“Cəbrayılı Sidratul-Muntəhədə gördüm. Onun altı yüz qanadı var idi. Qanadlarından rəngbərəng inci və yaqut tökülürdü”.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Qurani-Kərimdə qeyd edildiyi kimi min aydan xeyirli olan Qədr gecəsində mələklərin ən əzəmətlisi olan Cəbrayıl digər mələklərlə (Allahın onlara salamı olsun) yer üzünə nazil olur.

Bu haqda Uca Allah buyurur:

﴿ تَنَزَّلُ الْمَلَائِكَةُ وَالرُّوحُ فِيهَا بِإِذْنِ رَبِّهِمْ مِنْ كُلِّ أَمْرٍ ﴾

“O gecə mələklər və ruh (Cəbrayıl) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər”. (“əl-Qədr” surəsi, 4-cü ayə)

Əlbəttə ki, Uca Allahın Cəbrayılın yerə enməsini xüsusi olaraq vurğulaması, o mələyin Allah və bütün məxluqatlar qatında hörmətinə, əzəmətinə və həmçinin də Qədr gecəsinin özünün də fəzilətinə dəlalət edir.

Bu əzəmətli mələk haqqında az da olsa məlumata sahib olmamız bu mübarək gecələrdə yerinə düşmüş olar.

Cəbrayılın (Allahın ona salamı olsun) Qurani-Kərimdə ruh adlanmasının səbəbi

Həyatın varlığı ruh ilə olduğu üçün dində də insanların nicatının varlığı Cəbrayıldır deyə ruh adlanmışdır.

Yaxud bədən ruh ilə həyat tapdığı kimi din də Cəbrayıl ilə həyat tapdığı üçün ruh adlanmışdır.

Yaxud insanların ruhu kimi bədəndə deyil, özü-özlüyündə bədənsiz ruhdur deyə ruh adlanmışdır.

Yaxud ruhani aləmdən olub insanla təmasda olduğu üçün ruh adlanmışdır.

Mələklər nurdan yaranıblar

Mələklər, o cümlədən də Cəbrayıl insanlardan və yer üzündə yaşayan digər məxluqatlardan əvvəl mövcuddurlar və nurdan yaranıblar.

Aişə (Allah ondan razı olsun) Peyğəmbərimizin belə dediyini rəvayət edir:

(خُلِقَتِ المَلائِكَةُ مِن نُورٍ، وخُلِقَ الجانُّ مِن مارِجٍ مِن نارٍ، وخُلِقَ آدَمُ ممَّا وُصِفَ لَكُمْ)

“Mələklər nurdan, cinlər tüstüsüz oddan, Adəm isə sizə vəsf ediləndən yaradılmışdır”. (Müslim, Əhməd, Beyhəqi, İbn Hibban və digərləri rəvayət ediblər.)

Məhəmməd peyğəmbər Cəbrayılı (Allahın onlara salavat və salamı olsun) öz surətində görmüşdür

Peyğəmbər Cəbrayılı (Allahın onlara salavat və salamı olsun) öz şəklində yalnız iki dəfə görüb.

Birinci dəfə Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) onu Məkkədə vəhyin ilk vaxtlarında gördüyü barəsində Uca Allah belə buyurur:

﴿ وَلَقَدْ رَآهُ بِالْأُفُقِ الْمُبِينِ ﴾

“O, (Cəbrayılı) açıq-aydın üfüqdə gördü”. (“ət-Təkvir” surəsi, 23-cü ayə)

Peyğəmbərin Cəbrayılı (Allahın onlara salavat və salamı olsun) ikinci dəfə Allah dərgahında meracda olarkən gördüyü barəsində isə Uca Allah buyurur:

﴿ وَلَقَدْ رَآهُ نَزْلَةً أُخْرَىٰ. عِنْدَ سِدْرَةِ الْمُنْتَهَىٰ. عِنْدَهَا جَنَّةُ الْمَأْوَىٰ. إِذْ يَغْشَى السِّدْرَةَ مَا يَغْشَىٰ. مَا زَاغَ الْبَصَرُ وَمَا طَغَىٰ. لَقَدْ رَأَىٰ مِنْ آيَاتِ رَبِّهِ الْكُبْرَىٰ ﴾

“O, (Peyğəmbər Cəbrayılı öz həqiqi surətində) başqa bir dəfə də (merac vaxtı) enərkən gördü. (Yeddinci göydəki) Sidratul-Muntəhənin yanında. (Qiyamətə qədər şəhidlərin və möminlərin ruhlarının məskəni olan) Məva cənnəti də onun yanındadır. O zaman Sidr ağacını bürüyən (Allahın nuru, qızıl kəpənəklər və daha nələr) bürümüşdü. (Peyğəmbərin) gözü (sağa-sola) yayınmadı və (görülməsi icazə veriləndən başqasına baxaraq) həddi aşmadı. O, öz Rəbbinin ən böyük dəlillərindən (möcüzə və nişanələrindən) bəzisini gördü”. (“ən-Nəcm” surəsi, 13-18-ci ayələr)

Peyğəmbərlər Allaha lazımınca iman etmələrinə baxmayaraq, onların daha da yəqinliklərini artırmaq üçün Uca Allah qeyb aləmində yaratdığı gözəlliklərdən peyğəmbərlərinə göstərmişdir.

Buna digər bir misal kimi Uca Allah peyğəmbərlər atası olan İbrahim (Allahın ona salamı olsun) haqqında buyurur:

﴿ وَكَذَٰلِكَ نُرِي إِبْرَاهِيمَ مَلَكُوتَ السَّمَاوَاتِ وَالْأَرْضِ وَلِيَكُونَ مِنَ الْمُوقِنِينَ ﴾

“Beləcə, İbrahimə göylərin və yerin mülkünü (səltənətini, oradakı qəribəlikləri və gözəllikləri, onların Allah qüdrəti ilə yaradılmasını) göstərdik ki, tam yəqinliklə inananlardan olsun!” (“əl-Ənam” surəsi, 75-ci ayə)

Allah-Təala, həmçinin rəhmət olaraq Özünü qullarına tanıtması və onların Allah barədə yəqinliyə çatmaları üçün göndərdiyi peyğəmbərləri ilə qəti olaraq heç kəsin bacara bilməyəcəyi möcüzələr də göndərmişdir.

Möcüzələrin ən sonuncusu və davamlısı isə Məhəmməd peyğəmbərə (Allahın ona salavat və salamı olsun) göndərilən Qurani-Kərimdir. O Quran ki onun 1440 il bundan öncə dediyi ayələr ən inkişaf etmiş əsrimizdəki elm və alimləri qabaqlayaraq Uca Allahın haqq İlah olduğunu, Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) haqq peyğəmbər göndərildiyini və Qurani-Kərimin də Allah-Təala tərəfindən ona haqq olaraq nazil edildiyini bir daha sübut etmişdir.

Allah-Təala buyurur:

﴿ وَلَتَعْلَمُنَّ نَبَأَهُ بَعْدَ حِينٍ ﴾

“Siz onun verdiyi xəbəri (Quranda deyilənlərin doğru olduğunu) bir müddətdən sonra mütləq biləcəksiniz!” (“Sad” surəsi, 88-ci ayə)

Cəbrayılın altı yüz qanadı vardır

Əlbəttə ki, əzəmətli bir mələyin 600 qanadı olması bizə heç də qəribə gəlməli deyil. Kiçik məxluqatlar olan arı, kəpənək və s. kimilərinin füsnkar rənglərlə bəzədilmiş ikidən çox qanadlarının olması buna gözəl bir sübutdur.

Abdullah ibn Məsud (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyini nəql edir:

(رأيتُ جبريلَ عندَ سدرةِ المنتَهى عليهِ سِتُّمائةِ جَناحٍ ، يتَناثرُ منها التَّهاويلُ الدُّرُّ والياقوتُ)

“Cəbrayılı Sidratul-Muntəhədə gördüm. Onun altı yüz qanadı var idi. Qanadlarından rəngbərəng inci və yaqut tökülürdü”. (Əhməd, Nəsai, İbn Xuzeymə və İbn Hibban rəvayət ediblər.)

Sidratul-Muntəhə göyün yeddinci qatındakı vəsf edilməyəcək dərəcədə çox əzəmətli və rəngarəng bir möhtəşəm ağacdır.

Həmçinin Uca Allah mələklərin qanadının sayı barədə belə buyurur:

﴿ الْحَمْدُ لِلَّهِ فَاطِرِ السَّمَاوَاتِ وَالْأَرْضِ جَاعِلِ الْمَلَائِكَةِ رُسُلًا أُولِي أَجْنِحَةٍ مَثْنَىٰ وَثُلَاثَ وَرُبَاعَ ۚ يَزِيدُ فِي الْخَلْقِ مَا يَشَاءُ ۚ إِنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ ﴾

“Göyləri və yeri Yaradan, mələkləri iki-iki, üç-üç və dörd-dörd qanadlı elçilər edən Allaha həmd olsun! O, (mələklərin qanadlarının sayını) yaradılışında istədiyini artırır. Həqiqətən, Allah hər şeyə qadirdir”. (“Fatir” surəsi, 1-ci ayə)

Cəbrayıl Allah yanında ən hörmətli mələkdir və digər mələklər ona tabedirlər

Bu haqda Uca Allah buyurur:

﴿ إِنَّهُ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ. ذِي قُوَّةٍ عِنْدَ ذِي الْعَرْشِ مَكِينٍ. مُطَاعٍ ثَمَّ أَمِينٍ ﴾

“Bu (Quran Allah dərgahında) çox hörmətli olan bir elçinin (Cəbrayılın) gətirdiyi kəlamdır”. (O elçi ki) çox qüvvətlidir, Ərşin sahibi (olan Allah) yanında (böyük ) hörmət sahibidir. Orada (o, mələklər arasında) itaət ediləndir, (Allah yanında vəhy çatdırmaqda) etibarlıdır”. (“ət-Təkvir” surəsi, 19-21-ci ayələr)

Cəbrayıl vəhy mələyidir

Cəbrayıl bütün peyğəmbərlərə, o cümlədən də Məhəmməd peyğəmbərə (Allahın onlara salavat və salamı olsun) Allah-Təalanın vəhyini, nazil etdiyi kitabları çatdıran ən şərəfli mələkdir.

Uca Allah buyurur:

﴿ نَزَلَ بِهِ الرُّوحُ الْأَمِينُ . عَلَىٰ قَلْبِكَ لِتَكُونَ مِنَ الْمُنْذِرِينَ ﴾

“Onu (Quranı) etibarlı ruh (Cəbrayıl) endirdi. Sənin qəlbinə ki xəbərdar edənlərdən olasan”. (“əş-Şuara” surəsi, 193 və 194- cü ayələr)

Cəbrayıl çox qüvvətli və gözəl görünüşlüdür

Uca Allah buyurur:

﴿ عَلَّمَهُ شَدِيدُ الْقُوَىٰ . ذُو مِرَّةٍ فَاسْتَوَىٰ ﴾

“Bunu (Quranı) ona çox qüvvətli olan (Cəbrayıl) öyrətdi. (Ona) gözəl görünüşlü (Cəbrayıl) öz surətində göründü”. (“ən-Nəcm” surəsi, 5-7-ci ayələr)

Cəbrayıl cismən çox böyük bir mələkdir

Aişə (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyini nəql edir:

(رأيته منهبطاً من السماء، سادّاً عِظَمُ خَلْقه ما بين السماء إلى الأرض)

“Onu göydən enərkən əzəmətli yaradılışının göy ilə yerin arasını tutduğunu gördüm”. (Müslim, Tirmizi və Əhməd rəvayət ediblər.)

Uca Allah bəzi mələkləri müəyyən səbəblərə görə ağlımızın dərk edə bilməyəcəyi qədər çox böyük xəlq etmişdir. Hətta, elə mələklər vardır ki, onların cismlərinin bir hissəsini qət etmək üçün 700 il vaxt lazımdır.

Cabir ibn Abdullah (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyini nəql edir:

(أُذِن لي أن أحدث عن ملك من ملائكة الله من حملة العرش، إن ما بين شحمة أذنه إلى عاتقه مسيرة سبعمائة عام)

“Allahın mələklərindən olan ərşi daşıyan bir mələk haqda danışmaq mənə icazə verildi. Onun qulağı ilə çiyni arasındakı məsafə yeddi yüz illik məsafədir”. (Əbu Davud rəvayət edib.)

Hədisdən aydın olduğu kimi aləmlərə rəhmət olaraq göndərilən Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) Uca Allahın yaratdığı qeybi aləmdə bir çox şeylər görmüşdür. Lakin gördüyü hər bir şey barədə danışması isə ona icazəli olmamışdır.

Cəbrayıl və digər mələklər öz həqiqi şəkillərindən çıxaraq digər şəkillərə də düşə bilirlər

Bu haqda Uca Allah buyurur:

﴿ وَاذْكُرْ فِي الْكِتَابِ مَرْيَمَ إِذِ انْتَبَذَتْ مِنْ أَهْلِهَا مَكَانًا شَرْقِيًّا. فَاتَّخَذَتْ مِنْ دُونِهِمْ حِجَابًا فَأَرْسَلْنَا إِلَيْهَا رُوحَنَا فَتَمَثَّلَ لَهَا بَشَرًا سَوِيًّا ﴾

“Kitabda (Quranda) Məryəmi də xatırla. O zaman o, ailəsindən (ayrılıb) şərq tərəfdə olan bir yerə çəkilmiş və (ibadət vaxtı) onlardan (gizlənmək üçün) pərdə tutmuşdu. Biz Öz Ruhumuzu (Cəbrayılı) onun yanına göndərdik. O, Məryəmin qarşısında tam insan surətində peyda oldu”. (“Məryəm” surəsi, 16 və 17-ci ayələr)

Həmçinin bir çox hədislərdə də Cəbrayılın Məhəmməd peyğəmbərə (Allahın onlara salavat və salamı olsun) insan formasında gəlməsi nəql olunmuşdur.

Cəbrayıla və ümumən də bütün mələklərə iman edərək onları sevməliyik

İslamda mələklərə iman etmək imanın altı şərtindən biri hesab olunur. Hər bir müsəlmanın iman edərək onları sevməsi lazımdır.

Keçmişdə həddini aşmış qövmlərin şəhərlərini alt-üst etməsi üçün Allah-Təala Cəbrayılı göndərdiyinə görə bəziləri onu özlərinə düşmən sayırdılar deyə onlar barədə Uca Allah buyurur:

﴿ قُلْ مَنْ كَانَ عَدُوًّا لِجِبْرِيلَ فَإِنَّهُ نَزَّلَهُ عَلَىٰ قَلْبِكَ بِإِذْنِ اللَّهِ مُصَدِّقًا لِمَا بَيْنَ يَدَيْهِ وَهُدًى وَبُشْرَىٰ لِلْمُؤْمِنِينَ. مَنْ كَانَ عَدُوًّا لِلَّهِ وَمَلَائِكَتِهِ وَرُسُلِهِ وَجِبْرِيلَ وَمِيكَالَ فَإِنَّ اللَّهَ عَدُوٌّ لِلْكَافِرِينَ ﴾

“(Ey peyğəmbər!) Cəbrayıla düşmən olan kimsəyə de ki, onu (Quranı) özündən əvvəlkiləri (Tövratı və İncili) təsdiqləyici, möminlər üçün isə hidayət və müjdəçi olaraq Allahın izni ilə sənin qəlbinə o nazil etmişdir. Hər kim Allaha, onun mələklərinə və peyğəmbərlərinə, Cəbrayıla və Mikayıla düşməndirsə, şübhəsiz, Allah da (belə) kafirlərə düşməndir”. (“əl-Bəqərə” surəsi, 97 və 98-ci ayələr)

Mələklər kişi və qadın deyildirlər

Quran nazil olan dövrdə bəzi müşriklər istehza olaraq mələkləri “qızlar” adlandırırdılar. Bu batil iddiaya cavab olaraq Uca Allah buyurur:

﴿ وَجَعَلُوا الْمَلَائِكَةَ الَّذِينَ هُمْ عِبَادُ الرَّحْمَٰنِ إِنَاثًا ۚ أَشَهِدُوا خَلْقَهُمْ ۚ سَتُكْتَبُ شَهَادَتُهُمْ وَيُسْأَلُونَ ﴾

“Onlar Rəhmanın qulları olan mələkləri dişi saydılar. Məgər onlar (mələklərin) yaradılışına şahidmi olmuşlar?! Onların bu şəhadəti (əməl dəftərlərinə) yazılacaq və (bu barədə) sorğu-sual olunacaqlar!” (“Zuxruf” surəsi, 19-cu ayə)

Mələklər yeyib-içmirlər

İbrahim peyğəmbər (Allahın ona salamı olsun) evinə gələnləri həqiqi insan zənn etdiyinə görə yemək təqdim edən zaman onlar mələk olduqları üçün yemirlər.

Bu barədə Uca Allah buyurur:

﴿ فَلَمَّا رَأَىٰ أَيْدِيَهُمْ لَا تَصِلُ إِلَيْهِ نَكِرَهُمْ وَأَوْجَسَ مِنْهُمْ خِيفَةً ۚ قَالُوا لَا تَخَفْ إِنَّا أُرْسِلْنَا إِلَىٰ قَوْمِ لُوطٍ ﴾

“(İbrahim qonaqların) əllərinin yeməyə uzanmadıqlarını gördükdə onların bu hərəkəti xoşuna gəlmədi və qorxuya düşdü. Onlar dedilər: “Qorxma (biz Allahın mələkləriyik), biz Lut tayfasına (onu məhv etmək üçün) göndərilmişik!” (“Hud” surəsi, 70-ci ayə)

Mələklər yatmırlar

Mələklər hər an Uca Allahın onlara kainata aid tapşırdığı vəzifələri yerinə yetirərək yatmadan və yorulmadan yalnız ibadətə layiq olan Allah-Təalaya ibadət edərək Onu zikrlə anarlar.

Bu barədə Uca Allah buyurur:

﴿ وَلَهُ مَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَمَنْ عِنْدَهُ لَا يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِهِ وَلَا يَسْتَحْسِرُونَ. يُسَبِّحُونَ اللَّيْلَ وَالنَّهَارَ لَا يَفْتُرُونَ ﴾

“Göylərdə və yerdə olan (bütün) məxluqat Onundur. Onun dərgahında olanlar (rütbə və şərəf etibarilə mənən Allaha yaxın mələklər) Ona ibadət etməyə təkəbbür göstərməz və (bu ibadətdən) yorulmaq bilməzlər. Onlar gecə-gündüz, yorulub-usanmadan (Rəbbini) təqdis edib şəninə təriflər deyərlər”. (“əl-Ənbiyə” surəsi, 19 və 20-ci ayələr)

Mələklər iman edənlər üçün Allahdan bağışlanma diləyərlər

Allah-Təala hər bir mələyə vəzifə həvalə etməsinə baxmayaraq, həmin mələklər usanmadan Allahdan iman edənlər üçün rəhmət və bağışlanma da diləyirlər.

Bu barədə Uca Allah buyurur:

﴿ الَّذِينَ يَحْمِلُونَ الْعَرْشَ وَمَنْ حَوْلَهُ يُسَبِّحُونَ بِحَمْدِ رَبِّهِمْ وَيُؤْمِنُونَ بِهِ وَيَسْتَغْفِرُونَ لِلَّذِينَ آمَنُوا رَبَّنَا وَسِعْتَ كُلَّ شَيْءٍ رَحْمَةً وَعِلْمًا فَاغْفِرْ لِلَّذِينَ تَابُوا وَاتَّبَعُوا سَبِيلَكَ وَقِهِمْ عَذَابَ الْجَحِيمِ ﴾

“Ərşi daşıyanlar və onun ətrafında olanlar (mələklər) öz Rəbbini həmd-səna ilə təqdis edir, Ona inanır və möminlərin bağışlanmasını diləyərək belə deyirlər: “Ey Rəbbimiz! Sənin rəhmin və elmin hər şeyi əhatə etmişdir. Artıq tövbə edib Sənin yolunla gedənləri bağışla, onları cəhənnəm əzabından qoru!” (“Ğafir” surəsi, 7-ci ayə)

Həmçinin buyurur:

﴿ هُوَ الَّذِي يُصَلِّي عَلَيْكُمْ وَمَلَائِكَتُهُ لِيُخْرِجَكُمْ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ ۚ وَكَانَ بِالْمُؤْمِنِينَ رَحِيمًا ﴾

“Sizi zülmətdən nura çıxartmaq üçün mələkləri ilə birlikdə sizə mərhəmət istəyən Odur. Allah möminlərə qarşı rəhmlidir”. (“əl-Əhzəb” surəsi, 43-cü ayə)

Əlbəttə ki, hər bir müsəlman Uca Allahın və Rəsulunun (Allahın ona salavat və salamı olsun) qeybdən verdiyi xəbərlərə yəqinliklə inanmalı və özü üçün onlar barədə təfəkkür edərək daima imanını artırmalıdır.

Əgər alimlər yer üzündə olan canlıların hamısının deyil, yalnız hər bir növünün sayının bir trilyon olduğunu deyirlərsə, əgər alimlər yalnız səmanın birinci qatının altında olan göy cismlərinin 5%-ni görüb yalnız 1%-ni belə anlamadıqlarını söyləyirlərsə, o zaman səmada görünməyən digər 95%-də nələr vardır…

Əgər bütün bunlar yalnız səmanın birinci qatının altındakılardırsa, o zaman Uca Allah digər səma qatlarında nələr yaratmışdır…

Əgər Uca Allah bütün bu müvəqqəti yaratdıqlarına belə bir füsnkar gözəlliklər vermişdirsə, əbədi axirət həyatı olan Cənnətdə nələr və nələr yaratmışdır…

Uca Allahın yaratdıqları barədə düşünüb təfəkkür etməyin özü də bir ibadətdir və hər birimiz bu ibadəti unutmamalıyıq…

Allah-Təala buyurur:

﴿ الَّذِينَ يَذْكُرُونَ اللَّهَ قِيَامًا وَقُعُودًا وَعَلَىٰ جُنُوبِهِمْ وَيَتَفَكَّرُونَ فِي خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْضِ رَبَّنَا مَا خَلَقْتَ هَٰذَا بَاطِلًا سُبْحَانَكَ فَقِنَا عَذَابَ النَّارِ ﴾

“O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru!” (“Əli İmran” surəsi, 191-ci ayə)

İncə bir məqam…

Bəziləri Allahı deyil, Allahdan qeyrilərini köməyə çağıraraq onları özləri ilə Allah arasında vasitə tuturlar. Hətta, Allahdan başqa hər bir kəsə dua edərək əsl layiq olan Uca Allaha dua etməyi tərgidiblər.

Belələri vasitə edilən şəxsin Allah qatında üstün olduğunu iddia edərək dualarını Allaha deyil, vəfat etmiş insanların ruhlarına edirlər. Beləliklə də, ibadətlərin ən əzəmətlisi olan Uca Allaha dua etməyi tərk etməklə yanaşı, həm də ən böyük günahı qazanmış olurlar.

Əgər hamımız Cəbrayılın (Allahın ona salamı olsun) diri olmasını, Uca Allah qatında və mələklər arasında yüksək dərəcəsini, birbaşa Uca Allah ilə vasitəsiz danışmasını, Qədr gecəsində yerə enərək bizə yaxın olmasını bildiyimiz halda onu köməyə çağırıb, onun üçün qurbanlar kəsib nəzir vermiriksə və belə etməyi dinimiz bizdən istəməyibsə, digər bizə nisbətdə dünyasını dəyişən peyğəmbərlərin, şəhidlərin (bizə görə deyil, yalnız Allah qatında diri olsalar da belə), saleh insanların ruhlarını və s. çağırıb kömək istəməmiz və onlar üçün qurban kəsərək, nəzirlər verməmiz, əlbəttə ki, dinimizin qadağan etdiyi bir əməldir…

✍🏻 Samin Məmmədov

şərhlər

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

  • Təsvir edilənlər məqsədyönlü istifadə edənlər üçün əla bir mənbədir. Mən qardaşımız Samin Məmmədova istinad etməklə bu mənbədən istifadə etdim.
    k.e.d. Rahim Dashdiyev

  • İsrafil ə.s
    Mikayıl ə.s
    Ölüm mələyi ə.s haqqındada mövzu çıxsa yaxşı olar.