"O, hələ sizin bilmədiyiniz bir çox şeylər də yaradacaqdır”.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Quran və hədislərdə Yer üzünün heç bir kitabında olmayan keçmiş və gələcək barədə insanların bilmədiyi çoxlu sayda dəqiq məlumatlar verilmişdir. Həmin məlumatlardan biri də Quranın nazil olduğu dövrdən sonrakı zamanlarda daha sürətli minik vasitələrinin yaradılacağının qeyd olunmasıdır.

Belə ki, Uca Allah Qurani-Kərimdə buyurur:

﴿ وَالْخَيْلَ وَالْبِغَالَ وَالْحَمِيرَ لِتَرْكَبُوهَا وَزِينةًۚ وَيَخْلُقُ مَا لَا تَعْلَمُونَ ﴾

“Sizin minməyinizdən ötrü, həm də zinət üçün atı, qatırı və uzunqulağı (Allah yaratdı). O, hələ sizin bilmədiyiniz bir çox şeylər də yaradacaqdır”. (“ən-Nəhl” surəsi, 8-ci ayə)

Uca Allah Qurani-Kərimin nazil olduğu dövrdəki insanlara xitab edərək hələ onların bilmədiyi neçə-neçə digər minik vasitələrini də yaradacağını bəyan etmişdir.

Abdullah ibn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyini rəvayət edir:

(…سَيَكُونُ فِي آخِرِ أُمَّتِي رِجَالٌ يَرْكَبُونَ عَلَى سُرُوجٍ، كَأَشْبَاهِ الرِّحَالِ، يَنْزِلُونَ عَلَى أَبْوَابِ الْمَسْجِدِ، نِسَاؤُهُمْ كَاسِيَاتٌ عَارِيَاتٌ)

“Ümmətimin sonunda yəhərəbənzər oturacaqlara minən kişilər olacaqdır. Onlar məscidlərin qapılarına gələr, qadınları da (dar, şəffaf) geyimlər geyinər və açıq-saçıq olarlar…”. (Əhməd, Təbərani, Hakim, İbn Hibban və digərləri rəvayət ediblər.)

Hədis “yəhərəbənzər oturacaqlar” sözü ilə günümüzdə istifadə edilən maşınlara işarə etmişdir. Ona görə də hədisdə oturmaq üçün minik heyvanlarının üstünə qoyulan yəhər deyil, o dövrün insanlarının anlaması üçün “yəhərəbənzər” deyilmişdir.

Həmçinin hədisdə digər bir qeybi xəbərə də işarə edilmişdir. Hansı ki minik vasitələrinin kəşf edilməsi ilə yanaşı, bu təəssüfedici hadisə də baş verir.

Belə ki, günümüzün bir çox müsəlmanları yarıçılpaq ailələri ilə birlikdə məscidlərə deyil, yalnız məscidin qapıları ətrafına minikləri ilə toplaşaraq cənazələri qəbir evinə yola salırlar.

Həmçinin Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyini rəvayət edir:

( …وَاللهِ، لَيَنْزِلَنَّ ابْنُ مَرْيَمَ حَكَمًا عَادِلًا، فَلَيَكْسِرَنَّ الصَّلِيبَ، وَلَيَقْتُلَنَّ الْخِنْزِيرَ، وَلَيَضَعَنَّ الْجِزْيَةَ، وَلَتُتْرَكَنَّ الْقِلَاصُ فَلَا يُسْعَى عَلَيْهَا )

“And olsun Allaha ki, Məryəm oğlu (İsa) adil bir hakim olaraq enəcəkdir. Xaçı sındıracaq, donuzu öldürəcək, cizyəni ləğv edəcək, dəvələr tərk ediləcək və onlara səy (maraq) göstərən olmayacaqdır…” (Buxari, Müslim və digərləri rəvayət ediblər.)

Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) dövründə dəvənin ən yaxşı və ən qiymətli minik vasitəsi olmasına baxmayaraq gələcəkdə dəvələrdən də yaxşı minik vasitələrinin mövcud olduğu üçün dəvə və ona bənzər heyvanların minik kimi istifadə edilməyəcəyi qeyd edilmişdir.

Digər bir hədisdə Abdullah ibn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyini rəvayət edir:

(سَيَكُونُ فِي آخِرِ هَذِهِ الْأُمَّةِ رِجَالٌ يَرْكَبُونَ عَلَى الْمَيَاثِرِ حَتَّى يَأْتُوا أَبْوَابَ مَسَاجِدِهِمْ. فَقُلْتُ لِأَبِي: وَمَا الْمَيَاثِرُ؟ قَالَ: سُرُوجًا عِظَامًا)

“Bu ümmətin sonunda məyəsirlərə minərək məscidlərinin qapıları yanına  gələn kişilər olacaqdır”. Abdullah deyir: “Atama dedim: “Məyəsir nədir?” O, “əzəmətli yəhərlərdir” — deyə cavab verdi. (Əhməd və Hakim rəvayət edib.)

O dövrdəki minik vasitələrinin üstündə əyləşmək üçün ipək parçanın içinə pambıq doldurulan yəhərlərə məyəsir deyilirdi.

Hədisdə o dövrün minik vasitələrinin üzərinə minməkdən deyil, məhz əzəmətli yəhərlərin üzərinə minməkdən söhbət gedir ki, elə bu da günümüzdəki maşınların oturacaqlarına işarədir.

Həmçinin Nəvvas ibn Səmanın (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Dəccal haqqında danışarkən səhabə belə deyir:

(…قلنا يا رسول الله فما سرعته في الأرض قال كالغيث استدبرته الريح …)

“Dedik: “Ey Allahın Rəsulu, onun Yerdə sürəti necə olacaqdır?” O dedi: “Küləyin qovduğu bulud kimi””.

(Muslim, Tirmizi, İbn Macə, Əhməd rəvayət ediblər.)

Bu hədis də günümüzdə buludlar kimi sürətlə hərəkət edən təyyarələrə və ya gələcəkdə buna bənzər olan digər minik vasitələrinə işarə etmişdir.

MÜASİR NƏQLİYYATIN QISA TARİXÇƏSİ

Qatar:

Öz gücü ilə çalışan qatar ilk dəfə 1825-ci ildə İngiltərədə kəşf edilmişdir. İlk istifadəyə verilən qatarlar buxarla sonralar isə elektrik, dizel və digər vasitələrlə hərəkət etdirilmişdir.

Buxar qatarı

Avtomobil:

Avtomobil də bəzi digər texnikalar kimi tək bir şəxs tərəfindən ixtira edilməmişdir. Yüz illər boyunca dünyanın hər tərəfində ortaya çıxan ixtiraların bir yerə toplanması ilə meydana gəlmişdir.

Avtomobillərin ilk yayılması 19-cu əsrin əvvəllərinə təsadüf edir. Lakin avtomobillər geniş vüsət almadan öncə Fransız topçu mühəndis Nicolas Joseph Cugnot (1725 -1804) 1769-cu ildə kənar yardım olmadan ilk dəfə buxarla işləyərək öz-özünə yeriyən bir vasitə icad edir. Həmin avtomobilin qarşısında olan su qazanının ağırlığına görə onun sürəti saatda 3-4 kilometr arasında idi.

İlk icad edilən avtomobil

Qatarları və avtomobilləri hərəkətə gətirən mühərrikləri ilk icad edən şəxs indiki Türkiyənin Cənub-Şərq ərazisində yaşamış ən məşhur ixtiraçı müsəlman alimlərindən sayılan Bədiuzzaman əl-Cəzəri (1136-1206) olmuşdur.

Əl-Cəzəri mühərrikləri, su nasoslarını, robotları, saatları və digər yüzlərlə mühüm alətləri kəşf etmişdir.

O, insan və heyvan əməyi olmadan öz-özünə hərəkət edən alətləri düzəldən ixtiraçıların ilki sayılır.

Əl-Cəzəri ixtira etdiyi su nasosları sayəsində yüksək yerlərdə olan quraqlıqların gözəl bağ və bostanlara çevrilməsinə töhfə vermişdir.

O, krank və birləşdirici çubuqdan istifadə edərək dairəvi fırlanan hərəkəti düz hərəkətə çevirmişdir. Hansı ki bu əməliyyat bütün nəqliyyat vasitələrində mühüm rol oynayan mühərriklərdə istifadə olunur.

Bu gün avtomobil mühərriklərində istifadə olunan dəmir zəncirin ilk dəfə istifadə olunduğu əl-Cəzərinin su nasosu

Əl-Cəzərinin kəşfləri bir neçə yüz il sonra Avropada daha da təkmilləşdirilərək qatar və avtomobillərin ixtirasına səbəb olmuşdur. Həqiqətən də onun bu mühüm kəşfləri sayəsində biz bu gün rahat nəqliyyatdan istifadə edə bilirik.

Əl-Cəzəri özündən sonrakı nəslin onun etdiyi kəşflərindən faydalanması üçün “Alətlərin düzəldilməsində elmin və faydalı əməlin cəm edilməsi” (əl-Cəmiu beynəl ilmi val aməlin nəfii filhiyəl) adlı məşhur kitabında yüzə qədər icad etdiyi alətlərin necə hazırlanması üsuluna ətraflı izah vermişdir. Həmin kitab elə o dövrlərdə tərcümə edilərək Qərb alimləri tərəfindən öyrənilmiş, inkişaf etdirilmiş və bu günə qədər də muzeylərində saxlanılır.

Əl-Cəzərinin ixtira etdiyi mühərrikin əsas hissəsinin müasir modeli

Təyyarə:

İnsanlar havada uçmaq üçün yüz illər boyunca müxtəlif cihazlar düzəldərək uçmağa cəhd ediblər. Lakin 1903-cü ildə amerikalı Rayt qardaşları bir çox cəhdlərindən sonra ilk dəfə nizamlı uçmağa müvəffəq  olublar.

İlk uçan təyyarə

Rayt qardaşlarından 1000 il öncə havada bir müddət uçduqdan sonra yerə enən müsəlman alim Abbas İbn Firnəs (810-887) olmuşdur. O, təyyarəyə quyruq düzəltmədiyi üçün yerə sərt şəkildə çırpılaraq yaralanmışdır.

ABŞ-ın Şimali Karolina Universitetinin saytının “Xəyali uçuş” (Flight of fancy) adlı məqaləsində Abbas ibn Firnəs haqqında deyilir:

“1000 ildən çox əvvəl Rayt qardaşlarının Kitty Hawk üzərindəki tarixi uçuşundan və 600 il əvvəl Leonardo da Vinçinin mexaniki uçuş maşınının eskizini çəkməsindən öncə Abbas ibn Firnəs adlı İslam ixtiraçısı qanadlı cizah hazırlamış, bunu test etmək üçün özü cəsarət göstərmiş və… uçmuşdur”.

Ətraflı məlumat üçün bax

O, planetlərin və ulduzların hərəkətlərini simulyasiya etmək üçün istifadə edilə bilən üzüklər zənciri də düzəltmişdir. Elə buna görə də 1976-cı ildə NASA onun şərəfinə Ayın digər tərəfindəki 89 km-lik ərazisi olan kraterə Abbas İbn Firnəs adını vermişdir.

Həmçinin 2011-ci ildə onun adına İspaniyada körpü inşa edilmiş və orada onun adını daşıyan astronomik mərkəz də tikilmişdir.

Quran və hədislərdə gələcəkdə yeni minik vasitələrinin icad ediləcəyinin əminliklə qeyd edilməsi, əlbəttə ki, Quran və hədislərin Uca Allah tərəfindən vəhy olmasına bir daha sübutdur.

Uca Allah buyurur:

﴿ يَا أَيُّهَا النَّاسُ قَدْ جَاءَكُمُ الرَّسُولُ بِالْحَقِّ مِنْ رَبِّكُمْ فَآمِنُوا خَيْرًا لَكُمْ ۚ وَإِنْ تَكْفُرُوا فَإِنَّ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَكَانَ اللَّهُ عَلِيمًا حَكِيمًا ﴾

“Ey insanlar! Peyğəmbər sizə Rəbbinizdən  haqqı gətirmişdir. (Ona) iman edin! (Bu) sizin üçün xeyirli olar. Əgər (onu) inkar etsəniz, şübhəsiz ki, göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!” (“ən-Nisə” surəsi, 170-ci ayə)

Şərh əlavə et

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *