“...Allah ayələri sizə belə bəyan edir ki, bəlkə fikirləşəsiniz”

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Əsrlər boyu müşahidə olunan adi qasırğa fırtına və şiddətli küləklərdən meydana gəlir. Belə ki, küləklər güclü hava burulğanı formasında üfüqi və şaquli şəkildə yuxarı qalxır. Evlərin damlarını, ağacları kökündən qoparır, evləri dağıdır və əkin sahələrini tələf edir.

Adi qasırğanın fotoşəkli

2018-ci ildə Xəzər dənizində baş verən adi qasırğanın video görüntüsü

İlk dəfə bu odlu qasırğa 2003-cü ildə Avstraliyada baş verib və onu elm adamları odlu qasırğa deyil, adi fəlakət adlandırıblar.

Avstraliyada tədqiqatçılar 2003-cü ildə yanğınsöndürmə zamanı ilk dəfə «yanğın tornadolarını» təsdiq etdilər.

Həmçinin, 2010-cu ildə Braziliyada baş verən odlu qasırğaya da bir o qədər əhəmiyyət verilməyib.

2010-cu ildə Braziliyada baş vermiş odlu qasırğanın fotoşəkli

Lakin 2013-cü ildə Avstraliyada təkrarlanan qasırğa ilə dərindən maraqlanaraq araşdırmalar aparılır. Onu peyk və kameralar vasitəsilə çəkirlər və bu qasırğanı ən qəribə təbii fəlakət hesab edərək odlu qasırğa adı verirlər.

2013-cü ildə Avstraliyada baş vermiş odlu qasırğanın fotoşəkli

Hansı ki, Qurani-Kərimdə 1400 il öncə bu barədə ayə nazil olaraq belə bir odlu qasırğanın olması barədə məlumat verilmişdir.

Yaşadığımız bu dövrdə bəzi ölkələrdə baş verən qasırğalar heç kəsə sirr deyil. Lakin qasırğanın, xüsusən də, odlu qasırğanın 7-ci əsrdə görülmədiyi bir dövrdə bu növündən Qurani-Kərimdə bəhs edilmişdir.

Alimlər hər şeyi kül edən odlu qasırğanı gördükdə dəhşətə gəlirlər. Çünki onlar yeni əsrdə ilk dəfə idi ki, belə qasırğa müşahidə edirdilər.

Hətta, son illərdə qasırğanın həmişə soyuq, bəzən isə çox cüzi isti olması ən çox yayılan fikir idi. Lakin odlu qasırğanın varlığı alimlər üçün yeni və qəribə bir hadisəyə çevrildi.

Allahın möcüzə dolu kitabında isə odlu qasırğa heç də yeni bir hadisə deyil.

Allah-Təala Qurani-Kərimdə zəngin bəndələrini müvəqqəti olan dünya malına sarılmayıb ondan ehtiyaclı insanlara da özünü göstərmək məqsədilə deyil, yalnız Allah rizasına xərcləmələrini misal çəkərək gözəl bir bənzətmə ilə buyurur:

﴿ أَيَوَدُّ أَحَدُكُمْ أَنْ تَكُونَ لَهُ جَنَّةٌ مِنْ نَخِيلٍ وَأَعْنَابٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ لَهُ فِيهَا مِنْ كُلِّ الثَّمَرَاتِ وَأَصَابَهُ الْكِبَرُ وَلَهُ ذُرِّيَّةٌ ضُعَفَاءُ فَأَصَابَهَا إِعْصَارٌ فِيهِ نَارٌ فَاحْتَرَقَتْ ۗ كَذَٰلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمُ الْآيَاتِ لَعَلَّكُمْ تَتَفَكَّرُونَ ﴾

“Məgər sizlərdən biri istəyərmi ki, onun xurma ağaclarından və üzümlüklərdən ibarət, ağacları altından çaylar axan və içində də onun üçün hər cür meyvələr olan bir bağı olsun, sonra da ona qocalıq üz verdiyi zaman, özünün də o bağa möhtac olan uşaqları olduğu bir halda  bu bağa odlu bir qasırğa düşüb onu yandırsın? Allah ayələri sizə belə bəyan edir ki, bəlkə fikirləşəsiniz”. (“Bəqərə” surəsi, 266-cı ayə)

Malını Allah yolunda deyil, insanların tərifini qazanmaq üçün xərcləyən kəs Axirət günü savaba ən ehtiyaclı vaxtında nail ola bilməyəcəkdir. Ayədə keçən misalda göstərildiyi kimi yaşlı insan qazanc yeri olan bostanını əziyyətlə yetişdirərkən və özü də bağa möhtac övladlarının ən ehtiyaclı vaxtında odlu qasırğanın gəlib həmin bostanı yandırıb məhv etməsini istəməz. Eləcə də, heç kəs xərclədiyi malın savabının Axirət günündə riyakarlıq etməklə puç olmasına səbəb olmamalıdır.

İnsana Axirət günündə mal-dövlət, övlad və s. deyil, yalnız etdiyi xeyir əməl fayda verəcəkdir. Ona görə də Allah-Təala ayənin sonunda bizi düşünməyə çağıraraq buyurur:

﴿ كَذَٰلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمُ الْآيَاتِ لَعَلَّكُمْ تَتَفَكَّرُونَ ﴾

“…Allah ayələri sizə belə bəyan edir ki, bəlkə fikirləşəsiniz”.  (“əl-Bəqara” surəsi, 266-cı ayə)

Sözügedən bu ayədə ibrətlə yanaşı bir möcüzə də var. Belə ki, Qurani-Kərimdə nazil olduğu 7-ci əsr insanı üçün real olmayan odlu-alovlu qasırğadan danışılır.

Quran möcüzələri barəsində araşdırma aparanlardan biri olan Professor Abd əd-Dəim əl-Kuheyl bildirmişdir ki, bir çox tədqiqatçılardan odlu qasırğa barədə soruşduqda hamısı yekdilliklə “odlu qasırğa deyilən bir şey yoxdur”, — dedilər.

Abd əd-Dəim əl-Kuheyl belə söyləyib: “Özlüyümdə fikirləşdim ki, insanın sözünə inanıb insanı yaradan Allahın sözünü heç vaxt kənara qoymaram. Bir neçə il sonra alimlərin “Fire Tornado” adlandırdığı odlu qasırğa barədə məlumatlar yayıldı. Həmin odlu qasırğa Avstraliya və Amerikada bir neçə dəfə təkrarlanmışdır”.

Odlu qasırğanın videogörüntüləri

Bu qasırğaların hər şeyi məhv etmə sürəti və təkrarlanması səbəbi ilə tədqiqatçılar araşdırmalar aparmağa başladılar. Araşdırmalar nəticəsində onlar bu qasırğa barəsində Quranda varid olmuş ayənin dəlalət etdiyi bir çox dəqiq mənaları aşkar etdilər. Belə ki onlar meşələri ən tez və ən çox yandıran, məhv edən məhz odlu qasırğanın olduğunun şahidi oldular. Başqa heç bir qasırğa bu qədər sürətlə yayılıb həmin məkanı o dərəcədə sürətlə yandırıb məhv etmir. Odlu qasırğa yeganə qasırğadır ki, önünə çıxdığı hər bir şeyi məhv edir, heç bir şeyi salamat buraxmır.

Qeyd etdiyimiz ayədə bir neçə möcüzə mövcuddur:

  1. Odlu qasırğa 5 km ərazisi olan bir bağı 10 dəqiqə içərisində külə çevirməyə qadirdir. Hətta, alimlər araşdıraraq belə nəticəyə gəliblər ki, bu növ qasırğa 1 saat içərisində 30 km ərazini yandıraraq külə çevirə bilər. Bu da odlu qasırğanın necə sürətlə yayıldığını bizə göstərir. Quranda isə Uca Allah buyurur:

﴿ فَأَصَابَهَا إِعْصَارٌ فِيهِ نَارٌ فَاحْتَرَقَتْ ﴾

“…bu bağa odlu bir qasırğa düşüb onu yandırsın…”

Burada فَأَصَابَهَا [fə əsaabəhə] – (odlu qasırğanın düşüb) kəlməsinin əvvəlindəki “fə” hərfi ilə فَاحْتَرَقَتْ [fəhtəraqat] (yandırsın) kəlməsinin əvvəlindəki “fə” hərfinə diqqət edin. Hər ikisi felin sürətlə baş verdiyinə dəlalət edir. Yuxarıda qeyd etdiyimiz kimi təcrübə və elmi araşdırmalar da bunu təsdiq edir.

  1. Alimlər qeyd edirlər ki, odlu qasırğa çox nadir baş verən hadisədir. Göründüyü kimi,alimlərin özləri belə onun barəsində XXI əsrdə xəbər tutub Çünki zəif texnologiyalarla odlu qasırğa ilə meşələrdə baş verən yanğın arasında fərqi tapmaq çox çətin idi. Çoxsaylı elmi araşdırmalar nəticəsində ilk dəfə bu həqiqəti 2003-cü, daha dəqiq və təfsilatlı şəkildə isə yüksək texnologiya vasitəsilə 2013-cü ildə ortaya çıxartdılar.
Odlu qasırğanın sxemi
  1. Alimlər qeyd edirlər ki, əgər günümüzdə mövcud olan müəyyən avadanlıqlar, ölçü alətləri, iqlim dəyişikliklərini müşahidə edən cihazlar və s. olmasaydı, odlu qasırğanın mövcudluğunu aşkar etmək qeyri-mümkün olacaqdı.

Bu, bir daha Məhəmməd peyğəmbərə (Allahın ona salavat və salamı olsun) nazil olan Quranın doğruluğuna işarə edən bir həqiqətdir. Çünki günümüzdə mövcud olan avadanlıqlar sayəsində aşkar olunmuş bir şeyin, 14 əsr bundan öncə hansısa bir bəşər tərəfindən avadanlıqlar olmadan aşkar edilməsi mümkün deyildi. Bu da Quranın qeybi bilən və elmi hər şeyi əhatə edən Uca Allah tərəfindən nazil olduğuna işarə edən daha bir sübutdur.

  1. Allah-Təala odlu qasırğaya məruz qalmış bostandan xəbər verərək o bostanın yaşıl və meyvəli ağaclarla zəngin olduğundan xəbər verir. Elə qəribə tərəfi də budur ki, günümüzün alimləri «odlu qasırğa səhrada deyil, çox vaxt hündürlükdə yerləşən sıx ağaclı meşələrdə baş verir», — deyə qeyd ediblər. Bu da Quran ifadəsinin çox dəqiq olmasına işarədir. Belə ki Qurani-Kərim bizə odlu qasırğa ilə yanaşı onun baş verməsi mümkün olan yer barədə də xəbər vermişdir.
Kaliforniyada dağlar üzərində sıx meşələrdə baş vermiş odlu qasırğanın fotoşəkli
Kaliforniyada ağac və yaşıllıqlarla zəngin olan hündür dağların odlu qasırğadan öncəki fotoşəkli
Kaliforniyada ağac və yaşıllıqlarla zəngin olan hündür dağların odlu qasırğadan bir gün sonrakı fotoşəkli 

Hündür meşəliklərdən uzaq olan və səhralıqda yaşayan bir insanın, hətta, ömründə belə eşitmədiyi, yaxud görmədiyi gələcəkdə baş verəcək bir hadisə barədə tam dəqiq xəbər verməsi, əlbəttə ki, onun və bizə çatdırdığı Quranın Uca Allah tərəfindən göndərilən bir həqiqət olduğuna dəlalət edir.

Allah-Təala Qurani-Kərimdə buyurur:

﴿ سَنُرِيهِمْ آيَاتِنَا فِي الْآفَاقِ وَفِي أَنْفُسِهِمْ حَتَّىٰ يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ الْحَقُّ ۗ أَوَلَمْ يَكْفِ بِرَبِّكَ أَنَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ ﴾

“Onun (Quranın) haqq olduğu onlara (inanmayanlara) bəlli olsun deyə, Biz öz dəlillərimizi onlara həm xarici aləmdə (üfüqlərdə, kainatda, göylərin və yerin ətrafında), həm də onların özlərində mütləq göstərəcəyik. (Ey Peyğəmbər!) Məgər Rəbbinin hər şeyə şahid olması (sənin dediklərinin doğruluğuna) kifayət deyilmi?!” (“Fussilət” surəsi, 53-cü ayə)

Allah-Təala, həmçinin, buyurur:

﴿ وَقُلِ الْحَمْدُ لِلَّهِ سَيُرِيكُمْ آيَاتِهِ فَتَعْرِفُونَهَا ۚ وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا تَعْمَلُون ﴾

“Və de: “Həmd olsun Allaha! O Öz dəlillərini sizə göstərəcək, siz də onları görüb tanıyacaqsınız. Rəbbin etdiyiniz əməllərdən əsla xəbərsiz deyildir!”” ( “ən-Nəml” surəsi, 93-cü ayə)

Şərh əlavə et

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *