Rəhmli və Mərhəmətli Allahın adı ilə
Qurani-Kərimi oxuduqca onun hidayət və doğru yol ilə dolu ibrətamiz ayələri ilə yanaşı dünyanın elm və alimlərini qabaqlayan heyrətamiz möcüzələri insanı daha da valeh edir. Elmi qabaqlayan bu mövzumuz biz bəşər övladının yaşadığı Yer kürəsinin əskilərək azalması haqdadır.
Uca Allah bu haqda buyurur:
﴿ أَوَلَمۡ یَرَوۡا۟ أَنَّا نَأۡتِی ٱلۡأَرۡضَ نَنقُصُهَا مِنۡ أَطۡرَافِهَاۚ…﴾
“Məgər onlar (iman etməyənlər) Bizim Yer üzünə gəlib onu kənarlarından əskiltdiyimizi görmürlərmi…?” (“ər-Rad” surəsi, 41-ci ayə)
﴿ أَفَلَا یَرَوۡنَ أَنَّا نَأۡتِی ٱلۡأَرۡضَ نَنقُصُهَا مِنۡ أَطۡرَافِهَاۤۚ…﴾
“…Məgər onlar (iman etməyənlər) Bizim Yer üzünə gəlib onu kənarlarından əskiltdiyimizi görmürlərmi?” (əl-Ənbiyə” surəsi, 44-cü ayə)
Qurani-Kərimdə “yer” sözünün bir neçə mənaları var. Həmin mənalardan bəzilərini qeyd edək:
1) Cənnət. Bax; “əz-Zumər” 74,“əl-Ənbiyə” 105
2) Yer kürəsi. Bax; “əl-Bəqərə” 30, “əl-Əraf” 24, “Taha” 53
3) Yerdən bir hissə. Bax; “əl-Maidə” 21, “Yusuf” 9
4) Yerin quru hissəsi. Bax; Yunus 23 və 24, “Həcc” 63, “ər-Rum” 19
5) Torpaq. Bax; “İbrahim” 26, “ən-Nəcm” 32, “Nuh” surəsi, 17
6) Otlaq, tarla. Bax; “əl-Bəqərə”, 71,“əl-Əraf” 73
Yer haqda olan bəzi həqiqətlər
Yer Günəş sistemində beşinci ən böyük planetdir. O, dörd qaz nəhəngindən — Yupiter, Saturn, Uran və Neptundan kiçikdir. Lakin digər üç qayalı planetdən — Merkuri, Mars və Veneradan daha böyükdür.
Yerin diametri təxminən 13.000 km-dir və əsasən dəyirmidir. Yerin öz oxu ətrafında fırlanmasını tamamlamaq üçün 23.934 saat, Günəş ətrafında bir orbiti tamamlamaq üçün isə 365.26 gün lazımdır.
Planetimiz bir çox səbəblərə görə unikaldır və oradakı su və oksigen iki müəyyənedici xüsusiyyətdir. Su Yer səthinin təxminən 71%-ni əhatə edir. Suyun böyük hissəsi planetimizin okeanlarında yerləşir. Yer atmosferinin təxminən beşdə biri bitkilər tərəfindən istehsal olunan oksigendən ibarətdir. İndiyə qədər bildiyimizə görə, Yer həyat olan yeganə planetdir və Günəş Sistemində səthində maye su olan yeganə planetdir.
Yerin nüvəsinin eni təqribən 4400 mil (7100 km), Yerin diametrinin yarısından bir qədər böyük və Marsla eyni ölçüdədir. Nüvənin ən kənarındakı 1400 mil (2250 km) maye, daxili nüvə isə bərkdir. Nüvənin üstündə qalınlığı təxminən 1800 mil (2900 km) olan Yer mantiyası yerləşir. Mantiya tamamilə sərt deyil, lakin yavaş axa biləndir. Yer qabığı bir ağac parçasının su üzərində üzdüyü kimi mantiya üzərində üzür. Kontinental qabığın qalınlığı orta hesabla 25 mil (40 km) təşkil edir. Okean qabığının qalınlığı adətən cəmi 5 mil (8 km) olur. Kontinental qabığın dibində temperatur təqribən 1000 dərəcəyə çatır. Geoloqlar hesab edirlər ki, Yerin xarici nüvəsinin temperaturu təxminən 3700 ilə 4300 dərəcə C arasındadır. Daxili nüvə isə 7000 dərəcə C — günəşin səthindən daha isti ola bilər.
Yerin atmosferi təxminən 78% azot və 21% oksigendən ibarətdir və az miqdarda su, arqon, karbon qazı və digər qazlar var. Günəş sistemindəki heç bir başqa planetdə sərbəst oksigenlə yüklənmiş atmosfer yoxdur ki, bu da Yerin digər unikal xüsusiyyətlərindən biri kimi həyati əhəmiyyət kəsb edir.
Müasir elmin kəşfi
Yer genişlənmir
Elm inkişaf etmədən öncə alimlər Yer kürəsinin böyüyərək daha da genişləndiyi fikrində idilər. Lakin son araşdırmalardan sonra müasir alimlər əvvəlki fikrlərindən dönərək Günəşin, Ayın və eləcə də mövzumuz olan Yerin əskilərək tükəndiyini bəyan ediblər.
Bu haqda NASA 2011-ci ildə öz saytında deyir:
“Yer planetimiz bəzi alimlərin əvvəllər fərz etdiyi kimi genişlənmir”.
Yer kiçilir
ABŞ-ın məşhur “The New York Times” qəzeti “Zaman keçdikcə Yer böyüyürmü?” (Is Earth Getting Bigger Over Time?) başlığı altında deyir:
“Yer böyümür. Əslində kiçilir!”
Torpağın azalması
Son zamanlar edilən kəşflərə görə, Yer kürəsinin bəzi torpaq hissələrinin əskilərək azaldığı sübut olunmuşdur. Belə ki, Amerika Geoloji Cəmiyyəti öz saytında 2017-ci ildə dərc etdiyi “Zelandiya: Yerin Gizli Qitəsi” (Zealandia: Earth’s Hidden Continent) adlı məqalədə deyir:
“Zelandiya əvvəllər Qondvananın bir hissəsi idi. Bu gün isə 94%-i su altındadır”.
Yeni Zelandiyada ən böyük adanın kəşf edilməsindən 10 il öncə gördüyüm yuxu
Uca Allah mələk vasitəsilə insanlara müəyyən yuxularla gələcək və qeybi məsələlər haqda xəbərdarlıqlar edir. Məhəmməd peyğəmbər (sallallahu aleyhi va səlləm) buyurmuşdur:
“Qiyamət yaxınlaşan zaman demək olar ki, möminin yuxusu səhv çıxmaz və möminin yuxusu peyğəmbərliyin qırx altı hissəsindən bir hissədir..”. (Buxari; 7017, Müslim; 2263)
Həmçinin demişdir:
“Çin yuxu Allahdan, pis yuxu isə şeytandandır”. (Buxari; 3292, 6984, Müslim; 2261)
Məlumdur ki, dünyanın ən böyük adası Qrelandiyadır. 2007-ci ildə yuxumda gördüm ki, Yeni Zelandiyanın yanında Qrelandiyadan da böyük olan yeni ada kəşf edirəm…. Adətən insanın gördüyü bir çox yuxuları unudulsa da, bu maraqlı yuxu həmişə hafizəmdə idi.
2019-cu il, Sentyabrın 15-i yeni elmi kəşflər haqda mövzular axtararkən təsadüfən Youtube kanalında Ərəb dilində yazılan “Yeni qitənin kəşfi 2017” adlı ünvana rast gəldim. Məlumatı dinləyə-dinləyə gördüyüm yuxumu ürək döyüntülərimlə xatırlamağa başladım və dinləyərək öz-özümə dedim ki, bu xəbərdə həmin yerin Yeni Zelandiyanın yanında tapıldığı deyilsə, yuxumla tam üst-üstə düşəcək və mən şokda olacağam. Bir dəqiqə keçmədi ki, həqiqətən də, həmin bu yeni kəşf edilən adanın Yeni Zelandiyanın yanında olduğu deyildi və mən sözün əsl mənasında donub qaldım.
Dəqiqələr sonra özümə gəlib təcili olaraq yeni tapılan bu adanın ərazisini digər saytlardan araşdırıb, həqiqətən də, onun (4.9 milyon km²) Qrelandiyadan (2.166.086 km²) daha böyük olduğunu görəndə heyrətim daha da artdı və bir daha Uca Allaha şükürlər etdim…
Yer qabığının azalması
İngiltərənin məşhur “New Scientist” elmi jurnalı 2015-ci ildə öz saytında “Yer qabığının incəlməsi bizim su altında yaşamağımıza səbəb ola bilər” (Earth’s shrinking crust could leave us living on a water world) başlığı altında dərc etdiyi məqalədə deyir:
“Yeni hesablamalara əsasən, üzərində yaşadığımız qurunu təşkil edən Yer qabığı incəlməyə başlayıb”.
Həmçinin 2019-cu ildə “National Geographic” “Yer öz qabığının çox böyük bir hissəsini itirir” (Earth is missing a huge part of its crust) başlığı altında dərc etdiyi yazıda deyir:
“Bütün bu dəlillər Yerin səthinin çox güclü eroziyaya məruz qaldığını göstərir”.
Yerdə suyun azalması
Bu haqda Şimali Avropanın “Science Nordic” adlı məşhur elm saytı 2012-ci ildə dərc etdiyi “Yer kürəsi suyunun dörddə birini itirib” (The Earth has lost a quarter of its water) başlığı altında deyir:
“Yer kürəsinin erkən tarixində okeanların sahib olduğu su bu günlə müqayisədə əhəmiyyətli dərəcədə daha çox idi. Yeni bir araşdırma parçalanmış su molekullarından ayrılan hidrogenin kosmosa yayıldığını göstərir”.
Yerin kütləsinin azalması
2012-ci ildə ABŞ-ın məşhur “Sci Tech Daily” adlı elmi araşdırmalar saytının dərc etdiyi “Yer kürəsi hər il 50.000 ton kütlə itirir” (Earth Loses 50,000 Metric Tons of Mass Every Year) məqaləsində deyir:
“Bəzi hesablamalara görə, Yer kürəsi hər il 50.000 ton kütlə itirir.”
Yerin atmosferinin azalması
ABŞ-ın “Live Sciense” adlı elm saytı 2022-ci ildə dərc etdiyi “Yer kürəsi genişlənir, yoxsa kiçilir?” (Is Earth expanding or shrinking?) yazısında deyir:
“NASA-nın Virciniyadakı Langley Araşdırma Mərkəzində atmosfer qaçışı üzərində çalışan baş tədqiqatçı Qiyom Qronofa görə, Yer kürəsindən kosmosa yayılan qazlar səbəbindən planetimiz, ya da daha dəqiq desək, atmosfer kiçilir”.
Həmçinin həmin saytda deyilir:
“Qiyom Qronof son yüz ildə atmosfer qaçışı ilə bağlı əldə edilən təxminlərdən istifadə edərək hər il atmosferin 60,000 ton kütlə itirdiyini hesablayıb”.
Qronof həmçinin həmin saytda Yerin uzun illər sonra öz atmosferini itirəcəyinə görə Yerdə yaşamağın mümkünsüz olacağını söyləmişdir. Lakin bu hadisənin baş verəcəyindən öncə Günəşin son mərhələsinə çataraq Yeri də özü ilə məhv edəcəyini qeyd etmişdir.
ABŞ-ın “The Science Times” adlı digər elm saytı 2022-ci ildə “Yer kiçilir!” (Earth is Shrinking!) başlığı altında deyir:
“Yer kiçilir! Alimlər bunun planetin kütləsinə təsir edən atmosferin səbəb olduğunu açıqladılar”.
Yerin oksigeninin azalması
BBC-nin nəzdində olan “Science Focus” adlı elm saytı “Atmosferdəki oksigen azalırmı və bu ciddi məsələdirmi?” (Is atmospheric oxygen declining, and does it matter?) başlıqlı məqaləsində deyir:
“Nəfəs aldığımız havanın beşdə birini oksigen təşkil edir. Bu ən əhəmiyyətli komponentdir və azaldığı müşahidə olunur. Bunun əsas səbəbi isə sərbəst oksigeni tükədən fosil yanacaqlarının yandırılmasıdır. Sevindirici haldır ki, atmosferdə çox miqdarda oksigen mövcuddur və buna görə də yaxın zamanda oksigenin tükənmə təhlükəsi yoxdur”.
ABŞ-ın Arizona Universiteti öz saytında “Yerin atmosferi oksigen itirirmi?” (Is Earth’s Atmosphere Losing Oxygen?) adlı məqalədə deyir:
“Amma yaxşı xəbər budur ki, atmosferdə onsuz da çoxlu oksigen mövcuddur. Hal-hazırda var olan 20%-lik oksigenlə müqayisədə, hər il oksigenin miqdarında baş verən dəyişiklik 0.001%-dən azdır. Bir fərqin nəzərə çarpması üçün 1000 ildən daha çox vaxt lazım olar”.
Hörmətli oxucu, yuxarıda qeyd etdiyimiz və qeyd etmədiyimiz müasir elmi kəşflərə görə, həqiqətən də, Yer ətrafında və kənarında olan atmosfer qatı, Yerdə olan oksigen, Yer qabığı, torpaq, sular, buzlar, maqnit sahələri, cazibə qüvvəsi və s. ümumilikdə isə yaşadığımız Yer kürəsi əskilib azalmaqdadır.
Əlbəttə ki, müasir elmə alimlərin də söylədiyi kimi hələ də çətin və ağır olan bu araşdırmadan 1450 il öncə Qurani-Kərimin Yerin əskilib azalmasını deməsi, həqiqətən də Uca Allahın varlığına, Qurani-Kərimin və Məhəmməd peyğəmbərin (sallallahu aleyhi va əlihi va səlləm) haqq olduğuna ağıl sahibləri üçün böyük bir sübutdur…
Uca Allah buyurur:
﴿ وَقُلِ ٱلۡحَمۡدُ لِلَّهِ سَیُرِیكُمۡ ءَایَـٰتِهِۦ فَتَعۡرِفُونَهَاۚ وَمَا رَبُّكَ بِغَـٰفِلٍ عَمَّا تَعۡمَلُونَ ﴾
“Və de: “Həmd olsun Allaha! O Öz möcüzələrini sizə göstərəcək, siz də onları görüb tanıyacaqsınız. Rəbbin etdiyiniz əməllərdən əsla xəbərsiz deyildir!” (“ən-Nəml” surəsi, 93-cü ayə)
Müəllif: Samin Məmmədov
Tərcümə: Fatimə Nabatlı
Korrektor: Vəfa Məmmədova
Dizayn: Ramin Baxşıbəyli
Şərh əlavə et