“Günəş və Ay heç bir kəsin ölümünə və ya həyatına görə tutulmur...”

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Ata-anasız böyüyənlərə və övladını itirənlərə təsəlli

Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) ata və anası hələ o, uşaq ikən vəfat etdiyi üçün yetim böyümüşdür. Həmçinin sevimli həyat yoldaşı olan Xədicəni də (Allah ondan razı olsun) erkən vaxtlarda itirmişdir.

Əlavə olaraq Fatimə istisna olmaqla altı övladının hamısı (Allah onlardan razı olsun) və onların içində ən son oğul övladı  südəmər körpə olan İbrahim də onun sağlığında vəfat edib.

Əlbəttə ki, Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) başına gələn bütün bu və digər ağır müsibətlər və o müsibətlərə tam razılıqla səbr etməsi, onun Allah yanında dərəcəsinin ən yüksəklərə qalxmasına vəsilə olmuşdur.

Yüksək bir məqama çatmış peyğəmbərin yetim böyüməsi, sağ ikən ən yaxınlarını itirməsi, özündən sonra gələn ata-anasız böyüyən uşaqlara, əzizlərini, övladlarını itirən həyat yoldaşlarına və valideynlərə, həqiqətən də, böyük bir təsəllidir…

Başına bütün bu kimi ağır müsibətlər gələn hər bir kəs Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) həyatını oxuyaraq səbrini, Allahdan razılığını və Ona olan daimi şükrünü özünə əsl nümunə götürməlidir.

Günəşin tutulmasının insan ölümü ilə əlaqəsi varmı?

Muğira (Allah ondan razı olsun) belə rəvayət edir:

( كَسَفَتِالشَّمْسُ علَى عَهْدِ رَسولِ اللَّهِ صَلَّى اللهُ عليه وسلَّمَ يَومَ مَاتَ إبْرَاهِيمُ، فَقالَ النَّاسُ: كَسَفَتِ الشَّمْسُ لِمَوْتِ إبْرَاهِيمَ، فَقالَ رَسولُ اللَّهِ صَلَّى اللهُ عليه وسلَّمَ: إنَّ الشَّمْسَ والقَمَرَ لا يَنْكَسِفَانِ لِمَوْتِ أحَدٍ ولَا لِحَيَاتِهِ، فَإِذَا رَأَيْتُمْ فَصَلُّوا، وادْعُوا اللَّهَ. )

“Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) dövründə İbrahim vəfat edən gün Günəş tutuldu. İnsanlar dedilər: “Günəş İbrahimin vəfat etməsinə görə tutuldu”. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “Günəş və Ay heç bir kəsin ölümünə və ya həyatına görə tutulmur. Bunu görən zaman namaz qılın və Allaha dua edin”. (Buxari, Müslim və digərləri rəvayət ediblər.)

Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) hələ 21-ci əsrdə Günəşin tutulması ilə bağlı müxtəlif xurafatlara inananlara utanc verən bu məşhur hədisi ilə bir çox yanlış etiqadları tərk etməyə çağırmışdır.

Bu məsələ ilə bağlı dünyanın ən zəngin ensiklopediyası olan İngiltərənin “Britannica” ensiklopediyasının saytında “27 yanvar, 632-ci il: Günəş İbrahimə yas tutur” (January 27, 632 CE: The Sun Mourns Ibrahim) başlıqlı yazıda deyilir:

“27 yanvar, 632-ci ildə İslamın banisi Məhəmmədin (Allahın ona salavat və salamı olsun) oğlu İbrahim vəfat etdi. O, onda cəmi 18 aylıq idi. Qismən günəş tutulması da həmin gün baş vermişdi. Bir çox insanlar günəş tutulmasını İbrahimin ölümünə səbəb olan bir əlamət olaraq görürdü. Ancaq Məhəmməd (Allahın ona salavat və salamı olsun) Günəş və Ayın Allahın əlamətləri olduğunu və heç kimin ölümünə səbəb olmadığını söylədi. O, insanlara nəsihət etdi ki, tutulma baş verən zamandan bitənə qədər ibadət (dua) etsinlər”.

Ətraflı məlumat üçün bax

Günəşin tutulma səbəbini inkar etməsi Məhəmmədin (Allahın ona salavat və salamı olsun) peyğəmbərliyinə bir daha sübutdur:

Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) Günəş tutulmasının oğlunun vəfatı ilə heç bir əlaqəsi olmadığını deməsi onun, həqiqətən də, Allah-Təala tərəfindən göndərildiyinə digər bir sübutdur. Çünki yalandan özünü peyğəmbər kimi qələmə verənlər qədimdən bu günə qədər ən zəif dəlilləri belə öz xeyirlərinə yozmağı adət etmişlər. Lakin Allah tərəfindən haqq olaraq göndərilən Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) insanları inandıracaq bu kimi böyük bir hadisədən öz peyğəmbərliyi üçün istifadə etməməsi onun, həqiqətən də, peyğəmbər olmasına dəlalət edir…

İslamı qəbul etmiş Toronto Universitetinin professoru, riyaziyyat və məntiq müəllimi, kanadalı Qari Miller (Gary Miller) bu məsələyə çox gözəl şəkildə toxunmuşdur.

