İlk karantin tətbiqi harada və kim tərəfindən olmuşdur? Karantin haqda Tövratda nə yazılmışdır?

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Məlumdur ki, 21-ci əsrə qədəm qoyar-qoymaz bütün dünya koronavirus adlanan bir xəstəliklə üz-üzə qaldığı üçün əksər ölkələrdə karantin tətbiqi elan olunub. Dünya əhalisinin yarısının karantin dövrünü yaşadığı bir zamanda karantinin tarixi barədə qısa da olsa bəzi məlumatları qeyd etməyimiz yerinə düşər.

KARANTİN SÖZÜNÜN MƏNASI

Karantin — xəstəliyə yoluxduğu şübhəli bilinən insan və ya heyvanların müəyyən bir ərazidə xəstəliyin yayılmaması üçün saxlanılmasıdır.

14-cü əsrdə Avropanın sahil şəhərlərini vəba epidemiyasından qorumaq üçün yoluxmuş ölkələrdən əsas gəlir mənbəyi dəniz ticarəti olan Venesiya Respublikasına (indiki İtaliyanın Venesiya şəhəri) gələn gəmilər enişdən 40 gün əvvəl limanda qalmalı idi. Ona görə də karantin adlanan bu təcrübə İtaliya dilindəki “quaranta giorni” (40 gün) sözündən götürülmüşdür.

KARANTİNİN QISA TARİXİ

2020-ci il, Yanvar ayının 23-də ilk dəfə olaraq Çin Xalq Respublikası Vuhan şəhərində koronavirusun yayılmasının qarşısını almaq üçün karantindən istifadə etdi. Vuhan Çin Xalq Respublikasının Hubei əyalətinin paytaxtıdır. Vuhan Hubei əyalətindəki ən böyük və 11 milyondan çox əhalisi olan ən sıx şəhərdir.

Həmçinin Vuhan Çinin doqquz milli mərkəzi şəhərlərindən biri sayılır.

Bu karantin az sonra genişlənərək Çinin digər şəhərlərində də tətbiq olunmuşdur.

Lakin həmin əyalətdə yaşayan əcnəbi vətəndaşların sağlam olsalar belə öz ölkələrinə qaytarılaraq müvəqqəti təcriddən sonra xalq içinə buraxılmaları ilə Uca Allah tərəfindən bəşəriyyətə qurtuluş olaraq göndərilən Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) dediyi karantin qaydalarına tam olaraq riayət edilmədiyi üçün digər ölkələr də bu virusun cənginə keçdi.

1972-ci ildə “Yuqoslaviya çiçəyi” xəstəliyinin başlaması Avropada çiçək xəstəliyinin son yayılması idi. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəstəliyin qarşısını almaq üçün karantindən geniş şəkildə istifadə edərək bu xəstəliyə qarşı mübarizə aparmışdır.

1942-ci ildə, İkinci Dünya Müharibəsi zamanı İngilis əsgərləri bioloji silah proqramını Gruinard adasında sınaqdan keçirərkən oradakı insanlar qarayara xəstəliyinə yoluxduqları üçün uzun illər boyu karantinə alınıblar.

1918-ci ildə, xüsusən, Avropa və Amerikada yayılan “İspan qripi” səbəbilə 50 milyondan çox insan dünyasını dəyişmişdir.

Ötən əsrin əvvəllərində “İspan qripi” xəstələrinin müalicəsinin fotosu

Həmin ərəfədə bəzi ölkələr karantin tətbiqindən istifadə edir. Britaniyada isə məmurlar almanlarla müharibə vəziyyətinə görə karantin siyasətini həyata keçirməkdən imtina edərək ölkələrinin silah fabriklərinin işini davam etdirməsinin təxirəsalınmaz ehtiyac olduğunu vurğulayaraq zavodların işçilərdən boşaldılması fikrini rədd edirlər.

1918-ci ilin payızında baş verən ölüm hadisələrinin çox olduğunu bəyan edən qrafika

19-cu əsr boyunca ABŞ-da yayılan kolera və təbii çiçək xəstəliyinə görə ştatların xəstəlik yayılan ərazilərinə nəzarət etmək üçün karantindən istifadə edilmişdir.

Həmçinin 19-cu əsrdə İspaniyada yayılan sarı qızdırma xəstəliyinin qarşısını almaq üçün Fransa hökuməti 30 min ordu göndərərək İspaniya ilə sərhədləri bağlamışdır.

1814-cü ildə İngiltərədən Avstraliyanın Sidney şəhərinə gələn gəmidə səfər əsnasında 46 nəfər tif xəstəliyindən vəfat etdiyinə görə həmin gəmidə olan digər 36 nəfər üçün Kribatidə xüsusi yer hazırlanaraq karantinə alınmışdır.

1793-cü ildə ABŞ-ın Filadelfiya Ştatında sarı qızdırma adlı xəstəlik ciddi yayılır. Ştat və yerli rəhbərliklər karantin tələblərini tətbiq edir və xəstəliyin geniş şəkildə vüsət aldığına işarə olaraq sarı bayraqlar qaldırılır.

1665-ci ildə İngiltərədə “London taunu” səbəbilə 100 000-ə yaxın insan vəfat edir. Nəhayət Derbyşire şəhərinin Eyam kəndi karantinə alınır. Bu kəndin əhalisinin 260 nəfəri dünyasını dəyişdikdən sonra xəstəliyin qarşısı alınır.

Taun səbəbilə Eyam kəndində vəfat edənlərin siyahısı

1431-ci ildə Osmanlılar Konstantinopolun (İstanbul) fəthindən əvvəl Osmanlı İmperiyasının paytaxtı olan Ədirnədə cüzam xəstələrinin karantini üçün xəstəxana tikdirmişdirlər.

1423-cü ildə taun xəstəliyinə yoluxan ölkələrdən gələn gəmilər İtaliyada karantinə alınıb.

1377-ci ildə Xorvatiyanın Dubrovnik şəhərində də xəstəliyin yayılmaması üçün karantindən istifadə edilmişdir.

1347-ci ildə taun xəstəliyi Avropanın cənubunda başlayıb 1350-ci ildə sürətli şəkildə yayılaraq Almaniya, İngiltərə və Rusiyanı da bürümüşdür. Bu müddət ərzində həmin xəstəliyə görə Avropa əhalisinin 1/3 — i vəfat etmişdir. Həmin dövrdə xəstələr və xəstəliyinə şübhə edilənlər şəhərdən kənarlaşdırılaraq sağalana, yaxud da ölənə qədər kənarda saxlanmışdır.

Avropada bu kimi xəstəliklərə qarşı karantindən istifadə edilmədən öncə İslam dünyasının xəstəxanalarında taun və cüzam kimi yoluxucu xəstəliklərə qarşı məcburi karantin tətbiq edilməsi əsrlər boyu davam etmişdir.

705-715-ci illər ərəfəsində altıncı Umeyyə xəlifəsi əl-Valid bin Abdul Məlik Dəməşqdə “Bimaristan” adlanan xəstəxana inşa edərək cüzam xəstələrini orada karantində saxlayıblar.

Yuxarıda qeyd edilən bir çox tarixi karantinlər hədislərdə buyurulduğu kimi tam yerinə yetirilməmiş və nisbi karantin adını daşımışdır.

İLK KARANTİN TƏTBİQİ HARADA VƏ KİM TƏRƏFİNDƏN OLMUŞDUR

Tarixdə ilk dəfə olaraq karantinin tətbiqi 638-ci ildə (Hicri ilə 18-ci il) ikinci raşidi xəlifəsi Ömər ibn Xəttabın (Allah ondan razı olsun) dövründə müsəlmanlar tərəfindən Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) hədislərinə əsasən həyata keçirilib.

Bu karantinə səbəb indiki Fələstinin Qüds şəhərinə yaxın olan Amvas adlanan yerdə taun (“Amvas taunu”) xəstəliyinin yayılması olub. İçərisində bəzi səhabələrin də olduğu 30 minə yaxın insan bu xəstəlikdən vəfat etmişdir. Xəstəliyin həddindən artıq sürətlə yayılmasına baxmayaraq, Şam daxilində Şamdan kənar olan ölkələrdən olan ordular olsa da belə müsəlmanlar hədislərdə olan karantin qaydasına büsbütün riayət etdiklərinə görə bu qorxunc xəstəlik Şamdan (indiki Fələstin, İordaniya, Suriya və Livan) kənara çıxmamışdır.

Hətta, Şam daxilində olan insanların da biri-birilərinə xəstəliyin keçməməsi üçün Şamın əmiri olan Amr ibn As (Allah ondan razı olsun) ayrılaraq tək-tək dağlarda yaşayıb Allahdan bağışlanma diləmələrini əmr edir və bir neçə müddət ərzində minlərlə insanın ölümünə səbəb olan xəstəlik aradan qalxır.

QURAN VƏ HƏDİSLƏRDƏ XƏSTƏLİK VƏ YA KARANTİN HAQDA NƏ YAZILMIŞDIR

İman etmək lazımdır ki, hər bir insanın əcəli Uca Allahın əlindədir və ölümdən heç bir vəchlə qaçmaq mümkün deyil.

 Allah-Təala buyurur:

﴿ أَلَمْ تَرَ إِلَى الَّذِينَ خَرَجُوا مِنْ دِيَارِهِمْ وَهُمْ أُلُوفٌ حَذَرَ الْمَوْتِ فَقَالَ لَهُمُ اللَّهُ مُوتُوا ثُمَّ أَحْيَاهُمْ ۚ إِنَّ اللَّهَ لَذُو فَضْلٍ عَلَى النَّاسِ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَشْكُرُونَ ﴾

“(Ey Rəsulum!) Minlərlə adamın ölümdən çəkinərək öz yurdlarını tərk edib getdiklərini bilmədinmi? Allah onlara: “Ölün!” – dedi və sonra da (yenidən) diriltdi. Həqiqətən, Allah insanlara lütf edəndir, lakin insanların bir çoxu şükür etməzlər!” (“əl-Bəqərə” surəsi, 243-cü ayə)

Bir çox təfsir alimlərinin səhabələrdən etdikləri rəvayətlərində nəql olunur ki, ta qədimdə minlərlə insanın qədim İraqın Davurdan şəhərində yayılan taundan qorxaraq yaşadıqları yeri tərk edib qaçdıqlarına görə Uca Allah onlara cəza olaraq əcəllərindən öncə öldürüb və uzun müddətdən sonra ibrət olsun deyə bir daha diriltmişdir.

Amir ibn Sad ibn Əbi Vaqqas atasının Usamə ibn Zeyddən (Allah onların hamısından razı olsun) “Taun haqqında Allahın rəsulundan (Allahın ona salavat və salamı olsun) nə eşitmisən?” — deyə soruşduğunu eşidir.

Usamə deyir:

 (عَنْ عَامِرِ بنِ سَعْدِ بنِ أبِي وقَّاصٍ، عن أبِيهِ، أنَّه سَمِعَهُ يَسْأَلُ أُسَامَةَ بنَ زَيْدٍ، مَاذَا سَمِعْتَ مِن رَسولِ اللَّهِ صَلَّى اللهُ عليه وسلَّمَ في الطَّاعُونِ؟ فَقالَ أُسَامَةُ: قالَ رَسولُ اللَّهِ صَلَّى اللهُ عليه وسلَّمَ: الطَّاعُونُ رِجْسٌ أُرْسِلَ علَى طَائِفَةٍ مِن بَنِي إسْرَائِيلَ، أوْ علَى مَن كانَ قَبْلَكُمْ، فَإِذَا سَمِعْتُمْ به بأَرْضٍ، فلا تَقْدَمُوا عليه، وإذَا وقَعَ بأَرْضٍ، وأَنْتُمْ بهَا فلا تَخْرُجُوا، فِرَارًا منه…) 

“Allahın rəsulu (Allahın ona salavat və salamı olsun) demişdir: “Taun İsrail övladlarından bir tayfaya, yaxud da sizdən əvvəlkilərə göndərilən bir əzabdır. Əgər onun hansısa bir yerdə olduğunu eşitsəniz, ora getməyin. Əgər siz olan hansısa bir yerdə baş verərsə, ondan (taundan) qaçmaq üçün (o yerdən) çıxmayın…” (Buxari rəvayət etmişdir.)

Sad ibn Əbi Vaqqas (Allah ondan razı olsun) belə rəvayət edir:

( أنَّ رَسولَ اللَّهِ صَلَّى اللهُ عليه وسلَّمَ ذَكَرَ الوَجَعَ فَقالَ: رِجْزٌ، أوْ عَذَابٌ، عُذِّبَ به بَعْضُ الأُمَمِ، ثُمَّ بَقِيَ منه بَقِيَّةٌ، فَيَذْهَبُ المَرَّةَ ويَأْتي الأُخْرَى، فمَن سَمِعَ به بأَرْضٍ فلا يُقْدِمَنَّ عليه، ومَن كانَ بأَرْضٍ وقَعَ بهَا فلا يَخْرُجْ فِرَارًا منه )

“Allahın rəsulu (Allahın ona salavat və salamı olsun) o xəstəlikdən (taundan) danışaraq dedi: “O bir bəla, yaxud əzabdır. Bəzi ümmətlər onunla əzab olunmuşdur. Sonra isə ondan bir hissə qalmışdır. O gedib hərdən yenə də gəlir. Kim onun hansısa bir yerdə olduğunu eşidərsə, o yerə getməsin. Hansısa bir yerdə baş verərsə, ondan (taundan) qaçmaq üçün (o yerdən) çıxmasın”. (Buxari rəvayət etmişdir.)

Bu hədisdə elmi, tibbi möcüzə ilə yanaşı tarixi bir möcüzə də vardır. Belə ki Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) öz dövründə bu kimi xəstəliklərin yayılmamasına baxmayaraq, keçmişdə baş verməsindən və hələ gələcəkdə də hərdən baş verəcəyindən xəbər verir.

Artıq tarixdən də bizə məlumdur ki, Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) dövründən sonra bu kimi xəstəliklər bir neçə dəfə fasilələrlə həqiqətən də baş vermişdir.

TAUN VƏ BU KİMİ AĞIR XƏSTƏLİKLƏRƏ YOLUXARAQ KARANTİNDƏ QALIB SƏBR EDƏNLƏRİN SAVABI

Digər sağlam insanların xəstələnməməsi üçün xəstəlik yayılan yerdə qalaraq səbr edənlərə aləmlərə rəhmət olaraq göndərilən Peyğəmbərimiz (Allahın ona salavat və salamı) ən böyük müjdələr verib.

Cabir ibn Abdullah (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyini rəvayət edir:

( الفارُّمِنَ الطاعُونِ كالفارِّ مِنَ الزَّحْفِ ، ومَنْ صَبَرَ فيهِ كانَ لَهُ أجرُ شهيدٍ )

“Taundan qaçan döyüşdən qaçan kimidir. Kim orada (taun olan yerdə) qalıb səbr edərsə, şəhid savabını qazanmış olar”. (Albani, “Sahih əl-cəmi” 4277, Heysəmi və digərləri rəvayət etmişdirlər.)

Ənəs ibn Malik (Allah ondan razı olsun) və digərləri Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyini rəvayət edirlər:

( الطَّاعُونُ شَهادَةٌ لِكُلِّ مُسْلِمٍ )

“Taun hər bir müsəlman üçün şəhidlik deməkdir”. (Buxari və Müslim rəvayət etmişdirlər.)

Alimlər bu və digər hədislərə əsasən taun və bu kimi xəstəliyə düçar olub səbr edən, yaxud bu kimi xəstəliklər olan yerdə sağlam qalaraq səbr edən hər kəsin şəhid savabına nail olacağını deyirlər.

KARANTİN HAQDA OLAN HƏDİSLƏRİN TİBB ELMİNİ QABAQLAMASI

Müasir tibb elminin gəldiyi qənaətə görə yoluxucu qorxunc xəstəliklərin qarşısını almaq üçün ən yaxşı metod xəstəlik yayılan həmin yeri bütünlüklə — sağlam və xəstələr qarışıq karantinə almaqdır.

Yuxarıda qeyd edilən hədislər bəzilərinin anladığı kimi yalnız xəstə kəsdən uzaq durmaqdan danışmır. Xəstə insandan uzaq durmaq qədimdən bəri məlum olan bir məsələdir. Həmin hədislərin əsas elmi möcüzəvi tərəfi 7-ci əsrdə hələ bakteriya, viruslar barədə heç bir elmin olmadığı bir dövrdə insanların xəstəlik yayılan yerə gedib, hətta, orada olan sağlam kəslərlə belə ünsiyyət qurmasını və ya xəstəlik yayılan yerdən sağlam kəsin çıxaraq xəstəlik yayılmayan yerə gəlməsini qadağan etməsidir.

Bu hədislərdə olan bəzi hikmətlərə görə elmin son əsrdə kəşf etdiyi kimi ola bilsin ki, xəstəlik yayılan yerdə olan kəs həmin xəstəliyə yenicə yoluxmuş olduğu üçün o kəs zahirən sağlam görünər və beləcə də özündə olan virusu digərlərinə keçirə bilər. Həmçinin də həmin kəsin immuniteti güclü olduğuna görə xəstəlik onun özünə təsir etməsə belə o özündə olan virusu digər sağlam insanlara daşıya bilər.

Təəccüblüdür ki, sağlam insanın xəstəlik yayılan yerdən qaçıb canını qurtarması zahirən daha məntiqli olmasına baxmayaraq, hədisdə deyilənlər kimi etmək tibb elminin də təsdiqlədiyi məntiqli bir əsl həqiqətdir.

Ona görə də xəstəlik yayılan ölkədə müvəqqəti olaraq oxuyan, çalışan, səfərdə olan və s. bu kimi kəsləri öz ölkələrinə qaytarmayaraq həmin xəstəlik olan ölkədə qalmalarını təmin etmək maddi və səhiyyəvi cəhətdən bütün ölkələr üçün daha sərfəli və hədisə əməl etmək baxımından daha düzgün sayılır.

Təəssüf ki, dünya informasiya vasitələrinin əksəriyyəti bilərəkdən, yaxud da bilməyərəkdən karantin tətbiqinin ilk dəfə 15-ci əsrdə — guya İtaliyada, yaxud Fransada olduğunu qeyd edərək İslam peyğəmbərinin bir daha haqq olduğunu sübut edib tibbə töhfə verən hədislərini və ikinci raşidi xəlifəsi Ömərin (Allah ondan razı olsun) bu karantin metodundan istifadə etdiyini görməzlikdən gəlirlər.

KARANTİN HAQDA TÖVRATDA NƏ YAZILMIŞDIR

Bəziləri hədislərdə qeyd edilən bu karantin barədə Tövratda (xristianlar “Əhdi- Qədim” deyir) yazıldığını iddia edir. Halbuki, Tövratda yazılan karantin hədislərdə qeyd edilən deyil hamıya bəlli olan sadə bir karantin növündən danışaraq cüzam və bu kimi xəstəliklərə yoluxanları nəcis adlandırır və yalnız o xəstənin özünün karantində tək yaşamasını deyir.

Tövratda “Levililər” 13-cü fəsildə deyilir:

“Belə bir xəstəlikdən əziyyət çəkən insanın paltarları yırtılmış, saçları qarışıq olmalıdır. Ağzını örtərək: “Mən nəcisəm, mən nəcisəm”- deyərək qışqırmalıdır. Xəstəlik davam edərsə, nəcis olduğu üçün nəcis sayılacaqdır. Xalqdan uzaqda, düşərgədən kənarda yaşamalıdır”.

Tövratın Türkcə qeyd edilən bu tərcüməsinin fotosu Biblehub.com saytından götürülmüşdür.

Əlbəttə ki, Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) bu kimi hədislərini öz ağlı ilə ölçərək haqqı ilə iman etməyən kəslər bu kimi hədisi deyəni və ya nəql edəni yalanlamağa cəhd edirlər.

Lakin elmə zidd olmayan, əksinə bütün tibb elmini qabaqlayan bu İlahi mesaj Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) Uca Allah tərəfindən həqiqi Peyğəmbər olduğuna və hədislərinin də doğruluğuna bir daha sübutdur.

Uca Allah buyurur:

﴿ وَمَاآتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانْتَهُوا وَاتَّقُوا اللَّهَ إِنَّ اللَّهَ شَدِيدُ الْعِقَاب ﴾

…Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir”.  (“əl-Həşr”, surəsi 7-ci ayə)

Şərh əlavə et

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *