Rəhmli və Mərhəmətli Allahın adı ilə
Uca Allah bizə böyük bir nemət olaraq göndərdiyi Qurani-Kərimdə, əsasən, hidayət yolunu bəyan etməklə yanaşı bütün dünya elmlərini qabaqlayan məsələlərə də toxunmuşdur. Bundan əlavə keçmişdə və gələcəkdə baş verən hadisələr də bu mübarək kitabda çox dəqiqliklə qeyd edilib. Keçmiş zamanlarda baş verən tarixin ixtilaflı məsələlərini ən dəqiqliklə çözən kitab yalnız Qurani-Kərimdir.
Tarixdən məlumdur ki, dövrünün iki böyük imperatorluğuna sahib olan rumlularla farslar bir-biriləri ilə 700 illik uzun bir müharibə aparıblar. İslamın ilk yayıldığı dövrdə farslar Şam (indiki İordaniya, Fələstin, Livan, Suriya və s.) ərazisində rumluları ciddi bir məğlubiyyətə uğradırlar. Atəşpərəst olan farsların qalibiyyəti bütpərəst olan Məkkə müşriklərini sevindirir və kitab (İncil) əhli olan rumluların məğlubiyyəti isə müsəlmanları məyus edir. Uca Allah yaxın gələcəkdə məğlub olan rumluların qələbə çalacaqlarına işarə edərək buyurur:
﴿ الم. غُلِبَتِ الرُّومُ .فِي أَدْنَى الْأَرْضِ وَهُمْ مِنْ بَعْدِ غَلَبِهِمْ سَيَغْلِبُونَ. فِي بِضْعِ سِنِينَ ۗ لِلَّهِ الْأَمْرُ مِنْ قَبْلُ وَمِنْ بَعْدُ ۚ وَيَوْمَئِذٍ يَفْرَحُ الْمُؤْمِنُونَ. بِنَصْرِ اللَّهِ ۚ يَنْصُرُ مَنْ يَشَاءُ ۖ وَهُوَ الْعَزِيزُ الرَّحِيمُ. وَعْدَ اللَّهِ ۖ لَا يُخْلِفُ اللَّهُ وَعْدَهُ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ ﴾
“Əlif. Ləm. Mim. Rumlular (bizanslılar) məğlub oldular; Yerin ən aşağı hissəsində. Lakin onlar öz məğlubiyyətlərindən sonra qələbə çalacaqlar; Bir neçə ilin içində (3-9 il arasında). Əvvəl də, sonra da hökm Allahındır. O gün iman edənlər sevinəcəklər; Allahın köməyi ilə. O, istədiyinə kömək edir. O, Qüdrətlidir, Rəhmlidir. (Budur ) Allahın vədi. Allah Öz vədinə xilaf çıxmaz. Amma insanların əksəriyyəti (bunu) bilmir”. (“ər-Rum” surəsi, 1-7-ci ayələr)
Uca Allah bu mübarək ayələrdə bizə məlum olan iki mühim və möcüzəvi məsələyə işarə etmişdir. Bunlardan biri rumluların məğlub olduqları yerin Yer üzündə ən çökək, aşağı və alçaq hissə olmasıdır. Digəri isə sarsıdıcı məğlubiyyətə məruz qalan rumluların yaxın bir zamanda yenidən güclənərək qələbə çalacaqlarını xəbər verməsidir.
Ayədə əslində bir neçə il deyil, “bid’i” (بضع) sözü keçir. Ərəb dilində “neyyif” (نيف) kəlməsi 1-dən 3-ə qədər mənasını verdiyi kimi, eləcə də “bid’i” kəlməsi 3-dən 9-a qədər mənasını verir. Lakin dilimizdə bu sözün tərcüməsi olmadığı üçün ayədə keçən “bid’i” kəlməsi “bir neçə il” kəlməsi kimi tərcümə edilir.
Uca Allahın ayələrinə və göndərdiyi peyğəmbərinə (sallallahu aleyhi va əlihi va səlləm) bütün qəlbi ilə iman edən Möminlərin əmiri Əbu Bəkr əs-Siddiq (radiyallahu anhu) rumluların qələbə çalacağını xəbər verən ayələri Məkkə müşriklərinin yanında oxumağa başlayır. Rumluların ciddi itki verdiyinə görə yaxın bir neçə il ərzində qələbə çalacaq qüvvəyə malik olmalarına inanmayan Məkkə müşrikləri adətləri üzrə bu Quran ayəsini də məsxərə edirlər və onlardan biri bu qələbənin baş tutmayacağını iddia edərək Əbu Bəkr ilə mərcə girir. Həqiqətən də, 7 ildən sonra Uca Allahın buyurduğu kimi iman edənlərin Bədr döyüşündə Məkkə müşriklərinə qələbə çalaraq sevindikləri gün rumlular da farslara qələbə çalırlar və Quranın inanılması mümkün olmayan qələbə vədinin düz çıxdığını görən bir çox insanlar İslamı qəbul edirlər. (Hadisə hədis kitablarından müxtəsər nəql edilmişdir. Tirmizi; 3193, 3194. Əhməd; 2495)
9 və 10-cu əsrdə yaşamış böyük Quran təfsiri və tarix alimi Məhəmməd ibn Cərir ət-Təbəri (839-923) belə nəql edir:
.عن سليط، قال: سمعت ابن عمر يقرأ (الم غَلَبَتِ الرُّومُ) فقيل له: يا أبا عبد الرحمن، على أيّ شيء غَلَبوا؟ قال: على ريف الشام
“Suleyt deyir ki, İbn Ömərin “Əlif. Ləm. Mim. Rumlular məğlub oldular” ayəsini oxuduğunu eşitdim və ona deyildi: “Ey Əbu Abdurrəhman, (farslar) hansı tərəfdə qələbə çaldılar?” O dedi: “Şamın kəndləri tərəfdə””.
Təbəri həmçinin ayəni təfsir edərək deyir:
( فِي أَدْنَى الأرْضِ ) من أرض الشام إلى أرض فارس ( وَهُمْ مِنْ بَعْدِ غَلَبِهِمْ ) يقول: والروم من بعد غلبة فارس إياهم (سَيَغْلِبُونَ) فارس
“Şam torpağından fars torpağına qədər olan “Yerin ən aşağı hissəsində” onlar məğlub olduqdan sonra”. Yəni rumlular farsların onlara qələbəsindən sonra farsları “məğlub edəcəklər” deyir”.
Təbəri deyir:
أن قيصر بعث رجلا يُدعى قطمة بجيش من الروم، وبعث كسرى شهربراز، فالتقيا بأذرعات وبصرى، وهي أدنى الشام إليكم، فلقيت فارس الروم، فغلبتهم فارس، ففرح بذلك كفار قريش، وكرهه المسلمون، فأنـزل الله (الم غُلِبَتِ الرُّومُ فِي أَدْنَى الأرْضِ …) الآيات، ثم ذكر مثل حديث عكرِمة، وزاد: فلم يزل شهربراز يطؤهم، ويخرب مدائنهم حتى بلغ الخليج، ثم مات كسرى، فبلغهم موته، فانهزم شهربراز وأصحابه، وأوعبت عليهم الروم عند ذلك، فأتبعوهم يقتلونهم
“Sezar Rum ordusuna Qutma adlı kişini, Xosrov isə Şəhrubrazı göndərdi və onların hər ikisi Şamın sizə yaxın hissəsində olan Azruat və Busrada qarşılaşdılar. Farslar rumlularla döyüş etdi və farslar onlara qələbə çaldılar. Buna Qureyş kafirləri sevindilər və müsəlmanlar isə pis oldular. Bu zaman Uca Allah “Əlif. Ləm. Mim. Rumlular ən aşağı yerdə məğlub oldular” ayəsini nazil etdi… Şəhrubraz onları əzməkdə və şəhərlərini dağıtmaqda davam edərək körfəzə qədər gedib çatır. Sonra isə Xosrov öldü və onun ölüm xəbəri onlara çatdıqda Şəhrubraz və ordusu sarsıldı. Bu zaman rumlular onları cənglərinə alaraq hamısını məhv etdilər”.
Rumluların farslara məğlubiyyətinin tarixi isbatı
ABŞ-ın “Heritage History” adlı rəqəmsal kitabxanasının “Roma-Fars müharibələri” (Roman-Persian Wars) başlığı altında deyilir:
“572-ci ilə qədər Bizans və farslar arasında gedən müharibə fasilə verməmişdi. Müharibə imperatorlar Tiberius və Moris dövründə də davam edirdi. Amma 590-cı ildə bir qəsbkar Sasani taxtına sahib çıxdıqdan sonra Morisdən kömək istədi və müharibədə fasilə yalnız onda yaranmış oldu. Moris isə Transqafqaz ərazisinə dair iddialardan əl çəkəcəyini vəd etdiyi təqdirdə, onu dəstəkləməyə razılaşmışdı. O, bu planda uğur qazandı və nəhayət, müharibəni sona çatdırdı. Fars padşahı II Xosrov, Moris öldürülənə qədər Bizansla müharibəni bir daha bərpa etmədi və hətta o zaman Morisin qatillərini Bizansın qanuni hökmdarları hesab etməməsi onun təcavüzə bəhanəsi idi. Bu vaxt isə bizanslılar şimalda barbar istilaları (avarlar və slavyanlar) ilə məşğul idilər və farslar Suriya, Kiçik Asiya və hətta Misir üzərindən keçəndə belə onlara cavab verə bilmədilər. Heraklın (610-641) hakimiyyətinə qədər güclü bir cavab gözlənilmirdi və hətta o zaman 621-ci ildə farslara qarşı kampaniyaya başlamazdan əvvəl orduda islahatlar aparmaq və imperiyanı nizama salmaq ona 10 ilə başa gəldi. Sadəcə mübahisə etmək əvəzinə o, köhnə ərazilərdə birbaşa farsların ürəyi sayılan əraziyə yürüş etdi və Ninevada böyük döyüşdə qalib gəldi. Bundan sonra o, fars paytaxtına doğru yürüşünü davam etdirdi və Ktesifonu mühasirəyə aldı. Bu zaman onun düşməni II Xosrov taxtdan salındı və o, farslarla sülh bağladı”.
Həmin illərdə Şam və Fələstin ərazisində rumluların məğlubiyyəti haqda Yunanıstanın “Byzantium” tarix saytı yazır:
“602-ci ildə Fokas fars kralı Xosrovun havadarı olan Maurisisi öldürüb taxta çıxandan sonra Bizans Sasani farsları ilə müharibə aparırdı. Hətta Heraklın taxta çıxmasından sonrakı ilk illərdə də farslar Dəməşq, Antakya (613), Qüds (615) və İsgəndəriyyə (619) şəhərlərinin fəthi ilə tamamlanan bir çox möhtəşəm uğurlar əldə etdilər və yeni ərazilərə yiyələndilər. 615-ci ilə qədər isə onlar Bosfor boğazının Asiya sahili olan Kalsedona çatdılar.
Herakl çox çətin vəziyyətdə idi. O, danışıqlar aparmağa çalışsa da, düşmənin diplomatik həll yolu ilə güzəştə getmək üçün heç bir səbəbi yox idi. Herakl ya paytaxtı Karfagenə köçürmək, ya da farslara təslim olub onlardan vassal asılılığını qəbul etmək barədə ciddi düşünmüşdü. O, nəhayət, sonuncu dəfə əks-hücum etməyi seçdi. Böyük iqtisadi çətinlik səbəbindən (sərvət istehsal edən ərazilərin itirilməsinə görə) yürüşü maliyyələşdirmək üçün imperiya və kilsə xəzinələri satılmalı və ya əridilməli idi.
5 aprel 622-ci ildə Herakl şəhəri Patriarx Sergius və Bonusa həvalə edərək Konstantinopoldan ayrıldı.
O, Bitiniyaya tərəf üzdü və sonra Anadolunun içərilərinə doğru yürüyüb orada qüvvələrini cəmləməyə başladı. Sonra onlara məşq və manevrlər öyrətdi, pozulmuş mənəviyyatlarını canlandırdı və müqəddəs müharibə xarakteri daşıyan əks-hücuma başladı. Farsları Ermənistanda mühasirəyə almaq üçün şərqə doğru yürüş etdi. Şahbaraz şərqdəki aşırımların qarşısını vaxtında ala bilmişdi. Lakin Herakl onlara qarşı manevr edərək öz qüvvələrini bunu yalnız 2 həftə sonra anlayan farsların arxasına yerləşdirdi”.
Həmçinin həmin saytda deyilir:
“Fars generalı Şahbaraz Ay tutulması vaxtı gecə hücumuna cəhd etdi. Herakl Likus çayı vadisindəki Bitiniyanın (və ya Pontus) şərqindəki Oflimos (və ya Ofelimos) təpəsində mövqe tutdu. Farslar açıq meydanda döyüşməyi sevmirdilər və döyüşə girmirdilər.
Bir qədər gözlədikdən və manevr etdikdən sonra bizanslılar fars dəstələrinin onların hərəkətlərini izlədiklərini anlayıb geri çəkilməyə başladılar. Farslar müdafiə mövqelərini tərk edərək qaçan düşməni təqib etdilər. Onlar elit Optimates tərəfindən hücuma məruz qaldılar və gözlənilməz məğlubiyyətə uğrayaraq geri çəkilməli oldular”.
Oksford Universitetinin akademik tədqiqat platformasına aid saytın nəşr etdiyi İngilis tarixçi və yazıçısı Ceyms Hovard Constonun kitabına istinadən “Farsların irəliləyişi” (Persian breakthrough) adlı başlıq altında deyilir:
“Farsların 610-cu ildə Şimali Suriyanı və 611-ci ildə Kiçik Asiyanı yarıb keçmələri Heraklian inqilabının son mərhələsinin yaratdığı pozulma ilə əlaqələndirilir. İki müqəddəs insanın həyatından farsların irəliləyişlərini öyrənmək olar. Romalıların iki uğursuzluğu — 611-12-ci ildə Kapadokiyada/ Qeysəriyyədə tələyə düşmüş Şahenin basqınçı ordusunun qaçması- 613-cü ildə Heraklın Antakya kənarında Şəhrbaraz tərəfindən məğlub edilməsi ilk Roma döyüşünün sonunu gətirdi. Sonra 614-cü ilin May ayında Yerusəlim in mühasirəsi xristian dünyasını şoka saldı. Şərait və nəticələr (farsların nəzarət komissiya üzvlərinin iğtişaşı, program rəhbərlərinin edamı, sürgünlər, Roma təbliğat kampaniyası) yenidən nəzərdən keçirildi. Farsların Fələstin üzərində birbaşa hakimiyyətlərinin genişləndirilməsi isə iki il sonraya təsadüf etdi”.
Yuxarıdakı ayə, təfsir və tarix kitablarından aydın oldu ki, rumlular farslara Şam ərazisində, Qüdsə yaxın yerdə məğlub olublar. Lakin Uca Allah Quranda həmin hadisənin “Yerin ən aşağı hissəsində” baş verdiyinə işarə edərkən o dövrdə heç bir bəşər övladının ağlına, həqiqətən də, həmin ərazinin ən çökək və ən alçaq yer olduğu mənası gəlməzdi. Çünki bu məsələləri araşdıran elm, texnologiya və alimlər yalnız son əsrlərdə meydana gəliblər. Ona görə də qədim təfsir alimləri ayədə keçən “ədnə əl-ard” (أدنى الأرض) sözünü onun digər mənası olan “ən yaxın” sözü kimi təfsir ediblər. Çünki Ərəb dilində “ədnə” sözü həm ən yaxın, həm də ən aşağı və ən alçaq mənasını verir.
MÜASIR ELMİN KƏŞFI
Elm və texnologiya tədricən inkişaf etdikdən sonra alimlər Ölü dənizinin ətrafının quruda dəniz səviyyəsindən ən aşağı hissə olduğunu kəşf etmişdirlər.
Belə ki, bu haqda NASA öz səhifəsində deyir:
“Qurudakı ən aşağı nöqtə olan Ölü dənizinin çökəkliyi dəniz səviyyəsindən 400 metr (1300 fut) aşağı enir”.
Həmçinin NASA Yer tədqiqatları ilə bağlı digər səhifəsində deyir:
“Ölü dənizi, dəniz səviyyəsindən təxminən 1300 fut (400 metr) aşağıda yerləşən Yer kürəsinin ən aşağı səthidir”.
Avropa Kosmik Agentliyi (ESA) “Ölü dənizi” (The Dead Sea) adlı məqalədə deyir:
“Duz dənizi kimi də adlandırılan Ölü dənizi şərqdə İordaniya və qərbdə isə İsrail ilə həmsərhəd olan duzlu göldür. Onun səthi və sahilləri dəniz səviyyəsindən 427 metr aşağıdadır ki, bu da Yerin qurudakı ən çökək yüksəkliyi sayılır…”
ABŞ-ın məşhur Gelologiya saytında “Dəniz səviyyəsindən aşağı olan yer” (Land Below Sea Level) adlı məqalədə deyilir:
“Ölü dənizi Afrika və Ərəbistan plitələri arasında transformasiya sərhədində dərin bir vadidə yerləşir (xəritədə qara xətt kimi göstərilib). Bura dəniz səviyyəsindən 400 metr ən aşağı hündürlüyə malik quru ərazisidir. Afrika və Ərəb plitələrinin hərəkətlərinin kəsik zonanın qırılma hərəkəti ilə birləşməsi nəticəsində dərin Ölü dənizi çökəkliyi əmələ gəlmişdir. (Şəkil Amerika Birləşmiş Ştatları Geoloji Tədqiqat Xidməti tərəfindəndir)”.
Planetimizin ən çökək yeri nə zaman və kim tərəfindən kəşf edilmişdir?
İsrailin məşhur “Haaretz” saytı ilk dəfə Yerin ən aşağı hissəsini kəşf edənin kim olması haqda deyir:
“Nəhayət, 1841-ci ildə dənizin həqiqi səviyyəsini Yaffadan Yerusəlim vasitəsilə keçərək Ölü dənizinə qədər triqonometrik ölçmə aparan İngiltərənin ən yaxşı mühəndislərindən olan Con F.A. Symonds tərəfindən təxmini dəqiqliklə hesablanmışdır. Amma daha dəqiq ölçmə 1848-ci ildə Vilyam Frensis Linçin rəhbərlik etdiyi İordaniya və Ölü dənizinin tədqiqi üçün Amerika ekspedisiyası tərəfindən aparılmışdır”.
Quran nazil olan dövrdə və Geologiya elminin inkişaf etmədiyi bir zamanda Uca Allahın Yer üzündə ən çökək, alçaq və aşağı hissənin məhz Şam ərazisində olmasını deməsi, həqiqətən də, Uca Allahın varlığına, Qurani-Kərimin və Məhəmməd peyğəmbərin (sallallahu aleyhi va əlihi va səlləm) Onun tərəfindən göndərilməsinə böyük bir sübutdur.
Uca Allah buyurur:
﴿ لِكُلِّ نَبَإٍ مُسْتَقَرٌّ ۚ وَسَوْفَ تَعْلَمُونَ ﴾
“Hər bir xəbərin (gerçəkləşəcəyi) bir vaxtı vardır və siz də (onu) biləcəksiniz”. (“əl-Ənam” surəsi, 67-ci ayə)
Müəllif: Samin Məmmədov
Tərcümə: Nailə Mikayılbəyli
Korrektor: Vəfa Məmmədova
Dizayn: Ramin Baxşıbəyli
Şərh əlavə et