Rəhmli və Mərhəmətli Allahın adı ilə
Bütün dünyanı qorxuya salaraq gündəmi zəbt edən koronavirusun bu növü (COVID-19) (Coronavirus Disease 2019 — koronavirus xəstəliyi 2019) ilk dəfə Çində yayılaraq insanları lərzəyə gətirməkdə hələ də davam etməkdədir. Hər bir xəstəliyin dəqiq və ya ehtimal olunan səbəblərini bilmək onun əlacının tapılmasına yardım edir.
Belə ki, Avstraliyanın məşhur “Science Alert” (“Elmi xəbərdarlıq”) adlı saytı bu virusun ilkin olaraq yayılma səbəbini açıqlayarkən belə bir başlıq yazıb.
“İlanlar Çinin ölümcül koronavirusunun mənbəyidir”.
Həmin sayt bu başlıqdan sonra belə deyir:
“İlanlar — Çin kraiti və Çin kobrası bu qışda Çində yeni aşkar edilmiş koronavirus adlı ölümcül yoluxucu tənəffüs xəstəliyinin başlanmasının əsl mənbəyi ola bilər”.
Həmçinin həmin saytda yazılıb:
“Tədqiqatçılar yeni koronavirusun zülal kodlarının analizindən istifadə edərək onu quş, ilan, marmot, kirpi, panqolin (çöl kərtənkələsi), yarasalar kimi müxtəlif heyvan növlərindən və insanlarda olan protein kodları ilə müqayisə aparıblar. Təəccüblüdür ki, koronavirusdakı protein kodlarının ilanlarda olan kodlara daha çox bənzədiyi aşkarlanıb.
İlanların Vuhandakı yerli dəniz məhsulları bazarında çox satıldığını göstərən hesabatlar koronavirusun yarasalardan ilanlara, sonra isə insanlara keçdiyi ehtimalını artırdı.
2019-cu ilin koronavirus xəstəliyi insanların zoonotik infeksiyaların qarşısını almaq üçün vəhşi heyvanların istehlakını məhdudlaşdırmalı olduqlarını xatırladan digər bir xəbərdarlıqdır.
Məqaləni yazanlar: Haitao Guo, Pittsburq Universitetinin Mikrobiologiya və Molekulyar Genetika professoru, Guangxiang “George” Luo, Birminghamdakı Alabama Universitetinin Mikrobiologiya professoru və Shou-Jiang Gao, Pittsburq Universitetinin Mikrobiologiya və Molekulyar Genetika professoru”.

ABŞ-ın məşhur “Health Line” (“Sağlamlıq yolu”) adlı saytında belə deyilir:
“İlk dəfə Çinin Vuhan şəhərində müəyyən edilən və SARS və MERS kimi daha öncəki xəstəliklərə bənzəyən koronavirus da çox güman ki, heyvandan insanlara keçmişdir. Tədqiqatçılar xəstəliyin mənşəyinin yarasa ola biləcəyini tapdılar. Lakin sonra ilan və panqolin adlanan qarışqayeyən kimi ikinci bir heyvanlardan insanlara ötürülə biləcəyini dedilər”.
Adı çəkilən heyvanların xəstəliyə səbəbolma ehtimalını nəzərə alaraq İslamda yeyilməsi haram və qadağa olan heyvanlar haqda danışmaq məqsədəuyğun olardı.
İSLAMDA YEYİLMƏSİ HALAL VƏ HARAM OLAN HEYVANLAR
Təəssüflər olsun ki, İslamdan və onun yalnız xeyirə çağıran qanunlarından uzaq olan bir çox insanlar Allah-Təalanın onlar üçün yaratdığı halal və pak nemətlərlə kifayətlənməyərək Uca Allahın haram buyurduğu kəsilmədən ölüb leş olan heyvanları — donuzu, iti, pişiyi, ayını, canavarı, ilanı və s. yeyərək öz sağlamlıqlarına ziyan gətirməkdən çəkinmirlər.
Əl-Miqdam ibn Mədiyəkrub (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyini rəvayət edir:
(ما ملأ آدميٌّ وعاءً شرًّا من بطنٍ، بحسبِ ابنِ آدمَ أكلاتٍ يُقمنَ صُلبَهُ، فإن كان لا محالةَ : فثلُث لطعامِه، وثُلُثٌ لشرابِه وثُلُثٌ لنفَسِه)
“İnsan qarından şərli bir qab doldurmamışdır. Belini dik tutması üçün Adəm oğluna bir neçə loxma kifayətdir. Əgər mütləq çox yemək istəyərsə, (mədəsinin) 1/3-ni yeməyi üçün, 1/3-ni içməyi üçün və 1/3-ni isə tənəffüsü üçün ayırsın”. (Əhməd, Tirmizi, Nəsai, İbn Macə rəvayət etmişdir.)
Böyük İslam alimlərindən olan İbn Rəcəb (1335-1393) demişdir: “Bu hədis tibbin bütün prinsipləri üçün əsas bir təməldir. Rəvayət olunur ki, həkim İbn Masveyh bu hədisi Əbu Xeysəmənin kitabında oxuyarkən deyir: “Əgər insanlar bu sözlərə əməl etsəydilər, xəstəliklərdən və vəbalardan uzaq olardılar və xəstəxanalar, apteklər bağlı qalardı””. (“Cəəmiul ulum val hikəm”, səh. 503)
Bu hədisin 1440 il bundan öncə deyilməsinə baxmayaraq günümüzün ən aktual mövzusuna çevrilmiş və həqiqətən də əksər xəstəliklərin səbəbinin məhz keyfiyyət və kəmiyyətinə baxmadan mədəyə ötürülən qidanın olduğu alimlər tərəfindən təsdiqlənmişdir.
Bütün kainatın yaradıcısı olan Uca Allah hər bir yaratdığı canlını hikmət olaraq yaratmışdır. Lakin bu yaratdıqları içində bəzi məxluqlar vardır ki, onları yemək zərərli olduğu üçün yeyilməsini insanlara qadağan etmişdir.
Pak və halal qidaları yemək insanın bədəninə faydalı olduğu kimi onun duasının qəbul olmasına səbəb olur, həyat tərzinə və davranışına da müsbət təsir edir. Haram və iyrənc qidaları yemək isə tamamilə bu qeyd edilənlərin əksinə səbəb olur. Ona görə də hər bir insan nə yeyib-içəcəyinə diqqətlə fikir verməli və bunu ailəsində də tətbiq etməlidir.
Yer üzünün pak nemətlərini insanlar üçün yaradan Uca Allah buyurur:
﴿ يَسْأَلُونَكَ مَاذَا أُحِلَّ لَهُمْ قُلْ أُحِلَّ لَكُمُ الطَّيِّبَاتُ… ﴾
“(Ey Rəsulum!) Səndən onlara nəyin halal edildiyini soruşurlar. De: “Bütün pak nemətlər sizə halal buyurulmuşdur…” (“əl-Məidə” surəsi, 4-cü ayə)
Yaratdığı insanlara nəyin faydalı və nəyin zərərli olacağını ən gözəl bilən Uca Rəbbimiz aləmlərə rəhmət olaraq göndərdiyi Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) haqda buyurur:
﴿… يَأْمُرُهُم بِالْمَعْرُوفِ وَ يَنْهَاهُمْ عَنِ الْمُنكَرِ وَ يُحِلُّ لَهُمُ الطَّيِّبَاتِ وَ يُحَرِّمُ عَلَيْهِمُ الْخَبَآئِثَ وَ يَضَعُ عَنْهُمْ إِصْرَهُمْ وَالأَغْلاَلَ الَّتِي كَانَتْ عَلَيْهِمْ فَالَّذِينَ آمَنُواْ بِهِ وَ عَزَّرُوهُ وَ نَصَرُوهُ وَ اتَّبَعُواْ النُّورَ الَّذِيَ أُنزِلَ مَعَهُ أُوْلَئِكَ هُمُ الْمُفْلِحُونَ ﴾
“… O (Peyğəmbər) onlara yaxşı işlər görməyi əmr edər, pis əməllərdən isə çəkindirər, onlara pak şeyləri halal, murdar (çirkin) şeyləri isə haram edər. Onların ağır yüklərini (şəriətin çətin hökmlərini) yüngülləşdirər və onları buxovlardan xilas edər. Ona iman gətirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun (Quranın) ardınca gedənlər məhz nicat tapanlardır”. (“əl-Əraf” surəsi, 157-ci ayə)
Əlbəttə ki, Uca Allahın və Onun Peyğəmbərinin (Allahın ona salavat və salamı olsun) halal etdiyi nemətləri yeyərək haram etdiklərini tərk edənlər dünya və axirətdə nicat tapanlardır.
İslamda zərərinə görə yeyilməsi və içilməsi qadağan olan bəzi qidalar vardır ki, onları qida kimi istifadə etməyin zərərli olması həqiqətən də tibb tərəfindən isbat olunmuşdur.
Uca Allah bizlərə zərərli olan bəzi heyvanların yeyilməsini qadağa edərək buyurur:
﴿ حُرِّمَتْ عَلَيْكُمُ الْمَيْتَةُ وَالْدَّمُ وَلَحْمُ الْخِنْزِيرِ وَمَا أُهِلَّ لِغَيْرِ اللّهِ بِهِ وَالْمُنْخَنِقَةُ وَالْمَوْقُوذَةُ وَالْمُتَرَدِّيَةُ وَالنَّطِيحَةُ وَمَا أَكَلَ السَّبُعُ إِلاَّ مَا ذَكَّيْتُمْ… ﴾
“Leş (kəsilmədən ölmüş), qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, boğulmuş, (küt alət ilə) vurulub öldürülmüş, (hündür yerdən) yıxılıb gəbərmiş, (başqa heyvan tərəfindən) buynuzlanıb öldürülmüş, yırtıcı heyvan tərəfindən parçalanıb yeyilmiş, – (canı çıxmadan) kəsdikləriniz istisnadır, – dik qoyulmuş daşlar (bütlər və s.) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə qismət axtarmanız sizə haram edildi. Bunlar günahdır…” (“əl-Məidə” surəsi, 3-cü ayə)
Qurani-Kərimdə yeyilməsi qadağan olan bəzi heyvanlardan əlavə Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) də həmçinin insanlara bəzi qadağalar etmişdir. Əlbəttə ki, Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) etdiyi qadağanın hökmü tamamilə Uca Allahın etdiyi qadağanın hökmü ilə eynidir. Uca Allah Məhəmməd peyğəmbərə (Allahın ona salavat və salamı olsun) itaət etməyin birbaşa Allaha itaət etmək olduğu haqda buyurur:
﴿ مَّنْ يُطِعِ الرَّسُولَ فَقَدْ أَطَاعَ اللّهَ … ﴾
“Kim Peyğəmbərə itaət edərsə, Allaha itaət etmiş olar…” (“ən-Nisə” surəsi, 80-ci ayə)
Həmçinin də Allah-Təala Məhəmməd peyğəmbərə (Allahın ona salavat və salamı olsun) halal və haram etmə səlahiyyəti verərək İslama qarşı düşmənçilik bəsləyənlər barəsində buyurur:
﴿ قَاتِلُواْ الَّذِينَ لاَ يُؤْمِنُونَ بِاللّهِ وَلاَ بِالْيَوْمِ الآخِرِ وَلاَ يُحَرِّمُونَ مَا حَرَّمَ اللّهُ وَرَسُولُهُ… ﴾
“Kitab əhlindən Allaha və Qiyamət gününə iman gətirməyən, Allahın və Peyğəmbərinin haram buyurduqlarını haram bilməyənlərlə və həqiqi din (olan İslamı) etiqad etməyənlərlə vuruşun…” (“ət-Tövbə” surəsi, 29-cu ayə)
İslam şəriətində yeyilməsi qadağan olan heyvan və quşları Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) bir cümlə ilə bizə belə anlatmışdır.
Abdullah ibn Abbas (Allah ondan razı olsun) rəvayət edir:
(أنَّ رَسولَ اللهِ — صَلَّى اللَّهُ عليه وسلَّمَ — نَهَى عن كُلِّ ذِي نَابٍ مِنَ السِّبَاعِ، وَعَنْ كُلِّ ذِي مِخْلَبٍ مِنَ الطَّيْرِ)
“Həqiqətən də Peyğəmbər (Allahın ona salavat və salamı olsun) hücum edən köpək dişli bütün heyvanları və caynağı olan hər bir quşu yeməyi qadağan etdi”. (Buxari, Müslim, Əhməd, Əbu Davud, Tirmizi, İbn Hibban və digərləri rəvayət etmişdirlər. Hədisin bu ləfzi Müslimdədir.)
Köpək dişli olub və köpək dişi ilə hücum edən heyvanlara şir, pələng, canavar, ayı, çaqqal, it, pişik və s. kimi heyvanları misal çəkmək olar.
Caynağı ilə ov edən quşlara isə qartal, şahin, qırğı, bayquş və s. kimi quşları misal çəkmək olar.
Bayquşun caynağı ilə hücum anı
Həmçinin İslam şəriətində öldürülməsi əmr edilən heyvanları da yemək qadağandır. Əgər yeyilməsi halal olsaydı, öldürülməsi deyil, şəriət yolu ilə kəsilməsi əmr edilərdi.
Aişə (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyini rəvayət edir:
(خَمْسٌ فَوَاسِقُ، يُقْتَلْنَ في الحِلِّ وَالْحَرَمِ: الحَيَّةُ، وَالْغُرَابُ الأبْقَعُ، وَالْفَأْرَةُ، وَالْكَلْبُ العَقُورُ، وَالْحُدَيَّا)
“Beş fasiq (asi, zərərverici) vardır ki, onlar həm Məkkə xaricində, həm də haram (olan torpaq-Məkkə) daxilində öldürülməlidir. Bunlar – ilan, ala qarğa, siçan, quduz it və çalağandır”. (Buxari, Müslim, Əhməd, İbn Hibban, Təbərani və digərləri rəvayət etmişdirlər. Hədisin bu ləfzi Müslimdədir.)
Digər hədislərdə əqrəbin və kərtənkələnin də öldürülməsi əmr edilmişdir deyə yeyilməsi qadağandır.
Həmçinin İslam şəriətində öldürülməsi qadağan olan heyvan və həşəratların da yeyilməsi haramdır.
Əbu Hureyrə (Allah ondan razı olsun) demişdir:
(نَهَى رسولُ اللَّهِ صلَّى اللَّهُ علَيهِ وسلَّمَ عن قَتلِ الصُّرَدِ والضِّفدعِ، والنَّملةِ، والهُدهُدِ)
“Peyğəmbər (Allahın ona salavat və salamı olsun) hörümçək quşunun, qurbağanın, qarışqanın və şanapipiyin öldürülməsini qadağan etdi”. (İbn Macə və digərləri rəvayət etmişdirlər.)
Hörümçək quşuna ərəbcə “surad”, ingiliscə “shrike” deyilir.
Hörümçək quşu sərçəkimilər fəslinə aiddir. Otuza yaxın növü var. Şikarını ağac, tikan və s. üzərinə keçirib yediyi üçün ona qəssab quşu da deyilir. Əqrəb, siçan və s. kimi canlılarla qidalanır.
Hörümçək quşunun video görüntüsü
Nəcis və iyrənc şeylərlə qidalanan böcək, tarakan, milçək, ağcaqanad, buqələmun və bu kimi heyvan və həşəratları yemək də qadağandır.
Hətta, yeyilməsi halal olan dəvə, inək, qoyun, toyuq, quş və bu kimi heyvanlar gündəlik yedikləri qidadan daha çox nəcis yeyərlərsə və ət, süd və yumurtalarından nəcis dadı gələrsə, toyuq, qaz və s. kimi quşları yemək üçün kəsmədən öncə nəzarət altında pak qidalar yedizdirdikdən təxminən üç gün, qoyunu yeddi gün, dəvə və inəyi isə qırx gün sonra kəsib yemək olar. Həmçinin həmin ərəfədə süd və yumurtalarından da istifadə icazəli deyildir.
Həmçinin də at, zebra (çöl eşşəyi), dovşan kimi heyvanları yeməyin halal olması barədə açıq-aydın hədislər vardır. Ev eşşəyini və qatırı yemək isə haramdır.
Daimi olaraq dənizdə yaşayan balıq və digər dəniz heyvanlarının əti də İslam şəriətinə görə halaldır. Bu kimi dəniz heyvanlarının xarab olaraq zərər verəcək dərəcəyə çatmaması şərtilə ölüsünü də yemək halaldır və onları kəsərkən, yaxud öldürərkən “bismilləh” (Allahın adı ilə) demək digər heyvanlardakı kimi şərt deyildir.
Əlbəttə ki, bütün bu qeyd edilənləri bilməklə yanaşı hansı qidanın yeyilib-içilməsinin insan üçün daha faydalı olmasını bilən Uca Allahın qoyduğu qanunlara əməl etməklə həm Allahın razılığını, həm də öz sağlamlığımızı qazanmış olarıq.
Allah — Təala buyurur:
﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اسْتَجِيبُواْ لِلّهِ وَلِلرَّسُولِ إِذَا دَعَاكُم لِمَا يُحْيِيكُمْ وَاعْلَمُواْ أَنَّ اللّهَ يَحُولُ بَيْنَ الْمَرْءِ وَقَلْبِهِ وَأَنَّهُ إِلَيْهِ تُحْشَرُونَ ﴾
“Ey iman gətirənlər! (Peyğəmbər) sizi, həyat verəcək şeylərə çağırdığı zaman Allahın və Peyğəmbərinin çağırışına cavab verin. Bilin ki, Allah insanla onun qəlbi arasındadır (Allah ürəklərdən keçən hər şeyi bilir, bütün ürəklərin ixtiyarı da Onun əlindədir) və siz axırda Onun hüzuruna cəm ediləcəksiniz!” (əl-Ənfəl surəsi, 24-cü ayə)
Şərh əlavə et