“Biz səni aləmlərə yalnız rəhmət olaraq göndərdik”

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Allah-Təalanın yer üzündə yaratdığı milyardlarla məxluqatlar vardır. Lakin Uca Allah insanı bu məxluqatlar içindən seçib ona ağıl vermiş və ən gözəl bir biçimdə yaratmışdır.

Bu barədə Allah-Təala buyurur:

﴿ لَقَدْ خَلَقْنَا الْإِنْسَانَ فِي أَحْسَنِ تَقْوِيمٍ ﴾

“Biz insanı ən gözəl surətdə yaratdıq!” (“ət-Tin” surəsi, 4-cü ayə)

Allah-Təala yer üzündə yaradılan bütün məxluqatları isə insan üçün yaratmış və ona ram etmişdir.

Uca Allah buyurur:

﴿ هُوَ الَّذِي خَلَقَ لَكُمْ مَا فِي الْأَرْضِ جَمِيعًا… ﴾

 “Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan Odur” (“əl-Bəqərə” surəsi, 29-cu ayə)

Əlbəttə ki, Allah tərəfindən insana verilən bu qədər yüksək önəm boş yerə deyil, əksinə arxasında böyük bir məqsəd var. Hər bir ağıl sahibi olan insan yaradılış məqsədini dərk edərək həmin məqsədə çatmaq üçün səy etməlidir. Öz yaradılış məqsədindən və onu yaradan Allahdan xəbərsiz olan bəzi kəslər “Allah bu dünyanı oyun olaraq, boş yerə və insanları isə dünya boş qalmasın deyə yaratmışdır” — deyirlər.

Bu fikirdə olanlar barəsində Uca Allah buyurur:

﴿ أَفَحَسِبْتُمْ أَنَّمَا خَلَقْنَاكُمْ عَبَثًا وَأَنَّكُمْ إِلَيْنَا لَا تُرْجَعُونَ ﴾

“Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?” (“əl-Muminun” surəsi, 115-ci ayə)

Həmçinin buyurur:

﴿ وَمَا خَلَقْنَا السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا لَاعِبِينَ ﴾

“Biz göyləri, yeri və onların arasında olanları oyun olaraq (əbəs yerə) yaratmadıq”. (“əd-Duxan” surəsi, 38-ci ayə)

Allah-Təala digər bir ayədə isə belə buyurur:

﴿ وَمَا خَلَقْنَا السَّمَاءَ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا بَاطِلًا ۚ ذَٰلِكَ ظَنُّ الَّذِينَ كَفَرُوا ۚ فَوَيْلٌ لِلَّذِينَ كَفَرُوا مِنَ النَّارِ ﴾

“Biz göyü, yeri və onların arasında olanları boş-boşuna yaratmadıq. Bu, kafirlərin zənnidir. Cəhənnəm odunda yanacaq kafirlərin vay halına!”  (“Sad” surəsi, 27-ci ayə)

Mübarək ayələrdə keçdiyi kimi Uca Allah bu dünyanı və orada olanları boş yerə deyil, məqsədli şəkildə  yaratmışdır. Həmin məqsədlərin də ən başlıcası insanların Allaha, onun göndərdiyi peyğəmbərlərə, Axirət günündə insanların hamısının yenidən dirilərək Allah qarşısında sorğu-sual olunacaqlarına, yəni Qiyamət gününə inanaraq Allaha düzgün qaydada ibadət edib saleh əməllər etmələri və pis işlərdən çəkinmələridir.

Bu barədə Allah-Təala buyurur:

﴿ الَّذِي خَلَقَ الْمَوْتَ وَالْحَيَاةَ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًا ۚ وَهُوَ الْعَزِيزُ الْغَفُورُ ﴾

“Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır”. (“əl-Mulk” surəsi, 2-ci ayə)

Həmçinin buyurur:

﴿ وَلِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ لِيَجْزِيَ الَّذِينَ أَسَاءُوا بِمَا عَمِلُوا وَيَجْزِيَ الَّذِينَ أَحْسَنُوا بِالْحُسْنَى ﴾

“Göylərdə və yerdə nə varsa, (hamısı) Allahındır. O, pislik edənlərə əməllərinin cəzasını verəcək, yaxşılıq edənləri isə ən gözəl mükafatla mükafatlandıracaqdır!” (“ən-Nəcm” surəsi, 31-ci ayə)

Yer üzünün və orada olanların yaradılmasının hikmət və məqsədi insanlar tərəfindən unudulduqca, bir olan Allaha deyil, insanlar digər məxluqlara ibadət edirlər. Allahdan digərlərini özlərinə ilah, ruzi verən bilib Allahdan deyil, onlardan yardım istəyərək Allaha şərik qoşurlar. Ondan uzaqlaşdıqca Allah-Təala rəhmət olaraq müəyyən vaxt, zaman və məkanlarda yer üzünə insanları Allaha çağıran, haqq yolu göstərən peyğəmbərlər göndərmişdir. Bu mübarək peyğəmbərlik öhdəliyi müəyyən ümmətə, millətə deyil, sonuncu peyğəmbərə qədər olan hər bir ümmət və millətə şamil edilmişdir.

Bu barədə Uca Allah buyurur:

﴿ وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا أَنِ اعْبُدُوا اللَّهَ وَاجْتَنِبُوا الطَّاغُوتَ… ﴾

“Biz hər ümmətə: “Allaha ibadət edin, Tağutdan uzaq olun!” – (deyən) peyğəmbər göndərdik…” (“ən-Nəhl” surəsi, 36-cı ayə)

Həmçinin buyurur:

﴿ …وَإِنْ مِنْ أُمَّةٍ إِلَّا خَلَا فِيهَا نَذِيرٌ ﴾

“…Elə bir ümmət yoxdur ki, ona xəbərdar edən (bir peyğəmbər) gəlmiş olmasın”. (“Fatir” surəsi, 24-cü ayə)

İsa peyğəmbərdən (Allahın ona salamı olsun) bir neçə yüz il sonra insanları düşdükləri azğınlıqdan haqqa çağırmaq üçün Uca Allah yer üzünə Məhəmməd peyğəmbəri (Allahın ona salavat və salamı olsun) göndərir.

Allah-Təala buyurur:

﴿ يَا أَهْلَ الْكِتَابِ قَدْ جَاءَكُمْ رَسُولُنَا يُبَيِّنُ لَكُمْ عَلَىٰ فَتْرَةٍ مِنَ الرُّسُلِ أَنْ تَقُولُوا مَا جَاءَنَا مِنْ بَشِيرٍ وَلَا نَذِيرٍ فَقَدْ جَاءَكُمْ بَشِيرٌ وَنَذِيرٌ ۗ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ ﴾

“Ey Kitab əhli! Artıq sizə elçilərin ardı-arası kəsildiyi (İsa ilə Məhəmməd arasındakı) bir dövrdə: “Bizə (Cənnət neməti ilə) müjdələyən və (Cəhənnəm əzabı ilə) qorxudan bir kəs gəlmədi”– deməyəsiniz deyə sizə (haqqı) bəyan edən (Məhəmməd adlı) elçimiz gəldi. Artıq sizə müjdələyən və qorxudan (Məhəmməd peyğəmbər) gəlmişdir. Allah hər şeyə qadirdir”.  (“əl-Maidə” surəsi, 19-cu ayə)

Məhəmməd peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) öncəki bütün peyğəmbərlər yalnız öz qövmlərinə göndərilirdilər. Lakin o peyğəmbərlərdən fərqli olaraq Uca Allah Məhəmməd peyğəmbəri (Allahın ona salavat və salamı olsun) yalnız bir millət üçün deyil, yer üzündə olan bütün millətlər və qövmlər üçün göndərmişdir.

Bu barədə Uca Allah buyurur:

﴿ وَمَا أَرْسَلْنَاكَ إِلَّا كَافَّةً لِلنَّاسِ بَشِيرًا وَنَذِيرًا وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُون َ ﴾

“(Ey Peyğəmbər!) Biz səni (təkcə öz qövmünə deyil) bütün insanlara (Cənnət neməti ilə) müjdə verən, (Cəhənnəm əzabı ilə) qorxudan (bir peyğəmbər) olaraq göndərdik. Lakin insanların əksəriyyəti (bunu) bilməz!” (“Səba” surəsi, 28-ci ayə)

Həmçinin buyurur:

﴿ وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِلْعَالَمِينَ ﴾

“Biz səni aləmlərə yalnız rəhmət olaraq göndərdik”. (“əl-Ənbiya” surəsi, 107-ci ayə)

Allah-Təala bütün bəşəriyyəti peyğəmbərlərin sonuncusu olan Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) ilə şərəfləndirərək insanların İlahi vəhyi asanlıqla qavrayıb iman etmələri üçün onu ən güclü dəlil və sübutlarla göndərmişdir. Elə bir sübutlar ki, onları eşidən hər bir ağıl sahibi Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) həqiqətən də Allah tərəfindən göndərildiyinə inanmalı və zərrə qədər belə şübhə etmədən onun dediklərini təsdiqləməlidir. Bu sübutların ən böyüyü istər dini, istərsə də elmi cəhətdən misli-bərabəri olmayan Qurani-Kərim və Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) hədisləridir.

Qurani-Kərimin həm mənası, həm də sözləri birbaşa Uca Allah tərəfindəndir. Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) hədislərinin isə mənası Uca Allah tərəfindən, sözləri isə Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) tərəfindəndir. Ümumilikdə isə Quran və hədislərin hər ikisi bəşər övladının dünya və axirət səadətini qazanmaları üçün müəyyən yollar qoymuş və onların hər ikisi insanların tərəddüd etmədən inanmaları üçün yüzlərlə möcüzə xarakterli dəlil və sübutlar zikr etmişdirlər.

1400 il əvvəl deyilən bu elmi möcüzələr inkişaf etmiş müasir dövrümüzdə aşkara çıxmış və hələ də çıxmaqda davam edir. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) hədislərində qeyd olunan elmi möcüzələr həqiqətən də bu hədislərin Allah-Təala tərəfindən Məhəmməd peyğəmbərə (Allahın ona salavat və salamı olsun) vəhy olunduğuna açıq-aydın sübutdur.

Bu bölmədə Allahın yardımı ilə Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) hədislərində keçən və müasir elmi, alimləri qabaqlayaraq 1400 il əvvəl deyilmiş möcüzələrdən bəhs edəcəyik.

Hazırladı: Samin Məmmədov

Şərh əlavə et

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *