"Mən müsəlman olduqdan sonra sülh və həqiqəti tapdım."

XXəsrin ən böyük idmançısı adını qazanan, “Time” jurnalının açıqladığı “Tarixin ən dahi 100 şəxsiyyəti” arasında adı olan yeganə idmançı, məşhur “Newsweek” nəşrinin “İnsanlıq tarixinin ən təsiredici 50 adamı” sırasında ilk onluqda göstərilən əsl adı Kassius Marsellus Klay olan Məhəmməd Əli 1942-ci il, Yanvarın 17-də ABŞ-ın Kentukki Ştatının Loussvelli şəhərində kasıb xristian ailəsində anadan olub.

Onun atası reklam lövhələri boyaqçısı, anası isə təmizlik işçisi idi. Atası Kassiusu bir müəllim və ya vəkil görmək arzusundaydı. Ancaq balaca oğlunu rinqdə gördüyü gündən etibarən onun gələcəyinə böyük ümid bəsləyir.

Cassius boksla 12 yaşında tanış olub. Bunun çox təsirli bir tarixçəsi var. Bir gün atasının ona hədiyyə aldığı velosipedi oğurlanır. Velosipedi tək tapmaq onun üçün qeyri-mümkün idi. Eyni zamanda, onlar irqçiliyin təsirinin olduqca kəskin hiss olunduğu bir dövrdə yaşayırdılar. Velosipedin arxasınca ağlayan bir qaradərili uşağa hansı polis qulaq asacaqdı ki?! O, ümidini itirmədən bir polislə tanış olur. Polisə cinayətkarı tapıb döymək niyyətini söyləyir. Polis isə ona “bunun üçün əvvəl gərək döyməyi öyrənəsən” deyir. Xoşbəxtlikdən adı Joe Martin olan bu polis məmuru özü bir idman məşqçisi idi və onunla  məşqlərə başlayır. Və orada boksçu olacağı barəsində özünə söz verir.

O, digər uşaqlardan çox fərqlənirdi. Cassius həm istedadlı idi, həm də irqçilik məsələləri hələ uşaq ikən qəlbini yaralamışdı deyə bütün güc və əzmkarlıqla çalışırdı.

ABŞ-ın daxilində və xaricində idman üzrə bir çox nailiyyətlər əldə edərək olimpiya çempionu olan Kassius Marsellus Klay bir gün yaxın dostu Ronnie King ilə restorana gedir. Ofisiant qız Kassiusa qaradərili olduğu üçün xidmət etməyəcəyini söyləyir.

İrqçiliyin bu dərəcəyə gəib çatması onu çox hiddətləndirir, axı o Olimpiya oyunlarında ABŞ-ın bayrağını ən yüksəyə qaldırmış və himnini bütün dünyaya eşitdirmişdi. Bu hadisədən təsirlənən Kassius öz qızıl medalını Ohayo çayına atır. O, ağların ədalətsizliyinə tabe olmayacağına hələ 12 yaşında qərar vermişdi.

Olimpiya çempionu biri-birinin ardınca misilsiz qələbələrə imza atır.

1964-cü ildə o, İslam dini haqda dərin araşdırmalar apardıqdan sonra İslamı seçərək adını Məhəmməd Əli qoyur.

İslamı seçdikdən sonra onun “dəmir” əlləri yumşalaraq şəfqətli əllərə çevrilir və kasıblara və ehtiyaclı insanlara yardım etməyə yönəlir.

Məhəmməd Tumaşi Məhəmməd Əli ilə görüşərək onun dediklərini “Uzamə va mufəkkirun yatəniqun əl-İsləm” (“Böyük şəxsiyyətlər və mütəfəkkirlər İslamı qəbul edirlər”) adlı kitabında Məhəmməd Əlinin dilindən belə nəql edib:

 “İslama girməyim 1964-cü ildə ABŞ-ın Florida ştatında oldu. Belə ki ilk dəfə olaraq Allahın tək olmasını eşitməm məni lərzəyə gətirdi. Həmçinin eşitdim ki, Məhəmməd (Allahın ona salavat və salamı olsun) peyğəmbərlərin sonuncusudur. İsa Allahın peyğəmbərlərindən biridir. Quran təhrif olunmayan kamil bir vəhydir. Bu eşitdiklərim hamısı mənim üçün bir yenilik idi və mənə gözəl təsir bağışladı. Mən müsəlman olduqdan sonra sülh və həqiqəti tapdım. Namaz qılmağı, oruc tutmağı, Allaha bağlanmağı öyrəndim. İnsanları Allahın dininə, pak İslama dəvət etməyə başladım. Uca Allahın lütfü olaraq mənim dəvətimlə 2 milyon amerikalı İslamı qəbul etdi. İllik gəlirim olan 200 milyonu İslama xidmət edən fəaliyyətlər üçün ayırdım. Həyat yoldaşımın və övladlarımın o gəlirə varis çıxma haqları yoxdur. Öz sarayımı məscidə və Qurani-Kərimin tədrisi üçün məktəbə çevirdim. Çikaqoda ən böyük məscid tikməyə başlamışam və bu məscid İslam Mərkəzi olacaqdır. Hal-hazırda İslama aid kitablar alıb amerikalılara pulsuz paylayıram”.

O, digər xeyriyyə işləri ilə yanaşı “Mohammed speaks” (“Məhəmməd danışır”) adlı jurnalında İslamdan yazaraq hər həftə on min nüsxə çap edib ABŞ vətəndaşlarına paylayırdı.

İslam dini, həmçinin Məhəmməd Əlini insanlar arasında ayrı-seçkilik qoymadığı ilə də cəlb etmişdi.

1967-ci ildə Məhəmməd Əli ABŞ ordusunda hərbi xidmətə çağırılır. Bu zaman ABŞ-ın Vyetnam ilə müharibə apardığı illər idi. Əli orduda xidmət etməkdən imtina edir. “Bu ədalətsiz bir müharibədir”— deyə Məhəmməd açıq şəkildə bildirirdi. Məhəmməd Əlinin minlərlə insanın önündə bu barədə etdiyi çıxışı isə yaddaşlara həkk olundu: “…..Öz azadlığı, öz ədaləti və bərabərlik üçün döyüşən o günahsız insanları kölələşdirməyə yardımçı olmayacağam. Dinimi, xalqımı və özümü alçaltmaram. Öz inandığım dəyərlər üçün mübarizə aparıram. Mənə bu hərəkətimin ölümlə cəzalandırılacağını söylədilər. Heç bir qüvvə məni öz inanclarımdan geri döndərə bilməz! Məni həbsə atacaqlarmış, nə olacaq sanki…”

Bundan sonra ABŞ-ın Boks Federasiyası onun bütün titul və lisenziyalarını əlindən alır. Həm də müharibəyə getməməsinə görə 5 il həbs və 10 min dollar cərimə cəzası verilir.

O, əqidəsindən dönmədiyinə görə və prinsiplərinə sədaqətli olduğu üçün günü-gündən insanların etibar və ehtiramını qazanır.

Nəhayət, 1970-ci ildə məhkəmə qərarı ilə ona rinqə qayıtmağa icazə verilir və tarixdə ilk dəfə olaraq bir boksçu kimi 3-cü dəfə Dünya Çempionu adını qazanır.

Məhəmməd Əli 1972-ci ildə cavan yaşlarında əl-Küveyt kanalında belə deyir: “İlk günlərimdə qürur və təkəbbürlük hiss edirdim. İslamı qəbul etdikdən sonra bildim ki, bu duyğuların İslamda yeri yoxdur və biz hamımız bərabərik. Ona görə də artıq bu kimi duyğular hiss etmirəm”.

Həmin kanalda “həyatını nə formada yaşayırsan?”- sualına belə cavab verir: “Mən həyatımı Qurana uyğun, müsəlman olaraq və şəriət qaydalarına riayət edərək yaşamaq istəyirəm. Əlbəttə ki, əgər bir müsəlman bunu başa düşürsə, üzərində çalışmalıdır”.

 Ətraflı məlumat üçün bax

O, insanlara diqqəti ilə də seçilirdi. 1981-ci ildə Los Ancelesdə 9-cu mərtəbədən özünü ataraq intihar etmək istəyən gənci xilas edib öz maşını ilə onu xəstəxanaya aparır və bütün xərclərini öz üzərinə götürür.

 Ətraflı məlumat üçün bax

Məhəmməd Əli Parkinson xəstəliyinə tutulduğu üçün Miçiqandakı evində gözdən kənarda yaşamağa üstünlük verirdi. O, xəstəliyini səbirlə qarşılayaraq: “Allah bütün insanları imtahana çəkir, ona görə də iradəmi itirməyəcəyəm, ruhdan düşməyəcəyəm”,— deyir.

Xəstəlik ona ibadət etməyə və yaxşı işlər görməyə mane olmurdu. Çikaqoda ilk məscid olan “Məscid əl-Fatir”in və digər İslam qrumlarının maliyyələşməsində əhəmiyyətli dərəcədə iştirak edir. Neçə-neçə xeyriyyə tədbirlərinin təşkilinə, özü kimi digər xəstələrə çox köməklik göstərir. Kasıblara kömək edib sədəqələr verir, uşaqlar üçün idman salonları qurdurur. “Mükəmməl olmadığımı bilirəm, ancaq dəyişmək üçün çalışıram. İnsanları sevindirməyə və Cənnətə getmək üçün səy edirəm”,— söyləyir.

Səddam Hüseyn 1990-cı ildə Amerika vətəndaşlarını əsir götürmüşdü. Amerika və qərb ölkələri nə qədər səy etsələr də əsirləri geri ala bilmirdilər. Məhəmməd Əli xəstəliyinə baxmayaraq İraqa gedir, Səddam Hüseynlə görüşüb nahar yeməyi yeyir. Səddam Hüseyn ona: “Hacı Məhəmməd Əli ilə amerikalıları göndərmədən geri buraxmarıq”- deyir və 15 əsiri Məhəmməd Əli xüsusi təyyarəsində özü ilə Amerikaya aparır.

Amerikalı əsirlər Məhəmməd Əliyə təşəkkür edərkən onlara deyir: “Allaha şükür edin. Allah insanlar vasitəsilə edir bunu. Edən mən deyiləm”.

 Ətraflı məlumat üçün bax

Görüş əsnasında, həmçinin Məhəmməd Əli Səddam Hüseynə “Mən ABŞ-a qayıtdıqdan sonra Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) haqda kitab yazacağam”,- deyir.

 Ətraflı məlumat üçün bax

1990-cı ilin Mart ayında ABŞ-ın prezidenti Corc Buş Mixayil Qorbaçovu qarşılayan zaman Məhəmməd Əli Ağ evdə Qarbaçova Qurani-Kərim hədiyyə edərək ona İslamı seçməsini təklif edir.

1996-cı il Atlanta Olimpiya Oyunlarının məşəlini alovlandırmaq məhz əfsanəvi Məhəmməd Əliyə həvalə olunmuşdu. Həmin mərasimdə ABŞ-ın prezidenti Bill Klinton Məhəmməd Əliyə “itən medalın” yerinə yeni olimpiya qızılını təqdim edərək, bir növ illər əvvəl dahi idmançıya edilmiş irqçi ayrı-seçkiliyə görə ABŞ hökuməti ondan üzr istəmişdi.

 O, hər zaman müsəlmanlara qarşı edilən haqsızlıqlara qarşı çıxırdı.

2001-ci ildə 11 sentyabr hadisələri ilə əlaqədar bu sözlərlə müsəlmanlara dəstəyini bildirmişdi: “Mən evdə oturub insanların problemin mənbəyi kimi müsəlmanları ləkələməsini seyr edə bilməzdim. Məni ən çox incidən İslamın adından istifadə edərək radikal insanların İslamı ləkələmələridir. İslam sülh və əmin-amanlıq dinidir. İslam terrorizmi və insanları öldürməyi dəstəkləmir. ABŞ-dakı terror hadisəsi heç bir şəkildə İslamı təmsil etmir. Allah terrorçuların tərəfində deyil. Bunu edənlər, cəzalarını almalıdırlar”.

 2002-ci ilin noyabr ayının 17-də BMT-nin xüsusi xoşməramlı səfiri kimi Əfqanıstana səfər edir.

Məlumdur ki, Hollivudda “Şöhrət” xiyabanında (Hollywood Walk of Fame) bütün Hollivud ulduzlarının adları adəti üzrə ulduz içərisində yerə həkk olunur. Dünyada bir çox insanlar vardır ki, adlarının orada yazılması xəyalındadırlar. Lakin Məhəmməd Əli 2002- ci ildə ona edilən təklifi qətiyyətlə rədd edir və bildirir ki, mən sevimli Peyğəmbərimiz olan Məhəmmədin (Allahın ona salavat və salamı olsun) adını daşıyıram. “Ona görə də heç vaxt insanlara icazə vermərəm ki, onun adını tapdalasınlar! Bir şərtlə bunu qəbul edərəm ki, mənim ulduzum yerə deyil, divara həkk olunsun. İnsanlar onu tapdalamaq əvəzinə divarda görsünlər”.

Beləliklə, Məhəmməd Əlinin ulduzu yeganə olaraq yerdə deyil, divarda yazılır.

 İngiltərənin məşhur “İndependet” qəzeti Məhəmməd Əlinin adının yerə yazılmama səbəbini açıqlayır.

 Ətraflı məlumat üçün bax

2005-ci il Noyabrın 9-da Ağ Evdə keçirilən mərasimdə prezident Corc Buş tərəfindən “Azadlıq” medalı, həmin il Dekabrın 17-də isə Almaniyanın “Sülh” medalı ilə təltif edilir. Bütün bunlar onun fəaliyyətinin nəticəsi idi.

 O, həmçinin bir çox müsəlman ölkələrinin başçıları ilə də görüşmüş və yüksək medallarla təltif olunmuşdur.

Zənginlik istədim Allah mənə İslamı verdi deyən” Məhəmməd Əli “əgər mənə yaşamaq üçün yenidən şans verilsəydi, mən 10 yaşımda müsəlman olardım”, — söyləyir.

“Kimə borclusan?”- sualına cavab verərək deyir: “Hər şeydə Allaha borcluyam. Bütün uğurlarımda, məni qorumasında, şücaətimdə və qələbələrimdə mən Allaha borcluyam”.

Məhəmməd Əli dünyadakı bütün insanlar üçün nümunə bir müsəlman idi. Bir çox həmvətənini İslamı qəbul etməyə ruhlandırdı. O, həmişə gənclərə Quran oxumağı, Allaha ibadət etməyi tövsiyə edirdi. “Əlbəttə, buna görə Allah sizə hər işinizdə kömək olacaq”,- deyirdi.

“Həyatdakı ən böyük uğurum İslamı qəbul etməyim və hal-hazırda bütün dünyada Məhəmməd Əli kimi tanınmağımdır. İlk dəfə Həcc zamanı Ərəfat dağında yaşadığım hiss heç nə ilə müqayisəyə gəlməz. Bu qədər müsəlmanın fərqli dəri rəngi, milləti, dövlət başçısı anlayışı olmadan Allaha yalvararaq, günahlarını bağışlamasını istəməsi, hamısının eyni geyinib hər hansı bir üstünlük hissi buraxmadığını izləmək çox həyəcanverici bir an idi. Bu, İslamda ilk sevdiyim bərabərlik anlayışının təzahürü idi”.

“Mən hər zaman öz-özümə sual verirəm ki, görəsən, Allah məndən razı olacaqmı? Dünya çempionatı mənə xoşbəxtlik gətirmədi, çünki həqiqi xoşbəxtlik hissi Allah sevgisindən gəlir. Ölümdən sonra nə qədər pul qazandığının, hansı təhsilə yiyələndiyinin əhəmiyyəti yoxdur. Həyatda namaz qılmaq, dua etmək və yaxşı əməl sahibi olmaq ən vacib işdir. Çünki Yer üzündə yaşamaq əbədi həyatdan əvvəl gələn bir təcrübədir”.

Müxbirin ona ünvanladığı “şəxsi qoruyucunuz varmı?” sualına “Tək Allah. Və Allah hamımızı qoruyandır”, söyləyir. 

Məhəmməd Əli həyatı boyu çox mükafatlar alır, haqqında çox danışılır, filmlər çəkilir. O, sadəcə bir idmançı deyildi. Bütün bu mükafatlardan daha önəmlisi illər ötdükçə azalmayan, əksinə daha da artan bəşəri sevgidir. Dünyanın hər bir yerində onun adını böyük ehtiramla yad edirlər. Bu isə bəşər tarixində çox nadir şəxsiyyətlərə qismət olan bir xoşbəxtlikdir ki, uca Allah ona nəsib edib.

Sevgi və təvazökarlıq rəmzi olan Məhəmməd Əli 2016-cı il, İyunun 3-də dünyasını dəyişir.

Qəlbindəki dərin İslam sevgisi ilə milyonların rəğbətini qazana bilmiş Məhəmməd Əli yaşadı və köçdü bu dünyadan…

Məhəmməd Əli təkcə dünya şöhrətli idmançı deyildi. O, həm də ağıllı, xeyirxah və hikmət dolu fikirləri ilə tanınan bir insan idi. Onun sevilməsi “dəmir” yumruğuna görə deyil, yumruğu boyda olan yumuşaq ürəyinə görə idi. Elə bu səbəbə görə də o, dinindən və millətindən asılı olmayaraq yüz milyonlarla insanın rəğbətini qazanmışdı. O, həqiqətən də insanlıq səfiri idi…

1981-ci ildən idmanı tərk etməsinə baxmayaraq vəfat edənə qədər bütün insanların onu sevməsi, onunla görüşə can atması və informasiya vasitələrinin davamlı olaraq ondan danışması bu insana olan sevginin bariz nümunəsi idi.

Ölmədən öncə əldə etdiyi hədiyyələrin satılaraq Allah yolunda xərclənməsi vəsiyyətini edir və həqiqətən də onun vəfatından sonra 1974-cü ilin Dünya Çempionatında qazandığı qızıl kəməri 1.300.000 dollara, şortikini 130.000 dollara, əlcəklərini və digər əşyalarını da sataraq xeyriyyə üçün xərcləyirlər.

2005-ci ildə Kentukki əyalətinin Loussvelli şəhərində Məhəmməd Əli adına 80 milyon dollara başa gələn, 6 mərtəbədən ibarət, girişi pulsuz olan mərkəz inşa edilib.

Məhəmməd Əli Mərkəzi”- nin fotoşəkli

Ətraflı məlumat üçün bax

Məşhur yazıçılar tərəfindən tarixdə silinməz bir iz qoyan Məhəmməd Əli haqda “Əliyə yaxınlaş”, “Əfsanə kişi; Məhəmməd Əli”, “Məhəmməd Əli: Həyatı və Zamanı” və s. adlarda bir çox kitablar çap edilmişdir.

Məhəmməd Əli barədə yazılan bəzi kitabların fotoşəkilləri

 

Şərh əlavə et

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *