“Məhəmməd yeganə siyasi şəxsiyyətdir ki, həm dini, həm də dünyəvi cəhətdən uğur qazanmışdır”
Maykl Hart (Michael Hart)

Yazıçı, astronom və fizik olan Maykl Hart (Michael Hart) 1932-ci ildə Amerikanın Nyu-York şəhərində, yəhudi ailəsində anadan olub. O, hal-hazırda Maryland Universitetində çalışır. Astronomiya Cəmiyyətinin üzvüdür və tətbiqi fizika elmi üzrə etimad olunan alimlərdən biridir.

Bu alim, 28 il ərzində yazıb hasilə gətirdiyi və 1978-ci ildə nəşr etdirdiyi “Tarixdə ən təsirli 100 şəxs” (The 100 A Ranking of the Most Influential Persons in History) adlı kitabı ilə dünyada və xüsusən də, İslam aləmində çox məşhurdur.

Təəccüblüdür ki, özü müsəlman olmasa da kitabında tərtiblə saydığı dünyadakı şəxsiyyətlərin cəmiyyətə təsir dərəcəsinə görə ən görkəmli şəxslərin birincisini Məhəmməd peyğəmbəri (Allahın ona salavat və salamı olsun) qeyd edərək haqqı deməyi özünə borc bilmişdir.

Maykl Hart “Tarixdə ən təsirli 100 şəxs” kitabını 28 ilə yazıb tamamladıqdan sonra 1978-ci ildə nəşr etdirmişdir.

Maykl Hart kitabda belə deyir:

“Əziz oxucu! Ola bilsin ki, sən kitabda olan siyahıda ilk olaraq Məhəmmədin (Allahın ona salavat və salamı olsun) adını çəkdiyimə təəccüb edəcəksən. Lakin onun adını ilk olaraq qeyd etməyimdə güclü səbəblər var. O da Məhəmmədin həm dini, həm də dünyəvi cəhətdən uğura çatmağı bacaran yeganə şəxs olmasıdır. Məhəmmədin (Allahın ona salavat və salamı olsun) təsiri 14 əsr keçməsinə baxmayaraq, hələ də davam etməkdədir. Məhəmməd (Allahın ona salavat və salamı olsun) yeganə siyasi başçıdır ki, dini və elmi cəhətdən güclü və uğurlu dövlət qurmağı bacarmışdır. Buna görə də O (Allahın ona salavat və salamı olsun), bəşəriyyət tarixində ən çox təsir göstərən yeganə şəxsiyyət olmağa layiqdir”.

Bu kitabın müəllifi öz əsərində elmi əsaslar qoyaraq nə dindən, nə məzhəbdən, nə də ad-sandan, təsirlənməmişdir. Əksinə, onun bu kitabı yazmaqda məqsədi tarixdə böyük iz buraxmış şəxsiyyəti seçib ortaya çıxartmaq olmuşdur. Buna görə də müəllifin elmi metodu onu peyğəmbərimiz Məhəmmədi (Allahın ona salavat və salamı olsun) həm siyasi, həm hərbi, həm də ictimai cəhətdən ən böyük təsiredici şəxsiyyət kimi qələmə verməyə vadar etmişdir. Bu o deməkdir ki, hər hansı bir insan İslamın peyğəmbəri Məhəmmədə (Allahın ona salavat və salamı olsun) elm çərçivəsində nəzər saldığı zaman onun tabe olunacaq ən üstün bir şəxs olduğunu görər.

Bu, həmçinin, İslam dinini, onun Peyğəmbərini (Allahın ona salavat və salamı olsun) terrorçu surətilə təsvir edən və ya İslam dininin radikallığı, geriliyi, cəhaləti dəstəklədiyini iddia edən kəslərin bu kimi fikirlərinin, təsvirlərinin zənn, nəfsi istəklər və cəhalət üzərində qurulduğuna dəlalət edir. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) özünü Uca Allahın qulu, yalnız risaləti çatdıran elçi və bizim kimi bir bəşər olduğunu hesab edirdi. Bu da onun sadiq olmasına ən böyük sübutdur. Çünki tarixdə elə bir insan yoxdur ki, əzəmətli kitabla, yüksək risalətlə, yaradıcı fikirlərlə gəlib mükəmməl bir dövlətin əsasını qoya və sonra da “bütün bunlar mənim tərəfimdən deyil” – deyə.

Əsrlər boyunca gəlib keçən ədəbiyyatçılara, şairlərə, ixtiraçılara baxanda biz onlardan elə birisini tanımarıq ki, hər hansısa bir yeniliyi edib daha sonra isə bunu özlərindən başqasına aid etsinlər. Elə isə özünü öyməyi, qürurlanmağı və tərifi sevən bir qövmün arasında yaşayan ümmi (yazıb oxuya bilməyən) bir kəsin bütün bu nailiyyətlərlə gəlib daha sonra onları özündən uzaqlaşdırması nə deməkdir?! Bu halda məntiqimiz bizə onun Allahın Rəsulu olmasına etiqad etməyi gərəkdirir.

Nə üçün qeyri-müsəlman bir tədqiqatçı Maykl Hart İslamı qəbul etməsə də belə deyib?: “Həqiqətən, Məhəmməd (Allahın ona salavat və salamı olsun) yeganə siyasi şəxsiyyətdir ki, həm dini, həm də dünyəvi cəhətdən uğur qazanmışdır”.

Bunun cavabı olduqca bəsitdir. Çünki Məhəmməd (Allahın ona salavat və salamı olsun) həqiqətən də belədir.

Məhəmməd peyğəmbərin  (Allahın ona salavat və salamı olsun) doğruluğuna şəkk edənlərdən soruşuruq: “Tarixdə elə bir şəxsiyyət varmı ki, əzəmətli işlər üzə çıxartsın və sonra isə onu başqasına aid etsin?!”

“Bəli, var! Onlar Allahın peyğəmbərləridir (Allahın onlara salamı olsun). Onlardan biri də Allahın onunla risaləti tamamladığı sonuncu peyğəmbəri Məhəmməddir (Allahın ona salavat və salamı olsun)!”.

Uca Allah Quranda onun barəsində belə buyurur:

﴿ قُلْ يَا أَيُّهَا النَّاسُ إِنِّي رَسُولُ اللَّهِ إِلَيْكُمْ جَمِيعًا الَّذِي لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ لَا إِلَٰهَ إِلَّا هُوَ يُحْيِي وَيُمِيتُ ۖ فَآمِنُوا بِاللَّهِ وَرَسُولِهِ النَّبِيِّ الْأُمِّيِّ الَّذِي يُؤْمِنُ بِاللَّهِ وَكَلِمَاتِهِ وَاتَّبِعُوهُ لَعَلَّكُمْ تَهْتَدُونَ ﴾

“(Ey Peyğəmbər!) De: “Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş rəsuluyam. (O Allah ki) göylərin və yerin hökmü Onundur. Ondan başqa heç bir haqq-məbud yoxdur. O dirildir və öldürür. Buna görə də Allah, eləcə də Onun Allaha və Allahın sözlərinə (ayələrinə, nazil etdiyi kitablara) inanan və ümmi peyğəmbər olan Rəsuluna iman gətirin və ona tabe olun ki, doğru yolu tapa biləsiniz!” (“əl-Əraf” surəsi, 158-ci ayə)

Şərh əlavə et

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *