“...Həmd olsun Allaha! O Öz dəlillərini sizə göstərəcək, siz də onları görüb tanıyacaqsınız....”

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Ta qədim zamanlardan bu günümüzədək bütün insanları maraqlandıran bir sual var: “Kainat necə yaranmışdır? Onun bir başlanğıcı varmı?”

XX əsrin böyük astronomiya və kosmologiya alimlərindən hesab olunan amerikalı Edvin Pauell Habl (1889-1953) araşdırmaları nəticəsində qalaktikaların tək Yer kürəsindən yox, eləcə də bir-birilərindən uzaqlaşdığını ortaya çıxarır. Bu da kainatın təkcə bir yöndə deyil, hər yöndə genişlənməsini göstərirdi. Hablın yeni ixtirası Böyük Partlayış nəzəriyyəsinin (Big Bang) əsasını qoydu.

Edvin Habl (Edwin Hubble) astronomiya tarixinin ən böyük inqilabından biri sayılan bu kəşfini Kaliforniya Maunt Vilson (Mount Wilson) rəsədxanasında nəhəng teleskopla səmanı müşahidə edərkən ortaya çıxarmışdır.

Bu nəzəriyyəyə əsasən 12-15 milyard il öncə yüksək sıxlığa və temperatura malik bir nöqtə mövcud idi. Malik olduğu temperaturun yüksəkliyi bu nöqtədə partlayışın baş verməsinə səbəb oldu və nəticədə bu kütlə parçalanıb qalaktikalara, ulduzlar və planetlərə ayrılaraq bir-birindən uzaqlaşdı.

Əlbəttə ki, kainatın yaradılışı təsadüf deyil, Uca Allah onu dəqiqliklə, Öz sonsuz elmi və hikməti ilə yaratmışdır!

1965-ci ildə radioastronomlar Arno Penzias (1933) və Robert Uilson (1936) bu nəzəriyyəni isbat edəcək yeni bir kəşfə imza atdılar. Buna görə onlar 1978-ci ildə, hətta, Nobel mükafatına belə layiq görüldülər. Onlaradək nəzəriyyədə belə bir iddia mövcud idi: Əgər kainat başlanğıcda nəzəriyyənin iddia etdiyi kimi çox isti olubsa, bu istiliyin qalıqları aşkarlanmalıdır. Arno Penzias və Robert Uilson da məhz bu istiliyin qalıqlarını aşkar etmişdilər. Onlar kainata nüfuz edən -270.425 dərəcə kosmik mikrodalğa fon radiyasiyasını kəşf etdilər ki, bu da çox güman, alimlərin axtardığı o istiliyin qalıqları idi.

1978-ci ildə nobel mükafatına layiq görülmüş Robert Uilson və Arno Penziasın fotogörüntüsü

Uca Allah 14 əsr əvvəl artıq bunu Öz Kitabında bildirərək buyurur:

﴿ أَوَلَمْ يَرَ الَّذِينَ كَفَرُوا أَنَّ السَّمَاوَاتِ وَالْأَرْضَ كَانَتَا رَتْقًا فَفَتَقْنَاهُمَا ۖ وَجَعَلْنَا مِنَ الْمَاءِ كُلَّ شَيْءٍ حَيٍّ ۖ أَفَلَا يُؤْمِنُونَ ﴾

“Məgər kafir olanlar göylə yer bitişik (kütlə) ikən Bizim onları (parçalayıb) ayırdığımızı, hər bir canlını da sudan yaratdığımızı bilmirlərmi?! (Bütün bunları bildikdən sonra) Yenə də (Allaha) iman etməzlərmi?!”

(“əl-Ənbiyə” surəsi, 30-cu ayə)

İslamın böyük alimi, Qurani-Kərimin məşhur təfsirçisi İsmayıl ibn Kəsir (1303-1372) sözügedən ayənin təfsirində deyir:

“Uca Allah yaratdığı əşyalarda kamil qüdrətini, əzəmətli hökmranlığını və bütün məxluqatların Ona tabe olmasını diqqətə çatdıraraq buyurur: “Məgər kafir olanlar”, yəni Allahın İlahlığını inkar edənlər, yaxud Allahla yanaşı başqalarına da ibadət edənlər bilmirlərmi ki, Allah yaratmaqda təkdir və idarə etmək Onun əlindədir?! Belə olan təqdirdə Allahdan qeyrisi ibadət olunmağa, yaxud qeyrisinin Allaha şərik qoşulmasına layiq deyildir! Bilmirlərmi ki, “göylə yer bitişik ikən”, yəni başlanğıc olaraq hamısı bir-birinə bağlı, yapışmış və bir-birinin üzərində, cəm halda idi. Lakin birini digərindən parçalayıb ayıraraq yeddi göy və yeddi yer yaratdı, yer səması ilə yer arasını hava ilə ayırdı. Göy yağış yağdırdı, yer isə bitki bitirdi””. (Təfsir İbn Kəsir, səh. 324)

Ayədə bildirilən və həqiqət olduğuna əsla şübhə edilməyən bu xəbər bütün digər elmi araşdırmalar nəticəsində ortaya çıxan kəşflərə tam olaraq müvafiq bir açıqlamadır.

رَتْقًا (ratqan) – kəlməsinə diqqət etsək görərik ki, onun lüğəvi mənası “bitişik, bir-birinə daxil olmuş, bir-birinə tikilmiş” deməkdir. Bu da astronomiya alimlərinin kainatın öncə bir nöqtədən, bir toxumadan olma iddialarına dəlalət edən və hələ 14 əsr bundan əvvəl bildirilmiş bir xəbərdir.

Eləcə də Uca Allah kainatın yaradılışının ta başlanğıcından bəri orada nizam-intizamın mövcud olduğunu bildirir.

Həmçinin, “Bizim onları bir-birindən ayırdığımızı…” ifadəsində onların bir-birindən ayrılmasının və gördüyümüz məxluqatın yaranmasının nizam-intizamla baş verdiyini görürük.

فَفَتَقْنَاهُمَا (fə fətəqnəəhumə) kəlməsi isə tərcümədə “biz onları bir-birindən ayırdıq” mənasındadır. Bu kəlmə həmin o bitişik olan kütlənin bir-birindən parçalanmasına dəlalət edir. Eynən bir toxumun cücərərək torpağı yarıb çıxması da ərəb dilində məhz bu feillə (fətəqa) ifadə edilir.

Daha sonra bu ayədə xitabın iman etməyən kəslərə olması da özündə bir ecazkarlığı əhatə edir. Belə ki elmi ilə hər şeyi əhatə edən Allah bu bəyanı iman etməyənlərə xitab edərək açıqlamışdır. Hal-hazırda biz bu sahədə araşdırma həyata keçirənlərin əksəriyyətinin məhz Allahı inkar edən ateistlər olduğunun şahidiyik. Əgər Quran yazıb oxumağı bacarmayan bir bəşərin əli ilə qələmə alınmış olsaydı, o, bu cür məlumata necə sahib ola bilərdi? Şübhəsiz ki, bunu ona nazil edən hər şeydən xəbərdar olan Uca Allah idi.

أَفَلَا يُؤْمِنُونَ – ayə bu sözlərlə bitir: “Yenə də iman etməzlərmi?” Bu da bütün  həqiqətlərin açıqlanmasındakı hədəfi göstərir. Hədəf isə iman gətirməyən kəslərin bu həqiqətləri görüb iman etmələri, iman üzərində olanların isə bu həqiqətləri öyrəndikdən sonra imanlarının daha da artmasıdır.

Həqiqətən də, hər bir ağıl sahibi üçün bu möcüzəvi ayədə Quranın Uca Allah tərəfindən Məhəmməd peyğəmbərə (Allahın ona salavat və salamı olsun) haqq olaraq nazil olmasına inanması üçün çox böyük bir sübut vardır.

Müasir alimlər ən yüksək texnologiyalar vasitəsilə ayədə keçən məlumatı kəşf etmələri üçün milyonlar xərcləyərək ağır və çətin araşdırmalar aparmış və bu kəşfə görə dünya mükafatlarına belə layiq görülmüşlər.

Halbuki bu məlumat artıq 1400 il bundan əvvəl Uca Allah tərəfindən bəşəriyyət üçün nur göndərilən Məhəmməd peyğəmbərə (Allahın ona salavat və salamı olsun) Quran vasitəsilə vəhy olunmuşdur.

Uca Allah buyurur:

﴿ سَنُرِيهِمْ آيَاتِنَا فِي الْآفَاقِ وَفِي أَنْفُسِهِمْ حَتَّىٰ يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ الْحَقُّ ۗ أَوَلَمْ يَكْفِ بِرَبِّكَ أَنَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ ﴾

“Onun (Quranın) haqq olduğu onlara (inanmayanlara) bəlli olsun deyə, Biz öz dəlillərimizi onlara həm xarici aləmdə (üfüqlərdə, kainatda, göylərin və yerin ətrafında), həm də onların özlərində göstərəcəyik. (Ey Peyğəmbər!) Məgər Rəbbinin hər şeyə şahid olması (sənin dediklərinin doğruluğuna) kifayət deyilmi?!” (“Fussilət” surəsi, 53-cü ayə)

Allah-Təala həmçinin buyurur:

﴿ وَقُلِ الْحَمْدُ لِلَّهِ سَيُرِيكُمْ آيَاتِهِ فَتَعْرِفُونَهَا ۚ وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا تَعْمَلُون ﴾

“Və de: “Həmd olsun Allaha! O Öz dəlillərini sizə göstərəcək, siz də onları görüb tanıyacaqsınız. Rəbbin etdiyiniz əməllərdən əsla xəbərsiz deyildir!”” ( “ən-Nəml” surəsi, 93-cü ayə)

Şərh əlavə et

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *