“...Biz öz möcüzələrimizi onlara həm xarici aləmdə, həm də onların özlərində mütləq göstərəcəyik...”

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Allah-Təala peyğəmbər göndərəndə, ümməti ona inanmaq üçün möcüzə istəyirdi. Buna görə də Uca Allah hər peyğəmbərə dövrünün tələblərinə görə bir çox möcüzə vermişdir.

Məsələn, Musa peyğəmbərin (Allahın ona salamı olsun) vaxtında cadugərlik çox inkişaf etdiyindən ona sehrbazların sehrlərini puç edəcək möcüzələr əta etdi.

İsa peyğəmbərin (Allahın ona salamı olsun) dövründə ən qəbul olunan elm tibb, ən məşhur insanlar da təbiblər idi. Allah-Təala İsaya (Allahın ona salamı olsun) korların gözünü açmaq, ölüləri diriltmək kimi təbibləri belə aciz qoyan möcüzələr verdi.

Allah-Təala peyğəmbərlərin sonuncusu olan Məhəmmədə (Allahın ona salavat və salamı olsun) də digər möcüzələrlə yanaşı  bəşəriyyətə göndərilmiş ən böyük möcüzəsini də verdi.

Bütün peyğəmbərlərə Allah tərəfindən verilən möcüzələrin hamısı həmin peyğəmbərlərin vəfat etməsi ilə sona yetmişdir. Lakin Məhəmməd peyğəmbərə (Allahın ona salavat və salamı olsun) verilən ən böyük möcüzə sayılan Qurani-Kərim isə əsrlər keçdikcə daha da öz əsrarəngiz möcüzələrini biruzə verərək müasir elm adamlarını heyrətə gətirmiş və bu möcüzələr Qiyamətə qədər də davam edəcəkdir.

Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) vaxtında gözəl söz söyləmək bəlağət və fəsahət dəb halını almışdı. Allah-Təala bu səbəblə ona bəlağət və fəsahətin zirvəsində duran Qurani-Kərim möcüzəsini lütf etdi.

Qurani-Kərim dünyada heç bir şeirdə, nəsrdə olmayan bir gözəlliyə malikdir. Mübarək Kitab təkrar-təkrar oxunanda, dinləniləndə heç bir bezginlik yaranmır, əksinə hər gün daha da çox sevilir, dərin pərəstiş və ehtiram hissi oyadır. Buna görə də Qurani-Kərimdə mövcud olan möcüzələrdən ən böyüyü insanlar üzərində qoyduğu təsirdir.

Bu möcüzənin təsirli məqamlarından biri insanların bilmədiyi dildə oxunan bir mətnə qəlbən bu qədər bağlanmasıdır. Qurani-Kərim oxunanda onun bircə kəlməsini belə anlamayanın ruhu dincəlir, qəlbi riqqətə gəlir. Bu təsir özünü Quranın ilk göndərildiyi günlərdə göstərməyə başlamış və bu günə qədər davam edir.

Quranın nazil olmasının ilk çağlarında istər nüfuzuna və zənginliyinə görə, istərsə də şeir yazmaqda fəsahət və bəlağətinə görə Qureyş qövmünün ən qabaqcıllarından olan Valid ibn Muğira barəsində Abdullah ibn Abbas (Allah ondan razı olsun) belə rəvayət edir:

“Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) Məkkədə İslamı təbliğə başladığı zaman şəhərin ən böyük şairi Valid ibn Muğiranı bu mövzuda mübahisə etmək üçün onun yanına göndərirlər. Valid ibn Muğira Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) yanına gələrək ondan Quran oxumasını istəyir. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bu ayələri oxuyur:

“Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumların haqqını verməyi əmr edir, çirkin söz və əməllərdən, pis işlərdən və azğınlıqdan çəkindirir. O, sizə öyüd-nəsihət verir ki, bəlkə düşünüb ibrət alasınız”. (“ən-Nəhl” surəsi, 90-cı ayə)

Valid “Vallah, bunlar çox şirin, təsiredici, olduqca gözəl sözlərdir! Heç vaxt bəşər sözü ola bilməz…” — deyib xeyli tərifləyir, sonra öz tayfasının yanına gedib belə deyir:

“Aranızda şeirin hər növünü məndən güclü bilən yoxdur. Allaha and olsun, ondan eşitdiyim sözlər insan sözlərinə bənzəmir. Onun sözlərində şirinlik və gözəllik var”.

Valid ibn Muğira eşitdiyi ayəni başdan sona qədər söyləyərək deyir: “O kəlmələr, həqiqətən də, hər bir sözü məğlub edər. Onu məğlub edəcək, ona üstün gələcək bir söz isə ola bilməz! O sözlər bəşər sözləri deyildir!” (Beyhəqi, Hakim, Əbu Nueym və digərləri rəvayət etmişlər.)

Digər bir rəvayətə görə, Qureyş qəbiləsinin qabaqcıl və dərrakəli başçılarından olan Utbə bin Rabiə Kəbə məscidində Allahın Rəsulunun (Allahın ona salavat və salamı olsun) yanına gəlib deyir: “Ey qardaşoğlu, mən sənə bəzi şeylər təklif etmək istəyirəm, bəlkə onlardan hansınısa qəbul etdin!”

Allahın Rəsulu (Allahın ona salavat və salamı olsun) “Dinləyirəm səni, ey Əbulvalid!”, — deyir.

Utbə bin Rabiə: “Ey qardaşoğlu, əgər sən bu dediklərinlə var-dövlət əldə etmək istəyirsənsə, o zaman biz öz sərvətimizdən istədiyin qədərini toplayıb sənə verərik ki, aramızda ən varlı adam sən olasan. Əgər hakimiyyət əldə etmək istəyirsənsə, o zaman səni özümüzə başçı seçər və heç bir məsələ haqda sənsiz hökm vermərik. Əgər sənin yanına gələn cindirsə və onu özündən qova bilmirsənsə, biz həkimlərə müraciət edib bütün var-dövlətimizi sərf edərik ki, bu müsibətdən yaxa qurtarıb sağalasan. Çünki insan müalicə olunmayana qədər cin ona müsəllət olar”.

Allah Elçisi (Allahın ona salavat və salamı olsun) Utbəni sona qədər dinlədikdən sonra oxumağa başlayır:

“Rəhmli və Mərhəmətli olan Allahın adı ilə. Hə, mim! (Bu Quran) mərhəmətli, rəhmli olan Allah tərəfindən nazil edilmişdir. (O,) ərəbcə Quran olaraq (onu) bilən bir qövm üçün ayələri müfəssəl izah edilmiş bir Kitabdır. (Bu Quran) həm (möminlərə Cənnətlə) müjdə verəndir, həm də (kafirləri Cəhənnəm əzabı ilə) qorxudandır. Onların (Məkkə əhlinin əksəriyyəti (Qurandan) üz döndərib (onu) dinləməz, (Allah kəlamının müqəddəsliyi, hikməti haqqında düşünməz). (Ey Peyğəmbər!) Onlar deyərlər: “Sənin bizi dəvət etdiyinə (tövhid dininə) qarşı qəlblərimiz örtülü, qulaqlarımız da kardır və bizimlə sənin aranda pərdə vardır. Sən öz dininə əməl et, biz də (öz dinimizə) əməl edək”. (“Fussilət” surəsi, 1-5-ci ayələr)

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bu ayələri Allahın ona verdiyi o gözəl səsi ilə oxuyur. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) ayələri ona oxuyan zaman Utbə oturaq vəziyyətdə söykənmək üçün əllərini arxasına qoyaraq dinləməyə başlayır. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) səcdə ayəsinə qədər oxuyur və səcdə edir. Sonra da üzünü Utbəyə tutub deyir: “Ey Əbulvalid! Eşitdinmi? Eşitdikdən sonra öz seçimini et!”

Utbə öz qövmünün yanına qayıdır. Onlar Utbəni görüb bir-birilərinə deyirlər ki, Allaha and olsun, Əbulvalid getdiyi kimi deyil, başqa bir sifətdə yanımıza qayıdıb! Onlar Utbədən soruşurlar: “Ey Əbulvalid, sənə nə olub?” O, cavab verir: “Nə olacaq?! Allaha and olsun, indiyə qədər eşitmədiyim sözlər eşitdim! Vallah, bunlar nə şeir, nə sehr, nə də ki, kahin sözləridir! Ey Qureyş tayfası, mənim sözümə baxın və onu mənim öhdəmə buraxın. Onu narahat etməyin. Allaha and olsun, ondan eşitdiyim ayələrin xəbəri çox böyük olacaq…”

Qureyş tayfası “Ey Əbulvalid, and olsun ki, o, sənə danışığı ilə sehr etmişdir”, — deyir.

Əbulvalid: “Bu mənim onun haqda olan fikrimdir. Nə istəyirsiz onu da edin”. (Beyhəqi, Hakim, Əbu Nueym, İbn İshaq və qeyriləri rəvayət ediblər.)

Qurani-Kərim bütün bəşəriyyət üçün ilk növbədə hidayət və doğru yol kitabıdır. Bu kitab vasitəsilə Allah-Təala insanlara bildirir ki, O, dünya həyatını keçici, müvəqqəti və insanlar üçün imtahan olaraq yaratmışdır. Əsl əbədi həyat isə Axirət həyatıdır.

Bu barədə Allah-Təala buyurur:

“Bu dünya həyatı (müvəqqəti) əyləncədən və oyundan başqa bir şey deyildir. Axirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır. Kaş biləydilər!” (“əl-Ankəbut” surəsi, 64-cü ayə)

Allah-Təala, həmçinin, buyurur:

“Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, İzzətlidir, Bağışlayandır”. (“əl-Mulk” surəsi, 2-ci ayə)

Dünya həyatında Rəbbinə, Onun rəsulu Məhəmmədə (Allahın ona salavat və salamı olsun) və göndərdiyi Qurani-Kərimə iman edərək onların dediklərinə əməl edən kəsin mükafatı əbədi Cənnətdir. Onlara və dediklərinə iman, əməl etmədən bütün həyatını asilikdə yaşayıb, əsl həyatın bu fani dünya olduğunu düşünənlərin, Axirət həyatına iman etməyənlərin cəzası isə Cəhənnəmdir.

Allah-Təala buyurur:

“İman gətirib yaxşı işlər görənlər Cənnət bağçasında sevinc içində qalacaqlar. Kafir olub ayələrimizi və Axirətə qovuşacaqlarını inkar edənlər isə əzaba düçar olacaqlar”. (“ər-Rum” surəsi, 15-ci ayə)

Allah-Təala, həmçinin, buyurmuşdur:

(İman etməyib) Kafir olanları Cəhənnəm odu gözləyir. Orada onlar nə öldürülməzlər ki, ölüb canlarını qurtarsınlar, nə də əzabları yüngülləşər. Biz hər bir kafiri belə cəzalandırırıq! Onlar orada fəryad edib deyəcəklər: “Ey Rəbbimiz! Bizi buradan çıxart ki, (bir daha qayıdaq dünya həyatında əvvəllər) etdiyimiz əməlləri deyil, saleh əməllər edək!” (Onlara belə deyəcəyik:) “Məgər orada sizə öyüd-nəsihət qəbul edəcək kimsənin öyüd-nəsihət qəbul edə bilcəyi qədər ömür vermədikmi?! Hələ sizə (Allahın əzabı ilə) qorxudan peyğəmbər də gəlmişdi. Dadın (Cəhənnəm əzabını!) Zalımlara kömək edən olmayacaqdır!” (“Fatir” surəsi, 36,37-ci ayələr)

Qurani-Kərimin ecazkarlığı, qanunları, ehtiva etdiyi tarixi məlumatları, qeybdən xəbər verməsi kimi bir çox yönləri möhtəşəm bir möcüzədir. Quranda varlıq, həyat, ibadət, hüquq və iqtisadiyyatdan bəhs edən mövzular bir-birilə elə balanslı şəkildə qurulmuşdur ki, bunları görməzdən gələrək onu “bəşər kəlamı” adlandırmaq böyük yanlışlıqdır.

Bu cür zəngin məzmunlu bir kitabı, məktəb, mədrəsə görməmiş insanın yazdığını demək mücərrəd bir iddiadır. Müşriklər Qurana inanmayanda Allah-Təala onlara meydan oxudu. Bütün məxluqatı köməyə çağırıb əgər bacarırsınızsa, Quranın tam oxşarı olmasa da qismən ona bənzəyən bir söz söyləmələrini tələb edərək buyurur:

“Əgər bəndəmizə (Məhəmmədə) nazil etdiyimizə (Qurana) şəkkiniz varsa, siz də (fəsahətdə və bəlağətdə) ona bənzər bir surə gətirin və əgər (“bu, bəşər kəlamıdır” deməkdə) doğrusunuzsa, onda Allahdan savayı (bütün) şahidlərinizi (şair və alimlərinizi bu işdə köməyə) çağırın! Madam ki, belə bir işi bacarmırsınız, heç bacara da bilməzsiniz, o halda kafirlər üçün hazırlanmış, yanacağı (günahkar) insanlardan və daşlardan ibarət olan oddan (Cəhənnəmdən) həzər edin!” (“əl-Bəqərə” surəsi, 23,24-cü ayələr)

Altı min iki yüzdən çox ayədən ibarət olan altı yüz dörd səhifəlik Qurani-Kərim təqribən iyirmi üç il ərzində hissə-hissə nazil edilmişdir. Əgər Quran bu uzun müddət ərzində insanlar tərəfindən yazılmış olsaydı, orada çoxlu sayda ziddiyyətə rast gəlmək olardı.

Uca Allah bu haqda buyurur:

“Onlar Quran barəsində (onun Allah kəlamı olması haqqında) düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar”. (“ən-Nisə” surəsi, 82-ci ayə)

Qurani-Kərim nazil olduğu ilk dövrlərdə insanlar arasında əzbərləmək yolu ilə yayılırdı. Minlərlə insan Quranı bir-birinə öyrədirdi. Qurani-Kərim kitab şəklinə isə yalnız Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) vəfatından sonrakı dövrdə salınmışdır. Buna baxmayaraq  Quranın bir sözü belə dəyişdirilməmişdir.

Bütün dövrlərdə İslamın düşmənləri buna nə qədər cəhd etsələr də, onların cəhdləri boşa çıxmış, dəyişdirdikləri şeyləri yaya bilməmişlər. Çünki Allah-Təala Qurani-Kərimi dəyişikliyə uğramasından qoruyacağına vəd vermişdir.

Allah-Təala belə buyurur:

“Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!” (“əl-Hicr” surəsi, 9-cu ayə)

Quranın bənzərsiz üslubu və ondakı yüksək müdriklik onun Yaradanın sözü olmasının aşkar və mübahisəsiz sübutudur. Qurani-Kərim İlahi kitab olub Allah tərəfindən insanlara Qiyamət gününə qədər gələcək bütün dövrlər üçün yararlı və daim qüvvədə qalan bir kitabdır. Çünki bu kitab bəşər yazısı deyil, yalnız və yalnız Allahın elminin bir nümunəsidir.

Allah-Təala buyurur:

Lakin (Ey Rəsulum!) Allah sənə nazil etdiyi (Quran) ilə şahidlik edir ki, onu (Quranı) Öz elmi ilə nazil etmişdir. Mələklər də buna şahidlik edirlər. Təkcə Allahın şahid olması da yetər”. (“ən-Nisə” surəsi, 166-cı ayə)

Qurani-Kərimin Allah tərəfindən nazil olduğunu təsdiq edən digər möcüzəvi dəyərlərdən biri də XX əsrdə texnologiyanın köməyi ilə kəşf edilən bir çox elmi həqiqətlər haqda Quranda 1400 il bundan əvvəl xəbər verilməsidir.

Allah-Təala bəndələrinə lütf olaraq Qurani-Kərimdə bir çox möcüzəvi ayələr nazil etmişdir ki, hər bir ağıl sahibi olan kəs o möcüzələri gördükdə Qurani-Kərimin və Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) həqiqətən də, Allah tərəfindən göndərildiklərinə iman edib onların dediklərinə əməl etsinlər.

Bu barədə Allah-Təala buyurur:

“Onun (Quranın) haqq olduğu onlara bəlli olsun deyə, Biz öz möcüzələrimizi onlara həm xarici aləmdə (üfüqlərdə, kainatda, göylərin və yerin ətrafında), həm də onların özlərində mütləq göstərəcəyik. (Ey Peyğəmbər!) Məgər Rəbbinin hər şeyə şahid olması (sənin dediklərinin doğruluğuna) kifayət deyilmi?! Doğrudan da, onlar öz Rəbbi ilə qarşılaşacaqlarına (Axirət gününə) şübhə edirlər. Həqiqətən, O, hər şeyi (Öz elmi ilə) ehtiva edəndir”. (“Fussilət” surəsi, 53,54-cü ayələr)

Ərəb ədibi Mustafa Sadiq ər-Rafii belə deyir: “Qurani-Kərimin möcüzələrindən biri də, həmişə məlum olmayan bəzi həqiqətləri, daim məlum kəlmələr içində gizləməsi və bunları vaxtı gəldikdə izhar edib ortaya çıxarmasıdır”. (“İicəz əl-Quran” kitabı)

Qurani-Kərim bütün bəşəriyyət üçün ilk növbədə əvəzedilməz hidayət mənbəyidir. Bununla yanaşı Qurani-Kərim nazil olduğu dövrə tamamilə yad olan, son əsrlərdə hələ yenicə elm kimi tanınmağa başlayan bir çox sahələrə toxunaraq müasir alimləri heyrətə gətirmişdir. Allah-Təala bu misilsiz kitabda kainatın necə yaradılışından, sonunun necə bitəcəyindən, göylərdən, qalaktikalardan, ulduzlardan, dənizlərdən, yağışlardan, dağlardan, buludlardan, insanlardan, heyvanlardan, bitkilərdən və s. danışaraq insanı dəhşətə gətirəcək incəliklərə və o dövrdə bəşər övladının heç vaxt deyə bilməyəcəyi neçə-neçə həqiqətlərə toxunmuşdur. Hansı ki, müasir elm həmin həqiqətlərin bəzilərini aşkar etmiş, etməkdə davam edir və edəcəkdir.

Şübhəsiz ki, qeyd edəcəyimiz Quran möcüzələrini görən kəsin bu həqiqəti sadəcə bir elmi məlumat kimi qəbul etməsi kifayət deyil. Əksinə, bu elmi həqiqətlərin şahidi olanların Qurani-Kərimə daha da sarılaraq onu sevib oxumasına və orada yazılanlara əməl etməsinə səbəb olmalıdır.

Beləliklə, bu bölmədə Allahın yardımı ilə Qurani-Kərimin elmi möcüzələrinə nəzər salmağa çalışacağıq.

Hazırladı: Samin Məmmədov

Şərh əlavə et

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *