“Musanı (Allahın ona salamı olsun) təqib edən Firon mənim üzümə İslamın qapılarını açdı”
Professor Moris Bukay (Maurice Bucaille)

“Musanı (Allahın ona salamı olsun) təqib edən Firon mənim üzümə İslamın qapılarını açdı”.

Bu sözlər Moris Bukaya məxsusdur.

Professor Moris Bukay 1920-ci ildə Fransada xristian ailəsində anadan olmuşdur. O, Fransanın görkəmli elm adamlarından biridir. Bu məşhur insan tarixdə ilk dəfə olaraq Fironun bədənində tədqiqat işi aparan cərrahdır. İş təcrübəsində rastlaşdığı hadisə onun həyatını, dünyaya baxışını büsbütün dəyişir.

1981-ci ildə Fransa hökuməti Misir Fironunun mumiyasının tədqiqat üçün Fransaya gətirilməsini təklif edir. Fransa dövləti Misir Ərəb Respublikasından Fironun mumiyası üzərində elmi tədqiqat işləri aparmaq üçün icazə aldıqdan sonra tədqiqata cavabdehlik professor Moris Bukaya həvalə edilir.

Doktor cəsədi yarır və analizlər nəticəsində Fironun cəsədində həddindən artıq dəniz duzu tapılır. O,  bu insanın suda boğularaq öldüyü, qabırğalarının su altında qırıldığı, sonra isə sudan çıxarılıb mumiyalandığı qənaətinə gəlir. Moris Bukay çox təəccüblənir. Axı digər Firon mumiyalarından fərqli olaraq bu Fironun həm dənizdə boğulan cəsədi suda çürümədən, həm də mumiyalanmış vəziyyəti necə ola bilərdi ki, tamamilə salamat qalmışdı.

Həmkarlarından biri professora bu hadisənin Quranda olduğunu söyləyir. Bukay çaşqınlıq içində suallara cavab axtarır: “Bu mumiya 1898-ci ildə aşkarlanmışdır. Elm fironların mumiyalanmasını son dövrdə öyrənə bilmişdi. Necə olur ki Quranda bu hadisə barədə xəbər verilir? Bu hadisə Məhəmməddən (Allahın ona salavat və salamı olsun) çox illər əvvəl olub. Mənim bu gün kəşf etdiyim məsələni o, necə bilə bilərdi?”

O, gecəni yata bilmir və ona Tövratın gətirilməsini istəyir. Tövratda “Çıxış səfəri” hissəsini oxuyur. Orada belə deyilirdi: “Su qayıdaraq onların arxasınca dənizə girən Firon ordusunun atlılarını qərq etdi. Onlardan bir nəfər belə sağ qalmadı”. İncildə də Fironun cəsədinin çıxarılması və bütöv qalması barədə danışılmırdı.

Budur, özünü ilah adlandıran Fironun sonu

Beləliklə, Fironun mumiyasının öyrənilməsi, bərpası başa çatdırılır və Fransa mumiyanı Misirə qaytarır. Morisə həmkarının Quranda Fironun suda boğulması və sonra da çıxarılması barədə hekayə olduğunu söyləməsi ona heç cür rahatlıq vermir.

Bu hadisədən sonra elə həmin il Moris Səudiyyə Ərəbistanında təşkil olunan elmi konfransa yola düşür. Konfransda ilk mövzu Fironun suda qərq olduqdan sonra çıxarılması barədəydi. Bu mövzu haqqında ilk söz alan alimlərdən biri Quranda Firon barədə olan ayələri oxuyur.

Allah-Təala buyurur:

﴿ وَجَاوَزْنَابِبَنِي إِسْرَائِيلَ الْبَحْرَ فَأَتْبَعَهُمْ فِرْعَوْنُ وَجُنُودُهُ بَغْيًا وَعَدْوًا ۖ حَتَّىٰ إِذَا أَدْرَكَهُ الْغَرَقُ قَالَ آمَنْتُ أَنَّهُ لَا إِلَٰهَ إِلَّا الَّذِي آمَنَتْ بِهِ بَنُو إِسْرَائِيلَ وَأَنَا مِنَ الْمُسْلِمِينَ. آلْآنَ وَقَدْ عَصَيْتَ قَبْلُ وَكُنْتَ مِنَ الْمُفْسِدِينَ. فَالْيَوْمَ نُنَجِّيكَ بِبَدَنِكَ لِتَكُونَ لِمَنْ خَلْفَكَ آيَةً ۚ وَإِنَّ كَثِيرًا مِنَ النَّاسِ عَنْ آيَاتِنَا لَغَافِلُونَ ﴾

“İsrail oğullarını dənizdən (sağ-salamat) keçirtdik. Firon və əsgərləri zalımcasına və düşməncəsinə onların arxasınca düşdülər. (Firon) batacağı anda: “İsrail oğullarının inandıqlarından başqa İlah olmadığına iman gətirdim. Mən də artıq müsəlmanlardanam!” – dedi”. İndimi? (Bütün var-dövlətin, hakimiyyətin əlindən çıxdıqdan sonramı iman gətirirsən?) Halbuki əvvəlcə (Allaha) qarşı çıxmış və fitnə-fəsad törədənlərdən olmuşdun. Səndən sonrakılara bir ibrət olasan deyə, bu gün sənin bədənini xilas edəcəyik (sənin cansız bədənini sahilə atacağıq). Həqiqətən, insanların çoxu ayələrimizdən (möcüzələrimizdən) qafildir!” (“Yunus” surəsi, 90-92-ci ayələr).

Ayələr cərrahı lərzəyə gətirir. Konfrans salonunda bütün iştirakçıların qarşısında Bukay uca səslə “Mən İslamı qəbul etdim, Qurana iman gətirdim və Şəhadət edirəm ki, Allahdan başqa haqq İlah yoxdur, Məhəmməd Onun elçisidir”, — söyləyir.

Vətəninə dönən alim Fransada on il yaşayır. Ömrünün qalan hissəsini Quranın elmi həqiqətlərinə həsr edir. Onun elmi axtarışları Allah kəlamları ilə həmişə üst-üstə düşür. Oxucu tələbatına görə dəfələrlə nəşr olunmasına səbəb olan  “İncil, Quran və elm” (The Bible, The Quran and Science) adlı kitab yazır. Kitab dünyaya səs salır. Kitabda Qurana həsr olunmuş elmi kəşflər dünya alimlərini heyrətdə qoyur. Ancaq bir çox qısqanc alimlər Quranın məşhurlaşması ilə razılaşa bilmədiyindən onun əksinə kitablar yazmağa başlayırlar. Nəticədə, o dövrdə Qurani-Kərimin öyrənilməsinə maraq artır və əvvəlcə o kitaba rədd yazmaq niyyəti ilə onu oxuyan bir çox alimlər özləri belə İslamı qəbul edirlər.

Moris Bukay kitabının müqəddiməsində belə yazır: “Məni hədsiz dərəcədə təəccübləndirən odur ki, Quranda elm haqqında verilmiş məlumatlar o qədər düzgün və dəqiqdir ki, bu faktların 14 əsrdən çox yaşı olan kitabda deyilənlərlə müasir elmi kəşflərin üst-üstə düşməsi sadəcə olaraq görünməmiş, qeyri-adi bir möcüzədir. Əgər mən İslama tabe olub Quranı əvvəlcədən bilsəydim, kor-koranə şəkildə elmi axtarış ardınca getməzdim. Mənə yol göstərən bir işığın ardınca gedərdim. Həqiqətən də, Quran bəşəri elmlərin fövqündədir. O nə şair ilhamının, nə də nasir qələminin məhsuludur. O, Xaliqin məxluqata bir nəzmidir”.

O həmçinin “İnsanın əsli haradandır? Elmin və müqəddəs kitabların cavabı” (What is the Origin of Man? the answers of Science and the Holy Scriptures),  İncil, Quran və tarixdə Musa və Firon (Moses and Pharaoh in the Bible Quran and History) adlı kitablar da yazaraq Qurani-Kərimlə elmin tam üst-üstə düşdüyünü vurğulamışdır.

Bukay «İncil, Quran və elm» kitabında qeyd edir ki, İncildən fərqli olaraq, Quran elmi faktlarla həmahəngdir və İslamda din və elm daim “iki bacı” kimidir. Bu kitaba görə, İncildə dərin elmi səhvlər olsa da, Quranda bir dənə də olsun bu cür səhv yoxdur. Bukayın fikrincə, Quranda təbiət hadisələrinin təsviri müasir elmi təsəvvürlərə tam uyğun gəlir. Bukay belə nəticəyə gəlir ki, Quran həqiqətən də Allah kəlamıdır.

Moris Bukay insan yaradılışının Quranda dəqiqliklə yazıldığını və bu barədə dünyada dolğun məlumat verən ilk kitabın məhz Quran olduğunu təsdiqləmişdir.

1 şərh

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

  • Salam Aleykum,Allah köməyiniz olsun belə gözəl məqaləyə görə.Mənbələri qeyd etsə idiniz daha gözəl olardı ki,daha yaxşı şəkildə faydalanardıq.