"Biz onu kəkilindən yapışıb (Cəhənnəmə) sürükləyəcəyik. Yalançı, günahkar kəkilindən”

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Bəzi Qurana inanmayanlar, yaxud ona şübhə ilə yanaşanlar orada olan bir çox möcüzələr onlara azmış kimi “nə üçün Quranda insan beyni haqda məlumat yoxdur?”- deyərək suallar verirlər.

İlk olaraq qeyd edək ki, Allah-Təala Quranı insan istəyinə uyğun olaraq nazil etməmişdir və Quranın bəşəriyyətə göndərilməsində əsas məqsəd Allahın razılığını qazanıb əbədi olan Axirət dünyasında xoşbəxt yaşamaq üçün insanlara doğru yolu göstərməkdir.

Lakin bununla yanaşı Allah-Təala yer üzünə göndərdiyi peyğəmbərlərinə bəzi möcüzələr vermişdir ki, insanlar bu möcüzələri gördükdə, o peyğəmbərlərin həqiqətən də Uca Allah tərəfindən göndərildiklərinə asanlıqla inansınlar və cəza günündə “ey Rəbbimiz, bizə doğru yolu göstərən heç bir peyğəmbər gəlməmişdir” deməsinlər.

Çox təəssüflər olsun ki, əsrlər boyunca hər bir peyğəmbərin Allah tərəfindən cürbəcür, ağılları heyran edən möcüzələrlə göndərilmələrinə baxmayaraq yenə də onları yalanlayan, əsl dünyanın yalnız bu dəyərsiz və müvəqqəti dünya olduğunu iddia edən nankor insanlar az olmamışdır.

Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) peyğəmbərlərin sonuncusu olduğu üçün, Qiyamətə qədər ondan sonra heç bir peyğəmbərin gəlməyəcəyinə görə, ona öz dövründə verilən möcüzələrlə yanaşı Qiyamət gününə qədər əsrarəngiz möcüzələri ilə davam edəcək, elmi və ağlı heyran edib onların hər ikisini qabaqlayan Quranı göndərmişdir.

Quran nazil olduğu dövrdə hələ adı və təməli qoyulmayan bir çox elmlər vardır ki, Qurani-Kərim o elmləri 1440 il bundan öncə özündə həkk etmişdir. Hansı ki, bu günümüzdə yalnız yüksək texnologiya sayəsində o elmlər barədə yeni məlumatlar toplanır və kəşflər edilir.

Həmin elmlərdən biri də insan bədənində ən qəliz və sirli orqan olan beyin ilə bağlıdır ki, Qurani-Kərim bu beyin barədə yer üzünün bütün alimlərinə yaxın zamanlaradək gizli qalan çox mühim bir məlumatı qeyd etmişdir.

Belə ki Qurani-Kərimdə Allah-Təala insanın yalan danışarkən həmin yalanı ona hazırlayan hissənin insan beynində “alın payı” adlanan və ön tərəfdə yerləşən hissənin olduğuna işarə etmişdir.

Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) namaz qılan zaman Əbu Cəhlin ona mane olması barədə Allah-Təala buyurur:

﴿ أَرَأَيْتَ إِنْ كَذَّبَ وَتَوَلَّى. أَلَمْ يَعْلَمْ بِأَنَّ اللَّهَ يَرَى. كَلَّا لَئِنْ لَمْ يَنْتَهِ لَنَسْفَعَنْ بِالنَّاصِيَةِ. نَاصِيَةٍ كَاذِبَةٍ خَاطِئَةٍ ﴾

Bir de görək, (əgər sənin namaz qılmağına mane olan kimsə Quranı) yalan sayır və (imandan) üz döndərirsə. Məgər bilmir ki, Allah (onun bütün əməllərini) görür?! Yox! Əgər son qoymasa, and olsun ki, Biz onu kəkilindən yapışıb (Cəhənnəmə) sürükləyəcəyik. Yalançı, günahkar kəkilindən…” (“əl-Aləq” surəsi, 13,16-cı ayələr)

Ayədə keçən النَّاصِيَة (ən-nasiyə) — kəlməsi ərəb dilində kəkil — saçın alına yaxın tərəfində bitən hissəsinə deyilir. Haqqında bəhs edəcəyimiz beyinin “alın payı” hissəsi də məhz bu nahiyədə yerləşdiyinə görə ayədə “yalançı, günahkar kəkilindən” kəlməsi ilə günah və yalan ön beyinin üzərində olan kəkilə nisbət edilmişdir.

2003-cü ildə alimlər yalanın sirlərini üzə çıxartmaq üçün möhtəşəm bir təcrübəyə imza atırlar. Bu təcrübənin əsas qayəsi yalan danışan kəsin yalanını üzə çıxartmaq üçün bir cihaz ixtira etmək idi. Bunun üçün ilk öncə yalan danışarkən insan beyninin hansı hissəsinin bundan dolayı hərəkətə keçdiyini öyrənmək lazım idi.

Yeni kəşf edilmiş bu cihaz bütünlüklə beyini və orada olan ən aktiv nöqtələri göstərir.

FMRT (funksional maqnetik rezonans tomoqrafiya) üsulu ilə beyinin hər tərəfinin görüntüsünü aldıqdan sonra məlum oldu ki, insan yalan danışarkən aktivliyin ən çox müşahidə edildiyi hissə beyinin ön hissəsidir.

Yalan danışan zaman ön beyinin aktivliyinə işarə edən qırmızı nöqtəyə diqqət edin.

Araşdırmalar təsdiq edib ki, insan yalan danışdığı zaman onun beyni daha çox işləyir və daha güc sərf edir. Hətta, alimlər qeyd edirlər ki, beyin doğruluq üzərində qurulub və onun əsas halı elə doğruluqdur. Yəni beyinin nizamı doğruluq üzərində qurulmuşdur. Yalan danışdıqda isə bu nizama qarşı çıxılır və təbii ki, bu da beyinin nisbətdə daha çox güc sərf etməsini gərəkdirir.

Amerika Birləşmiş Ştatlarının Pensilvaniya Universitetinin psixiatr və neyrokimyəvi mütəxəssisi Daniel Langleben yalanın izahında inqilab edən bir insan kimi tarixə düşmüşdür.

Langleben yalanın həqiqəti söyləməkdən daha çətin olduğunu və yalanı söyləmək üçün beyində daha güclü impulsa ehtiyac yarandığını, əks halda isə (beyində bu impuls yaranmadığı təqdirdə) doğrunun yalandan daha öncə danışılacağını düşünürdü. Bü düşüncə onu funksional bir maqnit rezonans görüntüləmə maşını vasitəsilə yalan danışarkən beyində meydana gələn bir yalan izləmə yolunu kəşf etməsinə gətirib çıxardır.

Bütün təcrübələrdən sonra o, belə bir qənaətə gələrək deyir: “Əsas odur ki, beyində həqiqəti söylədiyinizdən daha çox yalan danışdığınızda davranışınızı tənzimləyən və buna nəzarət edən bir sistemdən istifadə etmək zərurəti yaranır. Beyinin üç sahəsi isə ümumiyyətlə yalan danışan zaman daha aktiv hala gəlir…””

Ətraflı məlumat üçün bax

Həmçinin alimlər kəşf etmişdirlər ki, alın payı liderlik və istiqamətləndirmə rolunu oynayır. Belə ki beyinin bu hissəsi qərarların alınmasında rol oynayan hissədir. Fərq etmir ki, o qərarlar doğru və ya yanlış olsun. Müşahidələr onu göstərir ki, insan qərar alarkən, emosiyalara, hisslərə qapılarkən və fikir yürüdərkən ən çox güc sərf edən hissə məhz beyinin ön hissəsi, yəni alın payıdır.

Özünüidarəetmə, nəticə çıxarmaq, incə düşüncəli, nəzakətli olmaq və qətiyyət kimi bir çox müsbət davranışlara beynimizin ön payı nəzarət edir. Normal insanın beyninin ön payında yüksək bir hərəkətlilik olduğu məlumdur. Bu hərəkətlilik insanın hisslərinin fərqinə varmasını təmin edir.

Ətraflı məlumat üçün bax

Abdullah ibn Məsudun (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dualarının birində deyərdi:

(…ناصيتي بيدك…)

“…Kəklim sənin əlindədir…” (İbn Hibban və digərləri rəvayət etmişdirlər.)

Avropa icmalarının komissiyası tərəfindən təyin olunmuş tibbi ekspertlərin psixi sağlamlıq sahəsində məlumatlar verdiyi web4health.info saytında deyilir:

“Xülasə, insanın niyyəti, planlaşdırması və məqsədli davranışı əsasən ön beyin tərəfindən idarə olunur. Beyinin bu yüksək informativ funksiyaları “icra funksiyaları” adlanır”.

Ətraflı məlumat üçün bax

Alimlərin araşdırmaları nəticəsində məlum olub ki, beyinin ön hissəsi, yəni alın payı həm insan, həm də heyvan beynində ən çox əhəmiyyət daşıyan hissədir.

Necə ki Uca Allah buyurur:

﴿ مَا مِنْ دَابَّةٍ إِلَّا هُوَ آخِذٌ بِنَاصِيَتِهَا ﴾

“(Yer üzündə) elə bir canlı yoxdur ki, kəkili Onun (Allahın) əlində olmasın”. (“Hud” surəsi, 56-cı ayə)

Bu mübarək ayədən də bəlli olduğu kimi insanı yaxşıya və pisə qərar verməyə yönləndirən hissə alın payıdır. Lakin həmin yönləndirmənin həyata keçməsinin ixtiyarı isə əlbəttə ki, Allahın əlindədir.

SƏCDƏ ETMƏYİN BEYİNƏ OLAN FAYDASI

ABŞ-ın Pensilvaniya Universitetinin Tibb Mərkəzinin mütəxəssisi prof. dr. Andryu Nyuberq namaz qılan bir qrup müsəlman üzərində araşdırma aparmışdır. (Religion And The Brain; Newsweek, 7 Mayıs 2001 s: 50).

Araşdırmaya görə, xuşu içində edilən dua və Allahı düşünən zaman beyinin ön payına 80 dəfə daha çox qan vurduğunu, bu səbəblə namaz qılan insanlarda yaddaş və şəxsiyyət pozuntularına çox az rast gəlindiyini, hətta, bu insanların daha uzunömürlü olduğunu və yaddaş itkisinə uğramadıqlarını ortaya qoymuşdur. Bəs, bu, necə reallaşır?

Beyinin ön hissəsində qərar vermə mexanizminin olduğu “ön pay” adlanan hissədə dua və namaz əsnasında qan miqdarı diqqətəçarpan şəkildə artır və beyinin ön payına daha çox miqdarda qlükoza daşınır. Bu da hüceyrələrin daha sürətli qidalanması, beyinin daha aktiv işləməsi mənasını verir. Beyinin ön payının daha sürətli işləməsi isə insanın hisslərinin fərqinə varması, qərar vermək, şəxsiyyət, problemi həll etmək, səhvləri təkrar etməmək və sevgi kimi insani hisslərin ön plana çıxmasını təmin edir.

Ətraflı məlumat üçün bax

Tam əminliklə deyə bilərik ki, beyinin bu hissəsinin rolunu dəqiq olaraq müəyyən edən ilk kitab Qurandır. Hətta, günümüzdə belə alimlər araşdırmalar əsnasında beyinin bu həssas hissəsinin bir çox özəlliklərini ortaya çıxarmaqda hələ də davam edirlər. 1440 il bundan öncə yer üzündə heç kəsin beyinin bu hissəsi barəsində elmə sahib olmadığı və onun önəmli rol oynadığını bilmədiyi bir vaxtda Quran bizə onun barəsində xəbər vermişdir.

Əlbəttə ki, Quranın ən incə və qəliz orqan olan beyin barəsində dediyi tam dəqiq məlumat Quranın və Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) Allah tərəfindən haqq olaraq göndərilməsinə bir daha sübutdur.

Allah-Təala Qurani-Kərimdə buyurur:

﴿ سَنُرِيهِمْ آيَاتِنَا فِي الْآفَاقِ وَفِي أَنْفُسِهِمْ حَتَّىٰ يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ الْحَقُّ ۗ أَوَلَمْ يَكْفِ بِرَبِّكَ أَنَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ ﴾

“Onun (Quranın) haqq olduğu onlara bəlli olsun deyə, Biz öz dəlillərimizi onlara həm xarici aləmdə (üfüqlərdə, kainatda, göylərin və yerin ətrafında), həm də onların özlərində mütləq göstərəcəyik. (Ey Peyğəmbər!) Məgər Rəbbinin hər şeyə şahid olması (sənin dediklərinin doğruluğuna) kifayət deyilmi?!” (“Fussilət” surəsi, 53-cü ayə)

Allah-Təala həmçinin buyurur:

﴿ وَقُلِ الْحَمْدُ لِلَّهِ سَيُرِيكُمْ آيَاتِهِ فَتَعْرِفُونَهَا ۚ وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا تَعْمَلُون ﴾

“De: “Həmd olsun Allaha! O Öz dəlillərini sizə göstərəcək, siz də onları görüb tanıyacaqsınız. Rəbbin etdiyiniz əməllərdən əsla xəbərsiz deyildir!”” (“ən-Nəml” surəsi, 93-cü ayə)

Şərh əlavə et

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *