“Bu (gördükləriniz) Allahın yaratdıqlarıdır. İndi siz də Mənə (Allahdan) başqalarının nə yaratdığını göstərin...”

Rəhmli və Mərhəmətli Allahın adı ilə

İnsan beyni Yaradan Allahın möcüzələrindən olan bir üzvdür. O, bütün insan cisminin və hərəkətinin mərkəzidir. Beyin insan bədənində olan ən qəliz və sirli orqan sayılır. Beyin özündə minlərlə siniri cəm edir və bu sinirlərin hər biri insan orqanizmində müəyyən bir nöqtə ilə əlaqəlidir. Alimlər uzun illərdir ki, bu kiçik orqanın içərisində olan sirləri, möcüzələri araşdırır və bu günümüzədək də insanların təsəvvür edə bilməyəcəyi əsrarəngiz həqiqətləri üzə çıxarmağa davam edirlər.

Biz bu həqiqətlərdən bəziləri haqda bəhs edəcəyik!

İlk olaraq qeyd edək ki, beyin ağrı hiss etmir. Bunun səbəbi beyində ağrı reseptorlarının mövcud olmamasıdır. Buna görə də cərrahlar beyin əməlliyatını xəstəyə narkoz vurmadan yerinə yetirə bilirlər. Bu da əməliyyat nəticəsində narkozun insan orqanizmində buraxa biləcəyi müxtəlif zərərlərin təsirindən qorunmasına səbəb olur.

İnsan beyni özündə 160.930 km. uzunluğunda olan qan damarlarını əhatə edir. Yer kürəsinin dairəvi uzunluğu 40.075 km-dir. Beynin qan damarlarının uzunluğunun 160.930 km. olması isə həqiqətən də, böyük bir rəqəmdir. Eyni zamanda, beynin daxilində 100 milyarda qədər sinir hüceyrələri (neyron) və 1 trilyon glial adlanan hüceyrələr mövcuddur. Beyin hüceyrələrinin hamısı eyni tipli deyil. 10.000-ə yaxın müxtəlif beyin hüceyrələri vardır. Beynin hər bir sinir hüceyrəsi, təxminən, 40.000 sinir qovşaq nöqtəsinə bağlanır. Və bu neyronların hər biri 10.000 dənə üzvü ilə əlaqə yaradır. Beyinə daxil olan və çıxan sinir impulsların sürəti saatda 270 kilometrə bərabərdir.

Beyin neyronlarının bir-biri ilə bağlantısının fotogörüntüsü

İnsan beyninin işləməsi üçün əsasən qana ehtiyacı var. İnsan bədəninin qanının, təxminən, 20% — i beyinə yönəldilir və gündə 1000 litr qan beyindən keçir. Həmçinin, alimlər qeyd edirlər ki, beyin insan enerjisindən 17 %, oksigendən isə 20 % istifadə edir. Onun 75 %- ni su təşkil edir. Ümumilikdə insan beyni yağdan ibarətdir. Beyin oyaq olduğu zaman 10-23 vatt arası enerji hasil edir. Beyinin tam fəaliyyəti üçün 10 voltluq lampa gücündə enerji tələb olunur. İnsan beynində saniyədə, təxminən, 100.000 kimyəvi reaksiyalar baş verir.

Əgər 10 saniyə ərzində beyinə qan ötürülməzsə, həmin anda insanda ürəkgetmə yaranar. Beyin 4-6 dəqiqə ərzində oksigensiz fəaliyyət göstərə bilir, ondan sonra isə artıq ölməyə başlayır. Oksigenin 6-10 dəqiqə çatışmazlığı beyini bərpaedilməz zərərlərə məruz qoyur.

Ölümdən sonra beyini saxlamaq mümkündür. Kanzas ştatında, Viçita Universitetinin həkimi Tomas Harvey Albert Eynşteynin beynini 240 parça şəklində onun öldüyü 1955-ci ildən bəri Formaldehid adlı qarışımının (metanol və qarışqa turşusunun aldehidinin) içərisində saxlamağı bacarmışdır.

Beyin iki eyni olmayan hissədən (yarımkürədən) və dörd qismdən ibarətdir. Onların ikisi bir anda işləmir. Belə ki, sol yarımkürə düşünmək, başa düşmək, analiz etmək kimi vəzifələri yerinə yetirir. Sağ yarımkürə isə görmək, eşitmək, dad hiss etmək və s. kimi hissiyatların fəaliyyətini yerinə yetirir.

Alın payı — alın nahiyəsi tərəfdə yerləşir. Beyinin bu hissəsi onun idarəçi hissəsi hesab olunur. İnsanın emosiyalarını idarə edir. Buna görə də insan beyinin bu hissəsindən zədə aldıqda onun hissiyyatlarında böyük dəyişikliklər baş verə bilir.

Təpə payı — başın əmgək hissəsində yerləşir. Əsas funksiyası insanın hissləri və ətraf mühit ilə rəftarı ilə əlaqəlidir. Məhz buna görə də beyinin bu hissəsində çoxlu sinir hüceyrələri mövcuddur.

Ənsə payı — başın arxa tərəfində yerləşir. Görmə qabiliyyəti ilə əlaqəli funksiya daşıyır. Xəfif zədə nəticəsində görmə ilə əlaqəli ciddi problemlərin yaranması mümkündür.

Gicgah payı — beyinin bu hissəsi isə dilləri, səsləri, qoxuları və bir çox qarışıq şeyləri ayırd etmə funksiyasının mərkəzi hesab olunur. Eyni zamanda emosiyaların və yaddaşın tənzimində iştirak edir.

Həcminə görə, kişinin beyni qadının beynindən daha böyükdür. Lakin bu ağılın yox, ölçünün böyüklüyüdür. Kişinin beyninin sağ yarımkürəsi onun sol yarımkürəsini idarə edir. Qadının beyni isə orada olan neyronların (sinir hüceyrələrinin) daha aktiv işləməsi ilə seçilir. Böyük həcmli beyin zəkanın göstəricisi deyildir. Bir çox insanlar elə zənn edirlər ki, beyinin çəkisinin ağır olması zəkanın çox olmasına işarə edir.

Lakin əslində bu belə deyil. Belə ki orta hesabla normal insan beyninin çəkisi 1400 qram olduğu təqdirdə, Eynşteynin beyninin çəkisi 1230 qram idi. Amma bununla belə o, öz zəkası ilə seçilirdi. O zaman fil beyni insan beynindən böyük olduğu üçün filin insandan daha ağıllı olması gərəkərdi. Araşdırmalara görə, son 20.000 il ərzində insan beyni öz orta həcmindən tennis topu boyda kiçilmişdir.

Daima insanlardan gecə yuxusuna önəm verməklə əlaqəli tövsiyələr eşidirik. Tədqiqatlar əsasında ortaya çıxan nəticə beynin yatarkən enerji toplaması, baş verən hadisələri analiz etməsi və onlara qarşı hazırlıq görməsidir. Buna görə də hətta, günorta yuxusu günün gümrah keçməsi üçün əsas səbəblərdən biridir. Günorta vaxtında 30 dəqiqəlik yuxu belə günün qalan hissəsini diqqət və yadda saxlama qabiliyyətini artırmağa kömək edir və gün ərzində beynin fəallığını daha da yaxşılaşdırır.

İnsan beyni kompüter olduğu təqdirdə, saniyədə 38 trilyon prosesi işlədə bilər. Başqa yol ilə desək, insan beyni dünyanın ən sürətli superkompüterindən 500.585 dəfə daha sürətlidir. 2015-ci ildə dünyadakı dördüncü güclü superkompüter insan beyninin 1 saniyədə etdiyini yalnız 40 dəqiqə ərzində bacara bilmişdir.

Dünyanın ən güclü superkompüteri

Kompüter və digər cihazlardan fərqli olaraq insan beyninin yaddaşı sonsuzdur və heç vaxt dola bilməz. İnsan hər dəfə müəyyən bir şeyi yaddaşına qeyd etdikdə, beyin yeni hüceyrələr və sinir bağlantıları yaratmağa başlayır.

Doğru qidalanmaq beyini inkişaf etdirir. Dəniz məhsullarından olan yeməklər beyin üçün ən faydalı yeməkdir və bu, yaddaşı 15% artırır. Eyni zamanda, müntəzəm edilən idman beyinin diqqətini və xoşbəxtlik duyğusunu artırmağa kömək edir.

Onu da qeyd etmək lazımdır ki, uşaqların beyinləri məişət zorakılığına görə ciddi şəkildə zədələnir və bu, müharibə zamanı əsgərlərə dəyən eyni zərərə bərabərdir. Yüksək səslə kitab oxumaq və uşaqla daimi şəkildə danışmaq uşağın beyninin inkişafına yardım edir.

İnsan beyni 40 yaşın sonuna qədər inkişaf edərək irəliləyir və ən yaxşı anlarına çatır. Ondan sonra isə sabitləşməyə başlayır.

Özündə bu qədər əhəmiyyətli, əsrarəngiz xüsusiyyətləri cəm edən bu kiçik orqanın necə nizam-intizamla fəaliyyət göstərməsi daha bir möcüzədir. Bunların hamısını yaradan və bu nizam-intizamı qoruyan Uca Allahdır.

Allah-Təala buyurmuşdur:

﴿ هَٰذَا خَلْقُ اللَّهِ فَأَرُونِي مَاذَا خَلَقَ الَّذِينَ مِنْ دُونِهِ ۚ بَلِ الظَّالِمُونَ فِي ضَلَالٍ مُبِينٍ ﴾

“Bu (gördükləriniz) Allahın yaratdıqlarıdır. İndi siz də Mənə (Allahdan) başqalarının nə yaratdığını göstərin. Əksinə, zalımlar açıq-aydın azğınlıqdadırlar”. (“Loğman” surəsi, 11-ci ayə)

Şərh əlavə et

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *