“Yerin atmosferi planeti bir çox yollarla qoruyur...”

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Elm inkişaf etdikcə Uca Allahın Qurani-Kərimdə nazil etdiyi bizə naməlum olan bəzi ayələrin mənaları anlaşılmağa başlayır. Həmin ayələrdən biri də son əsrlərə qədər elmə məlum olmayan yaşadığımız Yerin qorunan tavanının olmasıdır.

Uca Allah buyurur:

﴿ وَجَعَلۡنَا ٱلسَّمَاۤءَ سَقۡفࣰا مَّحۡفُوظࣰاۖ وَهُمۡ عَنۡ ءَایَـٰتِهَا مُعۡرِضُونَ

“Biz (Yer üzərindəki) göyü qorunmuş bir tavan etdik. Onlar isə onun (göyün) möcüzələrindən üz döndərirlər”.(“əl-Ənbiyə” surəsi, 32-ci ayə)

Uca Rəbbimizin nazil etdiyi ayədən aydın olur ki, tavana bənzətdiyi üzərimizdə olan möhtəşəm səma evimizdəki tavan kimi bizi istidən, soyuqdan, üstümüzə düşə biləcək müxtəlif cisimlərdən və s. qoruyur.

20-ci əsrdə məlum olmuşdur ki, Yerin qoruyucusu olan həmin bu tavan alimlərin kəşf etdiyi atmosfer qatıdır.

Atmosfer nədir?

“Atmosfer” sözü yunanca “ἀτμός” (atmos) — “buxar” və “σφαῖρα” (sfera) — “kürə” sözlərindən əmələ gəlmişdir. Atmosfer, yerin cazibə qüvvəsi ilə saxlanılan çox vaxtı hava adlanan qaz təbəqəsidir.

Atmosferin faydası

1450 il öncə nazil olan bu mübarək ayənin mənasını alimlər son əsrdə artıq kəşf etməyə başladıqdan sonra məlum olmuşdur ki, həqiqətən də, üzərimizdə hər gün bizi minlərlə meteorlardan və göy cisimlərindən Uca Allahın əmri ilə hifz edən mükəmməl bir tavan vardır.

Hansı ki bu tavan hər gün minlərlə Yerə gəlmək istəyən meteorları alışdırıb yandıraraq əridir, bizi Günəşin öldürücü şüalarından, fırtınalarından, yandırıcı istisindən mühafizə edir və səmanın -270 dərəcəlik dondurucu soyuğunun qarşısını alır.

Həmçinin atmosferdəki müntəzəm mənfi 60 (-60) dərəcə selsinin altına düşən temperatur havadakı bütün su buxarının kondensasiyasını və onun yerə qayıtmasını təmin edir. Atmosferin dizaynındakı bu gözəl yaradılış olmasaydı, su buxarı sıxlığı baxımından havadan daha yüngül olduğu üçün digər planetlərdə olduğu kimi su çoxdan Yerdən yox olardı və bu səbəbdən də yuxarıya qalxaraq kosmosa sızardı.

Məlumdur ki, Ayın atmosfer qatı olmadığı üçün Günəşə baxan tərəfində +100 dərəcədən çox isti, Günəşə baxmayan tərəfində isə -100 dərəcədən çox soyuq olur. Əgər Yerin də atmosfer qatı olmasaydı, Yer üzərində də Aydakı kimi həyat mümkünsüz olardı.

Atmosfer Yer planetini əhatə edir, Günəşdən gələn ultrabənövşəyi radiasiyanı udur, gecə ilə gündüz arasında baş verə biləcək kəskin isti və soyuq temperaturu tənzimləyir və Yeri meteoritlərdən qoruyur.

ABŞ-ın Nasa agentliyi “Atmosfer: Yerin təhlükəsizlik yorğanı” (The Atmosphere: Earth’s Security Blanket) adlı məqalədə atmosferin Yerə olan faydaları haqda belə deyir:

“Həqiqətən də, Yerin atmosferi bizim təbii qəbul edə biləcəyimiz bir şey deyil. Onsuz bildiyimiz həyat mövcud olmazdı. O, təkcə yaşamaq üçün lazım olan oksigeni ehtiva etmir, həm də bizi zərərli ultrabənövşəyi günəş radiasiyasından qoruyur. O, planetimizin səthində onsuz axan suyun ola bilməyəcəyi təzyiq yaradır. Planetimizi qızdırır və yaşadığımız Yer kürəsi üçün əlverişli temperatur şəraitini saxlayır”.

Ətraflı məlumat üçün bax

ABŞ-ın məşhur “Earth Sky” saytı atmosferin mühim faydası haqda deyir:

“Ümumən Yerin atmosferi burada qalmaqdadır. Bu da yaxşı haldır. Çünki atmosferimiz Yerdəki həyatı bir çox cəhətdən qoruyur. O, günəşdən gələn zərərli ultrabənövşəyi radiasiyanı udur, istixana effekti vasitəsilə Yer səthini isti saxlamağa kömək edir və gecə ilə gündüz arasında həddindən artıq olan temperatur fərqini azaldır. Atmosfer! O, Yer kürəsini yaşanıla bilən halda saxlayır”.

Ətraflı məlumat üçün bax

Atmosferin tərkibi

Yerin atmosferi əsasən azotdan (78%), oksigendən (21%) və az miqdarda arqon, su buxarı, karbon qazı, metan, ozon və s. kimi qazlardan ibarətdir.

Atmosferə verilən vəsflər

Müasir alimlər Yerin tavan rolunu oynayan atmosfer qatını şüşə divar (glass wall) təhlükəsizlik yorğanı (security blanket), qoruyucu yorğan (protective blanket), soyuğa qarşı yorğan (A blanket against the cold), təbii qalxan (natural shield), qoruyucu qalxan (protective shield), keçilməz maneə-baryer (impenetrable barrier), təbii maneə (natural barrier), alma qabığı (apple’s skin), planetimizi əhatə edən dəri (skin surrounding our planet) və s. kimi müxtəlif cisimlərə bənzətmişdirlər. Hansı ki bütün bu vəsflər Uca Allahın mübarək ayədə buyurduğu kimi tavana aid olan vəsflərdir.

Atmosferin məsafəsi

Yerdən 8-15 km hündürlükdə yerləşən atmosfer qatının qalınlığı mübahisəli olsa da, bəzi fikirlərə görə, 10 000 km civarındadır.

Atmosfer və kosmos arasında dəqiq sərhəd xətti olmasa da, qəbul edilən məsafə Yer səthindən təxminən 100 kilometr (62 mil) hündürlükdədir.

MÜASİR ELM VƏ QURANIN DEDİYİ “QORUNAN TAVAN”- ATMOSFER QATININ KƏŞFİ

Atmosferi ilk dəfə kim və nə vaxt kəşf etmişdir?

1902-ci ildə fransalı meteoroloq Leon Philippe Teisserenc de Bort (m.1855-1913) ilk dəfə atmosferin bir qatını kəşf edərək ona stratosfer adını vermişdir. Elə həmin ildə aeronavtikanın yaradıcılarından biri hesab olunan almaniyalı həkim və meteoroloq Richard Assmann (m.1845-1918) da həmin qatı kəşf etmişdir.

Atmosferi ilk dəfə kəşf edən Leon Philippe Teisserenc de Bort və Richard Assmann

Alimlərin kəşflərinə görə, atmosferin 7 qatı vardır: Ekzosfer, İonosfer, Termosfer, Mezosfer, Ozon qatı, Stratosfer, Troposfer. Bu qatlardan 5-i əsas, digəri isə 2-ci dərəcəli qatlardır. Bu qatların hər birinin özünəməxsus füsnkar xüsusiyyətləri vardır.

Atmosfer qatının təbəqələri

Nasanın nəzdində olan “Hubble Site” saytı atmosferi “Earth’s security blanket” (Yerin təhlükəsizlik örtüyü) adlandıraraq deyir:

“Ozon planetimizin atmosferinin əsas tərkib hissəsidir. Oksigen kimyəvi reaksiyaları tətikləyən ultrabənövşəyi işığın güclü konsentrasiyasına məruz qaldıqda təbii şəkildə əmələ gəlir. Ozon, həyatı ölümcül ultrabənövşəyi şüalardan qoruyan Yerin təhlükəsizlik örtüyüdür”.

Ətraflı məlumat üçün bax

ABŞ-ın “Earth” saytı “Why meteoroids burn up before they reach Earth” — Niyə meteoroidlər Yerə çatmazdan əvvəl yanır başlığı altında deyir:

“2013-cü ildə eni 65 fut (fut-ölçü vahidi, 1 fut təxminən 0.3048 sm, 304.8 mm) olan meteoroid Yer atmosferinə daxil oldu və Rusiyanın Çelyabinsk şəhəri üzərində uçdu. Mindən çox insanı yaralayan, şüşələri sındıran və fabrikin damını uçuran Çelyabinsk üzərində şok dalğası ilə partlayan bu meteoroidin çəkisi 10.000 ton idi. Həmçinin dəri və retinal yanıqlara da (gözün torlu qişasına və hətta kor olmaya gətirib çıxaran yanıqlar) səbəb olmuşdu. Səma boyunca zolaqlı bir atəş topu kimi lentə düşən partlayış Günəşdən 30 dəfə daha parlaq idi. Çelyabinsk hadisəsi hələ də araşdırılır və son tədqiqatlar atmosferimizin meteoroid təsirlərindən necə qorunduğunu göstərmək üçün böyük meteor partlayışından istifadə edə bildiyini göstərir. Purdue Universitetinin tədqiqatçıları Yer atmosferinin “təbii qalxan” kimi işlədiyini və Yerin cazibə qüvvəsinə daxil olan meteoroidə qarşı itələnən havanın onun çatlamasına və partlamasına səbəb olduğunu kəşf etdilər.Tədqiqat “Meteorika və Planet Elmləri” jurnalında dərc olunub. Məlumdur ki, meteoroidlər tez-tez Yerin səthinə çatmazdan əvvəl partlayır. Lakin tədqiqatçılar bunun niyə baş verdiyini indiyə qədər dəqiq bilməyiblər. Purduedən olan tədqiqatçılar meteorların atmosferdə necə partladığını modelləşdirməyə kömək etmək üçün Çelyabinsk hadisəsindən məlumat toplamağa çalışıblar.Rusiyaya düşən meteorun çəkisi 10.000 ton olsa da, lakin cəmi 2.000 ton dağıntı tapılmışdı. Yəni atmosferdə hansısa bir şeyin meteoroidin daha kiçik hissələrə parçalanmasına səbəb olduğu ortaya çıxmışdı. Bu araşdırma sübut edir ki, Yer atmosferi dağıntılara və məsaməli meteorlara qarşı təbii maneə rolunu oynayır…”

Ətraflı məlumat üçün bax

“Space” saytı qoruması üçün Yer kürəsini əhatəyə alan iki zolağın 1958-ci ildə kəşf edilməsi haqda deyir:

“1958-ci ildə Van Allen qurşaqları kimi tanınan və Yer kürəsini əhatə edən iki nəhəng radiasiya zolağı kəşf edilmişdi. 2012-ci ildə Van Allen Zondlarının müşahidələri göstərdi ki, bəzən 3-cü qurşağın da görünə bilməsi mümkündür. Buradakı sarı rəng radiasiyanı, yaşıl rəng isə kəmərlər arasındakı boşluqları bildirir”. (Nasa)

Ətraflı məlumat üçün bax

Planetimizə hücum edən zərərli şüalara qarşı qalxan rolunu oynayan təbəqəni 1958-ci ildə kəşf edən James Van Allen

ABŞ-ın Colorado Universitetinin saytı “Görünməz qalxan Yeri öldürücü elektronlardan qoruyur” (Invisible shield protects Earth from killer electrons) adlı məqalədə belə yazır:

“Tədqiqatın baş müəllifi Baker deyib: “Sanki bu elektronlar kosmosda şüşə divara çırpılır. Biz Ulduz Trek-də yadplanetlilərin silahlarını dəf etmək üçün istifadə edilən güc sahələri tərəfindən yaradılan qalxanlar kimi bir görünməz qalxanın bu elektronları blokladığını görürük. Bu, son dərəcə heyrətamiz bir fenomendir”.

Ətraflı məlumat üçün bax

Qəribədir ki, Yeri qoruyan atmosfer qatı və Van Allen qurşaqları kimi tanınan radiasiya zolağı gözlə görünmür. Alimlər onları yalnız peyklərin və kosmik gəmilərin içərisindəki həssas alətlərdən istifadə edərək aşkar edirlər və zolağın çıxardığı səsləri də yalnız bu alətlərlə eşidirlər.

ABŞ-ın “Hyuston Kosmik Mərkəzi” öz saytında “Van Allen radiasiya kəmərləri nədir?” (What are the Van Allen radiation belts?) başlığı altında bildirir:

“Van Allen radiasiya qurşağı böyük bir hissəsi günəş küləyindən qaynaqlanan enerji yüklü zərrəciklərdən ibarət olan bir zonadır. Zərrəciklər planetin maqnit sahəsi tərəfindən tutulub o planetin ətrafında saxlanılır. Bu qurşaq Yeri əhatə edir və onun tərkibində ən sürətli, ən enerji yüklü elektronların Yerə çatmasının qarşısını alan, demək olar ki, aşılmaz bir baryer vardır”.

Ətraflı məlumat üçün bax

Dünyanın ən zəngin ensiklopediyasının saytı olan “Britannica” həmin “Van Allen radiasiya kəməri” ni donuta (ponçik) bənzədərək deyir:

“Van Allen radiasiya kəməri, Yerin maqnit sahəsindəki yüksək hündürlüklərdə yerləşən yüksək enerji yüklü hissəciklərin donut formalı zonalarından ibarətdir”.

Ətraflı məlumat üçün bax

Atmosfer qatına bənzədilən donut

ABŞ-ın PBS jurnalının saytı deyir:

“Yerin atmosferi meyvəni qoruyan alma qabığı ilə müqayisə olunaraq planeti saran kövrək bir örtük kimi təsvir edilmişdir”.

Ətraflı məlumat üçün bax

Abş-ın “Space” saytı “Yerin atmosferi: Planetimizin qoruyucu örtüyü haqqında faktlar” (Earth’s atmosphere: Facts about our planet’s protective blanket) adlı başlığı altında deyir:

“Yerin atmosferi planeti bir çox yollarla qoruyur. Bu nazik hava zolağı Yerə xasdır və biz onsuz mövcud olmazdıq”.

Ətraflı məlumat üçün bax

Bütün bu kəşflərdən sonra aydın olur ki, 1450 il öncə səmaya heç kəsin qalxa və orada araşdırmalar apara bilməyəcəyi bir dövrdə Qurani-Kərimin Yeri qoruyan və qorunan bir tavanın olmasından danışması, həqiqətən də, Quranın Uca Allah tərəfindən nazil edilməsinə və Məhəmməd peyğəmbərin (sallallahu aleyhi va əlihi va səlləm) də haqq peyğəmbər olmasına düşünən ağıl sahibləri üçün digər bir sübutdur.

Allah-Təala buyurur:

﴾ وَقُلِ الْحَمْدُ لِلَّهِ سَيُرِيكُمْ آيَاتِهِ فَتَعْرِفُونَهَا ۚ وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا تَعْمَلُون ﴿

“De: “Həmd olsun Allaha! O Öz möcüzələrini sizə göstərəcək, siz də onları görüb tanıyacaqsınız. Rəbbin etdiyiniz əməllərdən əsla xəbərsiz deyildir!”” (“ən-Nəml” surəsi, 93-cü ayə)

Müəllif: Samin Məmmədov
Tərcümə: Nailə Mikayılbəyli, Fatimə Nabatlı
Korrektor: Vəfa Məmmədova
Dizayn: Ramin Baxşıbəyli

Şərh əlavə et

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *