Rəhmli və Mərhəmətli Allahın adı ilə
Uca Allahın bizə bəxş etdiyi bu gözəl Yer kürəsinin heyrətamiz sirləri bitmək bilmir. Həmin sirlərdən biri də məlum və naməlum hikmətlərə görə Yer kürəsinin hər bir tərəfdən dərin çatlarla əhatəyə alınmasıdır. Yalnız 20-ci əsrdə kəşf edilən bu çat haqda Uca Allah 1450 il öncə Qurani-Kərimdə buyurur:
﴿ وَٱلۡأَرۡضِ ذَاتِ ٱلصَّدۡعِ ﴾
“And olsun çat olan yerə!” (“ət-Tariq” surəsi, 12-ci ayə)
Məşhur təfsir alimi Seyyid Mahmud Əlusi (1803-1854) ayəyə şərh verərək deyir:
﴿ الصَّدْعِ ﴾ ما في الأرْضِ مِن شِقاقٍ…
“Çat”. Yəni Yerdə olan yarıqlar…” (Əlusi, “Ruh əl-məani”, “ət-Tariq” surəsinin təfsiri)
Tektonik plitələr və ya Yer kürəsini əhatə edən çatlar nədir
Belə ki,ABŞ-ın “Sciencing” adlı elmi saytı “Tektonik Plitələrin Tərifi” (Definition Of Tectonic Plates) adlı məqalədə deyir:
“Tektonik plitələrin sərhədləri bəzən çat xətləri adlanır…”
Tektonik plitələr Yer Kürəsinin litosferində (Yer qabığı və mantiyanın üst təbəqəsi) baş verən geniş miqyaslı yerdəyişmələri izah edən elmi nəzəriyyədir. Müasir alimlərin kəşfinə görə, yerin litosferi tektonik plitələr adlanan çoxlu sayda qırıq və çatlı hissələrdən təşkil olunub.
Dünyanın əksər aktiv vulkanları məhz bu çatların sərhədlərinə təsadüf edir. «Sakit Okean Odlu Həlqəsi» bu baxımdan xüsusilə məşhurdur. Bəzi vulkanlar plitələrin daxilində püskürə bilir və bunlar plitələrin daxili deformasiyasına və mantiya axınlarına aid edilir. Tektonik plitələr davamlı olaraq ildə bir-neçə santımetr sürətlə hərəkət edir.
Yer üzündə olan “çat” və ya “tektonik plitələr” in faydası
Alimlərin kəşflərinə görə tektonik plitələr Yer və onun sakinləri üçün bir sıra əhəmiyyətli faydaları olan fundamental geoloji prosesdir. Həmin faydalardan bəzilərini qeyd edək.
-Həyatın yaranmasında əsas amillərdən biridir
-Tektonik plitələr qlobal termostat rolunu oynayır və Yerin temperaturunu tənzimləyir.
-İstiliyin mantiyadan Yer qabığına keçməsinə imkan verir və qida maddələrinin hərəkətində mühüm rol oynayır.
-Tektonik piltələr olmasa Yer nüvə silahı kimi partlayar.
-Atmosferə karbon dioksidi yayaraq daha çox istiliyi saxlamağa kömək edən vulkanlar yaratmaqla Yerin xilaskar rolunu oynayır.
-Relyefin formalaşmasına töhfə verir. Tektonik plitələr müxtəlif geoloji xüsusiyyətlərin, o cümlədən dağların, dərələrin və okean hövzələrinin yaranmasında rola malikdir. Relyef formasındakı bu müxtəliflik planetin gözəlliyinə töhfə verir və yerli iqlimə təsir göstərir.
-Tektonik plitələrin hərəkəti kənd təsərrüfatı və sənaye üçün vacib olan mineralların və torpaq növlərinin əmələ gəlməsinə səbəb olur. Məsələn, vulkanik fəaliyyət torpağı qida maddələri ilə zənginləşdirərək onu əkinçilik üçün ideal hala gətirir.
-Tektonik fəaliyyət yanacaqların, mineralların və geotermal enerji mənbələrinin əmələ gəlməsi ilə bağlıdır. Bu resurslar insanın enerji ehtiyacları və iqtisadi inkişafı üçün həyati əhəmiyyət kəsb edir.
Xülasə, plitə tektonikası Yer səthinin formalaşmasında, ekosistemlərin dəstəklənməsində, həyat və insan sivilizasiyası üçün vacib olan resursların təmin edilməsində mühüm rol oynayır.
![](https://quranmocuzeleri.az/wp-content/uploads/2025/01/z7DAeSicvTpKcStVRVhnNZ-1200-80.jpeg.webp)
MÜASİR ELMİN KƏŞFİ
Tektonik plitə nəzəriyyəsini ilk kəşf edən kəs kimdir?
Yer üzünü çatların əhatə etməsini ilk dəfə Alman meteoroloqu Alfred Vegener 1912-ci ildə kəşf etmiş və bu kəşfin elmi sübutlarını isə kanadalı geoloq və geofizik John Tuzo Vilson 1965-ci ildə isbat etmişdir.
Belə ki, dünyanın ən zəngin ensklopediyasına malik olan “Britannica” saytı deyir:
“Litosfer plitələrinin tektonikası fikrini ilk dəfə kim irəli sürdü?
Alman meteoroloqu Alfred Vegener adətən, kontinental drift şəklində litosfer plitələrinin tektonikası nəzəriyyəsini ilk inkişaf etdirən şəxs kimi tanınır. Vegener bir çox geoloji və paleontoloji məlumatları bir araya gətirərək, geoloji dövrlərin çoxunda yalnız bir qitənin mövcud olduğunu irəli sürdü. O, bu qitəni Pangea adlandırdı və bu qitənin parçalanmasının Yer kürəsinin hazırkı qitə konfiqurasiyasını meydana gətirdiyini iddia etdi. Vegenerə görə, Pangeanın parçalanmasından sonra böyük qitə ölçüsündə hissələr bir-birindən uzaqlaşmağa başladı. (Alimlər sonralar müəyyən etdilər ki, Pangea Yura dövrünün əvvəlində parçalanıb.) Vegener kontinental drift ideyasını və bununla bağlı bəzi sübutları 1912-ci ildə bir mühazirədə təqdim etdi. Daha sonra isə ərsəyə gətirdiyi önəmli işi olan (The Origin of Continents and Oceans) “Qitələrin və Okeanların Mənşəyi” (1915) əsərini nəşr etdirdi”.
Vegenerin qitələrin sürüşməsi nəzəriyyəsi bir çox elm adamları tərəfindən şübhə ilə qarşılanır. O, nəzəriyyəsini dəstəkləyən çoxlu dəlillərə malik olsa da, plitələrin necə hərəkət etdiyini izah edə bilməmişdi. Bu problem təxminən yarım əsr sonra həll olunmağa başlayır. Belə ki, kanadalı geoloq John Tuzo Vilson (1908-1993) nəzəriyyəni daha da təkmilləşdirir.
İngiltərənin sözügedən saytı deyir:
“1960-cı illərin əvvəllərində Vilson qitələrin sabit və hərəkətsiz olduğunu iddia edən geniş yayılmış fikirlərə baxmayaraq, kontinental drift (qitələrin sürüşməsi) nəzəriyyəsinin ən əsas müdafiəçisi idi. Onun «Yeni Növ Qırılma Xətləri və Onların Kontinental Driftə Təsiri» (1965) başlıqlı məqaləsi transform qırılma xətti anlayışını təqdim etdi. Əvvəlki kontinental drift nəzəriyyələri plitələrin ya bir-birinə yaxınlaşdığı (konvergent plitələr), ya da bir-birindən uzaqlaşdığı (divergent plitələr) fikrini irəli sürürdü.
![](https://quranmocuzeleri.az/wp-content/uploads/2025/01/2-foto-port.jpg)
ABŞ-ın “Scientific American” saytı Yer kürəsində olan çatları “çatlamış yumurta qabığı” na bənzədərək deyir:
“Planetimiz davamlı dəyişiklik içindədir. Yer qabığını çatlamış bir yumurta qabığına bənzəyəcək şəkildə bölən böyük qaya parçaları olan tektonik plitələr aralıqlarla hərəkət edib planetimizi davamlı olaraq yenidən formalaşdırır və Yer üzündəki həyatı bəsləyir”.
![](https://quranmocuzeleri.az/wp-content/uploads/2025/01/Glabal-plate.jpg)
Şəkildə Yeri əhatə edən bir-birinə bitişik və qırılmaz olan çatı görürsünüz
Yer üzündə olan çatların növləri
ABŞ-ın geoloji saytı “Qırılma nöqtəsi (çat) nədir və hansı növləri var?” (What is a fault and what are the different types?) başlığı altında deyir:
“Qırılma (çat) iki qaya bloku arasındakı qırılma və ya sınma zonasıdır. Həmin sınıqlar (çatlar) blokların bir-birinə nisbətən hərəkət etməsinə imkan verir…”
Britaniya Geoloji Tədqiqat Xidmətinin elmi saytı “Plitə sərhədlərinin növləri” (Types of plate boundary) başlığı altında deyir:
“Plitə sərhədlərinin üç növü vardır:
Divergent sərhəd: bir-birindən ayrı hərəkət edən plitələr
Konvergent sərhəd: bir araya gələn plitələr
Transform (çevrilən) sərhəd: bir-birinin yanından keçən plitələr
Tektonik plitələr arasındakı sərhədlər qırılmalar sistemindən ibarətdir. Hər bir sərhəd növü — normal, tərs və sürüşmə adlanan 3 əsas qırılma növündən biri ilə əlaqələndirilir.
Divergent və ya konstruktiv sərhəd — səthdə yeni materialın əmələ gəldiyi yer. Orta Atlantik silsiləsi konstruktiv sərhəd üçün yaxşı nümunədir. Orta Atlantik silsiləsinin İslandiyadan keçdiyi səthdə normal qırılmaları görə bilərsiniz.
Konvergent və ya dağıdıcı sərhəd — kontinental plitənin altında okean plitəsinin subduksiyasını (Yer qabığı Litosfer tavalarının basılaraq bir-birinin altına girməsi və mantiya süxurlarına daxil olması prosesi) göstərir. Subduksiya iki plitənin bir-birinə qarşı hərəkət etməsi nəticəsində yaranır.
Transformasiya sərhədi — eyni müstəvidə iki plitənin bir-birinin yanından keçdiyi yer. Sürüşmə xətləri transformasiya sərhədlərində meydana gəlir. Məsələn, sürüşmə xətləri sistemi San Andreas qırılmasının transformasiya sərhədini təşkil edir”.
Yer üzündə olan çatların sayı və uzunluğu
ABŞ-ın “Live Science” elmi saytı Yer kürəsində neçə tektonik plitə var?” (How many tectonic plates does Earth have?) başlığı altında olan məqalədə deyir:
“Bir çox geoloqlar razılaşırlar ki, Yer səthinin böyük bir hissəsini əhatə edən 12-14 əsas plitə vardır — deyə London İmperial Kollecinin geofiziki Saskiya Goes bildirmişdir. Onlardan hər birinin ən azı 7.7 milyon kvadrat mil (20 milyon kvadrat kilometr) ərazisi var. Ən böyüyü Şimali Amerika, Afrika, Avrasiya, Hind-Avstraliya, Cənubi Amerika, Antarktida və Sakit okean plitələridir. Bunlardan ən monumentalı sahəsi 39.9 milyon kvadrat mil (103.3 milyon kvadrat km) olan və geniş sahəni əhatə edən Sakit okean plitəsidir və onu 29.3 milyon kvadrat mil (75.9 milyon kvadrat km) əhatə edən Şimali Amerika Plitəsi yaxından izləyir.
Goes həmçinin bildirmişdir ki, bu 7 ən böyük plitələrə əlavə olaraq, digər beş daha kiçik plitələr də mövcuddur: Filippin dənizi, Kokos, Nazka, Ərəbistan və Juan de Fuka. Goes deyir ki, bəzi geoloqlar Anadolu plitəsini (böyük Avrasiya plitəsinin bir hissəsi) və Şərqi Afrika plitəsi (Afrika plitəsinin bir hissəsi) ayrı varlıqlar hesab olunurlar. Çünki onlar bu əsas plitələrdən ciddi şəkildə fərqlənən fərqli sürətlə hərəkət edirlər. Bu, əsas plitənin niyə 12 ilə 14 arasında təxmin olmasının səbəbini izah edir”.
Müasir elmin kəşf etməsindən 1450 il öncə, heç bir elm və texnologiyanın inkişaf etmədiyi bir dövrdə Qurani-Kərimin Yer üzündəki çat və ya tektonik plitələr haqda məlumat verməsi, həqiqətən də, Uca Allahın varlığına, Qurani-Kərimin və Məhəmməd peyğəmbərin (sallallahu aleyhi va əlihi va səlləm) haqq peyğəmbər olduğuna ağıl sahibləri üçün böyük bir sübutdur…
Uca Allah buyurur:
﴿ وَفِی ٱلۡأَرۡضِ ءَایَـٰتࣱ لِّلۡمُوقِنِینَ. وَفِیۤ أَنفُسِكُمۡۚ أَفَلَا تُبۡصِرُونَ ﴾
“Yer üzündə yəqinliklə iman edənlər üçün (Allahın varlığını sübut edən) dəlillər vardır. Sizin özünüzdə də! Məgər görmürsünüz?” (“əz-Zəriyət” surəsi, 20,21-ci ayələr)
Müəllif: Samin Məmmədov
Tərcümə: Nailə Mikayılbəyli, Fatimə Nabatlı
Korrektor: Vəfa Məmmədova
Dizayn: Ramin Baxşıbəyli
Şərh əlavə et