Uca Allahın Yer üzündə olan nemətlərini saydıqca tükənməz. Bu nemətlərdən biri də misdir. Mis Yer üzündə olan insanların işlətdiyi ilk metal hesab olunur və faydasına görə isə dəmirdən sonra ikinci yerdədir. Mis e.ə. 10 min il öncə kəşf edilmişdir. Qədim zamanlardan bəri insanlar zinət əşyalarını, yemək qablarını, pul vahidlərini və. s misdən düzəldər və taxta gəmilərin zərər çəkməməsi üçün üzlüklərini də misdən hazırlayardılar.
Misin insan həyatında rolunun böyük olması onun Yer üzünə haradan gəlməsini öyrənməyə maraq doğurur.
Belə ki, alimlər son zamanlarda atmosferdə alışdığı zaman yaşıl rəngdə parlayan bəzi meteoritlərin mövcudluğunu kəşf ediblər. Alimlər bu barədə araşdırma apararkən atmosferdən yüksək sürətlə keçdiyinə görə əriyərək buxarlanan bu meteoritlərin tərkibində misin olduğunu aşkarlayıblar. Misin bu şəkildə əriməsi 2000° C-dən daha çox istiliyin yaranması nəticəsində baş verir.
Məşhur nationalgeographic.org saytında deyilir:
“Həmçinin düşən ulduzun rəngi səma daşlarını təşkil edən minerallara işarə verə bilər. Fərqli elementlər yanarkən müxtəlif rəngli işıq saçırlar. Meteorlarda ən çox rast gəlinən element olan dəmir sarı rəng verir. Silikon elementini təşkil edən silikatlar (böyük mineral qrupunu əhatə edir) qırmızı rəng verirlər. Düşən ulduzun izində aydınlıqla görünən yaşıl işıq yanan misin olmasına işarə verir”.

ABŞ alimlərinin məşhur earthsky.org adlı saytı, hətta, yerin altındakı Mantiya qatında olan misin də məhz göydən Yerə enməsini təsdiqlədikdən sonra həqiqətən də misin göy cismi olduğu barəsində belə deyiblər:
“Astronomiya alimləri misin “Omeqa Centauri” ulduzlarında əmələ gəlməsi ilə “Süd yolu” ulduzlarında əmələ gəlməsini müqayisə etdikdə böyük ulduzların əsas mis istehsalçıları olduqlarını müəyyənləşdiriblər”.
ABŞ-ın Harward Universitetinin professoru, məşhur astronom Ken Crosvelin planetlərlə, ulduzlarla, qalaktikalarla və s. bağlı elmi tədqiqatların yerləşdirildiyi saytında deyilir:
“İtaliya astronomlarının araşdırmalarına əsasən misin çox hissəsi “Rigel” və “Betelgeuse” kimi nəhəng ulduzlardan əmələ gəlmiş və daha sonra həmin ulduzlar partlayaraq misi yerə doğru ötürürmüşlər. Yeni kəşflərə görə qızıl, gümüş və mis öz varlıqlarını böyük ulduzlara borcludurlar.
Bəzi nəzəriyyələr mis elementinin böyük ulduzlardan əmələ gəldiyini deyir. Digər nəzəriyyəyə görə mis astronomların la supernova adlandırdıqları Yerə nəzərən kiçik olan cırtdan ağ ulduzların partlaması nəticəsində yarandığı iddia edilir.
Bolonya Astronomiya Rəsədxanasında Donatella Romano və Francesca Matteucci böyük ulduzları müşahidə edərək bir sıra nəticələrə gəliblər.
Romano və Matteucci müşahidəçilərin müxtəlif yaş ulduzlarda ölçdükləri mis və dəmirin zənginliyini müqayisə ediblər. Bu ulduzların bir hissəsi ümumi “Süd yolu” qalaktikasında olarkən, digərləri qalaktikanın ümumi nüvəsi ola biləcək ən parlaq ulduzu sayılan “Omeqa Centauri”də idi. “Omeqa Centauri” qeyri-adi mis, dəmir nisbətinə malikdir.
İb, ic və ya ii növündən olan supernova ulduzları partlayıb ölərkən misi kosmosa ötürür və mis gələcək nəsil ulduzlara miras olaraq qalır.
Kaliforniyanın Pasadena ştatında yerləşən Karnegie Rəsədxanasının alimi Andrey Villiam misin ulduzlarda yaranması barədə verdiyi müsahibəsində belə söyləmişdir: “Düşünürəm ki, bu doğru izahdır. Misin mənşəyi bir müddət müzakirə olundu və bu və ya digər vaxtlarda onun yaranmasında ulduzun rolu olduğu düşünüldü”.
Villiama görə, astronomlar gərək misin mənşəyini təsdiq etmək üçün “Süd yolu” (Məkkə yolu) qalaktikasının ətrafındakı digər qalaktikalarda da misin olub-olmadığını öyrənsinlər.

Qızıl, gümüş və platin də əsasən kütləvi ulduzlarda yaranır. Beləliklə, mis kütləvi ulduzların həyatı zamanı yarandığı halda, qızıl, gümüş və platin bu ulduzların öldükləri zaman yaranır…”
Göydə olan kosmik gəmilərin də üstündə mis elementinin qırıntılarının aşkarlanması bir daha misin göydə olmasına sübutdur.
Son kəşflərə görə alimlərin qeyd olunan sitatlarından məlumdur ki, misin yaranma mənbəyi səmada olan ulduzlardır və həqiqətən də səmada mis var. Lakin bu kəşfdən 14 əsr öncə səmada misin olması barədə Uca Allah xəbər verərək buyurur:
﴿ يَا مَعْشَرَ الْجِنِّ وَالْإِنْسِ إِنِ اسْتَطَعْتُمْ أَنْ تَنْفُذُوا مِنْ أَقْطَارِ السَّمَاوَاتِ وَالْأَرْضِ فَانْفُذُوا ۚ لَا تَنْفُذُونَ إِلَّا بِسُلْطَانٍ. فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ. يُرْسَلُ عَلَيْكُمَا شُوَاظٌ مِنْ نَارٍ وَنُحَاسٌ فَلَا تَنْتَصِرَانِ ﴾
“Ey cin və insan tayfası! Əgər göylərin və yerin hüdudlarını yarıb keçə bilərsinizsə, keçin! Siz ancaq (Allahdan olan) qüdrət və qüvvətlə keçə bilərsiniz. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Sizin üstünüzə tüstüsüz alov və ərimiş mis göndəriləcək və siz bir-birinizə kömək edə bilməyəcəksiniz”. (“ər-Rahmən” surəsi, 33-35-ci ayələr)
Ayədən aydın olur ki, Allahın izni və qüvvəti olmadan cin və insanların göy və Yerin hüdudlarını yarıb keçmələri mümkünsüzdür.
Əgər keçməyə cəhd edərlərsə, onların üzərinə tüstüsüz alov və həddindən artıq yandırıcı qabiliyyətə malik olan mis göndəriləcəkdir.
Bu mübarək ayədə müasir elmin kəşf etdiyi bir neçə möcüzə mövcuddur. Lakin mövzumuz misə aid olduğu üçün mislə bağlı digər bir möcüzəni də qeyd etmək münasib olardı.
Qurani-Kərimdə təkrar olunan və təkrar olunmayan 16973 kəlmə vardır. Bu kəlmələr içində 10361 kəlmə var ki, Quranda yalnız bir dəfə zikr olunub.
Yalnız bir dəfə zikr olunan həmin kəlmələrdən biri də mis (nuhəs) kəlməsidir.
Məlumdur ki, təbiətdə 100-dən çox element və hər elementin də özünün atom nömrəsi vardır. Sözügedən mis elementinin atom nömrəsi 29-dur.

Qurani-Kərimdə mövzumuz ilə bağlı olan ayənin əvvəlindən mis kəlməsinə qədər 29 kəlmənin olması Quranda yalnız bir dəfə zikr edilən bu mis kəlməsinin ayə içində yerinin bəlkə də təsadüfi olmaması bir daha mis elementinin atom nomrəsinin 29 olmasına işarə ola bilər. Daha doğrusunu Uca Allah bilir.
Misin səmada olmasının yalnız son zamanlarda kəşf edilməsi, lakin 1400 il bundan öncə texnologiyanın olmadığı bir dövrdə onun haqda Quranda yazılması həqiqətən də Quranın və Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) Allah tərəfindən haqq olduğuna daha bir sübutdur.
Allah-Təala Qurani-Kərimdə buyurur:
﴿ سَنُرِيهِمْ آيَاتِنَا فِي الْآفَاقِ وَفِي أَنْفُسِهِمْ حَتَّىٰ يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ الْحَقُّ ۗ أَوَلَمْ يَكْفِ بِرَبِّكَ أَنَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ ﴾
“Onun (Quranın) haqq olduğu onlara bəlli olsun deyə, Biz öz dəlillərimizi onlara həm xarici aləmdə (üfüqlərdə, kainatda, göylərin və yerin ətrafında), həm də onların özlərində mütləq göstərəcəyik. (Ey Peyğəmbər!) Məgər Rəbbinin hər şeyə şahid olması (sənin dediklərinin doğruluğuna) kifayət deyilmi?!” (“Fussilət” surəsi, 53-cü ayə)
Allah-Təala, həmçinin buyurur:
﴿ وَقُلِ الْحَمْدُ لِلَّهِ سَيُرِيكُمْ آيَاتِهِ فَتَعْرِفُونَهَا ۚ وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ ﴾
“De: “Həmd olsun Allaha! O Öz dəlillərini sizə göstərəcək, siz də onları görüb tanıyacaqsınız. Rəbbin etdiyiniz əməllərdən əsla xəbərsiz deyildir!”” (“ən-Nəml” surəsi, 93-cü ayə)
Şərh əlavə et