Ətraflı məlumat üçün bax

Ən sonuncu peyğəmbər kimdir?

İsmayıl ibn Əbi Xalid belə rəvayət edir:

( قلت لابن أبي أوفى: رأيتَ إبراهيمَ ابنَ النبي؟ قال: مات صغيرًا، ولو قُضِيَ أن يكون بعد محمد صلى الله عليه وسلم نبيٌّ، عاش ابنه؛ ولكن لا نبي بعده. )

“Əbu Ovfənin oğluna dedim ki, sən Peyğəmbərin oğlu İbrahimi (Allahın onlara salavat və salamı olsun) görmüsənmi?” O dedi: “O, kiçik ikən vəfat etdi. Əgər Məhəmməddən (Allahın ona salavat və salamı olsun) sonra peyğəmbər olsaydı, oğlu yaşayardı. Lakin ondan sonra peyğəmbər yoxdur””. (Buxari rəvayət edib.)

İbrahimdən sonra olan bütün peyğəmbərlər İsa (Allahın onlara salamı olsun) istisna olmaqla atalarından sonra gələn oğul nəslindən olublar. İsa peyğəmbər isə Uca Allah tərəfindən olan bir ruh ilə yaradıldığı üçün ana tərəfdən İbrahimin nəslindəndir.

Bu haqda Uca Allah buyurur:

﴿ وَوَهَبْنَالَهُ إِسْحَقَ وَيَعْقُوبَ وَجَعَلْنَا فِي ذُرِّيَّتِهِ النُّبُوَّةَ وَالْكِتَابَ وَآتَيْنَاهُ أَجْرَهُ فِي الدُّنْيَا وَإِنَّهُ فِي الْآخِرَةِ لَمِنَ الصَّالِحِينَ ﴾

“Biz ona (İbrahimə) İshaqı və Yəqubu bəxş etdik, peyğəmbərliyi və kitabı onun nəslinə əta etdik, dünyada onun mükafatını verdik. O, axirətdə də mütləq (yüksək dərəcələrə layiq) salehlərdən olacaqdır!” (“əl-Ankəbut” surəsi, 27-ci ayə)

İbrahim peyğəmbərin Saradan olan oğlu İshaqın nəslindən olan peyğəmbərlər Yaqub (İsrayıl), Yusif, Eyyub, Zul-Kifl, Yunus, Musa, Harun, İlyas, Əlyəsa, Davud, Süleyman, Zəkəriyyə, Yəhya və İsa peyğəmbərdir (Allahın onlara salamı olsun). İsa peyğəmbər evlənmədiyi üçün övladı olmamışdır və bununla da İbrahim oğlu İshaqın nəslindən olan peyğəmbərlərin sonuncusu İsa peyğəmbərdir.

İbrahim peyğəmbərin Həcərdən olan digər oğlu İsmayılın nəslindən isə yalnız bir peyğəmbər olmuşdur ki, o peyğəmbər də Məhəmməd peyğəmbərdir (Allahın onlara salavat və salamı olsun). Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) sonuncu peyğəmbər olduğu üçün Allahın hikməti ilə bütün oğul övladları vəfat etmişdir deyə özündən sonra oğul nəsli qoymamışdır.

Uca Allah buyurur:

﴿ مَا كَانَ مُحَمَّدٌ أَبَا أَحَدٍ مِنْ رِجَالِكُمْ وَلَٰكِنْ رَسُولَ اللَّهِ وَخَاتَمَ النَّبِيِّينَ ۗ وَكَانَ اللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمًا ﴾

“Məhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Rəsulu və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir!” (“əl-Əhzab” surəsi, 40-cı ayə)

İbrahim adı ilə başlayıb İbrahim adı ilə bitən peyğəmbərlik nəsli:

Bu mövzunu hazırlayarkən fikrimə incə bir məqam gəldi. Belə ki, ilk olaraq “Peyğəmbərlər atası” ləqəbi ilə tanınan peyğəmbərin də adı İbrahimdir və öz nəslindən olan sonuncu oğul uşağının da adı İbrahimdir. Maraqlıdır ki, bu mübarək nəsil İbrahim adı ilə başlayıb İbrahim adı ilə də bitmişdir.

 Körpə İbrahim neçə yaşında vəfat etdi?

Möminlərin anası Aişə (Allah ondan razı olsun) İbrahimin vəfat edərkən neçə yaşı olduğu haqda belə deyib:

( مات إبراهيم بن النبي صلى الله عليه وسلم وهو ابن ثمانية عشر شهرا…» )

Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) oğlu İbrahim on səkkiz aylıq olarkən vəfat etdi…” (Əbu Davud, “Sahihu Əbi Davud”, əl-Albani, 3187)

İbrahim hicri — qəməri tarixinin Zül-Hiccə ayının 8-ci ilində, miladi tarixlə isə 630-cu ildə doğulmuş, hicri tarixin 10-cu ilində, Miladi tarixin isə 632-ci ilində vəfat etmişdir. Lakin həmin ilin hansı ayında vəfat etməsi isə hədis və tarix kitablarında fərqli qeyd olunmuşdur. Bizim mövzumuza aid olanı onun Hicri tarix ilə 10-cu, Miladi tarix ilə 632-ci ildə vəfat etməsi və həqiqətən də həmin ildə astronomların Ərəbistan yarımadasında Günəşin tutulmasını təsdiq etmələridir.

Məhəmməd peyğəmbərin oğlu İbrahimin (Allahın hər ikisinə salavat və salamı olsun) Mədinə şəhərindəki “əl-Bəqi” qəbiristanlığındakı qəbrinin hazırki şəkli

Astronomların 632-ci ildə Ərəbistanda Günəşin tutulmasını təsdiqləməsi:

Belə ki, NASA və digər astronomiya ilə maraqlanan saytların məlumatlarına görə, 632-ci il, Yanvarın 27-də Günəş tutulması Liviyadan başlayaraq Ərəbistandan tutmuş Sibirə qədər görülmüşdür. Hətta, həmin ildə Azərbaycanda da Günəş Ərəbistana nisbətdə daha az şəkildə tutulmuşdur. Ərəbistan yarımadasında  27 Yanvar, 632-ci il, səhər saat 07:25-də Günəş tutulmağa başlamış, 08:40-da Günəşin dairəsinin 90%-i tutulmuş və 10:15-də yenidən Günəş işıq saçmağa başlamışdır.

NASA-nın öz rəsmi saytında 632-ci il, 27 Yanvar tarixində Ərəbistan yarımadasında Günəşin tutulmasını təsdiqləməsinə nəzər salaq:

632-ci ildə Yer kürəsinin bəzi hissəsində Günəş tutulmasının təsdiqi

Ətraflı məlumat üçün bax

632-ci ildə Mədinə şəhərində Günəş tutulmasının təsdiqi

Ətraflı məlumat üçün bax

Günəş tutulması ilə maraqlanan ABŞ-ın məşhur “Eclipse Wise” saytında da eynilə 27 Yanvar, 632-ci ildə Ərəbistan yarımadasında Günəşin tutulmasını qeyd etməsinə nəzər salaq.

Ətraflı məlumat üçün bax

Qeyd edək ki, 631-ci il, Fevralın 7-də və Avqustun 3-də, eləcə də 632-ci il, İyulun 23-də Yer üzündə Günəş tutulması baş vermişdir. Lakin astronomların dediklərinə görə, Ərəbistan yarımadasında qəti olaraq görülməmişdir. Həmin ərəfədə Yer kürəsində Günəşin tutulduğu məntəqələrə nəzər salaq.

Günəşin keçmişdə və gələcəkdə tutulması barədə məlumat almaq üçün bu keçidə daxil ola bilərsiz

Hədis inkarçılarına:

Özlərinə müsəlman deyən bəzi hədis inkarçıları Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) hədislərini, eləcə də onun dövründə baş verən Günəş tutulmasını və bununla bağlı Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) dediyi hikmətli sözləri də inkar edirlər.

Lakin yuxarıda qeyd edildiyi kimi, baş verən hadisəni, hətta, tarixi dəqiqliyi ilə müasir elmin təsdiqləməsi, əlbəttə ki, ağıl sahibi olan hər bir kəsi düşündürməli və hədislərə inanaraq onlara əməl etməsinə vəsilə olmalıdır.

Uca Allah buyurur:

﴿ لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ لِمَنْ كَانَ يَرْجُو اللَّهَ وَالْيَوْمَ الْآخِرَ وَذَكَرَ اللَّهَ كَثِيرًا ﴾

“Allah Rəsulunda sizlər – Allaha və Axirət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl bir nümunə vardır”. (“əl-Əhzab” surəsi, 21-ci ayə)

Şərh əlavə et

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *