“...Məni seçib yanıma gələn adamlara qurulan hiyləyə aldana bilmərəm...”

Allahın Rəsulunun (Allahın ona salavat və salamı olsun) peyğəmbərliyinin beşinci ilində Məkkə müşriklərinin işgəncələrinə baxmayaraq, müsəlmanların sayı artmaqda davam edirdi. Həmin vaxtlar müşriklər işgəncələrini artırıb əllərindən gələn əziyyəti edirdilər. Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) əshabının dözülməz işgəncələrə məruz qalmasına çox üzülürdü. Bu işgəncələr hər gün daha da şiddətləndikcə Allahın Rəsulunun (Allahın ona salavat və salamı olsun) mərhəmət dolu qəlbi bunlara dözə bilmirdi.

Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) bir gün əshabını başına yığaraq deyir: “Həbəş torpağında (indiki Efiopiya, Sudan, Somali, Eriteriya və Cibuti əraziləri) heç kimə zülm etməyən bir hökmdar var. Onun torpağına hicrət edin. Allah-Təala bu çətinliklərdən bir çıxış yolu açana qədər siz orada qalın”.

Beləliklə, səhabələrin bir hissəsi – 83 nəfər kişi və 19 nəfər qadın olmaqla vətənlərindən ayrılaraq 615-ci ildə Həbəşistana hicrət edirlər. Həbəş hökmdarı Nəcaşi (Ashəmə) müsəlmanları yaxşı qarşılayır. Səhabələr Həbəşistan barədə belə deyirlər: “Biz burada yaxşı bir qonşuluq və himayə gördük. Dinimizə toxunulmadı, incidilmədik. Xoşagəlməz bir söz də eşitmədik. Rahatlıqla Allah-Təalaya ibadət edirik” .

Məkkəli müşriklər bu vəziyyəti bilincə, Həbəşistan kralına iki elçi ilə çox qiymətli hədiyyələr göndərmək qərarına gəlirlər. Nəcaşinin çox sevdiyi Məkkənin aşılanmış dərisindən bol-bol hazırlanır. Hətta Nəcaşinin din adamlarına, dövlət xadimlərinə də hədiyyələr ayrılır. Bu iş Abdullah ibn Əbi Rabiə ilə Amr ibn Asa həvalə edilir və onlara Nəcaşinin hüzurunda nələr söyləyəcəklərini öyrədirlər: “Hökmdar ilə görüşmədən əvvəl onun din xadimlərinə və ordu başçılarına hədiyyələri verin. Sonra Nəcaşinin hədiyyəsini təqdim edin. Və oradakı müsəlmanların sizə təslim edilməsini istəyin. Qətiyyən Nəcaşinin müsəlmanlar ilə görüşüb danışmasına fürsət verməyin”.

Elçilər Həbəşistana çatırlar. Onlar dövlət xadimləri ilə görüşərək hədiyyələri verib deyirlər: “Bizdən bəziləri sizin diyara gəlib. Onlar öz qövmlərinin dinini tərk ediblər və sizin dinə də girməyiblər. Bizim və sizin bilmədiyimiz yeni bir din iddiasındadırlar. Onları özümüzlə aparmaq istəyirik. Kralınızın onlarla danışmasına fürsət vermədən bizə təslim etməsi üçün cəhd edin”.

Onlar bu təklifi qəbul edərək razılaşırlar. Məkkəli elçilər hədiyyələri Nəcaşiyə təqdim edirlər. Kral hədiyyələri qəbul etdikdən sonra elçilər ona deyirlər:

“Bizi onların qövmlərinin ən hörmətli insanları göndərib ki, sən bunları öz diyarlarına qaytarasan”.

Amr ibn Asla Abdullah ibn Əbi Rabiəni ən çox narahat edən məsələ Nəcaşinin əshabları dinləməsi idi. Nəcaşinin din xadimləri onların sözünü təsdiqləyərək deyirlər: “Ey Kral, bunlar düz söyləyirlər. Qövmləri onları daha yaxşı tanıyar. Ona görə də sən onları təslim et. Qoy onları öz diyarlarına və qövmlərinə qaytarıb aparsınlar”.

Kral Nəcaşi qəzəblənərək deyir: “Vallah, mən onları təslim etmərəm. Məni seçib yanıma gələn adamlara qurulan hiyləyə aldana bilmərəm. Gərək mühacirləri sarayıma dəvət edib onlardan bu adamların söylədikləri barədə soruşum. Əgər mühacirlər, həqiqətən bunların dedikləri kimidirsə, o zaman onları təslim edib öz qövmlərinə qaytararam. Əgər elə deyilsə, yanımda qaldıqları müddətdə onlara yaxşılıq edəcəyəm”.

Nəcaşi mühacirləri çağırtdırır. Mühacirlər Nəcaşinin ətrafında əllərində İncil kitablarını tutmuş alimləri görürlər.

Nəcaşi onlardan soruşur: “Bu nə dindir ki, siz öz qövmünüzün dinindən ayrılaraq nə mənim dinimə, nə də bu ümmətlərdən birinin dininə girməmisiniz?”

Cəfər ibn Əbi Talib (Allah ondan razı olsun) deyir: “Ey Kral, biz cahillikdə olan bir qövm idik. Bütlərə sitayiş edər, ölmüş heyvan leşi yeyər, əxlaqsızlıq edər, qohumlarımızla əlaqələrimizi kəsər, qonşularla pis davranar, güclülərimiz zəiflərə zülm edərdi. Allah-Təala bizə aramızdan nəsəbini tanıdığımız, doğruluğunu, etibarını və iffətini bildiyimiz bir peyğəmbər göndərənə qədər bu halda idik. O, bizi tək Allahlığa, Ona ibadət etməyə, bizim və ata-bablarımızın daima Allahdan qeyri ibadət etdikləri daşlara, bütlərə ibadəti tərk etməyə çağırdı.

Doğru danışımağı, əmanətə xəyanət etməməyi, qohumlarla bağlılıq yaratmağı, qonşularla gözəl davranmağı, haramlardan və qan tökməkdən çəkinməyi əmr etdi. Bizi əxlaqsızlıqlardan, yalan danışmaqdan, yetim malını yeməkdən, namuslu qadına iftira atmaqdan çəkindirdi. Bizə Allah-Təalaya heç bir şərik qoşmadan yalnız Ona ibadət etməyi, namaz qılmağı, zəkat verməyi və oruc tutmağı əmr etdi. Biz də onun dediklərini doğrulayaraq ona inandıq, gətirdiyinə tabe olduq, yalnız Allaha ibdət edərək ona heç nəyi şərik qoşmadıq.

Onun bizə haram saydığını haram, halal saydığını da halal saydıq. Buna görə də qövmümüz bizə düşmən olub əzab verdi. Bizi dinimizdən döndərib, Allah-Təalaya ibadət etməkdən uzaqlaşdırıb yenidən bütlərə ibadət etməmiz üçün, halal saydığımız əvvəlki çirkin işləri yenidən halal saymağımız üçün bizə hər cür işgəncələr verib zülm etdilər və ayırmaq istədilər. Biz də yurdumuzu tərk edərək sənin ölkənə gəldik. Səni başqalarından üstün tutaraq qonşuluğunu istədik. Sənin yanında zülmə məruz qalmayacağımıza ümid etdik”.

Nəcaşi soruşur: “Onun Allahdan xəbər verdiklərindən nəsə bilirsən?”

Cəfər (Allah ondan razı olsun) “Bəli”— deyincə, Nəcaşi “Onu mənə oxu”— deyir. O, “Məryəm” surəsinin ilk ayələrini oxumağa başlayır. Mübarək Quran ayələrini eşidən Nəcaşi ağlayır və gözlərindən axan yaş onun saqqalını isladır. Rahiblər də ağlayır və göz yaşları əllərindəki kitabları isladır.

Nəcaşi deyir: “And olsun Allaha ki, bu sözlərlə Musaya (Allahın ona salamı olsun) nazil olan sözlər eyni çıraqdan çıxır. Kral elçilərə deyir ki, çıxın gedin. And olsun Allaha ki, onları heç vaxt sizə təslim etmərəm və hiyləyə də aldanmaram.

Onlar kralın yanından çıxan zaman Amr ibn As deyir: “Sabah onların bir eyiblərini açmaqla əksəriyyətinin kökünü kəsəcəyəm. Krala deyəcəyəm ki, onlar İsanın (Allahın ona salamı olsun) qul olduğunu iddia edirlər”.

Səhəri gün o, Nəcaşinin yanına gedərək deyir: “Ey Kral, onlar Məryəm oğlu İsa (Allahın ona salamı olsun) barəsində çox pis söz söyləyirlər. Çağırtdır və onun bərəsində nə dediklərini soruş.

Nəcaşi yenə də mühacirləri çağırtdıraraq “Məryəm oğlu İsa (Allahın ona salamı olsun) haqda nə deyirsiniz?”— soruşur.

Cəfər ibn Əbi Talib (Allah ondan razı olsun) deyir: “Onun barəsində Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) söylədiyini deyirik: “O, Allahın qulu və elçisidir. İffətli qadın olan Məryəmə göndərdiyi “ol” kəlməsi və Ondan olan ruhdur”.

Nəcaşi əlini yerə vuraraq bir çöp götürür və sonra deyir: “Məryəm oğlu İsa sizin dediyiniz kimidir. Arada bu çöp qədər belə fərq yoxdur. Gedin mənim torpaqlarımda rahatlıqla yaşayın. Kim sizə pis bir söz deyərsə, cəzalanacaqdır. Mənə dağ boyda qızıl versələr belə sizə pislik etmərəm.

Onların hədiyyələrini geri qaytarın! Bizim o hədiyyələrə ehtiyacımız yoxdur! Mülkümü Allah-Təala mənə geri qaytararkən və xalqı mənə tabe etdirərkən məndən rüşvət almadı ki, mən də indi rüşvət alım”.

Beləliklə, Məkkədən göndərilən elçilər gətirdikləri hədiyyələrlə bərabər zəlil bir vəziyyətdə Məkkəyə dönürlər.

(Beyhəqi, İbn Hişam, İbn İshaq, Təbəri və digərləri nəql etmişdirlər.)

“Səhabə” məscidi. Həbəşistana hicrət edən müsəlmanların orada tikdikləri məscidin qalıqları.

Təbəri, İbn Kəsir, Qurtubi və digərləri nəql etmişdirlər ki, Allah-Təala Nəcaşi bərəsində ayə nazil edərək buyurur:

﴿ وَإِنَّ مِنْ أَهْلِ الْكِتَابِ لَمَنْ يُؤْمِنُ بِاللَّهِ وَمَا أُنْزِلَ إِلَيْكُمْ وَمَا أُنْزِلَ إِلَيْهِمْ خَاشِعِينَ لِلَّهِ لَا يَشْتَرُونَ بِآيَاتِ اللَّهِ ثَمَنًا قَلِيلًا ۗ أُولَٰئِكَ لَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ ۗ إِنَّ اللَّهَ سَرِيعُ الْحِسَابِ ﴾

“Həqiqətən, kitab əhli içərisində elələri də vardır ki, onlar Allaha, həm sizə, həm də özlərinə nazil olanlara (Qurana, Tövrata və İncilə) inanır, Allaha boyun əyərək Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəndir”. (“Əli İmran” surəsi, 199-cu ayə)

Nəcaşi 630-cu ildə vəfat edən zaman Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) onun ölümü barədə qeybdən xəbər verilir və müsəlmanlar yığılaraq ona cənazə namazı qılırlar.

Cabir (Allah ondan razı olsun) rəvayət edir ki, Nəcaşi vəfat edən zaman peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “Bu gün saleh bir kişi vəfat etdi. Durun qardaşınız Ashəmə üçün cənazə namazı qılın”.

(Buxari və Müslim nəql etmişdir.)

Həbəşistandakı “Nəcaşi” məscidi. 2014-cü ildə qardaş Türkiyə Cümhuriyyətinin dəstəyi ilə təmir edilmişdir.

Şərh əlavə et

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *