“...Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən!..”

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Şübhə yoxdur ki, yaşadığımız bu kainat insanın dərk edə bilməyəcəyi qədər çox gözəl bir nizamda və formada yaradılmışdır. Allah-Təalanın xəlq etdiyi bu gözəl yaradılış barədə fikirləşmək, düşünüb-daşınmaq əsasən qəlb ibadətlərindən sayılır. Füsunkar məxluqatlar, onları yaradan Uca Allah barədə düşünərək o məxluqatlara baxması ilə göz və onlar barədə danışması ilə dil də bu ibadət növündən pay qazana bilər. Təəssüflər olsun ki, bu ibadət bir çoxları tərəfindən unudulmuş ibadətlərdəndir. Qəlb ibadəti peyğəmbərlərin və salehlərin ibadətidir.

Allah-Təala Qurani-Kərimdə qullarını yaradılış barədə fikirləşməyə, düşünməyə çağırmış və belə edənləri ağıl sahibləri adlandıraraq buyurur:

﴿ إِنَّ فِي خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاخْتِلَافِ اللَّيْلِ وَالنَّهَارِ لَآيَاتٍ لِأُولِي الْأَلْبَابِ. الَّذِينَ يَذْكُرُونَ اللَّهَ قِيَامًا وَقُعُودًا وَعَلَىٰ جُنُوبِهِمْ وَيَتَفَكَّرُونَ فِي خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْضِ رَبَّنَا مَا خَلَقْتَ هَٰذَا بَاطِلًا سُبْحَانَكَ فَقِنَا عَذَابَ النَّارِ ﴾

“Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birinin ardınca gəlib-getməsində ağıl sahibləri üçün (Allahın varlığını sübut edən aydın) dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi Cəhənnəm odunun əzabından qoru!”” (“Ali-İmran” surəsi, 190,191-ci ayələr)

Digər bir ayədə Allah-Təala insanları qüsursuz olaraq yaratdığı göylər, orada saysız-hesabsız bəzək kimi düzülən ulduzlar, yerlər, orada dirək kimi dayanan dağlar, yağışlar və bitkilər barədə düşünmələrinə və bu kimi yaradılışlardan ibrət almalarına çağıraraq buyurur:

﴿ أَفَلَمْ يَنْظُرُوا إِلَى السَّمَاءِ فَوْقَهُمْ كَيْفَ بَنَيْنَاهَا وَزَيَّنَّاهَا وَمَا لَهَا مِنْ فُرُوجٍ. وَالْأَرْضَ مَدَدْنَاهَا وَأَلْقَيْنَا فِيهَا رَوَاسِيَ وَأَنْبَتْنَا فِيهَا مِنْ كُلِّ زَوْجٍ بَهِيجٍ. تَبْصِرَةً وَذِكْرَىٰ لِكُلِّ عَبْدٍ مُنِيبٍ. وَنَزَّلْنَا مِنَ السَّمَاءِ مَاءً مُبَارَكًا فَأَنْبَتْنَا بِهِ جَنَّاتٍ وَحَبَّ الْحَصِيدِ. وَالنَّخْلَ بَاسِقَاتٍ لَهَا طَلْعٌ نَضِيدٌ. رِزْقًا لِلْعِبَادِ ۖ وَأَحْيَيْنَا بِهِ بَلْدَةً مَيْتًا ۚ كَذَٰلِكَ الْخُرُوجُ ﴾

“Məgər onlar başlarının üstündəki göyə baxıb onu necə yaratdığımızı, necə bəzədiyimizi və orada heç bir yarıq olmadığını görmürlərmi?! Eləcə də yeri necə döşədiyimizi, orada möhkəm duran dağlar yaratdığımızı, hər cür gözəl növdən (meyvə) yetişdirdiyimizi görmürlərmi?! (Bütün bunları Rəbbinə tərəf) dönüb qayıdan hər bir bəndə üçün ibrət dərsi və öyüd-nəsihət olsun deyə etdik. Biz göydən bərəkətli su endirdik, sonra onunla bağlar və biçilən taxıl dənələri yetişdirdik. Həmçinin, tumurcuqları (salxım-salxım) bir-birinin üstünə düzülmüş, hündür xurma ağacları (bitirdik). Bəndələrə ruzi olsun deyə! Biz onunla (o su ilə) ölü bir məmləkəti cana gətirdik. (Qiyamət günü qəbirlərdən dirilib) çıxmaq da belədir!” (“Qaf” surəsi, 6-11-ci ayələr)

Dəyərsiz bir şeydən yaranan insanın özünə və əzalarına nəzər salanda heyrətlənməməsi mümkün deyildir. Halbuki göylərin və yerin yaradılışı insanın yaradılışından və onun öldükdən sonra Qiyamət günü yenidən dirilməsindən daha böyük və daha heyrətləndiricidir. Bu barədə Uca Allah buyurur:

﴿ لَخَلْقُ السَّمَاوَاتِ وَالْأَرْضِ أَكْبَرُ مِنْ خَلْقِ النَّاسِ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ ﴾

“Həqiqətən də, göylərin və yerin yaradılışı insanların yaradılışından daha böyükdür (qəlizdir). Lakin insanların çoxu (bunu) bilməz!” (“Ğafir” surəsi, 57-ci ayə)

Uca Allah yerdə yaratdığı misilsiz nemətlərdə və insanın özündə belə Allahın varlığını sübut edən dəlillərin olduğunu xatırladaraq buyurur:

﴿ وَفِي الْأَرْضِ آيَاتٌ لِلْمُوقِنِينَ. وَفِي أَنْفُسِكُمْ ۚ أَفَلَا تُبْصِرُونَ ﴾

“Yerdə (Allaha) tam yəqinliklə inananlar üçün (Onun əzəmət və qüdrətinə dəlalət edən) əlamətlər vardır. Sizin özünüzdə də (sizi yaradan Allahın varlığını sübut edən əlamətlər vardır). Məgər görmürsünüz? (“əz-Zariyat” surəsi, 20, 21-ci ayə)

Həmçinin, Allah-Təala Öz peyğəmbərinə (Allahın ona salavat və salamı olsun) insanları göylərdə və yerdə olan saysız-hesabsız məxluqatlar barədə fikirləşməyə çağırmasını əmr edərək buyurur:

﴿ قُلِ انْظُرُوا مَاذَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَمَا تُغْنِي الْآيَاتُ وَالنُّذُرُ عَنْ قَوْمٍ لَا يُؤْمِنُونَ ﴾

“(Ey Peyğəmbər!) De: “Baxın (bir fikirləşin) göylərdə və yerdə nələr var!”. Lakin iman etməyən qövmə dəlillər və xəbərdarlıqlar heç bir fayda verməz!” (“Yunus” surəsi, 101-ci ayə)

Bir çox insanlar vardır ki, gündəlik həyatında səmada və yerdə olan məxluqatlar haqda eşidər, yaxud da onları öz gözü ilə görər, lakin onların yaradılışı və Yaradan Allah barədə qəti düşünməzlər. Kor-koranə yaşayaraq biganə qalıb heç bir ibrət almazlar. Elələri barədə Uca Rəbbimiz buyurur:

﴿ وَكَأَيِّنْ مِنْ آيَةٍ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ يَمُرُّونَ عَلَيْهَا وَهُمْ عَنْهَا مُعْرِضُونَ ﴾

“Göylərdə və yerdə (Allahın varlığını sübut edən) neçə-neçə dəlillər (nişanələr) vardır ki, insanlar onların yanından üzlərini çevirib keçərlər (onlara baxıb ibrət almaz, onların həqiqi mənaları haqqında düşünməzlər)”. (“Yusuf” surəsi, 105-ci ayə)

Böyük səhabələrdən olan İbn Abbas (Allah ondan razı olsun) demişdir:

“Bir saat (Allahın yaratdıqları barədə fikirləşərək Allahı) xatırlamaq, bir dəfə gecə namazı qılmaqdan daha üstündür”. (Əhməd, “əz-Zuhd” kitabı)

Abdullah ibn Utbə (Allah ondan razı olsun) deyib: “Ummu Dərdadan ( Allah ondan razı olsun) həyat yoldaşı Abu Dərdanın (Allah ondan razı olsun) ən üstün ibadəti hansı ibadət idi deyə soruşdum. O dedi: “fikirləşmək və ibrət almaq idi””. (Əbu Nueym, “Hilyətul-Ouliyə”)

Beləliklə, bu bölmədə Uca Allahın yaratdığı füsunkar məxluqatlar barədə danışmağa çalışacağıq.

Hazırladı: Samin Məmmədov

Şərh əlavə et

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *