Fizika qanunlarına zidd olan Quran dediyi bu sular 20-ci əsrdə kəşf edildi

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Uca Allahın biz insanlara ram etdiyi saysiz-hesabsız nemətləri vardır. Həmin nemətlərdən biri də Yer üzünə gözəllik verən okeanlar, dənizlər, göllər və çaylardır. Bu sirli sular və orada baş verənlər haqda alimlər hər dəfə yeni kəşflər edərək bizə Uca Yaradanın sonsuz elmini və gücünü göstərməkdə davam edirlər.

Son zamanlar yeni kəşf edilən həmin bu sularda gizlənən sirlərdən biri budur ki, Uca Allahın yaratdığı kainatda duzlu və şirin, yaxud çox duzlu və az duzlu olan sular vardır ki, aralarında gözlə görünən maneə və ya pərdə olmamasına baxmayaraq bir-birilərinə qarışmırlar.

Eləcə də bəzi duzlu dənizlərin dibindən şirin bulaqlar çıxır və ya duzlu dənizlərə şirin çaylar və bulaqlar axır, lakin həmin bu şor və şirin sular bir-birini qəti olaraq üstələmirlər.

Alimlərin dediyinə görə, bir-birinə qarışmayan 2 dəniz suyu digərindən ən azı 5 dəfə daha duzlu olur. Fizika qanunlarına əks olan bu sular, həqiqətən də, heyrətamizdir.

Hətta biri digərindən dəfələrlə duzlu olan hər iki dənizin heyvanları, bitkiləri və dalğaları belə bir-birindən fərqli olur və bir-birinə qarışmır.

Danimarkanın Skagen şəhəri yaxınlığında Şimal dənizi ilə Baltik dənizinin görüşmə nöqtəsi

Uca Allah yeni kəşf edilən həmin dənizlərə və bir-birinə qarışmaması üçün arasında maneə yaratdığı bu sulara işarə edərək buyurur:

﴿ أَمَّن جَعَلَ ٱلۡأَرۡضَ قَرَارࣰا وَجَعَلَ خِلَـٰلَهَاۤ أَنۡهَـٰرࣰا وَجَعَلَ لَهَا رَوَ ٰ⁠سِیَ وَجَعَلَ بَیۡنَ ٱلۡبَحۡرَیۡنِ حَاجِزًاۗ أَءِلَـٰهࣱ مَّعَ ٱللَّهِۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا یَعۡلَمُونَ ﴾

“(Allaha şərik qoşduqlarınız yaxşıdır) yoxsa yeri (sizin üçün) məskən yaradıb ortasında çaylar axıdan, üzərində (titrəməsin deyə) möhkəm durmuş dağlar bərqərar edən və iki dənizin arasında maneə qoyan kimsə?! Məgər Allahla yanaşı başqa bir ilahmı var?! Lakin onların əksəriyyəti bilmirlər!” (“ən-Nəml” surəsi, 61-ci ayə)

Həmçinin birinin suyu şirin, digərinin isə duzlu və arasında maneə olan iki dənizə işarə edərək buyurur:

﴿ وَهُوَ الَّذِي مَرَجَ الْبَحْرَيْنِ هَٰذَا عَذْبٌ فُرَاتٌ وَهَٰذَا مِلْحٌ أُجَاجٌ وَجَعَلَ بَيْنَهُمَا بَرْزَخًا وَحِجْرًا مَحْجُورًا ﴾

“Birinin suyu çox şirin, digərininki isə olduqca şor olan iki dənizi qovuşduran, aralarında (bir-birinə qarışmamaq üçün) bərzəx (maneə) və keçilməz sədd qoyan Odur!” (“əl-Furqan surəsi”, 53-cü ayə)

9 və 10-cu əsrdə yaşamış böyük təfsir və tarix alimi Məhəmməd ibn Cərir ət-Təbəri (839-923) mübarək ayəni təfsir edərək deyir:

أنه من نعمته على خلقه، وعظيم سلطانه، يخلط ماء البحر العذب بماء البحر الملح الأجاج، ثم يمنع الملح من تغيير العذب عن عذوبته، وإفساده إياه بقضائه وقدرته

“Allahın məxluqatına olan nemətindən və səltənətinin əzəmətindəndir ki, dənizin şirin suyunu digər dənizin duzlu suyu ilə qarışdırır, sonra isə duzlu suyun şirin suyun şirinliyini dəyişməsinə və onu korlamasına Öz hökmü və qüdrəti ilə mane olur…” (Təbəri, “Cəmi əl-bəyən” 19/282)

Həmçinin Təbəri tabein alimlərindən olan Mücahid ibn Cəbrin (642-722) Uca Allahın nazil etdiyi ayə haqda belə dediyini nəql edir:

عن مجاهد ﴿وَجَعَلَ بَيْنَهُمَا بَرْزَخًا﴾ قال: حاجزا لا يراه أحد

“Onların hər ikisinin arasında bərzəx yaratdı”. Yəni heç kəsin görə bilməyəcəyi sədd yaratdı”. (Təbəri, “Cəmi əl-bəyən” 19/282)

Ətraflı məlumat üçün bax

Çox maraqlıdır ki, ayədə qeyd edildiyi kimi aşağıda haqqında qeyd edəcəyimiz bu sədd (haloklin), həqiqətən də, gözlə görünmür.

Yunanıstanın Peloponnes yarımadası yaxınlığında Aralıq dənizi ilə Egey dənizinin görüşmə nöqtəsi

14-cü əsrin böyük təfsir alimi İsmayıl ibn Ömər ibn Kəsir (1301-1373) demişdir:

(وجعل بين البحرين حاجزا ) أي : جعل بين المياه العذبة والمالحة حاجزا ، أي : مانعا يمنعها من الاختلاط ، لئلا يفسد هذا بهذا وهذا بهذا ، فإن الحكمة الإلهية تقتضي بقاء كل منهما على صفته المقصودة منه ، فإن البحر الحلو هو هذه الأنهار السارحة الجارية بين الناس . والمقصود منها : أن تكون عذبة زلالا يسقى الحيوان والنبات والثمار منها . والبحار المالحة هي المحيطة بالأرجاء والأقطار من كل جانب ، والمقصود منها : أن يكون ماؤها ملحا أجاجا ، لئلا يفسد الهواء بريحها

“(iki dənizin arasında maneə qoyan). Yəni: Şirin və duzlu sular arasında maneə, yəni sədd qoydu ki, bunun ona, onun da buna qarışaraq korlanmasına mane olsun. İlahi hikmət tələb edir ki, onların hər biri nəzərdə tutulan sifətində qalsın. Şirin dəniz insanların ətrafında gur axan bu çaylardır. Bunda məqsəd heyvanların, bitkilərin və meyvələrin sulanmasıdır. Duzlu dənizlər isə ölkə və hüdudları hər tərəfdən əhatəyə alandır. Bunda məqsəd isə qoxusu ilə havanın korlanmaması üçün o dənizlərin suyunun şor və duzlu olmasıdır…” (“Təfsir İbn Kəsir”, “ən-Nəml” surəsi, 61-ci ayənin təfsiri)

Ətraflı məlumat üçün bax

Ərəb dilində, eləcə də bəzi digər dillərdə bol suya, böyük çaylara və göllərə dəniz deyilir. Məsələn Nil çayına Nil dənizi, Xəzər gölünə Xəzər dənizi deyildiyi kimi.

Mübarək ayədə işarə olunduğu kimi fərqli tərkibli suların bir-birinə qarışmaması, həqiqətən də, Uca Allahın kainatda yaratdığı heyrətamiz möcüzələrindəndir.

Suda duzun miqdarını ölçən cihaz

Alimlər suda duzun miqdarını ölçmək üçün 50 m intervalla 250 m dərinliyə qədər dənizə endirilən bu Ekman şüşələrindən istifadə ediblər. Okeanoqrafiyanın müxtəlif dərinliklərdə və temperaturlarda suda duzun tərkibini təhlil edən bölməsi hidrologiya adlanır. (NATO-nun rəsmi saytı)

Ətraflı məlumat üçün bax

Şirin suyun duzlu suya qarışmamasının hikməti

Əlbəttə ki, Uca Allahın kainatda yaratdığı hər şeyin bizə məlum olan və olmayan hikməti vardır. Alimlərin dediyinə görə, şirin suyun duzlu suya qarışmamasının ilahi hikmətlərindən biri planetimizdə şirin suların səviyyəsinin saxlanması, digəri isə hərəkətsiz olan duzlu suların şirinləşərək xarab olub havanı və s. korlamamasıdır.

İngiltərənin məşhur “Britannika” saytı Atlantik okeanı ilə Aralıq dənizini ayıran Cəbəlutariq boğazı haqda deyir:

“Beləliklə, yalnız boğazın mövcudluğu Aralıq dənizinin daralan duzlu göl olmasının qarşısını alır”.

Ətraflı məlumat üçün bax

 Cəbəlutariq boğazında Aralıq dənizi ilə Atlantik okeanının görüşmə nöqtəsi

MÜASİR ELMİN KƏŞFİ

Bir-birinə qarışmayan suları ilk dəfə kim, harada və nə vaxt kəşf etmişdir?

Bir çox araşdırmalara görə, bir-birinə qarışmayan şirin və duzlu sular arasında su maneəsinin mövcudluğunu ilk dəfə 1888-ci ildə hollandiyalı mühəndis və hərbi zabit Vilyam Baden Qiben (Willem Badon Ghyben) (1845-1907) və 1901-ci ildə almaniyalı psixoloq və filosof Aleksandr Hörzbörq (Alexander Herzberg) (1887-1944) kəşf etmişdir. Sözügedən iki alimin kəşfinə görə bu onların şərəfinə Qiben-Hörzbörq (Gyhben-Herzberg) yanaşması adlandırılmışdır.

Qiben-Hörzbörq yanaşması

NASA Smisonian Astrofizika Rəsədxanası və Harvard Astrofiziklər Mərkəzi tərəfindən idarə olunan rəqəmsal kitabxananın (ADS) saytında deyilir:

“Şirin və duzlu yeraltı sularının arasındakı hidrostatik tarazlığın düzgün anlaşılmasını 19-cu əsrin əvvəllərində yazılan əsərlərdə aydın şəkildə görmək mümkündür. Amma bunu şirin su hövzələrinin yeraltı su vəziyyətinin düzgün anlaşılması ilə birləşdirən Baden Qiben və Hörzbörq idi”.

Ətraflı məlumat üçün bax

Həmçinin Amerikanın Massaççusets ştatına aid elmi saytında deyilir:

“Müəyyən bir interfeys boyunca bir-biri ilə təmasda olan və bir-birinə qarışmayan şirin su və duzlu su obyektləri arasındakı hidrostatik tarazlıq ilk dəfə Qiben və Hörzbörq tərəfindən tədqiq edilmişdir”.

Ətraflı məlumat üçün bax

Antil adaları bölgəsində Karib dənizi və Atlantik okeanının görüşmə nöqtəsi

Lakin praktiki olaraq dünyada belə dənizin harada olduğunu ilk dəfə kəşf edən şəxs isə fransalı alim, dəniz zabiti, dəniz bioloqu, okean mütəxəssisi, tədqiqatçı, səyyah, ixtiraçı Jak İv Kusto (1910-1997) olmuşdur.

ABŞ-ın elmi məqalələr və araşdırmalardan ibarət olan “Versus Zone” saytında “Nəyə görə Atlantik və Sakit okeanın suları qarışmır?” (Why the Atlantic and Pacific Oceans Don’t Mix) başlığı altında yer alan məqalədə deyilir:

“Məşhur kəşfiyyatçı Jak Kusto bunu (Aralıq dənizi və Atlantik okeanı sularının bir-birinə qarışmamasını) Cəbəlutariq boğazında dərin dalışı zamanı aşkarlamışdır. Fərqli şorluluğa malik su təbəqələri, sanki şəffaf bir təbəqə ilə bölünmüşdü və hər təbəqənin öz bitki və heyvanları var idi. Haloklinlər bir okeanın və ya dəniz suyunun digərindən ən azı 5 dəfə duzlu olduğu zaman ortaya çıxır”.

110 ölkə gəzən azərbaycanlı səyyah Fərid Novruzi. Yəmən, Cibuti və Eritreya ölkəsinin sahillərinə qədər uzanan, Qırmızı dənizi Ərəb dənizinə və Hind okeanına birləşdirən “Bəb əl-məndəb” (Göz yaşı qapısı) boğazı-04/2020

Həmçinin həmin saytda deyilir:

“Xəritədə dənizlərə və okeanlara baxdığınız zaman onların bir-birilərinə axdığını düşünə bilərsiniz. Görünür, bu yalnız bir böyük okeandır və insanlar onun hissələrinə sadəcə fərqli adlar veriblər. Onlar arasındakı sərhədin nə qədər aydın olması sizi heyrətə gətirəcək! Sakit okean və Atlantik okeanı arasındakı sərhəd, sanki 2 dünya arasındakı xətt kimidir. Sanki iki okean suları onların bir-birinə axmağına və qarışmasına imkan verməyən görünməz bir divarda görüşürlər. Bəs niyə Yer üzündə bu baş verir?

Biz bilirik ki, orada görünməz divar yoxdur və o sudur. Onun qarışmasına nə mane ola bilər ki? İş orasındadır ki, sular da fərqli ola bilər. Atlantik və Sakit okean suları müxtəlif sıxlıq, duzluluq səviyyəsinə və digər kimyəvi keyfiyyətlərə malikdir. Rənglərinin də eyni olmadığını uzaqdan görmək olur. Fərqli fiziki və bioloji xüsusiyyətlərə malik iki su hövzəsi arasındakı əlaqə okean sahilləri adlanır. Haloklinlər — müxtəlif duzluluq səviyyəsinə malik sular arasındakı sərhədlərdir — və bu ən möhtəşəm tərəfidir. Məsələn, Atlantik və Sakit okeanların birləşməsində gördüyümüz kimi…”

Cənubi Amerikada Surinam çayı ilə Atlantik okeanının görüşmə nöqtəsi

Həmin saytda Yer üzündə bir-birinə qarışmayan sulara bir neçə misallar gətirilərək deyilir:

“Aralıq dənizi və Atlantik okeanı

Onlar Cəbəlutariq boğazında görüşürlər və fərqli sıxlığa və duzluluğa malik olduqlarına görə, onların da suları qarışmır.

Karib dənizi və Atlantik okeanı

Onlar da Antil adalarının yaxınlığındakı yerdə görüşürlər və sanki kimsə suyu mavinin müxtəlif çalarlarına boyayıb. Bu ikisinin görüşdüyü başqa bir yer Baham adalarının Elütera adasıdır. Karib dənizinin suyu firuzəyi, Atlantik okeanının suyu isə tünd mavi rəngdədir”.

Ətraflı məlumat üçün bax

Bir-birinə qarışmayan iki dənizi kəşf edən fransalı alim Jak Kusto

İki dənizin arasındakı haloklin

İki dənizin və ya iki aləmin arasında gözə görünməz bir divar və ya keçid rolunu oynayana alimlər “haloklin” adını veriblər.

Belə ki, haloklin müxtəlif duzluluq səviyyələrinə malik iki su obyekti arasında keçid zonasıdır.

Haloklin termini yunan mənşəli söz olub “duz” mənasını verən “halo” və bucaq mənasını verən “cline” sözlərinin birləşməsindən əmələ gəlmişdir.

Haloklinə verilən adlar

Görünməz divar (invisible wall), iki dünya arasındakı xətt (a line between 2 worlds), iki dünya arasında öz dünyası olan sərhəd (Border Between Two Worlds-and a World of Its Own), sərhədlər (borders), okean sərhədləri (Ocean Clines).

Hindistanın “The Maritime Post” adlı elmi saytında “Atlantik və Sakit Okeanlar niyə qarışmır?” (Why the Atlantic and Pacific Oceans Don’t Mix) başlığı altında deyilir:

“Fərqli fiziki və bioloji xüsusiyyətlərə malik iki su obyekti arasındakı sərhədlər Okean sahilləri kimi tanınır. Okean sahillərində ən möhtəşəm nüanslardan biri haloklinlərdir. Əhəmiyyətli dərəcədə fərqli duzluluqlu iki su hövzəsi bir araya gəldikdə su hövzələri bir-birinə qarışmaqdan imtina edir və bu zaman haloklin əmələ gəlir və bu çox möhtəşəmdir. Eynilə, Atlantik və Sakit Okeanların birləşməsində gördüyümüz kimidir. Bu fenomen məşhur tədqiqatçı Jak Kusto tərəfindən Cəbəlutariq boğazına dərin dalışı zamanı aşkar edilmişdir”.

Həmçinin həmin saytda deyilir:

“Əgər siz nə vaxtsa dünyanın ən böyük iki okeanının, yəni Sakit və Atlantik Okeanının qovuşduğu nöqtəyə (Cənubi Amerikanın sonunun ən cənub ucu Horn burnu adlanır) baxsanız, çox qəribə bir hadisəyə şahid olarsınız. Atlantik və Sakit Okeanın sularının qarışmadığını görərsiniz. Daha da möhtəşəmi, bu iki okean arasındakı sərhədin iki dünya arasındakı xətt kimi olmağıdır. Daha tünd olan Sakit okean suları və daha açıq rəngdə olan Atlantik suları bir-birinə qarışmadan yanaşı dayanır. Drake Passage kimi tanınan bu sərhədin 800 kilometrə qədər davam etməsi isə insanları daha da heyrətləndirir”.

Ətraflı məlumat üçün bax

Abxaziyada Geqa və Yupşara çaylarının qovuşduğu yer. Geqa mavi, Yupşara isə qəhvəyi rəngdədir.

Bir-birinə qarışmayan alt-üst sular

Alimlər bir-birinə qarışmayan suları yalnız yan-yana deyil, hətta alt-üst sularda da kəşf ediblər. Çox maraqlıdır ki, alimlərin dediyinə görə, bir-birinə qarışmayan bu kimi alt-üst suların arasında olan bəzi haloklinlərin qalınlığı cəmi 1 metrdir. Buna baxmayaraq özünün o sulara və o suların da bir-birinə qarışmamaları insanı, həqiqətən də, heyrətləndirməyə bilməz.

NASA-nın okeanlarla bağlı elmi saytında deyilir:

“Okeanların əsasən səthə yaxın olan hissəsi isti və duzludur. Okeanların dərinlikləri isə soyuq və daha az duzludur. Bu iki hissə müəyyən xüsusi sahələr istisna olmaqla qarışmır”.

Ətraflı məlumat üçün bax

Almaniyanın Passau şəhərində İlz, Dunay və İnn çayının qovuşduğu yer

ABŞ-ın Massaçusets ştatının Woods Hole Okeanoqrafiya İnstitutunun saytının “İki dünya arasında öz dünyası olan sərhəd” (Border Between Two Worlds-and a World of Its Own) adlı məqaləsində deyilir:

“DHAB-ların (Deep Hypersaline Anoxic Basins — Dərin Hipersalin Anoksik Hövzələr) ən maraqlı xüsusiyyətlərindən biri də onların üzərindəki normal su ilə dəniz suyunun qarşılaşdıqları zona olmalarıdır. Tərkibində yüksək duz olduğundan DHAB-dakı duzlu su o qədər sıxdır ki, üzərindəki dəniz suyu ilə çox az qarışır. Əvəzində dar bir su təbəqəsi var ki, hövzəyə doğru hərəkət edildikdə duz konsentrasiyası normal dəniz suyunun duzluluğundan hiper duzluluğa (daha çox duzlu) keçir”.

Ətraflı məlumat üçün bax

Şəkildəki açıq mavi rəng haloklin təbəqəsidir. Bol oksigenli və normal duzlu su ilə oksigensiz və 10 dəfə duzu çox olan suyu bir-birinə qarışmağa qoymur.

Yuxarıdakı elmi araşdırmalardan aydın oldu ki, alimlər 20 və 21-ci əsrdə Yer üzündə bir-birinə qarışmayan dənizləri tapmış və onların qarışmamasının əsas səbəbini birinin digərindən daha duzlu olduğunda göstərmişdirlər.

Şübhə və cavabı

Elmdən çox az payı olanlar hər dəfə Uca Allahın Qurani-Kərimdə nazil etdiyi ayələrdə şübhə yaratmağa çalışırlar. Həmin şübhələrdən biri də Uca Allahın nazil etdiyi bu mübarək ayəsidir.
Uca Allah buyurur:

﴿ مَرَجَ الْبَحْرَيْنِ يَلْتَقِيَانِ. بَيْنَهُمَا بَرْزَخٌ لَا يَبْغِيَانِ. فَبِأَیِّ ءَالَاۤءِ رَبِّكُمَا تُكَذِّبَانِ. یَخۡرُجُ مِنۡهُمَا ٱللُّؤۡلُؤُ وَٱلۡمَرۡجَانُ ﴾

“İki dənizi O qovuşdurdu. Amma onların arasında maneə vardır, bir-birinə qatışmazlar. Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?! Onların hər ikisindən mirvari və mərcan çıxır”. (“ər-Rəhman” surəsi, 19-22-ci ayələr)

Şübhə: Mirvari və mərcan şirin deyil, yalnız duzlu sularda yaranır. Quran isə həm duzlu, həm də şirin sularda mirvari və mərcanın olduğunu deyir.

Cavab: Yuxarıda qeyd etdiyimiz kimi, Yer üzündə bir-birinə qarışmayan duzlu və şirin sular olduğu kimi, çox duzlu və nisbətən az duzlu olan dənizlər də vardır ki, suları bir-birinə qarışmır.
Uca Allah Quranda bir-birinə qarışmayan şirin və duzlu sular haqda danışdığı ayələrin heç birində o sulardan mirvari və mərcan çıxdığını söyləməmişdir.

Lakin mirvari və mərcandan danışdığı bu ayədə isə iki dənizə işarə edərək birinin şirin suya malik olduğunu qeyd etməmişdir. Deməli, Uca Allah yalnız mirvari və mərcan çıxan bu iki dənizin duzlu olmasına və buna baxmayaraq yenə də bir-birinə qarışmamasına işarə etmişdir.

Bir-birinə qarışmayan bəzi dənizlərin möhtəşəm video görüntüləri

Dəniz və okeanlarla heç kəsin maraqlanmadığı bir dövrdə, heç vaxt dəniz görməyən, gəmiyə minməyən, laboratoriyası olmayan və yazıb-oxumaq bilməyən Məhəmməd peyğəmbərə (sallallahu aleyhi va əlihi va səlləm) nazil olan Qurani-Kərimin Yer üzündə bir-birinə qarışmayan sular haqda daha da dərinə gedərək onların qarışmama səbəbinin duzluluğunun az və çox olması ilə bağlılığını deməsi bu kitabın, həqiqətən də, Uca Allah tərəfindən nazil olduğunu xəbər verir.

Fizika qanunlarına zidd olaraq İbrahim peyğəmbərin atıldığı isti odu soyuq, Yunis peyğəmbəri balığın qarnında salamat edən, eləcə də yan-yana olan iki dənizi fizika qanunlarına zidd olaraq bir-birinə qarışmağa qoymayan Allah həqiqətən ucadır. Bu füsnkar dənizləri qəflət yuxusundan oyanmağımız üçün Qurani-Kərimdə bizlərə dəfələrlə misal çəkən Allah-Təala əlbəttə ki, heç nədən yaratdığı insanları yenidən diriltməyə də qadirdir. Lakin insanların əksəriyyəti hələ də bundan qafildirlər. Ağıllı olub bu kimi yaradılışlardan ibrət alanlar isə bunun həqiqətən də baş verəcəyinə heç bir şübhə etmirlər. Odur ki, hər birimiz o acı ölümü dadmadan öncə bu misilsiz Quranda yazılanlara iman və əməl etməyə tələsməliyik.

Uca Allah buyurur:

﴿ قُلِ انْظُرُوا مَاذَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَمَا تُغْنِي الْآيَاتُ وَالنُّذُرُ عَنْ قَوْمٍ لَا يُؤْمِنُونَ ﴾

“De: “Bir baxın, göylərdə və yerdə nələr var! Lakin iman gətirməyən bir qövmə möcüzələr və xəbərdarlıqlar fayda verməz”. (“Yunus” surəsi, 101-ci ayə)

Müəllif: Samin Məmmədov

Tərcümə: Nailə Mikayılbəyli, Fatimə Nabatlı

Korrektor: Vəfa Məmmədova

Dizayn: Ramin Baxşıbəyli

Şərh əlavə et

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *