Rəhman və Rəhim Allahın adı ilə
Allah-Təalanın kainatda yaratdığı füsnkar göy cisimləri kəşf edildikcə O Uca Rəbbimizin həqiqətən də hər şeyə qadir olduğuna öz gözümüzlə şahidlik etmiş oluruq. Həmin bu cisimlərdən biri də radiodalğalardan rentgen şüalarına qədər böyük bir diapozonda şüalar yayan və öz oxu ətrafında yüksək sürətlə dövr edən pulsar və ya neytron ulduzlardır. Bu pulsarlara dilimizdə “döyünən radio ulduz” da deyilir.
İngiltərənin Kembric Universiteti bu pulsar ulduzların kəşfinin neçənci ildə olması haqda öz saytında deyir:
“Professor Dame Jocelyn Bell Burnell 1967-ci ildə New Hall-da (indiki Murray Edwards College) aspiranturada oxuyarkən Kembricdəki Cavendish Laboratoriyasında Antoni Hewish ilə birlikdə tədqiqat apararkən pulsarları kəşf etdi”.
Həmin pulsarı təsadüfən ilk dəfə kəşf edən bu 24 yaşlı tələbə qıza kəşfindən 50 il sonra Oksford və Dandi Universiteti tərəfindən 3 milyon $ mükafat verilmişdir.
Kembric Universitetinin saytının dediyinə görə, indiyə qədər bu pulsar ulduzlardan 3000 ədəd kəşf edilmişdir.
Bu pulsar, döyünən radio ulduzlar kəşf edilmədən 1400 il öncə Uca Allah Qurani-Kərimdə buyurur:
﴿ وَالسَّمَاءِ وَالطَّارِقِ. وَمَا أَدْرَاكَ مَا الطَّارِقُ. النَّجْمُ الثَّاقِبُ ﴾
“And olsun göyə və döyənə! Sən nə bilirsən ki, döyən nədir?! O, (yarıb keçən) parlaq ulduzdur!” (“ət-Tariq” surəsi, 1-3-cü ayələr)
12-ci əsrin böyük təfsir alimi Əhməd ibn Ömər əl-Qurtubi deyir:
(…الماوردي : وأصل الطرق : الدق ، ومنه سميت المطرقة)
“Məvardi deyib: Tarq sözünün əsli döymək, taqqıldatmaq deməkdir. Mitraqa, yəni çəkic də o sözdən götürülmüşdür…” (əl-Qurtubi, “ət-Taariq” surəsinin təfsiri)
Qeyd edək ki, mübarək ayədə keçən “taariq” sözünün Ərəb dilindəki digər mənası da gecə gəlib qapını döyən deməkdir.
10-cu əsrin böyük təfsir alimi Məhəmməd ibn Cərir ət-Təbəri ayədə keçən “səəqib” sözünün təfsiri haqda belə deyir:
(يعني: يتوقد ضياؤه ويتوهَّج)
“Yəni işığı yayılan və parıldayan deməkdir”.
Təbəri həmçinin deyir:
(عن ابن عباس ﴿ النَّجْمُ الثَّاقِبُ ﴾ قال: هي الكواكب المضيئة)
“İbn Abbas deyib: “ən-Nəcm əs-səəqib” parıldayan ulduzlardır”. (Təbəri, “ət-Tariq” surəsinin təfsiri)
Qeyd edək ki, “səəqib” sözünün Ərəb dilindəki digər mənası da dələn, yarıb-keçən və ya ucalaraq uzaqlaşan deməkdir.
Keçən mübarək ayələrdən aydın olur ki, bu ulduzlar döyüntü səsi çıxarır, parıltılıdır, işığı hər bir şeyi yarıb keçir və uzaqdadır.
Nasa 2016-cı ildə dərc etdiyi məqalədə həmin bu ulduzları “Ürək döyüntüsü ulduzları” adlandıraraq deyir:
“”Heartbeat Stars” Unlocked in New Study” (“Ürək döyüntüsü ulduzları” yeni araşdırmada açıldı)
Sonralar Nasa 2022-ci ildə dərc etdiyi məqalədə bu ulduzları “gigantic hammer” (nəhəng çəkic) adlandıraraq deyir:
“Bu partlayış, neytron ulduzuna nəhəng bir çəkiclə vurub onun bir zəng kimi səs çıxarmağına səbəb olmağa bənzəyirdi”.
Dünyanın ən zəngin ensiklopediyasına malik olan Britannica öz saytında bu döyən ulduzların həcmi haqda deyir:
“Pulsarlar sürətlə fırlanan neytron ulduzlarıdır. Demək olar ki, tamamilə neytronlardan ibarət olan və diametri cəmi 20 km (12 mil) və ya daha az olan son dərəcə sıx ulduzlardır”.
Məşhur Space.com saytı “What are pulsars?” (Pulsarlar nədir?) başlığı altında deyir:
“Bu «kosmik mayaklar» 1 saniyədə 700 dəfə fırlana bilir.”
Həmin saytda bu ulduzların müdhiş ağırlığı haqda deyilir:
“Neytron ulduzları təşkil edən material o qədər sıxdır ki, onun sadəcə bir çay qaşığı həcmindəki çəkisi 4 milyard ton ağırlığındadır”.
Space.com saytı digər məqalədə bu ulduzların saat saniyələri qədər müntəzəm döyüntüsü haqda deyir:
“Bu millisaniyə pulsarlarından bəziləri son dərəcə nizamlı və saat kimi dəqiqdir».
ABŞ-ın məşhur “Live Sciense” adlı elmi saytı ayədə qeyd olunan kimi bu ulduzların dalğalarının önündə olan hər şeyi dələn və yarıb keçən olmasını dəqiqliklə “penetrating” sözü ilə ifadə edərək belə deyir:
“Pulsarlar bütün dalğa uzunluqlarında elektromaqnit şüalar yaysa da, qalaktikadakı ulduzlararası qaz və toz buludlarını dəlməkdə onun radio dalğaları daha yaxşıdır və buna görə də astronomlar radio spektrində uzaqdakı obyektləri spektrin digər hissələrindən daha əvvəl görürlər”.

Pulsar ulduzları yavaş, orta, sürətli və çox sürətli döyüntüyə malikdirlər.
“Live Science” saytının dediyinə görə, Yerə ən yaxın olan pulsar ulduzu 424 işıq ili, yəni 4 kvadrilion 240 trilion km məsafəsindədir.
Əziz oxucular, yuxarıda keçən alimlərin kəşflərindən aydın oldu ki, pulsar ulduzları döyən, işıqlı, uzaqda olan, dəlib və ya yarıb keçən bir ulduzdur. Bütün bunlardan aydın olur ki, bu ulduzları dəqiqliklə 1400 il öncə vəsf edən Qurani-Kərim həqiqətən də Uca Allah tərəfindən peyğəmbərlərin sonuncusu olan Məhəmməd peyğəmbərə (sallallahu aleyhi va əlihi va səlləm) nazil edilmişdir.
Uca Allah buyurur:
﴿ وَيَرَى الَّذِينَ أُوتُوا الْعِلْمَ الَّذِي أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ هُوَ الْحَقَّ وَيَهْدِي إِلَى صِرَاطِ الْعَزِيزِ الْحَمِيدِ ﴾
“Elm verilmiş kimsələr Rəbbindən sənə nazil edilənin (Quranın) haqq olduğunu və onun yenilməz qüvvət sahibi, (hər cür) şükrə (tərifə) layiq olan Allahın yolunu göstərdiyini görürlər”. (“Səba” surəsi, 6-cı ayə)
Müəllif: Samin Məmmədov
Tərcümə: Fatimə Nabatlı
Korrektor: Vəfa Məmmədova
Dizayn: Ramin Baxşıbəyli
Şərh əlavə et