Sayt haqqında

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Dünya həyatında yaşayan hər bir ağıllı insanı onun özü barəsində, kainatın yaranma səbəbləri haqda, bütünlükdə isə bunları yaradana aid bir çox suallar maraqlandırır.

İnsanı düşündürən bu kimi sualların cavabını Qurani-Kərimi oxumaqla tapmaq mümkündür. Elə buna görə də həyatda özlərinə mənəvi rahatlıq tapa bilməyənlər Quranı oxumaqla dünyanı dərk etmiş və yaradılışın məqsədini anlayaraq İslamı qəbul edib öz bədbin mənəvi dünyalarını xoşbəxtliklə bəzəmişdirlər.

Quranı oxuyub həqiqi İslamı anlayan kəsin İslamı qəbul edərək onun dediklərinə əməl etməməsi mümkünsüzdür. Çünki İslamın qoyduğu prinsiplər insaniyyəti ən ali dərəcələrə səsləyərək ona dünya və axirət səadətini qazandırır.

İslamın saydıqca tükənməyən gözəllikləri qarşısında heyran qalıb məcburi deyil, əksinə sevərəkdən, İslamı qəbul edənlərin sayı günü-gündən artmaqdadır.

Hətta, onlar İslamı seçdiklərinə görə öz toplumları tərəfindən mənəvi və fiziki təzyiqlərlə qarşılaşacaqlarına baxmayaraq hədəflərini yalnız zülmətləri nura çevirən İslama qovuşaraq əbədi həyatı qazanmağa yönəltmişlər.

Təəssüflər olsun ki, dünyanın hər bir yerindən qeyri müsəlmanların İslamı seçərək onun dediklərinə əməl edib Qurana bağlandıqları bir dövrdə öz içərimizdən olan bir çox müsəlmanlar Quranı yalnız yas mərasimi simvolu kimi tanıyır və onu ömürlərində bir dəfə də olsun oxumayıblar.

İnsana sevimli olan bir kəs məzmunu vacib olmayan adi bir məktub yazarsa, o, məktubu oxumaq üçün hər cürə səy göstərər. Lakin aləmlərin yaradıcısı və insana saydıqca bitməyəcək, gözəl nemətlər əta edən Uca Allahın insanlara göndərdiyi hər cümləsində qurtuluş dolu Qurani-Kərim kimi məktubu oxumaqdan imtina edirlər. Halbuki, bu məktub insanlara dünya və axirətdə əsl xoşbəxtliyi qazandıran və bununla yanaşı elm və möcüzələrlə zəngin olan yer üzünə mesaj olaraq göndərilmiş yeganə bir kitabdır.

Qurani-Kərim Allah tərəfindən göndərilmiş vaxtilə təhrifə uğramayan səmavi kitabları təsdiqləyən, əlavə olaraq da heç bir kitablarda qeyd olunmayan və bütün bəşər övladını heyran edən möcüzələrlə dolu bir kitabdır.

Uca Allah buyurur:

﴿ وَأَنْزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ مُصَدِّقًا لِمَا بَيْنَ يَدَيْهِ مِنَ الْكِتَابِ وَمُهَيْمِنًا عَلَيْهِ ﴾

“(Ey peyğəmbər!) Biz (Quranı) sənə haqq olaraq, özündən əvvəlki kitabı (bütün ilahi kitabları) təsdiq edən və (o kitabların doğruluğuna) şahid olaraq nazil etdik”. (“əl-Məidə” surəsi, 48-ci ayə)

Uca Allah sonuncu peyğəmbər olan Məhəmmədə (Allahın ona salavat və salamı olsun) Qurani-Kərimlə yanaşı digər bir vəhy olan hədisləri də vermişdir. Bu barədə Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurub:

أَلَا إِنِّي أُوتِيتُ الْقُرْآنَ وَمِثْلَهُ مَعَهُ

“Bilin ki, mənə Quranla yanaşı onun mislində olan (hədislər də) verilmişdir”. (İmam Əhməd və digərləri rəvayət ediblər.)

Ağıl sahibləri həmişə müdrik olan insanların sözlərini qiymətli sayaraq onların dediklərindən faydalar götürmüşdürlər. Əlbəttə ki, Allah rəsulu və peyğəmbəri olan Məhəmmədin (Allahın ona salavat və salamı olsun) dediyi söz və etdiyi hərəkətlərin mənbəyi birbaşa vəhy ilə bağlı olduğuna görə onun söz və əməlləri daha da müdrikanə qəbul edilməli, sevilib əməl olunmalıdır.

Əziz oxuculara bu saytda Qurani-Kərimin, Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun), ümumilikdə isə İslamın Allah tərəfindən haqq din olduğunu elmi olaraq sübut etmək üçün Quran və hədislərdə yer alan elmi möcüzələrdən, bu möcüzələri və İslamın digər özəl gözəlliklərini görərək İslamı seçən qeyri müsəlmanlardan və s. bəhs edəcəyik.

Samin Məmmədov