Fironun dövründə Haman isminin olmadığını deyib Qurana tənə edənlərin iddiaları səhvdir və həmişə olduğu kimi Qurani-Kərim doğru söyləmişdir.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Qurani-Kərimdə ağıl sahiblərini heyrətdə qoyan elmi mövzularla yanaşı Quran nazil olarkən Yer üzündə heç kimə məlum olmayan dəqiq tarixi mövzular da öz əksini tapmışdır. Həmin tarixi mövzulardan biri Fironun dövründə Haman adlı nüfuzlu şəxsin yaşamasıdır.

Uca Allah bu haqda buyurur:

﴿ وَقَالَ فِرْعَوْنُ يَا هَامَانُ ابْنِ لِي صَرْحًا لَعَلِّي أَبْلُغُ الْأَسْبَابَ. أَسْبَابَ السَّمَاوَاتِ فَأَطَّلِعَ إِلَىٰ إِلَٰهِ مُوسَىٰ… ﴾

“Firon (istehza ilə) dedi: “Ey Haman! Mənim üçün bir uca qəsr tik ki, bəlkə, yollara yetişim – Göylərin yollarına (yetişim) və Musanın İlahını görüm…” (“Ğafir” surəsi, 36 və 37-ci ayələr)

QƏRB ALİMLƏRİ VƏ FİRONUN HAMANI

Əsrlər boyu Qurani-Kərimdə səhv axtararaq onun Allah kəlamı olmadığını sübut etməyə cəhd edənlər olmuşdur. Lakin onların cəhdləri tez və ya gec olaraq həmişə boşa çıxmışdır. Həmin iddia edilən səhvlərdən biri də Quranın zikr etdiyi Fironun dövründə olan nüfuzlu şəxslərdən birinin adının Haman olmasıdır. Çünki son əsrə qədər yəhudi və xristianlardan olan qərb alim və tarixçiləri Fironun dövründə Haman adlı şəxsin olmadığını, hətta bəziləri Haman adını Məhəmməd peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) Qurana Bibliyadan köçürərək fərqli formada və tarixi yalnışlığa yol verərək yazdığını iddia ediblər. Belə ki, Bibliyanın “Ester” kitabında Hamanın Firondan əsrlər sonra Fars torpaqlarında Axaşveroşun padşahlığı dövründə yaşadığından və yəhudilərə ciddi düşmənçiliyindən bəhs edilir.

Qədim İslam alimlərindən olan Fəxr ər-Razi (M.1150-1210) deyir:

قالَتِ اليَهُودُ: أطْبَقَ الباحِثُونَ عَنْ تَوارِيخِ بَنِي إسْرائِيلَ وفِرْعَوْنَ أنَّ هامانَ ما كانَ مَوْجُودًا البَتَّةَ في زَمانِ مُوسى وفِرْعَوْنَ وإنَّما جاءَ بَعْدَهُمابِزَمانٍ مَدِيدٍ ودَهْرٍ داهِرٍ، فالقَوْلُ بِأنَّ هامانَ كانَ مَوْجُودًا في زَمانِ فِرْعَوْنَ خَطَأٌ في التّارِيخ

“Yəhudilər deyiblər: “İsrail övladlarının və Fironun tarixinin araşdırmaçıları Musanın və Fironun dövründə qəti olaraq Haman mövcud olmamışdır. Haman onların hər ikisindən uzun müddət sonra gəlmişdir. Hamanın Fironun zamanında olmasını demək tarixi xətadır…” (Fəxr ər-Razi, “Məfəətiih əl-ğeyb”, “Ğafir” surəsi, 36-cı ayənin şərhi)

Ətraflı məlumat üçün bax

Oxford universitetinin saytında “Haman in the Qur’ān” (Quranda Haman) başlığı altında italiyalı keşiş, şərqşünaş və Quranı Latın dilinə tərcümə edən Ludovico Marraccionun (m.1612-1700) Qurana tənə edərək belə dediyi nəql edilir:

“Məhəmməd müqəddəs əhvalatları qarışdırmışdır. O, Hamanı Fironun müşaviri kimi göstərimişdir. Halbuki əslində o, Fars padşahı Axaşveroşun müşaviri idi. O, həmçinin Fironun Babil qülləsi hekayəsindən onun üçün uca bir qüllə tikmək əmrini verdiyini düşünürdü. Şübhəsiz ki, Müqəddəs Yazılarda Firon haqqında belə bir hekayə yoxdur. Hər nə olursa olsun, o, (Məhəmməd) ən inanılmaz hekayə danışmışdır”.

(Ludoviico Marraccio, Alcorani Textus Universus Ex Correctioribus Arabum Exemplaribus Summa Fide, Atque Pulcherrimis Characteribus Descriptus, 1698, Ex Typographia Seminarii: Patavii (Italy), p. 526.)

Ətraflı məlumat üçün bax

Həmçinin kral 5-ci Alphonse Aragonun müşaviri ispaniyalı Pedro de la Cavalleria (m.1415-1461), ingiltərəli George Sale (m.1697-1736), almaniyalı Theodor Nöldeke (m.1836-1930), belçikalı Henri Lammens (m.1862-1937), almaniyalı Josef Horovitz (m.1874-1931), amerikalı Charles Torrey (m.1863-1956), avstraliyalı Arthur Jeffery (m.1892-1959) kimi bir neçə digər qərb alimləri də vardır ki, Bibliyada olan “Ester” kitabına əsaslanıb Fironun dövründə Haman adlı şəxsin olmadığını iddia edərək, hətta bu kəslərin bəziləri yazılarında Allah rəsulu Məhəmmədə (sallallahu aleyhi va əlihi va səlləm) qarşı etikadan kənar sözlər işlətmişdirlər.

Halbuki bir çox yəhudi və xristian alimləri özləri belə “Ester” kitabını Bibliyaya yazanın məchul şəxs olduğunu və orada qeyd olunanların dini və tarixi həqiqəti əks etdirmədiyini demişdirlər.

Harvard İlahiyyat Məktəbinin Yəhudi Tədqiqatları üzrə Albert A. List kollecinin professoru Con Levenson (m.1949) (Bibliyadakı) “Ester” kitabının tarixi problemlərini müzakirə edərkən deyir:

“Hətta biz bu şübhəli tənzimləməyə düzəliş etsək belə, “Ester” lə bağlı tarixi problemlər o qədər böyükdür ki, dini tərəfdən Bibliya hekayəsinin tarixiliyinə inanmağa məcbur olmayan hər kəsi hekayənin doğruluğuna şübhə etməyə sövq edəcək”.

(J. D Levenson, “Esther” kitabı, səh.23, SCM-1997)

Kitabı görmək üçün bax

Belə olan təqdirdə Fironun dövründə Haman adlı şəxsin olub-olmadığını dəqiq bilmədən, Bibliyanın məchul “Ester” kitabına inanmaq özü yumşaq desək, sadəlövhlükdür. Hətta digər bir yerdə və fərqli bir zamanda Haman adının olması Fironun yanında Haman adının olmaması deməkdirmi? Yoxsa İslam peyğəmbərinə ağır tənə edən, 15-ci əsrdə yaşayan bu Pedronun adını və ləqəbini digər insana qoymaq qadağandır? Əlbəttə ki, bu kimi insanların hədəfi həqiqət deyildir…

HEROQLİF YAZILARI HAQDA

Qərb alimlərinin təsdiqinə görə, Quran nazil olan zaman Yer üzündə heç kəs Misir heroqliflərini bilmirdi. Yalnız “Rəşid daşı”nın tapılmasından sonra bu yazılar tədricən oxunmağa başlanmışdır.

“Rəşid daşı” və ya “Rozetta daşı”. (ər.Həcəru Raşid, ing.Rosetta Stone, fr.La pierre de Rosette, ru. Розеттский камень).

“Rəşid daşının” tarixi

“Rəşid daşının” 2200 yaşı vardır. Daş 1799-cu il May ayının 15-i Napoleon Bonapartın ordusunun Osmanlı imperiyasına qarşı hücumu zamanı (1798-1801) Rəşid şəhəri yaxınlığındakı Nil çayı sahilində fransalı əsgərlərdən olan leytenant Pyer-Fransua Buşar tərəfindən tapılmışdır. Bu daşın tarixi miladdan öncə 196-cı ildə qədim Misirdəki kral 5-ci Ptolemey Epifanın hakimiyyəti dövrünə qayıdır. Daşın üzərində Misir heroqlifləri, Misir demotik yazısı və yunan yazısı həkk edilmişdir. “Rəşid daşı” dünyanın ən qədim yazı sistemlərindən biri olan Misir heroqliflərinin deşifrə edilməsində mühüm rol oynayan qədim bir hissəcikdir və 1802-ci ildən Londondakı İngiltərə muzeyində saxlanılır. Həcmi 1.123-757-284 mm və çəkisi isə 760 kq-dır.

Heroqlif yazılarının oxunması

Bir çox qərb alimlərinə görə, 18-ci əsrdə “Rəşid daşı” tapılan zaman Misir heroqliflərini və demotik yazılarını oxuya bilən insan yox idi. Çünki 4-cü əsrin sonlarında Romanın tərkibində olan zaman Misirin bütün kahinləri ölmüş, məbədləri dağıdılmış və ya xristian məbədlərinə çevrilmişdi. Alimlərin dediyinə görə, məlum olan ən son heroqlif yazısı 394-cü, demotik yazısı isə 452-ci ildə yazılmışdır. Daş üzərindəki qədim Yunan yazılarında inzibati və dini terminlər olduğuna görə, alimlər bu terminləri bilmədikləri üçün hətta Yunan yazılarının oxunmasında belə çətinlik çəkmişdirlər. Yunan mətninin tərcüməsi ilə irəliləyişə nail olan azsaylı alimlərdən bəziləri alman alimi Kristian Qottlob Heyne (m.1729-1812), ingilis alimi Stephen Weston (m.1747-1830) və fransız tarixçiləri Qabriel de La Porte du Theil (m.1742-1815) və Hubert-Paskal Ameilhon (m.1730-1811) olmuşdur. Ameilhon yunan mətninin tərcümələrini ilk dəfə 1803-cü ildə nəşr etdirmişdir.

Demotik mətn və onun tərcüməsinə gəldikdə, isveçli alim Yohan David Akerblad (m.1763-1819) və fransız şərqşünası Antuan İsaak Silvestr de Sasi (m.1758-1838) kimi alimlər demotik mətnlərdəki adların deşifrə edilməsinə bir qədər töhfə vermişdirlər.

Heroqlif mətnləri üçün isə London Kral Cəmiyyətinin Xarici İşlər naziri olan britaniyalı polimat Thomas Young (m.1773-1829) deşifrə işlərinə başlayır. Ən böyük irəliləyiş fransız filoloqu və şərqşünası Jan-Fransua Champollionun (Şampolyon) (m.1790-1832) Yanqla yazışmasından sonra bu tapşırığın üzərində işləməyə başlaması ilə əldə edilmişdir. Şampolyon, Kleopatra da daxil olmaqla, bəzi Misir hökmdarlarının adlarının fonetik simvollarını tapa bilir. O, fonetik heroqlif simvollarının əlifbasını hazırlayaraq əsərini 14 Sentyabr 1822-ci ildə nəşr etdirir. Bir neçə gün sonra, Sentyabrın 27-də Şampolyon əldə etdiyi nəticələrini Kral Akademiyasında verdiyi mühazirəsində elan edir. Beləliklə, heroqlif yazılarını ilk deşifrə edənin fransalı Şampolyon olduğu iddia edilir. Həqiqətdə isə…

Yan-Fransua Şampolyon

Heroqlifi Şampolyondan 9 əsr öncə deşifrə edən müsəlman alim

Məlumdur ki, tarix boyu müsəlmanların etdikləri ixtira və kəşflərin bir çoxunu qərb alimləri öz adlarına yazıblar. Təkzibedilməz maddi sübutlar olduğu üçün bunu hətta bu gün insaflı qərblilər özləri də təsdiqləyirlər. Həmin kəşflərdən biri də Jan-Fransua Şampolyonun adına çıxan Misir heroqliflərinin deşifrəsidir. Belə ki, 9-cu əsrdə İraqda doğulmuş (doğum tarixi dəqiq bilinmir) və 930-cu ildə İraqda vəfat etmiş yazıçı, kimyaçı, arxeoloq, tarixçi, filoloq, tərcüməçi İbn Vahşiyyə kimi tanınan Əbu Bəkr Əhməd ibn Vahşiyyə ən-Nəbəti “شوق المستهام في معرفة رموز الأقلام” “Şovq əl-mustəhəm, fi məarifəti rumuz əl-əqləm” (Yazı simvollarını bilmək üçün dəli aşiqin həsrəti) adlı kitabında heroqliflər də daxil olmaqla qədim 89 dilin yazılışını qeyd edərək Ərəb dili ilə müqayisə etmişdir. O, həmçinin heroqlif simvollarının fonetik simvollar olduğunu kəşf edərək mənalarını Şampolyondan 9 əsr öncə təhlil etmişdir. Avstriyalı şərqşünas Joseph von Hammer-Purgstall (m.1774-1856) əsrlər boyunca gizli qalan həmin bu kitabı İngilis dilinə tərcümə edərək 1806-cı ildə Ərəb və İngilis dilində nəşr etmişdir. Şərqşünas Antuan İsaak Silvestr de Sasi isə 1810-cu ildə Parisdə İbn Vahşiyyənin sözügedən kitabı haqda öz araşdırmasını nəşr edir. İbn Vahşiyyənin kitabının tərcüməsindən 16 il sonra Şampolyon 1822-ci ildə heroqlifləri deşifrə etdiyini elan edir.

İbn Vahşiyyənin heroqlifləri ilk açıqlayan alim olması haqda İngiltərənin məşhur  “The Guardian” saytı “Arab scholar ‘cracked Rosetta code’ 800 years before the West” (Ərəb alimi Qərbdən 800 il əvvəl Rosetta kodunu deşifrə etmişdir) başlığı altında bu haqda məqalə dərc etmişdir.

Ətraflı məlumat üçün bax

Əbu Bəkr ibn Vahşiyyənin “Şovq əl-mustəhəm, fi məarifəti rumuz əl-əqləm” kitabının heroqlif fəslindəki yazılarından nümunə

Kitabı görmək üçün bax

Başqa bir sübut olaraq deyək ki, müsəlman alimi Əbu Bəkr İbn Vahşiyyə heroqliflərdə olan hansı yazıların daş mənasını verdiyini yazmışdırsa (şəkildəki qırmızı işarələrə bax) Şampolyon və ondan sonra gələnlər də həmin yazıların daşa işarə etdiyini qeyd etmişdirlər. Qərb alimlərinin təsdiqi ilə və uzunçuluq olmasın deyə işarə etmədiyimiz digər sübutlarla aydın olur ki, ilk dəfə Misir heroqliflərini deşifrə edən şəxs 19-cu əsrdə yaşamış Şampolyon deyil, 10-cu əsrdə yaşamış müsəlman alimi Əbu Bəkr ibn Vahşiyyə olmuşdur.

Əgər öz adınızı heroqlif yazısı ilə yazmaq istəyirsinizsə, bu sayta keçid edərək adınızı Latın hərfləri ilə yazın və adınızda çıxacaq heyvan və quş şəkillərindən də narahat olmayın.

MÜASİR ELMİN FİRONUN HAMANINI TƏSDİQ ETMƏSİ

Fransalı alim və professor Moris Bukay

Tarix sübut etməsə belə, biz müsəlmanlar Qurani-Kərimin Uca Rəbbimizdən nazil olduğuna heç bir şübhə etmirik və Onun hər dediyinə iman gətirmişik. Lakin lazım gəldikdə Quranın müdafiəsi üçün öz dəlillərimizi şübhə edənlərə təqdim etmək də borcumuzdur.

Xristian ailəsində doğulsa da, sonradan İslamı qəbul edən fransalı alim və professor Moris Bukay (1920-1998) 1987-ci ildə ABŞ-ın Çikaqo şəhərində nəql etdiyi video görüntüsündə çox maraqlı bir əhvalata toxunaraq deyir:

“Haman adı Quranda 6 dəfə zikr olunur. Bir dəfə Parisdə heroqlif yazısının mütəxəssisi olan məşhur alimi ziyarət etdim. Mən ona miladi tarixlə 7-ci əsrdə yazılan Ərəb mətni gördüyümü dedim. Çünki bu alim Ərəb dilini yaxşı bilirdi. Mən Haman kəlməsini onun önündə yazdım. O mənə dedi: “Haman sözünün ərəbcə olması qeyri mümkündür. Çünki Haman heroqliflərdən olan bir addır. Ona görə də bu mümkünsüzdür. Çünki o vaxt heroqliflər 3-cü əsrdən 19-cu əsrə, Şampolyonun kəşf etməsinə qədər tamamilə naməlum idi”. Mən dedim: “Bəli, bəli, qeyri mümkündür! Lakin ola bilsin ki, mən sənə o Ərəb mətnini göstərəndə sən fikrini dəyişəcəksən”. O məndən həmin mətn haqda soruşdu. Mən ondan ilk olaraq heroqlif yazısıyla Haman sözünün mənasını mənə xəbər verməsini tələb etdim. O belə cavab verdi: “Bu söz Yeni Firon Krallığında ailə adıdır. Əgər College de France kitabxanasına getsən, orada tapacaqsan. Yeni Krallıq bölməsindəki Ranke adlı Alman müəllifin “Die Ägyptischen Personennamen” (Misir şəxs adları) kitabında Haman adını görəcəksən”.

Həmçinin o, Hamanın nə vəzifə tutduğunu dəqiq olaraq bilmədiyini və bunu həmin kitabdan mütləq tapacağımı da dedi. Beləliklə, mən College de France kitabxanasına üz tutdum və Haman adı altında aşağıdakıları tapdım: Haman-Karxana işçilərinin rəisi. Bu o deməkdir ki, o, daş tikililərinin inşasının rəhbəri idi. Çünki o zaman hündür binalar və nəhəng tikililər taxta ilə deyil, daşla tikilirdi. Mən Haman adını heroqlif adlar kitabında belə gördüm. Hansı ki, Firon ona hündür bina tikməyi tapşırdı. Mən həmin mütəxəssis professorun yanına qayıtdım. Quranı önündə açdım və ondan Haman adına baxmasını istədim. Onu heyrət bürüdü və bir kəlmə belə danışmadı. Mən ona dedim ki, “İncil Ramses adını qoruduğu kimi, Quran da Haman adını qorumuşdur”. Onu dəhşət bürümüşdü. Professor mənə gələcəkdə bu mövzu haqqında birgə kitab yazmağımızı təklif etdi. Amma təəssüf olsun ki, o, altı aydan sonra dünyasını dəyişdi.

Alman alimi Herman Ranke Harvard universitetində çap etdiyi “Die Ägyptischen Personannamen”(Misir şəxs adları) kitabının 1-ci cildində, həqiqətən də, Fironun dövründə Haman adlı şəxsin olduğunu aşağıdakı mətndə belə təsdiqləmişdir.

(Herman Ranke, “Die Ägyptischen Personannamen”, cild. 1, səh. 240,241)

Kitabı görmək üçün bax

Herman Ranke, həmçinin həmin kitabının 2-ci cildində də Fironun dövründə Haman adının olduğunu təsdiq etmişdir.

(Herman Ranke, “Die Ägyptischen Personannamen”, cild. 2, səh. 310)

Kitabı görmək üçün bax

Almaniyalı misirşünas alim Walter Wreszinskinin (m.1880-1935) müəllifi olduğu və Vyananın Hof muzeyinin 1906-cı ildə çap etdiyi “Aegyptische Inschriften” (Misir kitabələri) adlı kitabında Quranın da işarə etdiyi kimi, Hamanın işinin karxana ilə bağlı olduğunu təsdiqləmişdir.

Dövr: Yeni Krallıq

İsim və ləqəb

Vəzifə: Karxana işçilərinin rəisi və nəzarətçisi

Hmn-h: Haman sözünün Latınca qarşılığı

Kitabda Hamanın vəzifəsini bildirən yazı:

Alm: Vorsteher der Steinbrucharbeiter

İng: Chief/ overseer of the stone-quarry workers

Az: Daş karxanası işçilərinin rəisi / nəzarətçisi

Kitabı görmək üçün bax

Alimlərin dediyinə görə, hətta qədim Misirdə “Hemen” adlı ilah da mövcud imiş. İngiltərəli yazıçı, arxeoloq, misirşünas Ernest Alfred Thompson Wallis Budge (m.1857-1934) 1920-ci ildə nəşr etdiyi “Egyptian hieroglyphic dictionary” (Misir heroqlif lüğəti) adlı kitabında Fironun dövründə Hemen adlı qondarma ilahın olduğunu təsdiqləmişdir.

(Wallis Budge, “Egyptian hieroglyphic dictionary”, səh. 471,485)

Kitabı görmək üçün bax

Qondarma ilahlardan bəhs edən İngiltərənin “God Checker” saytı Misirdə Hemen adlı ilahın olduğunu təsdiqləyərək deyir:

«Hemen-naməlum Misir ilahı».

Ətraflı məlumat üçün bax

Quranın təfsir alimlərindən bəziləri Firon sözünün adam adı deyil, vəzifə olduğunu dedikləri kimi, Haman sözünün də adam adı deyil, vəzifə olduğunu söyləmişlər. Maraqlıdır ki, qərb misirşünaslarının da bəziləri Hamanın adam adı deyil, kahinlərin başçısı, daş karxanalarının rəisi kimi bir vəzifə olduğunu təsdiqləmişdirlər.

Həmçinin qədim Misirdə Haman adına oxşayan “Ha-Amen” adlı şəhərin də olduğu deyilmişdir. Ehtimal olunasıdır ki, Haman kimi ad və ya ləqəbə sahib olan nüfuzlu şəxsin adına şəhər də salınmışdır.

Digər araşdırmalara görə, Fironun atası olan Misirin məşhur Amun adlı qondarma ilahının adının tələffüzü Amun deyil, Aman kimi səslənirmiş. “Ha” sözü isə qüvvət və s. mənalarını verir və Aman sözünün əvvəlində işlədilərək Haman deyilirmiş.

Biz Qurani-Kərimə diqqət yetirsək görərik ki, Uca Allah Hamanın Fironun yanında və ya dövründə çox nüfuzlu olduğuna işarələr edərək buyurur:

﴿ وَنُمَكِّنَ لَهُمۡ فِی ٱلۡأَرۡضِ وَنُرِیَ فِرۡعَوۡنَ وَهَـٰمَـٰنَ وَجُنُودَهُمَا مِنۡهُم مَّا كَانُوا۟ یَحۡذَرُونَ ﴾

“Biz onlara (İsrail övladlarına) o torpaqlarda hökmranlıq vermək, Firona, Hamana və onların hər ikisinin ordularına qorxduqları şeyi (Musanın əli ilə həlaklarını) göstərmək istəyirdik”. (“əl-Qasas” surəsi, 6-cı ayə)

Həmçinin buyurur:

﴿ وَلَقَدۡ أَرۡسَلۡنَا مُوسَىٰ بِـَٔایَـٰتِنَا وَسُلۡطَـٰنࣲ مُّبِینٍ . إِلَىٰ فِرۡعَوۡنَ وَهَـٰمَـٰنَ وَقَـٰرُونَ فَقَالُوا۟ سَـٰحِرࣱ كَذَّابࣱ ﴾

“Biz Musanı möcüzələrimizlə və açıq-aydın bir dəlillə göndərdik — Fironun, Hamanın və Qarunun yanına. Ancaq onlar: “Bu, çox yalançı bir sehrbazdır!” — dedilər”. (“Ğafir” surəsi, 23,24-cü ayələr)

Yuxarıdakı dəlillərdən aydın olur ki, keçən əsrlərə qədər Fironun dövründə Haman isminin olmadığını deyib Qurana tənə edənlərin iddiaları səhvdir və həmişə olduğu kimi Qurani-Kərim doğru söyləmişdir. Əlbəttə ki, Qurani-Kərimin son əsrimizə qədər naməlum olan Haman adının Firon dövründə olmasını deməsi bir daha onun Uca Allah tərəfindən nazil edilməsinə və Məhəmməd peyğəmbərin (sallallahu aleyhi va əlihi va səlləm) haqq peyğəmbər olmasına sübutdur.

Uca Allah buyurur:

﴿ تِلۡكَ مِنۡ أَنۢبَاۤءِ ٱلۡغَیۡبِ نُوحِیهَاۤ إِلَیۡكَۖ مَا كُنتَ تَعۡلَمُهَاۤ أَنتَ وَلَا قَوۡمُكَ مِن قَبۡلِ هَـٰذَاۖ فَٱصۡبِرۡۖ إِنَّ ٱلۡعَـٰقِبَةَ لِلۡمُتَّقِینَ ﴾

“Bunlar sənə vəhy yolu ilə bildirdiyimiz qeyb xəbərlərindəndir. Bundan əvvəl onları nə sən, nə də sənin ümmətin bilirdi. Səbr et! Şübhəsiz ki, (gözəl) sonluq müttəqilərin olacaqdır”. (“Hud” surəsi, 49-cu ayə)

Müəllif: Samin Məmmədov
Tərcümə: Nailə Mikayılbəyli
Korrektor: Vəfa Məmmədova
Dizayn: Ramin Baxşıbəyli

Şərh əlavə et

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *