“Qiblə tərəfə yönəldim və dərin bir nəfəs alaraq yavaş səslə “Allahu Əkbər” dedim...”

Riyaziyyat üzrə professor Cefri Lanq (Jeffrey Lang) 1954-cü ildə Amerikanın Bridgeport şəhərində dünyaya gəlib. O, katolik bir ailədə böyüyüb və 18 yaşına qədər katolik məktəblərində təhsil alsa da onu düşündürən suallara lazımi cavablar tapmadığı üçün sonralar ateizmi seçib.

Sonradan professor Cefri Lanqın həyatının büsbütün necə dəyişdiyi ilə tanış olacağıq.

O, San-Fransisko Universitetində müəllimliyə başladığı zaman müsəlman bir tələbəsinin ailəsi ilə tanış olur. Aradan zaman keçdikdən sonra tələbəsinin ailəsi ona Qurani-Kərim hədiyyə edir.

“Əslində, mən bir din axtarmırdım və tələbəm ilə qətiyyən bu mövzuda söhbət etmirdik. Hansı səbəbdən bu kitabı mənə verdiklərini də anlamamışdım. Qurani-Kərimi böyük bir qərəzlə oxumağa başladım. Ciddiliklə oxumaq lazım idi. Anlamaq çox da asan deyildi. Ya ona təslim olmalı, ya da onunla “vuruşmalı”ydın.

Çünki Qurani-Kərim inanmayanlara qarşı böyük bir “savaş” açmışdı, tənqid edir, təhdid edir və meydan oxuyurdu.

Mən isə qarşı tərəfdəydim. Bu “mübarizədə” canımı yandıran bir çatışmazlığım olduğunu hiss etdim, çünki bu kitab məni məndən daha yaxşı tanıyırdı. Sanki ağlımı oxuyurdu. Hər gün ağlıma gələn sualın cavabını hər kitabı əlimə alanda mənə açıq və dəqiq bir şəkildə verirdi. İllərdir beynimdə yaratdığım divarları yerlə bir edirdi, şübhələrimi bir-bir aradan qaldırırdı. Bu “mübarizədə” məğlub olan tərəf oldum. Sonunda mənə yeganə o variantı buraxdı ki, o da Allaha iman etmək idi”.

Professorun söylədiyinə görə, universitetin kilsəsinin zirzəmisində müsəlman tələbələrin namaz qıldığı bir məscid varmış. O, bütün cəsarətini toplayaraq oraya gedir və Şəhadət gətirir.

Cefri Lanq ardını belə söyləyir: “Günorta namazının vaxtı gəlmişdi. Məsciddə Həsən adında bir qardaş yüksək səslə azan oxudu. Ən irəlidə idi, əynində ağlı-qaralı paltarı vardı, önündə də bir pəncərə, pəncərədən içəri sızan işıq… Aman Allahım, bu mənim gördüyüm yuxunun eynisiydi.

Yenə yuxudayammı deyə şübhəyə düşdüm. Xeyr, qətiyyən yuxuda deyildim. Bədənim titrəyir, gözlərimdən yaş tökülürdü”.

“Çox əvvəllər bu yuxunu dəfələrlə görürdüm: Elə bil əşya olmayan bir otaqdayam. Oranı qarşımızdakı pəncərədən inanılmaz bir işıq aydınladırdı. Yalnız kişilər var idi və hamımız dizlərimizin üzərində, işığın gəldiyi istiqamətə tərəf oturmuşduq. Sanki heç bilmədiyim bir ölkədə hiss etmişdim özümü. Daha sonra başımızı əyib yerə qoyduq, o anda dünyadakı hər şeyin susduğunu hiss edirdim. Sonra təkrar dizlərimizin üzərində oturanda ən öndə tək bir nəfər fərq etdim. Uzun ağlı-qaralı bir paltar geymişdi. Düzü ayılanda bu yuxu məni heç təsirində buraxmamışdı”.

ABŞ-ın müxtəlif universitetlərində dərs deyən professor Cefri Lanq, İslama gəlmə hekayəsini yazdığı “Mələklər də soruşar” adlı əsərində ilk namazını belə yazıya alıb:

“Müsəlman olduğum gün məscidin imamı, mənə namaz qılmağın qaydalarını açıqlayan bir kitab verdi. Müsəlman tələbələr “Tələsmə, rahat ol, zamanla yavaş-yavaş qılarsan” — dedilər. Mən də öz-özümə namaz bu qədər çətindir ki, deyə düşündüm və dərhal 5 vaxt namaz qılacağıma qərar verdim.

O gecə, otağıma çəkilərək kitabdan dəstamaz və namaz hərəkətlərini məşq etdim. Namazda oxunan bəzi surələrin ərəbcə oxunuşunun ingiliscə anlamını əzbərləməyə çalışdım.

İlk namaz sınağı üçün özümdə inam duyunca İşa namazını qılmağa qərar verdim. Kitabdakı təlimatları diqqət və incəliklə bir-bir yerinə yetirdim.

Dəstəmaz alandan sonra qapı və pəncərələrin bağlı olmasını yoxlayıb otağın ortasında dayandım. Qiblə tərəfə yönəldim və dərin bir nəfəs alaraq yavaş səslə “Allahu Əkbər” dedim. Kiminsə məni duyub görməsini istəmirdim. Yavaş-yavaş “Fatihə” surəsi ilə qısa bir surəni ərəbcə oxudum. Elə zənn edirdim ki, bir ərəb məni dinləmiş olsaydı, oxuduqlarımdan heç nə anlamazdı.

İkinci təkbir deyərək rükuya getdim, rükuda bir az gərginlik hiss etdim. Cünki hayatımda heç kimə əyilməmişdim. Otaqda tək olduğmu xatırlayıb sevindim. “Subhənə Rabbiyəl Azim” deyərkən qəlbimin sürətlə vurduğunu hiss etdim. Təkrar təkbir gətirərək özümü doğrultdum. Artıq səcdəyə getmək zamanı gəlmişdi.

Səcdəyə əyilib əllərimi və dizlərimi yerə qoyunca donub qaldım. Səcdə edə bilmirdim, ağasının önündə başını yerə qoyan bir qul kimi səcdəyə gedə bilmirdim, burnumu yerə qoyub “zillət” sandığım bir vəziyyətə düşə bilmirdim. Üstəlik, ayaqlarım da qatlanmırdı. Utandım, gülünc duruma düşdüyümü zənn etdim.

Bu vəziyyətdə məni görən dostlarımın və tanıdıqlarımın qarşısında acınacaqlı halımı düşündüm, dostlarımın qəhqəhələrini eşidər kimi oldum.

“San-Fransiskoda ərəblər başını xarab etdi, bu hala düşdü” kimi sözlər deyəcəklərini xəyal edərək zavallı duruma düşdüyümü hiss etdim. Bir müddət tərəddüd etdikdən sonra dərin bir nəfəs aldım və başımı səccadəyə qoydum. Zehnimdəki bütün düşüncələri atdım, diqqətimi dağıdacaq fikirlərə yer vermədən ikinci səcdəni də etdim.

Bu arada öz-özümə düşündüm ki, hələ önümdə üç tur daha var. Nə olursa-olsun bu namazı tamamlamalıyam. Sonra işlər getdikcə asanlaşırdı. Son səcdədə tam bir sükunət hiss etdim. Nəhayət, təşəhhüddən sonra salam verdim.

Salamdan sonra oturan yerdə qaldım, geriyə dönüb nəfsimlə apardığım “savaşı” ağlımdan keçirdim. Döyüşdən çıxdığımı hiss etdim. Sonra başımı önümə əyərək günahkar bir şəkildə, Allahım, ağılsızlığımdan və təkəbbürümdən ötrü məni bağışla, uzaq bir yerdən gəldim və hələ qarşımda qət ediləcək uzun bir yol var sözlərilə dua etdim.

Bu zaman daha əvvəl heç yaşamadığım bir şeyi hiss etdim. Bunu sözlərlə ifadə edə bilmək mümkün deyil. Vücudumu qəlbimin bir nöqtəsindən çıxdığını hiss etdiyim və anlamaqda aciz qaldığım bir dalğa bürüdü. Soyuq kimiydi, əvvəlcə çəkindim, vücuduma olan təsir qəribə bir şəkildə düyğularıma təsir etdi. Görünür, rəhmətin varlığını hiss etdim. Bu rəhmət sonra daxilimə nüfuz edərək içimdə qaynamağa başladı.

Səbəbini bilmədən ağlamağa başladım, göz yaşlarım artdıqca, rəhmət və lütfdən ibarət qeyri-adi bir gücün məni bürüdüyünü hiss etdim. Günahkar olmağıma rəğmən, utanc və sevincə görə ağlamırdım. Sanki böyük bir səhifə açılmış və içimdəki qorxu-kədər selə dönüb axıb gedirdi. Uzun bir müddət başım əyili bir şəkildə dizlərimin üstündə qaldım.

Bu vaxt yaşadığım sınağı ağılla izah etməyin mümkünsüz olduğunu anladım. Bu arada ən önəmli məsələ isə mənim Allaha və namaza şiddətlə möhtac olduğumu anlamağım idi. Oturduğum yerdən qalxmazdan əvvəl bu duanı etdim: Allahım, bir daha küfrə girməyə cürət etsəm, məni küfrə girmədən öncə öldür və bu həyatdan qurtar. Xətasız və günahsız yaşamağın çox çətin olduğunu bilirəm. Amma bunu da bilirəm ki, bundan sonra bir gün belə olsa Sənsiz yaşamağım və Sənin varlığını inkar etməyim mümkün deyil”.

Hal-hazırda Cefri Lanq Amerikanın ən böyük elm ocaqlarından biri olan Kanzas Universitetində işləyərək həyatına davam edir. O, “Mələklər də soruşar” (“Even Angels Ask”), “Təslim olmaq üçün mübarizə” (“Struggling to surrender”) və s. bu kimi oxuyanları heyran edən həddindən artıq maraqlı kitabların müəllifidir.

Şərh əlavə et

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *