq sahələrini görür (NASA Sees Fields of Green Spring up in Saudi Arabia)” adlı başlıqda yeni kəşf edilən bu mövzuya ətraflı toxunmuşdur.
Oxford universitetinin saytında “Ərəbistan səhrasında qədim çay və göllər şəbəkəsi tapılıb (Oxford Ancient network of rivers and lakes found in Arabian Desert)” adlı məqalədə də bu haqda geniş bəhs edilmişdir.
BBC öz saytında “İnsanın təkamülündə Yaşıl Ərəbistanın əsas rolu (Green Arabia‘s key role in human evolution)” adlı məqalədə də həmçinin 1000 illər öncə hədisdə buyurulduğu kimi Ərəbistan səhralarının yam-yaşıl olduğu qeyd olunmuşdur.
Həmin saytda deyilir:
Qrupa rəhbərlik edən və Oksford Universitetinin Arxeologiya Məktəbinin tarixdən əvvəl və insan təkamülü üzrə professoru Maykl Petraglia deyir ki, multidissiplinar yanaşma öz bəhrəsini verir.
O deyir, «İnnovativ kosmik gəmi texnologiyası indi boş qalan Nufud səhrası da daxil olmaqla, Ərəbistanda 10.000-dən çox gölün xəritəsini çəkməyə imkan verir«.
Alimlər indi səhralıq olan ərazidə kəsişən qədim çay sistemlərinin xəritəsini tərtib ediblər. BBC.
Yaşıllıqların yenidən Ərəbistan yarımadasına qayıdacağı haqda İngiltərənin məşhur “Nature.com” adlı elmi saytında 2015-ci ildə dərc edilən məqalədə deyilir:
“Bəzi nəzəriyyələrin irəli sürüldüyündən xeyli əvvəl həmin yaş sehrlər insanları Ərəbistanın içərilərinə doğru itələməyə imkan verə bilirdi. Ən azı 160.000 il əvvəldən bəri, musson yağışları təxminən hər 23.000 ildən bir insan miqrasiyasını davam etdirmək üçün kifayət qədər şirin su və bitkilərlə təmin edərdi”.
Yuxarıda qeyd etdiyimiz hədislərlə və elmi sübutlarla aydın olur ki, əvvəllər Ərəbistan yarımadası yaşıl olmuş və həmin yaşıllıqlar bir daha geri qayıdacaqdır.
Dünya alimlərinin hələ müasir dövrdə aşkar etdiyi həqiqəti 14 əsr öncə Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) deməsi əlbəttə ki, onun Uca Allah tərəfindən göndərilmiş həqiqi peyğəmbər olmasına və hədislərinin də doğruluğuna böyük bir sübutdur.
Allah-Təala peyğəmbərini yalanlardan uzaq tutaraq onun barəsində buyurur:
﴿ وَمَا يَنْطِقُ عَنِ الْهَوَىٰ. إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَىٰ ﴾
“O, öz istəyi ilə danışmır. O ancaq (Allah tərəfindən) nazil olan bir vəhydir”. (“ən-Nəcm” surəsi, 3,4-cü ayələr)
Şərh əlavə et