Dövrümüzün ən böyük elmi və arxeoloji nailiyyətlərindən biri də nəhayət ki, dənizin dərinliyindəki “əbədi qaranlığa” işıq salmaq oldu.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Quran nazil olan dövrdə digər sahələrdə olduğu kimi, dəniz sahəsində də elmi biliklər olduqca məhdud idi. O zaman yaşayan insanların zehnində dənizlər haqda qorxulu nağıllar və xurafatlar hökm sürürdü. Buna baxmayaraq Qurani-Kərimdə müasir alimləri və xüsusən də dənizçiləri heyran edən bir neçə heyrətamiz məsələlərə toxunulmuşdur. Həmin məsələlərdən biri də elmin yeni kəşf etdiyi dənizlərin dərinliklərinin qaranlıq olmasıdır. 

Uca Allah buyurur:

﴿ أَوْ كَظُلُمَاتٍ فِي بَحْرٍ لُجِّيٍّ يَغْشَاهُ مَوْجٌ مِنْ فَوْقِهِ مَوْجٌ مِنْ فَوْقِهِ سَحَابٌ ۚ ظُلُمَاتٌ بَعْضُهَا فَوْقَ بَعْضٍ إِذَا أَخْرَجَ يَدَهُ لَمْ يَكَدْ يَرَاهَا ۗ وَمَنْ لَمْ يَجْعَلِ اللَّهُ لَهُ نُورًا فَمَا لَهُ مِنْ نُورٍ ﴾

“Yaxud (iman etməyənlərin yaxşı əməlləri) dərin dənizdəki qaranlıqlara bənzəyir. Onu bir dalğa, onun üstündən də (başqa) bir dalğa örtər. Onun da üstündə bir bulud vardır. (Bunlar) bir-birinin üstündə olan qaranlıqlardır! (İnsan) əlini (o qaranlıq dənizdə) çıxartsa, az qala onu görməz. Allah kimə nur verməsə, onun nuru olmaz”.(“ən-Nur” surəsi, 40-cı ayə)

Uca Allah iman etməyən kəsin bu dünyada etdiyi saleh əməlinin axirətdə ona heç bir fayda verməyəcəyini qeyd edərək həmin saleh əməlini küfrlərlə dolu qaranlıqların içində görünməyən ələ bənzətmişdir.

Mübarək ayədən aydın olur ki, qaranlıqlar yalnız dənizlərin dərinliklərində olur və elmin də sübut etdiyi elə budur.

Dəniz zülmətində yaşayan işıqlı canlılar

Dənizlərə aid bəzi kəşflərin tarixçəsi 

Çox maraqlıdır ki, insan bədəninin 70% — ni su təşkil etdiyi kimi Yer səthinin də 70 % — ni sular təşkil edir. Buna baxmayaraq hələ də dənizlər çox az tədqiq edilmişdir. Belə ki, alimlərin hesablamalarına görə dənizlərin dərinliklərinin 90-95 % -i hələ də sirr olaraq qalmaqdadır. Son əsrlərə qədər alimlər okeanların dərinliklərində həyatın çox az və zəif olduğunu zənn edirdilər. Lakin son zamanlar dərinliklərdə olan balıqların sayının düşündüklərindən də 10 qatlarla daha artıq olduğunu kəşf etməyə başlamışdırlar. Dənizlərin dərin qaranlıqlarına varan tədqiqatçılar hər dəfə yeni və heyrətedici canlılara rast gəlməkdə davam edirlər. Əlbəttə ki, bütün bunları kəşf etmək üçün xüsusi inkişaf etmiş avadanlıqlardan istifadə etmək lazımdır.

Yeri gəlmişkən həmin avadanlıqların bəzilərinin ixtirasına nəzər salaq:

1300-cü ildə mirvari ovçuları tısbağa çanağından hazırlanmış ilk qoruyucu eynəklərdən istifadə ediblər.

1860-cı ildə Aralıq dənizinin dibində dəmir kəndir (kabel) vasitəsilə canlılar aşkar edilib.

 1865-ci ildə (Roquerol və Dinaros) tərəfindən müstəqil dalğıc qrupu yaradılıb.

1893-cü ildə fransalı Louis Butan ilk dəfə su altında şəkil çəkə bilib.

1920-ci illərdə dərinlikləri öyrənmək üçün əks-səda üsulundan (səs dalğalarının əks-sədası) istifadə edilib.

1934-cü ildə Otis Barton və William Beebe ilk dəfə poladdan hazırlanmış xüsusi avadanlıqla 3028 fut (923 metr) dərinliyə dalaraq rekord qırmış və üz maskası, üzgəc, tənəffüs borusu və şnorkel icad etməyə müvəffəq olublar.

1942-ci ildə fransız mühəndis Emil Qaqnan və Fransa donanmasının zabiti Kapitan Jak Kusto birlikdə daha da təkmilləşmiş dalğıc kostyumu və təmiz hava verən müasir dalğıc icad etdilər.

1960-cı ildə, nəhayət, təkmilləşdirilmiş gəmi “Trieste” ilə okeanların istənilən dərinliyinə enərək orada bir neçə gün qalmaq imkanı yarandı. Həmin ildə “Trieste” ilə Yer kürəsinin ən dərin nöqtəsi olan Quam adasının yaxınlığındakı Mariana çökəkliyinin 35.800 fut (10.912 metr) dərinliyinə varıldı.

1960-cı ildən başlayaraq 3 əsrlik elmi araşdırmalardan sonra alimlər dənizdə heyrətamiz faktlar kəşf etdilər.

Həmin faktlardan bəzilərini təqdim edirik:

1). Dənizlər iki böyük hissəyə bölünür: 

A). Günəşin enerjisi və şüalarının keçdiyi dəniz səthi 

B). Günəş enerjisinin və şüalarının itdiyi dərin dəniz 

2). Dərin dəniz, dəniz səthində temperatur, sıxlıq, təzyiq, günəş işığının dərəcəsinə və orada yaşayan canlılara görə fərqlənir və onların hər ikisini bir-birindən daxili dalğa ayırır. 

3). Daxili dəniz dalğaları: Daxili dalğalar dərin dənizi əhatə edir və səth dalğasının dənizin səthini əhatə etdiyi və su ilə hava arasındakı sərhədi təmsil etdiyi kimi, həmin bu daxili dalğalar dərin dənizlə dəniz səthi arasında sərhədi təmsil edir. Daxili dalğaların uzunluğu onlarla kilometrdən yüzlərlə kilometrə qədərdir və bu dalğaların orta hündürlüyü, təqribən, 10 ilə 100 metr arasında dəyişir. 

4). Dəniz dərinləşdikcə qaranlığın artması: Bu qaranlıq 200 metr dərinlikdən başlayaraq, təxminən, 1000 metrə qədər artmaqda davam edir və nəhayət zülmət bir dəniz ortaya çıxır.

Yeni nəsil sualtı qayığın dəniz qaranlığında çəkilmiş fotosu.

Alimlər dəniz altındakı qaranlıq zülməti elm və texnologiya bir qədər inkişaf etdikdən sonra yalnız 20-ci əsrdə kəşf etməyə başladılar.

Belə ki, Amerika Təbiət Tarixi Muzeyinin rəsmi saytında dərc edilən “Dərinlikdən yollananlar: Dənizdə işıq və qaranlıq” (Dispatches from the Deep: Light and Dark in the Sea) adlı məqalədə deyilir:

“Əlbəttə ki, ALVIN-dəki tədqiqatçılar, günəş eynəyi taxmağa ehtiyac duymurlar. Dənizin dibi hətta sizin təsəvvür edə biləcəyinizdən də qaranlıqdır”. 

Həmçinin deyilir:

“Fotik zonadan (su obyektinin günəş şüalarını qəbul edə bilən, təxminən, 0-200 metr arası olan ən üst təbəqə) aşağıda, 200 metrdən 1000 metrə qədər afotik zonası var. Afotik zona (işığın qəbul edilmədiyi, təxminən, 200 metrdən dənizin dibinə qədər olan ən dərin təbəqə) günəş işığından geriyə qalan tutqun, tünd, mavi-yaşıl işıqdır ki, bu da fotosintezin baş verməsi üçün çox zəifdir”. 

Həmçinin həmin saytda deyilir:

“Afotik zonadan sonra isə tamamilə qaranlıqdır. Dəniz səthindən 1000 metr aşağıda, dəniz dibinə qədər heç bir günəş işığı qaranlığa nüfuz etmir və buna görə də fotosintez baş verə bilmədiyi üçün bitkilər də mövcud deyil”. 

Ətraflı məlumat üçün bax

ABŞ-ın okeanların mühafizəsinə yönəlmiş ən böyük beynəlxalq təşkilatı olan OCEANA-nın saytında 2020-ci ildə dərc etdiyi “niyə okeanın çox hissəsi araşdırılmamış və qorunmamış qalır?” (Why does so much of the ocean remain unexplored and unprotected?) adlı məqaləsində deyilir:

“Okean kəşfinin ən böyük çətinliklərindən biri də fizika ilə bağlıdır. NASA-da Goddard Kosmik Uçuş Mərkəzinin okeanoqrafı Dr. Gen Karl Feldman izah edir ki, okean — aşağı dərinliklərdə görünməzlik (qaranlıq) həddindən artıq soyuq temperatur və sarsıdıcı təzyiq miqdarı ilə xarakterizə olunur. Feldman oceana.org saytında belə demişdir: “Bəzən insanları kosmosa göndərmək okeanın dibinə göndərməkdən daha asan olur. Okeanın dərinliyindəki güclü təzyiqlər onu tədqiq etmək üçün həddindən artıq çətin bir mühitə çevirir”. 

Ətraflı məlumat üçün bax

Dənizin üç hissəyə bölünməsinə aid foto

ABŞ-ın Milli Təbiət Tarixi Muzeyinın saytında 2018-ci ildə dərc edilən “Dənizin dərinliyi” (The Deep Sea) adlı məqalədə deyilir:

“Bu geniş yaşayış sahəsinin diblərinə doğru enərkən işığın sürətlə azalmağa başladığını hiss edəcəksən. 650 fut, yəni 200 metr məsafədə artıq bütün işıqlar gözümüzdən gedir və temperatur kəskin şəkildə aşağı düşür. Daha da dərinə daldıqda yuxarıdakı suyun ağırlığı dağıdıcı qüvvə kütləsini yığmağa davam edir. Artıq sızan hər hansı bir işıq belə tamamilə qaralır və yerini oradakı işıq saçan heyvanlara və bakteriyalara verir. 13.000 fut, yəni 4000 metr dərinlikdəki temperatur isə sizin soyuducunuzun temperaturundan bir qədər aşağı olur”. 

Ətraflı məlumat üçün bax

ABŞ dəniz donanmasının məşhur dənizçisi 1985-ci ildə Atlantik okeanının 4.000 metr dərinliyində Titanik gəmisinin qalıqlarını aşkarlayan Robert Duane Balard yazdığı “The Eternal Darkness” (Əbədi qaranlıq) kitabında deyir:

Bir neçə onilliklərdən əvvəl okean dərinlikləri demək olar ki, kosmos qədər sirli və əlçatmaz idi. Okeanlar Yer səthinin 2/3-ni əhatə edir. Ancaq heç vaxt insanlar dalğaların altından bir neçə futdan aşağı olan dərinə gedə bilməmişdilər. Dövrümüzün ən böyük elmi və arxeoloji nailiyyətlərindən biri də nəhayət ki, dənizin dərinliyindəki “əbədi qaranlığa” işıq salmaq oldu. Bu, başqalarından daha çox işlər görərək deyiləni mümkün edən adamın danışdığı uğur hekayəsidir”. 

Robert Balardın “The Eternal Darkness”(Əbədi qaranlıq) kitabı

Gəmiyə minməyən və dənizi belə heç vaxt görməyən Məhəmməd peyğəmbərə (Allahın ona salavat və salamı olsun) çox soyuq, qaranlıq və ora gedilməsi mümkün olmayan dənizlərin dərinliklərinin qaranlıq olmasını texnikanın inkişaf etmədiyi bir dövrdə xəbər verən Quran, həqiqətən də, Uca Allah tərəfindən nazil edilmişdir.

Uca Allah buyurur:

﴿ قُلْ أَنزَلَهُ الَّذِي يَعْلَمُ السِّرَّ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ إِنَّهُ كَانَ غَفُورًا رَحِيمًا ﴾

“(Ey Peyğəmbər!) De: “Onu (Quranı) göylərin və yerin sirrini bilən (Allah) nazil etmişdir. Həqiqətən, O, (iman edənləri) bağışlayandır, rəhm edəndir!” (“əl-Furqan” surəsi, 6-cı ayə)

Şərh əlavə et

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *