Rəhmli və Mərhəmətli Allahın adı ilə
Uca Allahın insanlara bəxş etdiyi nemətlər saydıqca tükənməzdir. Həmin nemətlərdən biri də insanlara xidmət üçün ram etdiyi pişiklərdir. Hansı ki insanlar əsrlər boyu pişiklərin işinin yalnız siçan tutmaqdan ibarət olduğu qənaətində olublar.
Elm inkişaf etdikcə alimlər pişiklərin işinin tək siçan tutmaq deyil, insanlara daha çox faydalı olduğunu kəşf etməyə başlayıblar.
Pişik saxlayarkən əldə edilən bəzi faydalar, həqiqətən də, çoxlarımızı haqlı olaraq təəccübləndirməyə bilməz.
Belə ki, İsrailin məşhur “good net” adlı elmi saytı “Pişik sahibi olmanın elmi cəhətdən sağlamlığa sübut olunmuş 7 faydası” (7 Scientifically Proven Health Benefits Of Being a Cat Owner) başlığı altında pişik saxlayanların daha qayğıkeş olmaları, pişiklə yatarkən bir çox insanın daha yaxşı yata bilməsi haqda olan yazısı ilə yanaşı, aşağıdakı mühüm faydaları da qeyd etmişdir:
Onlar sizin ürək xəstəliyi riskinizi aşağı sala bilirlər
Araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bir pişiyə sahib olmaq stres səviyyəsini aşağı sala bilər. Bu da öz növbəsində ürək-damar xəstəliyi riskinizə təsir göstərir. Pişik sahibi olmaq ürək döyünməsi də daxil olmaqla müxtəlif ürək xəstəlikləri riskini 30 faiz azalda bilir.
Onlar stress və narahatlığı azaldır
Ətrafınızda bir pişiyin olması, vücudunuzda stress və narahatlığınızın səviyyəsini azaldan sakitləşdirici kimyəvi maddələrin sərbəst buraxılmasına səbəb ola bilər.
Pişiklər daha az allergiya deməkdir (uşaqlarınız üçün)
2002-ci ildə Milli Sağlamlıq İnstitutu pişik ilə təmasda olmuş bir yaşdan kiçik uşaqlarda hər cür allergiyanın inkişaf ehtimalının az olduğunu aşkar edən bir araşdırma yaymışdır.
Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun allergik mexanizmlər şöbəsinin müdiri Marşal Plautun söylədiklərinə görə, erkən yaşlarda sıx şəkildə heyvanlarla təmasda olmaq yalnız ev heyvanlarına olan allergiyaya qarşı deyil, eyni zamanda, toz hissəcikləri, yovşan və otlara olan ümumi allergiya növlərinə qarşı da qoruyur.
Amerikanın “Health Line” adlı məşhur tibbi saytında “Pişik sevmənin elmə əsaslanan faydaları” (The Science-Backed Benefits of Being a Cat Lover) başlıqlı məqaləsində deyilir:
“Tədqiqatlar, pişiklərin həyatımızı daha xoşbəxt və sağlam edə biləcəyini göstərir”.
Həmin məqalədə yazılır:
“Avstraliyada bir araşdırmaya görə, pişik sahibləri ev heyvanı olmayan insanlara nisbətən daha yaxşı psixoloji sağlamlığa malikdirlər”.
Həmçinin deyilir:
“Araşdırmaların birində tədqiqatçılar 13 il ərzində 4435 nəfəri izləmişdir. Keçmişlərində pişik saxlayan insanların, hətta, qan təzyiqi, xolesterol, siqaret çəkmək və bədən kütləsi indeksi kimi risk faktorları nəzərə alınmaqla, heç vaxt pişiyi olmayanlarla nisbətdə infarktdan ölmə ehtimalının daha az olduğu təsdiqlənmişdir”.
Sayt yazır:
“Digər bir araşdırmada Pensilvaniya Universitetindən (ABŞ, Filadelfiya ştatı) Ceyms Serpell yeni pişik əldə etmiş iki yüz adamı izlədi. Onlar pişiklərini evə gətirdikdən sonra növbəti 10 ay ərzində anketləri başa çatdırdılar.
Bir aylıq nəticə — insanlar başağrısı, belağrısı və soyuqdəymə kimi sağlamlıq şikayətlərini azaltdılar”.
PİŞİKLƏR AUTİZMDƏN ƏZİYYƏT ÇƏKƏN UŞAQLARA FAYDALIDIR
İngiltərənin “Metro” adlı ən məşhur saytında “Pişik saxlamağın sizin üçün faydalı olduğuna elmi cəhətdən sübut edilmiş 8 səbəb” (8 scientifically proven reasons why having a cat is good for you) başlığı altında dərc edilən məqaləsində deyilir:
“Autizmli uşaqlara kömək edə bilərlər
Missuri Universitetinin (ABŞ, Kolumbiya) tədqiqatçıları autizmli uşaqların ətrafında ev heyvanları olduqda sosial qarşılıqlı əlaqələrinin əhəmiyyətli dərəcədə yaxşılaşdığını bildirmişdirlər. Tədqiqatda iştirak edən ailələrin yarısında pişik var idi. Valideynlər pişik və uşaqlar arasında formalaşan güclü bağın olduğunu məruzə etdilər”.
Sayt bunu da yazır:
“Onlar sizin zehni sağlamlığınıza müsbət təsir edir
Pişikləri Müdafiə Cəmiyyəti tərəfindən edilən bir araşdırmada psixi sağlamlığı olan 600 nəfərdən pişik sahibi olan 87% — i ev heyvanlarının onların rifahına müsbət təsir etdiyi bildirilmişdir. Onların 76% — i pişiklər sayəsində gündəlik streslərin öhdəsindən daha asan gəldiklərini söyləmişdirlər”.
Həmin sayt pişik saxlayanlara “onlar sizin ürək xəstəliyi riskinizi azaldar və daha rahat yatmağınıza kömək edə bilər. Uşaqlarda daha az infeksiya və tənəffüs problemi olmaqla, allergiyadan da uzaq olarlar” kimi tövsiyələr də etmişdir.
PİŞİKLƏRİN XORULTUSUNUN İNANILMAZ FAYDASI
Uca Allahın insanlara pişiklər vasitəsilə bəxş etdiyi faydalardan biri də onların xorultusudur. Həmişə düşündüyümüz kimi pişikdə olan bu xorultu adi bir səs deyilmiş. Belə ki, son zamanlarda bu barədə aparılan tədqiqatlar pişik xorultusunun insana faydasını aşkar etmişdir.
Yuxarıda qeyd etdiyimiz “God net” saytında bu haqda belə deyilir:
“Onların xorultusu sümüklərin, tendonların (sümük sistemini skletə bağlayan sinir) və əzələlərin sağalmasına səbəb olur.
Pişik xorultusu dünyada ən rahatladıcı səslərdən biridir və şübhəsiz ki, bu, pişiyin xoşbəxt və rahat olmasını ifadə edir. Bu səs eyni zamanda uzun müddət insan sümükləri və əzələlərində terapevtik sağalma qabiliyyəti ilə əlaqələndirilir.
Bir pişiyin xorultusu 20-140 HZ (hertz) tezliyində titrəyişlər yaradır və tədqiqatlar göstərib ki, 18-35 HZ aralığında olan səs tezliyi zədədən sonrakı oynaq hərəkətlərinə müsbət təsir göstərir. Artıq alimlər pişik səsinin insanlara necə kömək edə biləcəyi barədə danışmağa başlayıblar”.
Həmçinin yuxarıda qeyd edilən İngiltərənin “Metro” saytı da pişiklərin xorultusunun insanın sümüklərinin, əzələlərinin və tendonlarının sağalmasına səbəb olması barədə qeyd edib.
Qeyd edək ki, ABŞ-ın “Scientific American” adlı məşhur elmi saytında da “Pişiklər nə üçün xoruldayır?” (Why do cats purr?) adı altında geniş məqalə dərc edərək pişik xorultusunun insan bədəninə faydalı olmasını təsdiqləmişdir.
PİŞİKLƏR TƏMİZDİRLƏRMİ?
2002-ci ildə keçirilmiş Kaliforniya Dövlət Elm Sərgisinin “İtlərin, pişiklərin, yoxsa insanların ağzında daha çox bakteriya var?” (Do Dogs, Cats, or Humans Have the Most Bacteria in Their Mouths?) adlı, J1311 nömrəli proyektinin xülasəsində deyilir:
“Bu araşdırmanın məqsədi itlərin, pişiklərin, yoxsa insanların ağzında daha çox bakteriyanın olmasını müəyyən etmək idi. İtlər ağızlarını pişiklərin və insanların qoymadığı yerlərə toxundururlar. Buna görə də gərək itlərin ağzında daha çox bakteriya olsun.
Bu suala cavab vermək üçün təmiz pambıq çubuqlardan istifadə etməklə 10 pişik, 10 it və 10 insan ağzından tüpürcək nümunələri toplanır. İt, pişik və insandan götürülmüş hər bir işarələnmiş nümunə qablarda olan 10 qida üzərində yerləşdirilmişdir. Qida qabları 9 gün quru və qaranlıq yerdə saxlanıldı.
Hər heyvana görə bakteriya kaloniyalarının sayı çox dəyişmişdir. Orta hesabla itlərdə 53, pişiklərdə 16, insanlarda isə 5 bakteriya kaloniyası yetişmişdir. Bakteriyaların insanda pişikdən daha çox olduğunu göstərən sadəcə 2 qab var idi və bəzi hallarda, umumiyyətlə, bakteriya yetişməmişdir.
Bu məlumatlar itlərin ağzında daha çox bakteriya olduğu fərziyyəsini dəstəklədi. Bu ona görədir ki, insanlar hər gün dişlərini fırçalayır, pişiklər və itlər isə nadir hallarda ağızlarını təmizləyirlər”.
ABŞ-ın “Pet Care Advisors” adlı Heyvanlara Qayğı Məsləhətçilərinin saytının “Pişiklər it və insandan daha təmizdir və ya pişiklər nə dərəcədə təmizdirlər?” (Are Cats Clean Animals, Cleaner than Dogs or Humans?) adlı məqaləsində deyilir:
“Pişiklər heyvanlar arasında ən təmiz heyvan sayılır. Onlar oyaq qaldıqları anın 50%-ini öz bədənlərini təmizləməklə keçirirlər.
İtlərlə müqayisədə, pişiklər daha təmiz heyvanlardır. İtlərdən fərqli olaraq, bir çox hallarda onlar özlərinin kiçik qutularından istifadə edirlər, özlərinə baxırlar və çirkli yerlərdən çəkinirlər.
Əlavə olaraq, onlar itlərdən daha təmizdirlər, çünki gördüyümüz kimi pişiklər təmizliklərinə daha çox vaxt ayırırlar”.
Həmçinin Kanadanın “Reader’s Digest” saytı “Pişiklərin çox təmiz olmasının 7 səbəbi” (7 Reasons Why Cats Are So Clean) adlı araşdırmasında bu heyvanın bədəninin təmizliyi ilə ciddi maraqlanmasının səbəblərini qeyd etmişdir.
PİŞİK HAQQINDA OLAN HƏDİSLƏR
Davud ibn Saleh ət-Təmmər anasından rəvayət edərək deyir:
(عن داود بن صالح التمار عن أمه: أن مولاة لها أهدت إلى عائشة صحفة هريسة فجاءت بها وعائشة قائمة تصلي، فأشارت إليها أن ضيعها، فوضعتها وعند عائشة نسوة، فجاءت الهرة فأكلت منها أكلة، أو قال لقمة، فلما انصرفت قالت للنسوة كلن، فجعلن يتقين موضع فم الهرة فأخذتها عائشة فأدارتها ثم أكلتها وقالت إن رسول (صلى الله عليه وسلم) قال: إنها ليست بنجس، إنها من الطوافين والطوافات عليكم، وقد رأيت رسول الله (صلى الله عليه وسلم) يتوضأ بفضلها)
“Anasının mövlası Aişəyə (Allah ondan razı olsun) hədiyyə etdiyi bir qab halvanı Aişə üçün aparan zaman onun namaz qıldığını görür. Aişə ona qabı yerə qoymasını işarə edir. O, qabı yerə qoyur. Aişənin yanında qadınlar var idi. Bu zaman bir pişik gəlib halvadan bir az yeyir. Aişə namazı bitirdikdən sonra qadınlara: “yeyin” — deyir. Qadınlar isə pişiyin ağızı dəyən yerdən çəkinməyə başlayırlar. Aişə halvanı götürüb çevirərək yeyir və deyir:“Peyğəmbər (Allahın ona salavat və salamı olsun) deyib: “O, murdar deyildir. Onlar sizin ətrafınızda gəzib-dolaşan xidmətçilərdən biridir”. Mən Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) onun içdiyi sudan dəstəmaz aldığını görmüşəm””. (Əbu Davud, Beyhəqi, Dəraqutni rəvayət etmişdir. Bu ləfz Beyhəqinindir.)
Əli bin Hüseyn (İmam Zeynulabidin) (Allah onlardan razı olsun) Ənəs bin Malikin belə dediyini rəvayət edir:
(عن علي بن الحسين، عن أنس بن مالك قال:: (خرج النبي (صلى الله عليه وسلم) إلى أرض بالمدينة يقال لها بطحان، فقال: ” يا أنس اسكب لي وضوءاً ” فسكبت له، فلما قضى حاجته أقبل إلى الإناء وقد أتى هر فولغ في الإناء، فوقف النبي (صلى الله عليه وسلم) وقفة حتى شرب الهر ثم توضأ، فذكرت للنبي (صلى الله عليه وسلم) أمر الهر، فقال: ” يا أنس إن الهر من متاع البيت لن يقذر شيئاً ولن ينجسه”)
“Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Mədinədə Bathan deyilən bir yerdə olarkən mənə “Ey Ənəs, mənə dəstəmaz almaq üçün su tök”, — dedi. Mən onun üçün su tökdüm və o, qaba yaxınlaşan zaman bir pişik gəlib su içməyə başladı. Pişik suyu içib dayanana qədər Peyğəmbər (Allahın ona salavat və salamı olsun) gözlədi və sonra da dəstəmaz almağa başladı. Mən Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) pişiyin etdiyi haqda soruşanda o dedi: “Ey Ənəs, pişik evdə istifadə olunan əşyalardan biridir. (Onun ağız suyu) heç bir şeyi çirkləndirməz və murdarlamaz”. (Təbərani, “əl-Mucəm əs-Sağir”, 635)
Kab bin Malikin qızı Kəbşə deyir:
(كبشة بنت كعب بن مالك: أن أبا قتادة – والد زوجها – دخل عليها فسكبت له وضوءاً فجاءت هرة لتشرب منه فأصغى إليها الإناء حتى شربت قالت كبشة: فرآني أنظر إليه فقال: أتعجبين يا ابنة أخي ؟ قالت: قلت: نعم، فقال: إن النبي صلى الله عليه وسلم قال: «ليست بنجس إنها من الطوافين عليكم والطوافات”.)
“Əbu Qatədə (ərinin atası) yanıma gələrkən ona dəstəmaz alması üçün su süzdüm. Bu anda pişik gələrək qabdan su içmək istədi və o, qabı əyərək pişiyə su verdi. Kəbşə deyir ki, o mənim ona baxdığımı gördü və dedi: — Ey qardaşımın qızı, təəccüblənirsənmi? Dedim: — Bəli”. O dedi: — Peyğəmbər (Allahın ona salavat və salamı olsun) deyib: “O, murdar deyildir. Onlar sizin ətrafınızda gəzib-dolaşan xidmətçilərdən biridir””. (Tirmizi, Nəsai, Əbu Davud rəvayət etmişdir.)
Məşhur səhabələrdən olan Abdur Rəhman ibn Saxrın kiçik pişiyi var idi. O, həmin pişiyi bəsləyər və hara gedərdisə, özü ilə aparardı. Bunu Peyğəmbər (Allahın ona salavat və salamı olsun) görərkən inkar etməmiş, əksinə təsdiqləmişdir. Elə buna görə də o, Əbu Hureyrə (Pişik atası) künyəsi ilə tanınmışdır.
PİŞİYƏ GÖRƏ CƏHƏNNƏMİ HAQQ EDƏN QADIN
İslam dini tək insanlara deyil, heyvanlara da qayğı göstərməyin savab, onlara etinasız yanaşmağın isə günah olduğunu söyləmişdir. Hətta, heyvanlara edilən zülmə görə Cəhənnəmə belə daxil olacaqlarını vurğulamışdır.
Abdullah ibn Ömər (Allah onlardan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir:
(عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا :أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : » عُذِّبَتْ امْرَأَةٌ فِي هِرَّةٍ سَجَنَتْهَا حَتَّى مَاتَتْ فَدَخَلَتْ فِيهَا النَّارَ لَا هِيَ أَطْعَمَتْهَا وَلَا سَقَتْهَا إِذْ حَبَسَتْهَا وَلا هِيَ تَرَكَتْهَا تَأْكُلُ مِنْ خَشَاشِ الْأَرْضِ «)
“Bir qadına pişiyə görə əzab verildi. O, pişiyi ölənə qədər bağlı saxladığı üçün Cəhənnəmə daxil olur. O, pişiyə yemək, su vermədən həbs etmişdir. Yerdəki həşəratlardan belə yeməyə izn verməmişdir”. (Buxari və Müslim)
Əbu Bəkrin qızı Əsma (Allah onlardan razı olsun) belə rəvayət edir:
( عن أسماء بنت أبي بكر رضي الله عنهما أن النبي – صلى الله عليه وسلم – رأى تلك المرأة في صلاة الكسوف حيث قال : (.. ودنت مني النار ، فإذا امرأة تخدشها هرّة ، قلت : ما شأن هذه ؟ ، قالوا : حبستها حتى ماتت جوعا ، لا أطعمتها ، ولا أرسلتها تأكل) . )
“Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Kusuf namazında (Günəş tutularkən qılınan namaz) o qadının gözünə göstərilməsi haqda dedi:
“Cəhənnəm mənə yaxınlaşdı və bir pişiyin qadını cırmaqladığını gördüm. Mən dedim ki, bu qadının başına gələn nədir? Dedilər: — O qadın bu pişiyi bağlı saxlayaraq acından öldürdü. Ona yemək vermədi, nə də buraxmadı ki, özü yesin””. (Buxari və İbn Macə rəvayət etmişdir.)
İmam Əhməd və Nəsainin rəvayət etdiyi hədisdə isə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) həmin qadının qara, hündürboy və Himyər xalqından (Miladdan əvvəl 110-525 — ci illərdə Yəmən ərazisində hökm sürmüş Himyər Krallığı) olduğunu qeyd etmişdir.
Yuxarıda keçən hədislərdən və alimlərin apardığı tədqiqatlardan aydın olur ki, pişiyin bədəni, tükü, ağız suyu, yeyib içdiyi yemək və su pak sayılır. Könlü istəyən kəsin onların toxunduğu yemək və sudan istifadə etməsində dini və tibbi baxımdan heç bir qəbahət yoxdur.
Yazıb oxumaq bilməyən bir kəsin Uca Allahdan ona çatdırılan vəhyə arxalanaraq elmin hələ kəşf etmədiyi məsələlərdən, göylərin və yerin dərinliklərindən dəqiqliklə xəbər verməsi, əlində inkişaf etmiş cihazların olmamasına baxmayaraq, həkim və virusoloq olmadığı halda pişiyin içdiyi su ilə dəstəmaz alması və müasir elmin də təsdiqlədiyi kimi pişikləri təmiz sayması bir daha Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun), həqiqətən də, Uca Allah tərəfindən göndərilməsinə sübutdur.
Şərh əlavə et