İslam dini sadə və insanlar üçün olduqca çox asan bir dindir!

Rəhmli və Mərhəmətli Allahın adı ilə

İslam sözünün mənası təslim olmaq, tabe olmaq deməkdir. Yəni insan yalnız Allaha təslim olaraq Onun dediklərini təsdiqləməli, göndərdiyi kitablara və peyğəmbərlərə iman edərək onlara tabe olmalıdır.

“İslam dini” ifadəsinin iki mənası var:

Birinci məna: Müştərək İslam dini: yəni Allaha şərik qoşmadan yalnız Ona ibadət etmək. Bu İslam dinində bütün peyğəmbərlər yekdil olmuş, hamısı da İslam dininə və tovhidə çağırmışlar.

Uca Allah İbrahim və onun övladlarının (Allahın onlara salamı olsun) İslamda olmaları barədə buyurur:

﴿ إِذْ قَالَ لَهُ رَبُّهُ أَسْلِمْ ۖ قَالَ أَسْلَمْتُ لِرَبِّ الْعَالَمِينَ. وَوَصَّىٰ بِهَا إِبْرَاهِيمُ بَنِيهِ وَيَعْقُوبُ يَا بَنِيَّ إِنَّ اللَّهَ اصْطَفَىٰ لَكُمُ الدِّينَ فَلَا تَمُوتُنَّ إِلَّا وَأَنْتُمْ مُسْلِمُونَ. أَمْ كُنْتُمْ شُهَدَاءَ إِذْ حَضَرَ يَعْقُوبَ الْمَوْتُ إِذْ قَالَ لِبَنِيهِ مَا تَعْبُدُونَ مِنْ بَعْدِي قَالُوا نَعْبُدُ إِلَٰهَكَ وَإِلَٰهَ آبَائِكَ إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ إِلَٰهًا وَاحِدًا وَنَحْنُ لَهُ مُسْلِمُونَ ﴾

“Rəbbi İbrahimə : “(Əmrimə) təslim ol!” – dedikdə, o: “Aləmlərin Rəbbinə təslim oldum (müsəlman oldum)!” – deyə cavab vermişdi. İbrahim və (sonra da) Yaqub bunu (müsəlman olmağı) öz oğlanlarına vəsiyyət edib (hər biri dedi) : “Ey oğlanlarım, həqiqətən, Allah sizin üçün (belə bir) din (islam dini) seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz! Yoxsa siz Yaquba ölüm gəldikdə (onun) yanında idiniz? O zaman o, öz oğullarına dedi: “Məndən sonra nəyə ibadət edəcəksiniz?” Onlar dedilər: “Sənin İlahına, atalarının – İbrahimin, İsmailin və İshaqın İlahı olan Tək İlaha ibadət edəcəyik. Biz yalnız Ona təslim olanlarıq!”” (“əl-Bəqərə” surəsi, 131-133-cü ayələr)

Allah-Təala Musa (Allahın ona salamı olsun) barədə buyurur:

﴿ وَقَالَ مُوسَىٰ يَا قَوْمِ إِنْ كُنْتُمْ آمَنْتُمْ بِاللَّهِ فَعَلَيْهِ تَوَكَّلُوا إِنْ كُنْتُمْ مُسْلِمِينَ ﴾

“Musa dedi: “Ey qövmüm! Əgər Allaha iman gətirmişsinizsə və müsəlman olmuşsunuzsa, Ona təvəkkül edin!” (“Yunus” surəsi, 84-cü ayə)

İsa (Allahın ona salamı olsun) barədə isə buyurur:

﴿ فَلَمَّا أَحَسَّ عِيسَىٰ مِنْهُمُ الْكُفْرَ قَالَ مَنْ أَنْصَارِي إِلَى اللَّهِ ۖ قَالَ الْحَوَارِيُّونَ نَحْنُ أَنْصَارُ اللَّهِ آمَنَّا بِاللَّهِ وَاشْهَدْ بِأَنَّا مُسْلِمُونَ ﴾

“İsa onlardakı (yəhudilərdəki) küfrü hiss etdikdə dedi: “Allah yolunda kimlər mənə yardımçı olacaq?” Həvarilər dedilər: “Bizik Allahın (dininin) yardımçıları! Biz Allaha iman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanlarıq!” (“əli İmran” surəsi, 52-ci ayə)

Allah-Təala Quranı və İslamın gəlişini eşidib ona inanan yəhudi və məsihilər barəsində buyurur:

﴿ الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ مِنْ قَبْلِهِ هُمْ بِهِ يُؤْمِنُونَ. وَإِذَا يُتْلَىٰ عَلَيْهِمْ قَالُوا آمَنَّا بِهِ إِنَّهُ الْحَقُّ مِنْ رَبِّنَا إِنَّا كُنَّا مِنْ قَبْلِهِ مُسْلِمِينَ ﴾

“(Qurandan) əvvəl kitab vermiş olduğumuz kəslər (mömin yəhudi və məsihilər) ona (Qurana) inanırlar. Onlara (Quran) oxunduğu zaman: “Biz ona inandıq. Doğrudan da, Rəbbimizdən (nazil olmuş) haqdır. Biz ondan əvvəl də müsəlman (tovhidə, təkallahlığa inanıb, Allahın vəhdaniyyətini qəbul edib yalnız Ona itaət və ibadət edən kəslər) idik!” – deyirlər. (“əl-Qasas” surəsi, 52, 53-cü ayələr)

İslam dini və onun əsas prinsipləri Məhəmməd peyğəmbər də (Allahın ona salavat və salamı olsun) daxil olmaqla bütün peyğəmbərlərin ümumi bir şüarı olmuşdur.

Uca Allah buyurur:

﴿ شَرَعَ لَكُمْ مِنَ الدِّينِ مَا وَصَّىٰ بِهِ نُوحًا وَالَّذِي أَوْحَيْنَا إِلَيْكَ وَمَا وَصَّيْنَا بِهِ إِبْرَاهِيمَ وَمُوسَىٰ وَعِيسَىٰ ۖ أَنْ أَقِيمُوا الدِّينَ وَلَا تَتَفَرَّقُوا فِيهِ ۚ كَبُرَ عَلَى الْمُشْرِكِينَ مَا تَدْعُوهُمْ إِلَيْهِ ۚ اللَّهُ يَجْتَبِي إِلَيْهِ مَنْ يَشَاءُ وَيَهْدِي إِلَيْهِ مَنْ يُنِيبُ ﴾

“(Ey Peyğəmbər!) Allah: “Dini doğru-dürüst tutun (qoruyub saxlayın), onda ayrılığa düşüb firqələrə bölünməyin!” – deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyini dində sizin üçün də qanuni etdi. Sənin dəvət etdiyin (tovhid dini) müşriklərə ağır gəldi. Allah istədiyi kimsəni özünə (peyğəmbər) seçər və (tövbə edib) Ona tərəf qayıdan kimsəni də doğru yola yönəldər!” (“əş-Şura” surəsi, 13-cü ayə)

İkinci məna: Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) şəriət və qanunlarla xüsusilərşdirildiyi İslam dini.

Əvvəlki peyğəmbərlərə Uca Allah öz zaman və məkanlarına görə hikmət olaraq bəzi şəriət qanunları, əmrlər və qadağalar vermişdir. Lakin o peyğəmbərlərin qövmləri çox keçmədən Allah tərəfindən nazil olan kitabları və orada yazılan hökmləri təhrif edərək dəyişmiş və Allahın həqiqi dini olan İslamdan uzaqlaşmışlar. Sonuncu peyğəmbərə verilən Quran və şəriət isə 1400 ildir təhrif olunmadan qalmış və axirətə qədər davam edərək dəyişməz qalacaqdır.

Uca Allah sonuncu peyğəmbər olan Məhəmməd peyğəmbərə (Allahın ona salavat və salamı olsun) nazil etdiyi Quranı hər bir təhrifdən qoruyacağına vəd verərək buyurur:

﴿ إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ ﴾

“Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!” (“əl- Hicr” surəsi, 9-cu ayə)

Digər dinlərin nümayəndələrinin etdiyi və göz qabağında olan bütün bu təhriflərindən sonra Allah-Təala yer üzünə və bütün bəşəriyyətin hamısına Məhəmmədi (Allahın ona salavat və salamı olsun) peyğəmbər və elçi kimi göndərərək onun gətirdiyi qiyamətə qədər dəyişməz olan dini qəbul etmələrini əmr etmişdir.

Uca Allah buyurur:

﴿ قُلْ يَا أَيُّهَا النَّاسُ إِنِّي رَسُولُ اللَّهِ إِلَيْكُمْ جَمِيعًا الَّذِي لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ لَا إِلَٰهَ إِلَّا هُوَ يُحْيِي وَيُمِيتُ ۖ فَآمِنُوا بِاللَّهِ وَرَسُولِهِ النَّبِيِّ الْأُمِّيِّ الَّذِي يُؤْمِنُ بِاللَّهِ وَكَلِمَاتِهِ وَاتَّبِعُوهُ لَعَلَّكُمْ تَهْتَدُونَ ﴾

“(Ey peyğəmbər!) De: “Ey insanlar! Şübhəsiz ki, mən sizin hamınız üçün Allahın elçisiyəm. Göylərin və yerin hökmranlığı Ona məxsusdur, Ondan başqa İlah yoxdur. O həm dirildir, həm də öldürür. Elə isə Allaha və Onun Elçisinə – yazıb-oxumaq bilməyən, həm də Allaha və Onun kəlmələrinə inanan peyğəmbərə iman gətirin. Onun ardınca gedin ki, bəlkə doğru yola yönələsiniz”.  (“əl-Əraf” surəsi, 158-ci ayə)

Həmçinin buyurur:

﴿ وَمَاأَرْسَلْنَاكَ إِلَّا كَافَّةً لِلنَّاسِ بَشِيرًا وَنَذِيرًا وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ ﴾

“(Ey Peyğəmbər!) Biz səni (təkcə öz qövmünə deyil) bütün insanlara (Cənnət neməti ilə) müjdə verən, (Cəhənnəm əzabı ilə) qorxudan (bir peyğəmbər) olaraq göndərdik. Lakin insanların əksəriyyəti (bunu) bilmirlər!”  (“Səba” surəsi, 28-ci ayə)

Digər ayədə buyurur:

﴿ وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِلْعَالَمِينَ ﴾

“Biz səni aləmlərə yalnız rəhmət olaraq göndərdik”. (“əl-Ənbiya” surəsi, 107-ci ayə)

Ona görə də hər bir kəs axirət həyatını qazanaraq Allahın o dünyada bəxş etdiyi əbədi xoşbəxtliyə nail olması üçün İslam dinini qəbul edərək Allahı tək bir İlah olaraq tanımalı, Məhəmmədin (Allahın ona salavat və salamı olsun) Allah tərəfindən peyğəmbər olduğuna və Quranın da ona Allah tərəfindən nazil edildiyinə inanmalıdır.

Allah-Təala insanı digər canlılardan üstün tutaraq ona ağıl vermişdir. Buna görə də insanları ağıllarından istifadə edərək kainat və yaradılış üzərində fikirləşməyə çağırmış və  həmçinin bu ağıl vasitəsilə Quran ayələrini düşünərək o kitabın həqiqətən də Allah tərəfindən olduğunu dərk etmələrini xüsusi vurğulamışdır.

Uca Allah buyurur:

﴿ كِتَابٌ أَنْزَلْنَاهُ إِلَيْكَ مُبَارَكٌ لِيَدَّبَّرُوا آيَاتِهِ وَلِيَتَذَكَّرَ أُولُو الْأَلْبَابِ ﴾

“(Ey Peyğəmbər! Bu Quran) sənə nazil etdiyimiz mübarək (xeyir-bərəkətli) bir Kitabdır ki, (insanlar) onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də (ondan) ibrət alsınlar!” (“Sad” surəsi, 29-cu ayə)

Allah-Təala bütün insanları İslam dininə çağıraraq doğru yolun yalnız bu dində olduğu barədə buyurur:

﴿ إِنَّ الدِّينَ عِنْدَ اللَّهِ الْإِسْلَامُ ۗ وَمَا اخْتَلَفَ الَّذِينَ أُوتُوا الْكِتَابَ إِلَّا مِنْ بَعْدِ مَا جَاءَهُمُ الْعِلْمُ بَغْيًا بَيْنَهُمْ ۗ وَمَنْ يَكْفُرْ بِآيَاتِ اللَّهِ فَإِنَّ اللَّهَ سَرِيعُ الْحِسَابِ. فَإِنْ حَاجُّوكَ فَقُلْ أَسْلَمْتُ وَجْهِيَ لِلَّهِ وَمَنِ اتَّبَعَنِ ۗ وَقُلْ لِلَّذِينَ أُوتُوا الْكِتَابَ وَالْأُمِّيِّينَ أَأَسْلَمْتُمْ ۚ فَإِنْ أَسْلَمُوا فَقَدِ اهْتَدَوْا ۖ وَإِنْ تَوَلَّوْا فَإِنَّمَا عَلَيْكَ الْبَلَاغُ ۗ وَاللَّهُ بَصِيرٌ بِالْعِبَادِ ﴾

“Həqiqətən, Allah dərgahında (qəbul olunan) din, İslamdır! Kitab verilənlər (yəhudi və xaçpərəstlər) ancaq özlərinə elm gəldikdən sonra aralarındakı zülm və həsəd üzündən ixtilafa düşdülər. Kim Allahın ayələrini inkar edərsə, (bilsin ki,) Allah tez haqq-hesab çəkəndir. (Ey peyğəmbər!) Əgər onlar (yəhudi və xaçpərəstlər) səninlə mübahisə edərlərsə, belə de: “Mən özümü ardımca gələnlərlə birlikdə Allaha təslim etmişəm”. Kitab verilmiş şəxslərə və savadsızlara (kitab verilməmiş ərəb müşriklərinə) de: “Siz də təslim (müsəlman) oldunuzmu?” Əgər təslim olarlarsa (islamı qəbul edərlərsə), doğru yola yönəlmiş olarlar, yox, əgər üz döndərərlərsə, (sənə bir zərər gəlməz), sənin vəzifən ancaq (haqqı) təbliğ etməkdir. Allah, şübhəsiz ki, bəndələrini görəndir!” (“əli-İmran” surəsi, 19, 20-ci ayələr)

İslam dini sadə və insanlar üçün olduqca çox asan bir dindir. Hər bir insanın müsəlman olması üçün imanın altı şərtinə inanması və etiqad etməsi İslam dininin ən başlıca şərtidir.

Bu altı şərt, Allaha, Onun mələklərinə, Onun göndərdiyi kitablara, Onun göndərdiyi peyğəmbərlərə, öldükdən sonra dirilməyə, yəni axirət gününə və qəza-qədərə inanmaqdır.

Həmçinin İslamın etiqad edilməsi ilə yanaşı digər əməl edilməsi vacib olan beş şərti də vardır:

Bu beş şərt, Şəhadət kəlməsi, yəni “əşhədu ənlə iləhə illəllah va əşhədu ənnə Muhəmmədən rasulullah” (mən şahidlik  edirəm ki, Allahdan başqa haqq ilah (məbud) yoxdur və Məhəmməd Onun Rəsuludur) demək, namaz qılmaq, zəkat vermək, Ramazan orucunu tutmaq və Həcc etməkdən ibarətdir.

İslam dini özündə bütün misilsiz gözəllikləri cəm edən, zamanından və məkanından asılı olmayaraq hər bir fərd, ailə və toplum üçün yararlı olan bir dindir.

İslamdakı İlahi nuru və  əzəməti sezərək onun gözəlliklərinə heyran qalan dünyanın müxtəlif nöqtələrindəki bir çox məşhur diplomat, dövlət, elm, hətta, din xadimləri müsəlmanlığı qəbul etmişlər və ardı-arası kəsilmədən etməkdədirlər.

İslamı qəbul etmiş şəxslərin İslamı qəbul etmə səbəblərinə nəzər saldıqda həqiqətən də biz bu möcüzəvi dinin özünəməxsus özəlliklərinin saydıqca tükənmədiyinin şahidi oluruq.

Bu bölməmizdə Allahın köməyi ilə İslamı araşdıraraq ondakı həqiqi gözəllikləri dərk edib heç bir məcburiyyət qarşısında  qalmadan, İslamı sidq ürəklə sevərək onu qəbul edənlərdən bəhs edəcəyik.

Hazırladı: Samin Məmmədov

Şərh əlavə et

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *